Turan Heyəti
"Turan" şeiri. Ötən həftə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi.
Turan mədəni xəyaldan siyasi gerçəkliyə
çevrilməkdədir. Metedən sonra Turanın qurucuları
arasında Attila da vardır. Elə bu səbəbdən
də Türk Dövlətləri
başçılarının zirvə toplantısında
Macarıstanın baş naziri Orbanın iştirak etməsi
tarixə ekskurs etmək üçün imkan yaradır.
Ziya Gökalp yazır ki, "miladdan 210 il əvvəl Hun
hökmdarı Mete "hunlar" adı altında
bütün türkləri birləşdirdiyi zaman Turan məfkurəsi
bir gerçəklik halına gəlmişdi".
Turan anlayışı etnoqrafik termin olaraq ilk dəfə
Vamberi tərəfindən Macarıstanda tətbiq olunmuşdu. XX yüzilin əvvəllərində
Azərbaycanda, Türküstanda və Osmanlı camiasında
Turan birliyi məfkurəsi poetik dövriyyəyə Əli bəy
Hüseynzadənin "Turan" şeiri ilə adladı və
bu şeir təkcə Azərbaycan ədəbiyyatı deyil,
ümumən bütün türk ədəbiyyatı tarixinin
bilinən ilk "Turan"ı oldu. O, tarix baxımından hətta
macar şairi Arpad Zempleninin "Turan şərqiləri"
kitabını da ən azı on il
qabaqlayırdı və qəribədir ki, macarlara xitabla
başlayırdı:
Sizlərsiniz,
ey qövmi-macar, bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəi
Turan.
Bir
duyğudayız biz, həpimiz haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə
Quran?
Çingizləri
titrətdi şu afaqı sərasər,
Timurları hökm etdi şəhinşahlara yeksər.
Fatihlərinə
keçdi bütün kişvəri-qeysər...
Şeirin özəllikləri çoxdur. Ən başlıcası isə,
dediyim kimi, onun macarlara xitabən yazılması və
Osmanlı mühitində hər zaman qaniçən
obrazında təqdim olunmuş Çingiz və Teymurun ilk dəfə
məhz bu şeirlə məfkurəvi türk
hökmdarlarının sırasında Fatehlə eyni rakursda əzizlənməsi
idi.
Şeir qısa müddətdə bütün türk
dünyasına yayılır. Özbək cədidçilərinin
dilinin əzbəri olur. Budapeştdə
çıxan "Turan" dərgisində Mesaroşun
çevirisi ilə çap olunur. Ziya
Gökalpın məşhur "Turan" şeirinin
yaranmasına vəsilə olur. Turan
Sosialist Cümhuriyyətləri Birliyini qurmaq istəyən
tatar kommunisti başqırd Sultanqaliyevin ideyalarına istiqamət
verir. 1934-cü ildə Moskvada SSRİ
Yazıçılar İttifaqının I qurultayında
xatırlanır. Ötən əsrin əvvəllərində
onu Naxçıvan dərvişləri söyləyir və
s.
Stalin tərəfindən qətlə yetirilmiş Mirseyid
Sultanqaliyev probleminin Azərbaycan tarixçiliyi
üçün açıq qalmış sualları
çoxdur. Sultanqaliyevçilik - "Sultanqaliyevşina"
(termin Stalinə məxsusdur) Hüseyn Cavidin də istintaq
materiallarından keçir. Cavidi həm də
Ermənistanın Azərbaycan ərazisinə qatılması
şərtilə - Böyük Azərbaycan yaratmaq
ideyalarını təbliğ etməsinə görə həbs
etmişdilər. Kaşqarlı "Divan"ının
tərcüməçisi Xalid Səid Turan dövləti
yaratmaq ideyalarına dəstək verdiyi üçün
güllələnmişdi... 1937-ci il
repressiyalarının əsas və ümumi mənzərəsi
bundan ibarətdir. Azərbaycan
aydınlarının böyük bir qismi Hüseynzadə
ideyalarına praktiki xidmət göstərdikləri
üçün güllələnmişdi.
Hüseynzadə ideyalarının başlıcası isə
panturanizm idi.
1904-1910-cu illərdə bütün türk
dünyasında "Turani" imzası ilə yazan yeganə
müəllif odur. Sonralar, yəni 1934-cü ildə
Türkiyədə "Soyadı qanunu" qəbul edilərkən
Turan adına rəsmi status verib onu şəxsi
soyadına çevirən ilk türk mütəfəkkiri də
Hüseynzadə oldu.
Əli bəy
Hüseynzadənin təkcə ədəbiyyata deyil, eyni zamanda
ictimai təfəkkürə, dünyanın ideoloji
lüğətinə çağdaş anlamda sirayət
etmiş "Turan" şeiri Gökalpın və Yusif
Akçuranın təbiriycə "panturanizm məfkurəsinin
ilk təcəllasi" kimi təzahür etdi. "Turan"
mənzuməsi 1918-ci ildə Turan yolunun türk bayraqlı ilk
şeirinin - "Çırpınırdın, Qara dəniz"in
yaranmasına səbəb oldu və bunu şeirin epiqrafına
"Sevgili Turan məfkurəsinə birinci yol göstərən
ustad Əli bəy Hüseynzadə həzrətlərinə təqdim"
- qeydi ilə Əhməd Cavadın özü də təsdiqlədi.
Bu barədə 20 fevral 2016-cı il tarixli
"Ədəbiyyat qəzeti"ndə məlumat
vermişdik.
(Ötən həftə İstanbulda dəyərli Mehdi
Gəncəli ilə Əhməd Cavadın həmin şeiri
üzərinə söhbətimiz oldu. Mehdi bəyə
görə, Əhməd Cavadın şeirindəki Türk
bayrağı Əli bəy Hüseynzadənin şəxsiyyətini
simvolizə edir. Bu sayımızda Mehdi bəyin
"Türklərin bayraklaşmış şəxsiyyəti"
məqaləsini də dərc edirik).
Turan Heyəti.
1915-ci ildə İstanbulda, Nuri-Osmaniyyə caddəsində
Əli bəy Hüseynzadənin təşəbbüsü ilə
Turan Heyəti adlı bir təşkilat qurulmuşdu.
İstər 1917-ci ildə Kerenski hökumətinin, istər
Stalin dövründə Rusiya ideoloji humanitar və kəşfiyyat
təşkilatlarının başağrısına
çevrilsə də, sonrakı mərhələdə
tamamilə unutdurmağa çalışdıqları Turan
Heyəti, əfsus ki, bizdə az tədqiq
olunub. Halbuki indiyə qədər Azərbaycanda
bu barədə kitablar, monoqrafiyalar qələmə
alınmalı, dərin araşdırmalar
aparılmalıydı.
Turan Heyətinin
yaradılmasına icazə üçün Osmanlı Daxili
İşlər Nazirliyinə yazılmış məktubdakı
üç imzanın birinin və birincisinin, eləcə də
Turan Heyəti Nizamnaməsinin müəllifi Əli bəy
Hüseynzadəni Rusiya Daxili İşlər Nazirliyi
Bakıda, Yelizavetpolda, Tiflisdə, Qarsda axtarır,
sorağını Almaniyadan alırdı. Avropadakı
xəfiyyələrini ona gözçü qoyurdular.
Berlindən, Vyanadan, Budapeştdən, Buxarestdən Peterburqa
gündəlik və məxfi məlumatların axını
başlanırdı. Ümumiyyətlə, Turan
Heyətinin Avropa ölkələrinə səfərini o
günlərdə Rusiyanın imperiya məqamları diqqətlə
izləyirdi. Hətta Rusiyanın
Budapeştdəki səfiri 1915-ci ilin 5 dekabrında ölkəsinə
bu münasibətlə gizli bir məktub da göndərmişdi.
Əli bəylə bağlı Rusiya xüsusi
xidmət orqanlarının şübhəsi, bəlli səbəblərə
görə heç zaman səngimək bilməyib. "Pantürkist" Əli bəyin yaxasından əl
çəkməyən polkovnik Şatrova Hüseynzadə ilə
bağlı göndərilən məlumatda bildirilirdi ki,
"Agentura məlumatına görə, Hüseynzadə
1911-ci ildə İstanbula getmiş və İttihad və Tərəqqi
Partiyasının Mərkəzi Komitəsinə
seçilmişdir. Onun Bakıda
yaşayış qeydiyyatı yoxdur".
1915-ci
ilin dekabrından etibarən, Türk millətinin
haqqını və dərdlərini Qərbin ali saraylarında
dövlət böyükləri ilə müzakirə edən
Turan Heyəti milli nicat və qurtuluş davasında türklərin
başsız, sahibsiz olmadığını xatırladır,
Avropanın politik kürsülərində, məsələn,
Lozan konfransında Əli bəy Hüseynzadənin dili ilə
panslavizmin üzünə panturanizmin siyasi məntiqilə dirənirdi.
Avropanı bilgiləndirirdilər ki, Rusiya öz
təbəəsi olan türklərin ən doğal, məşru
və müqəddəs haqlarını zorla əllərindən
almışdır, türklərin bir-birilə əlaqələrini
yasaqlamışdır. Kazanlı və Qafqazlı bir
türkə, Türküstan və Qırğız bölgələrindən
mülk və torpaq satın almaq tamamilə qadağan
edilmişdir, Rusiya türkləri dini vəzifələrini belə
yerinə yetirməkdən məhrum edilmiş, mədəni və
milli təhsil imkanı onların əlindən
alınmışdır və s...
Professor
Əhməd Temir yazır: "Əvvəlcə Turan Heyəti
adından yaradılmış bir komissiyanın, öncə
müttəfiq və dost dövlətlər olan Almaniya,
Avstriya-Macarıstan və Bolqarıstana getməsi və sonra
da 1916-cı ilin haziranında İsveçrədə
toplanacaq olan Millətlər konfransına qatılmaları
uyğun görülmüşdür. Komissiyanın Avropaya hərəkətindən
öncə, konfrans nümayəndələrinə təqdim
edilmək üçün 1915-ci ilin yayında almanca
"Rusiyadakı müsəlman türklərin bugünkü
durumu və fəaliyyətləri", "Rusiyadakı
müsəlman türk xalqlarının haqlarını qoruma
komitəsinin memorandumu" sərlövhəsi ilə iki mətn
hazırlanmışdı. İkinci mətn,
Budapeştdə nəşr olunmuş, ayrıca 1916-cı ildə
"Die Melt des İslams" dərgisində də
çıxmışdır. Memorandum
almanca və fransızca olaraq İsveçrədə də
yayınlanmışdır".
Turan Heyətinin
Avropaya gözlənilməz və uğurlu səfəri ilə
bağlı Rusiya Dövlət Dumasında, ümumiyyətlə,
Rusiyanın bütün siyasi-ideoloji çevrələrində
ciddi müzakirələr keçirilir, xüsusən, Dövlət
Dumasında şovinist hikkələr çatlaq verirdi:
"Özünü millət atası hesab edən
Hüseynzadə və Akçura kimdir ki, Avropaya səfər
edir və Rusiya müsəlmanlarının adından
danışırlar?". Hətta Dumada təmsil olunan bizimkilərdən
biri 1916-cı il iyunun 8-də Rusiya Xarici
İşlər Nazirliyinə hiddətli donoslar yazıb
Hüseynzadəni, Akçuranı, Əbdürrəşid
İbrahimi macəraçı adlandırırdı.
Başlarında Əli bəy Hüseynzadənin
dayandığı hərəsi bir akademiya, hər biri bir məfkurələr
fabriki (Cahan Çələbi) mislində olan "macəraçı"
millət atalarımız - Yusuf Akçura, Əbdürrəşid
İbrahim, Əsəd Çələbizadə, Mukiməddin
Beycan, Əhməd Ağaoğlu, Şeyx Şamilin
İsveçrədəki nəvəsi Şamil Spahi, Əhməd
Sahib Kaplanov, Seyid Tahir o günlərdə siyasi iqliminin
boz-bulanıq olduğu Avropanın diqqətini tarixdə ilk dəfəydi
ki, Rusiya əsarətində olan türklərin aqibətinə
yönəldirdilər.
Əli bəy Hüseynzadə isə "Müxtəsər
bioqrafik məlumat"ında Avropaya gedən Turan Heyəti ilə
bağlı yazır ki, "Hərbi-ümumi əsnasında
(Birinci Dünya savaşı illərində - A.T.) Orta Avropada
ümumtürklük lehinə propaqanda yaparaq, onun siyasi
haqlarını müdafiəyə çalışdıq,
ötədə-bəridə konfranslar verdik, yazılar
yazdıq".
Əli bəy
Hüseynzadə, Yusuf Akçura, Çələbizadə Məhəmməd
Əsəd və Mukiməddin Beycan dekabrın 8-də Vyanada
Avstriyanın baş naziri Storqk və xarici işlər naziri
Forqaçh tərəfindən qəbul edildilər.
Dekabrın 12-də Budapeştdə baş nazir Tisza və
parlament üzvü Andrasi ilə görüşdülər.
Fransız qəzeti "Temps" dekabrın 14-də
nümayəndələrin Macarıstanın baş naziri
Tiszaya Kazan Xanlığının bərpa edilməsinin zəruriliyi
barədə memorandum təqdim etdiklərini yazırdı.
1916-cı
il yanvarın 12-də Turan Heyəti Berlində
xarici işlər naziri Paqu və onun müavini Zimmermann tərəfindən
qəbul edildi.
1916-cı ilin fevralında isə Sofiyada
Bolqarıstanın baş naziri Rodoslovla, Məclis üzvləri
ilə görüşdülər.
Hilmi Ziya Ülken 1969-cu ildə "Yeni İnsan" dərgisində
yazırdı ki, "Əli Turan 1916-cı ilin Ocak ayında
Berlində toplanan bir konqresdə Türk qövmlərinin
haqlarını savunan, diqqətə dəyər bir raport
oxudu. Orada Rusiya Türklərinin haqlarını savunma
komitəsi adıyla İstanbulda seçilən dört
kişilik bir heyətin başqanı olaraq bulunuyordu".
Turan Heyəti adından Almaniyanın siyasi rəhbərliyinə
ünvanlanmış məktubda bildirilirdi ki, "Rus idarəsindəki
türk qövmlərinin haqlarını savunmaq
üçün dörd nümayəndə Budapeştdə və
Vyanada çox yaxşı qarşılandıq. İndi də
Berlində eyni haqları müdafiə üçün
hüzurunuzdayıq. Rusiya mütəcanis
bir kütlə deyildir. Orada türk qövmləri sayca
böyük bir topluma varır... Onlar çox
geniş torpaqlarda bəzi ləhcə fərqləri ilə
eyni dili qonuşmaqdadırlar. Rus ədəbiyyatının
Rusiya türkləri üzərində faydalı təsirləri
inkar ediləməz. Fəqət bu mədəniyyətin
qaynaqlarından biri Bizans ortodoksluğudur. Onda
Avropa mədəniyyətinin əsaslı keyfiyyətləri
yoxdur. Bu kifayətsizlik rusların
yaydığı kültürü daima axsatmışdır.
Ruslar kəndi kültürlərini yayarkən milli
kültürləri yox etmə qayəsini güdürlər...".
Alman
şərqşünası, professor Gothard Jaske 1937-ci ildə
yazdığı "1916 Lozan Konqresində Rusiya mahkumu
Milletler" məqaləsində "Turan Heyəti"nin
Avropa səfərini "Rusiya məhkumu türklərin beynəlmiləl
ölçüdə və həm də geniş bir Avropa cəmiyyəti
önündə ilk güclü istiqlal həmləsi"
olaraq dəyərləndirir və əlavə edirdi ki, "o
zamanlar Berlin, Vyana, İstanbul və İsveçrədə
Rusiya məhkumu türklərin qurtuluşu üçün
çalışanlardan bir çoxu, bilxassə, azərilərdən
Hüseynzadə Əli, Ağaoğlu Əhmədbəylər
kimi hələ həyatda bulunan mühüm şahidlər o
zamanlar yürütdükləri mücadiləni bütün
detallarıyla qələmə alsalar milli və müqəddəs
davaya mühəqqəq böyük hizmət etmiş
olacaqlar".
1916-cı ilin 18 mayında Turan Heyəti tərəfindən
Amerika Birləşmiş Ştatlarının prezidenti Vilsona
teleqram göndərildi. Teleqramda onlar Amerika Prezidentindən Rusiya
müsəlmanlarının hüquqlarını müdafiə
etmək üçün öz şəxsi nüfuzundan
istifadə etməsini xahiş edir və "Bizə
yardıma gəlin. Bizi məhv olmaqdan
qoruyun", - deyə ricalarda bulunurdular.
Yuxarıda
xatırlatdığım kimi, Turan Heyəti 1916-cı il iyunun 27-29-da Lozanda keçirilən Milliyyətlər
Birliyinin III konqresində iştirak etmək üçün
İsveçrədəydi.
Heyət bir ay sonra 1916-cı ilin iyulunda Sürixə gedərək
Artur Zifeldin araçılığıyla Vladimir Leninlə
görüşür. (Leninin dostu Zifeld sonralar Akademiyanın Azərbaycan
filialında Ədəbiyyat İnstitutunun direktoru olmuşdu.
1938-ci ildə eston Zifeld pantürkist fəaliyyətinə və
Mahmud Kaşqarlı "Divan"ının tərcüməsinə
imkan yaratdığı üçün 8 il həbs cəzasına
məhkum edilərək Kolımaya sürgün edilmiş və
sürgündə - 50 yaşında
"qocalığı" və ürək
çatışmazlığı səbəbilə həlak
olmuşdu). Zəki Vəlidi Toğanın bildirdiyinə
görə, Lenin onları diqqətlə dinləyib: "Sizin
istədiyiniz hüquq, biz iqtidara gələrsək,
artıqlaması ilə təmin olunacaqdır" demişdi. Leninin bu sözlərini Zəki Vəlidi Toğan
"Yusuf Akçuradan aldığı məlumata istinad edərək"
yazırdı.
Əli bəy Hüzeynzadənin başqanlığı ilə Rusiya müsəlmanlarının xüsusi nümayəndə heyətinin səfəri barədə Leninin özünün də qeydləri var. "İmperializm haqqında dəftərlər"ində Lenin qeyd edirdi ki, “Особое посольство из этих стран... в настоящее время объезжает дворы четырех союзных держав и нейтральных государств, чтобы принести им свои жалобы на русский гнет и требовать освобождения от русского ига и восстановления своих прежних государств”. Ayaz İshaqinin yazdığına görə, əslində, Turan Heyəti 1916-cı ildə Türkistan, Qafqaz, Volqaboyu və Krımın müstəqilliyi barədə rezolyusiyanın Avropa dövlətləri tərəfindən qəbul edilməsinə nail olmuşdu. İshaqi bunu müstəqillik qətnaməsi adlandırırdı. Gothard Jaske də xatırlatdığım məqaləsində bu hərəkatı "Rusiya türklərinin beynəlxalq miqyasda bağımsızlığa doğru atılan ilk addımı" kimi səciyyələndirirdi.
Macar amili. Bu yazının əvvəlində qeyd etmişdim: Türk Dövlətləri başçılarının zirvə toplantısında Macarıstanın baş naziri Orbanın iştirak etməsi tarixə ekskurs etmək üçün imkan yaradır. Turan anlayışı etnoqrafik termin olaraq ilk dəfə Vamberi tərəfindən Macarıstanda tətbiq olunmuş, macar poeziyasına Arpad Zemplenin "Turan şərqiləri" kitabı ilə daxil olmuşdu. Turan kontekstində macar amili Əli bəy Hüseynzadəni hər zaman, 1915-17-cı illərdə isə xüsusən, ilgiləndirmişdi. 1905-ci ildə "Həyat" qəzetində dərc etdiyi "Türklər kimdir və kimlərdən ibarətdir" məqaləsində Hüseynzadə Çin qaynaqlarına istinadən, macar problemini aktuallandırırdı: "Fin və macarlara verilən hunqar ya Venger, yaxud Enqrus adlarının "uyğur" sözündən törəndiyi iddia olunuyor. Zira uyğur türkləri qərbə doğru irəlilədikcə bəzi fin əqvamı ilə qarışıb guya bunlara öz adlarını vermişlərdir". Yaxud Hüseynzadə "Füyuzat" dərgisinin 1907-ci il saylarından birində macar kökənli osmanlı şairəsi Nigar xanımla söhbətini xatırlatmışdı: "Bir kərə xanım əfəndidən bir şey sordum. Şöylə cavab verdilər: "Macar qövmünəmi, türk millətinəmi intisab ilə iftixar etdigimi soruyorsunuz... Zatən, əslimiz bir degilmidir? Əqvami-turaniyyədən bulunan macarların dəxi əsasən türk olduqları tarixcə müsəbbət (təsbit olunmuş) degilmidir?". 1916-cı ildə Baha Şakirlə birgə Türk-Macar Dostluq Cəmiyyətini yaradan Hüseynzadə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay əsnasında macar alimi Mesaroşla söhbətini və Mesaroşun Qurultayda söylədiklərini gündəliyinə qeyd etmişdi: "Mesaroş "Macar milləti bu torpaqdan getmişdir", - deyə özünün yabançı olmadığını söyləyir". Yenə də 1926-cı ildə "Luziada" əsərini tədqiq edərkən, "Bu hekayədən şayani-diqqət bir şey öyrəniyoruz ki, o da Portəgizi təsis edən zatın bir macar (yəni bir turani) olduğudur". "Turançı Hareketler: Macarıstan ve Türkiye" kitabında Nizam Önen qeyd edir ki, 1931-ci ilin 20 dekabrında Macarıstanın "Levente" dərgisində verdiyi "Turan xalqları bizdən nə bəkliyor?" başlıqlı müsahibəsində Anadolu, Qafqaz və Türküstan türkləriylə macarların bir Turan bütövlüyü içində qaynayıb-qarışmasının zəruriliyinə toxunarkən Zəki Vəlidi Toğan bildirmişdi ki, "Bu məsələ ilə ciddi anlamda ən öncə ilgilənənlər arasında, 1915-1917-ci illər arasında Rusiyada yaşayan türk xalqlarının nümayəndələrindən ibarət komitə təşkil edən və bir-iki dəfə Budapeştə gələn azərbaycanlı alim Hüseynzadə Əli bəy xatırlana bilər. Hüseynzadə Kont İstvan Tisza, Miklos Szemere və başqalarıyla bu məsələ üzərində görüşüb danışıqlar aparmış və "A Külügy-Hadügyü" adlı dərgidə Rusiyadakı türk xalqlarının siyasi təsirləri üzərinə məqalə yazmışdır".
Professor Sadəddin Göməcə görə,
"Türkiyədəki Türkçülük
axımının da memarlarından olan Hüseynzadə
Əli bəy Macar Turançılar üçün
yazdığı:
Sizlərsiniz ey qövmi-Macar bizlərə ihvan,
Əcdadımızın müştərəkən
mənşəyi Turan
- derkən, XX yüzyılın son böyük fikir adamlarından Nihal Atsız illərcə sonra, ondan təsirlənərək, rusların 1956-cı ildə Macarıstana girməsi səbəbiylə qələmə aldığı şeirində:
Axıtdılar yenə qara torpaq üstünə,
Qəhrəman
Macarlar şanlı Turan qanını
- deyirdi".
Turan ideyaları Macarıstanda hərbi müstəviyə
bir də İkinci Dünya müharibəsi illərində
adladı. Bir
az da dəqiq desək, SSRİ-də Turan
düşüncəsinin süqut etdiyi, hətta Türkiyədə
turançı hərəkatın İsmət
İnönü tərəfindən təqib edildiyi dövrdə
təkcə Macarıstan Turan ideyalarından vaz keçmədi.
Hətta ölkədə hərbi sənayenin ən
ünlü istehsalı olan tanklar "40M Turan" adlı
tanklar idi...
Ötən
həftə Səmərqənddə Türk Dövlətləri
Təşkilatının IX Zirvə Görüşündə
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti
İlham Əliyevə “qardaşım” deyə xitab etdi...
Erməni
məsələsində hər zaman türk
dünyasının yanında olmuş yəhudi əsilli macar
alimi Vamberini xatırladım... Zamanında Avropa
mətbuatında erməni yalanlarına qarşı ən sərt
mövqe sərgiləyən, XIX yüzilin sonlarında
türk torpaqlarında erməni dövləti qurmaq istəyənlərlə
mübarizə aparan tək avropalı alim o idi. Vamberi 1894-cü ilin 4 iyununda İngiltərənin
xarici işlər nazirinə yazırdı ki, "Mən bir
erməni dövlətinin qurulmasına yönəlik hər
addımı İngiltərənin çıxarlarına
yönəlmiş bir təcavüz olaraq dəyərləndirirəm.
Bu səbəblə, istər mühafizəkar
olsun, istər liberal İngiltərənin bütün
vicdanlı dövlət adamları ermənilərin bu xam xəyallarına
"dur!" - demək
zorundadırlar".
XIX
yüzilin sonlarında Əli bəy Hüseynzadənin qələmə
aldığı və Türküstan, macar və osmanlı
aləmini qapsayan manifest səciyyəli "Turan"
şeiri, eləcə də 1915-ci ildə İstanbulda
Hüseynzadənin təşəbbüsü və Ənvər
Paşanın himayəsi ilə yaradılmış Turan Heyətinin
Avropa ölkələrinə səfərləri, Şərqi
Avropa dövlətlərinin bütün prezidentləri, məclis
sədrləri və Baş nazirləri ilə
görüşləri Azərbaycanda son Qarabağ
savaşından sonra yenidən aktuallanmış Turan birliyinin
təməllərini qoyurdu...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.12-13.