Qırıq-qırıq,
yarımçıq...və bütöv
Mühazirələrimlə bağlı lirik-fəlsəfi
bəzi haşiyələrimi,
nəzəri ümumiləşdirmələrimi
qırıq-qırıq, fraqment
şəklində bloknotuma
qeyd edirəm. "Ədəbiyyat qəzeti"nin
keçən nömrələrində,
"Açıq dərs"
rubrikasında həmin
fraqmentlərdən bir
neçəsini esse kimi dəyərli oxucularımıza təqdim
etmişik.
Pandemiya
dövründə bloknot
qeydlərimi bir də gözdən keçirdim və onların esse janrına yaraya biləcəyini düşündüm...
Müəllifdən
İnamıma görə, səyahət
mövzusunda mətnlər
təhkiyə parçalarından,
fraqmentlərdən ibarət
olmalıdır. Yunan ədəbiyyatında səyahət qırıq-qırıq,
fasilələrlə verilir.
Görünür, onlar üçün
"dayanma" "hərəkət"dən
daha maraqlı olub. Təsadüfi deyil ki, Platon dünyanı seyretmənin fraqmentallığından
bəhs edirdi.
Ömrün fraqmentarlığını səyahət,
səfər qədər
heç nə mükəmməl ifadə
etmir.
Ona görə
də mifoloji düşüncədə yolçuluq,
səyahət ömrün
metaforası kimi çıxış edir.
Dünya ədəbiyyatında səyahətdən,
xüsusən dəniz
səyahətindən ən
çox danışan
yunanlardır. Yunanlar dənizlə səyahət
edirdilər. Qədim yunan
şairləri Apennindən
Kiçik Asiyaya dənizlə keçirdilər.
Onların əsərlərində gəmi və qayıq təsvirlərinin
fəallığı da
bu üzdəndir.
Əslində elə də
uzağa üzmürdülər.
Odissey istisnadır. Uzaqlara səyahət
onun axırına çıxdı.
Çin ədəbiyyatında personajın
yolçuluğu fərqlidir. Orta əsrlər
Çin romanında uzun səyahətdən evə qayıdan qəhrəman alnını
qapının yuxarısına
vurur. Axı, səyahət dövründə
böyüyüb.
Türk epos qəhrəmanı da evə "rahat" qayıdır - evdə olmadığı dövrdə
heç dəyişməyib
(Bamsı Beyrəyin əsirlikdən Oğuza qayıdışını xatırlayın).
İmperator Neronun dövründə
Petronius Arbitr adında
bir Roma yazıçısı
olub. Onun "Satirion" romanı
haqqında ilk dəfə
universitetdə antik ədəbiyyat üzrə
müəllimimiz, professor Qarkavinin
(təəssüf ki,
adını unutmuşam)
mühazirəsində eşitdim.
Onun dediklərindən yadımda
qalanı budur ki, kitabın yarıdan çoxu itib-batıb.
O zaman kitabı əldə edə bilmədim. 1924-cü ildən sonra, çox güman ki, naturalizm səhnələrinə görə
Rusiyada çap olunmamışdı. "Ədəbiyyat müntəxəbatı"ndan
kiçik bir hissə ilə kifayətlənməli oldum.
Qorbaçov "yenidənqurması"
dövründə romanın
reprint nəşrini gördüm.
Bəlkə böyük rejissor
Federiko Fellinin "Satirikon" filmini çəkməyə ilhamlandıran
da Petroni süjetinin qırıqlığı,
"fasiləliyi", yəni
"montaj" təbiəti
olub.
"Satirikon" kitabı
(ona roman da deyirlər) parakəndə
düzülmüş, qırıq-qırıq
parçalardan, fraqmentlərdən
ibarətdir. Deyilənlərə görə, XVII əsrdə
Fransua Nadonun mətnləri - vahid xətli süjet ətrafında bir yerə yığmaq cəhdi uğursuzluqla nəticələnir. Hadisələr gah gəmidən ziyafətə keçir, gah da mehmanxanada
cərəyan edir.
Kölələrin, qulluqçuların, nüfuzlu şəxslərin,
kəndlilərin və
başqalarının sözü-söhbəti,
danışığı bitib-qurtarmır.
Petroninin "Satirikon" kitabı yunan səyahətlərinə
parodiya kimi yazılıb.
Roman elə yazılıb
ki, sanki müəllif hər bir fraqmentdə "nəfəsini dərir". Təhkiyə yarıda qırılır,
müəllifin sözü
sanki "ağzında
qalır". Bir
fraqment o birisinin dalınca gəlsə də, hər birinin öz dili, üslubu var...
Elə burdaca bir haşiyə
çıxım: varaqları
qopmuş, səhifələri
cırılmış, yaxud
bir hissəsi itib batmış əsərlər məndə
qarışıq hisslər
oyadır. İnanmışam ki, əlyazmaların
da alın yazısı olur. Tarixin yaddaşında elə də qalmalıdır: yarımçıq,
qırıq-qırıq. Necə ki,
Kolizeyi yenidən bərpa etməyə dəyməz.
Xudafərin körpüsü də
elə! Axı, xalqın mifoloji
yaddaşında hər
bir körpü ilə paralel bir "sınıq körpü" arxatipi də yaşamalıdır.
Qoqolun "Ölü
canlar"ın ikinci cildini yandırması artıq heç nəyi dəyişmir - I cildi bir bütövlük
kimi oxunur.
E.T.A.Hofmanın məşhur nağılında
əlyazmanı pişik
cırandan sonra saray kapelmeysteri İohannes Kreyslerin yaşam macəraları bir az da
dolaşıq düşür.
Rus fantastları
A. və B.Struqatski qardaşlarının "Dünyanın
sonuna milyard il qalmış" romanının fəsillərində
söz yarıda kəsilir.
Aristotelin "Poetika"sında faciə
ilə bağlı fikirləri dövrümüzə
gəlib çatıb,
amma "gülüş
və komediya" hissəsi yoxdur. Görkəmli
semiotik, yazıçı
U.Eko "Qızılgülün
adı" romanında
məlum faktdan məharətlə istifadə
edir: "Poetika"nın ikinci kitabı - gülüş,
karnaval və komediya haqqında yeganə nüsxəsi bir monastırda saxlanılır. Vilhelm Baskervilli həmin müəmmalı ölümlərin
izinə düşür
və məlum olur ki, ölümlərin
sirri də həmin nüsxədədir...
Əlyazma mətni orta əsrlərdə katibin (münşinin) xəstələnməsi,
yaxud ölməsi üzündən yarımçıq
qala bilərdi. Avropalı katiblərin
"Mihi perqamena deest" ("Perqamentim çatmadı") deyimi
isə artıq bir aforizmə çevrilib.
Nədənsə içimdən bu
cür əsərlərdən
ibarət olan, varaqları qoparılmış,
müəyyən bir hissəsi itib-batmış
bədii mətnlərin
taleyindən bəhs edən ədəbiyyat tarixi yazmaq istəyi
keçib... Tamam fərqli xronoloji-mistik mənzərə alınardı...
General İsmayıl bəy
Qutqaşınlının əsərlərinin
tapılması, xüsusən
"Rəşidbəy və
Səadət xanım"ın
böyük mətnşünas
Salman Mümtazla başlanan axtarışlar
ayrıca elmi-populyar macəra janrının mövzusudur. Onun şərti olaraq
"Səfərnamə" adlanan yarımçıq
əlyazmasının axtarışı
barədə tanınmış
tədqiqatçı Ədalət
Tahirzadənin dəyərli
araşdırması var.
"Səfərnamə"nin ilk variantı 20 yarpaqdan ibarət olub, üzərində də
"Qutqaşınlı İsmayılbəyin
öz əlyazması. Xatiratdan bir
parça" qeydi
var.
Uzun axtarışlardan
sonra Şıx baba pirindən 37 yarpaqlıq bir əlyazma da tapıldı. Ə.Tahirzadə
yazır ki, "Səfərnamə"nin əlyazması yenə də yarımçıqdır.
Həcmi çox olmasa da, bəzi
parçalar itib-batıb...
Bir də ki, "Səfərnamə"
ayrı-ayrı yarpaqlarda,
dəftərlərdə dağınıq
şəkildə yazılıb. Pirdən
götürdüyümüz əlyazmaların içərisində
başqa əsərlərdən
qopmuş çoxlu yarpaqlar, parçalar vardı"...
"Səfərnamə"də İsmayıl
bəyin müşahidələri
bir-birini əvəz edir, baxış yolboyu bir nöqtədən
başqasına fokuslanır...
Zaman su kimi fasiləsiz axsa da, səfər
fraqmentlərdən ibarətdir,
fasilələrlə təşkil
olunur və bu yarımçıqlıq,
natamamlıq onun tale işarəsidir. Necə ki, İsmayıl bəy Qutqaşınlının
"Səfərnamə" ömrünün metaforasına
çevrilir...
***
Bir dəfə
"Satirikon" sayağı,
mən də rayondan Bakıya yolçuluğumu yazmaq istərdim. Bakı-Ağstafa
qatarının pəncərəsindən
gördüyüm səhnələri
qələmə almağa
çalışdım: kupe
söhbətləri və
çöldə sürətlə
bir-birini əvəz edən mənzərələri
fraqmentlər şəklində
yazılırdı. Vahid süjet
xətti qurmaq mümkünsüz idi.
Müxtəlif səbəblərdən süjet tez-tez qırılırdı, "kadrlar"
arasında əlaqə
itirdi. Gənc bələdçi xanımın
tez-tez içəri girməsi də yazının "fraqment effektliyini" bir az da artırdı.
Mənim "səfərnamə" cəhdim
yarımçıq qaldı. Aradabir vaqonda
yazdığım "kadrları",
fraqmentləri oxuyuram.
Ömrümün bütöv
hissəsi kimi...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2022.-
19 noyabr.- S.11.