İnsanlığı yaşadan insan

 

Yaxud "Ömrün Qəzənfər Paşayev modeli"

 

Qarşımda yenicə çapdan çıxmış, hələ mətbəənin qoxusu vərəqlərindən çəkilməmiş bir kitab var: "Ömrün Qəzənfər Paşayev modeli". Müəllifi şair-publisist Sərvaz Hüseynoğludur. Birnəfəsə oxuyub başa çatdığım bu kitabın özəlliyi onun hər cümləsindən "boylanan" səmimiyyətdədir. Əslində səmimi insan haqqında ancaq səmimi yazmaq olar...

Azərbaycan elmi-ədəbi mühitində illərdən bəri öz yaradıcı potensialı, ümumtürk folklorunun (xüsusən İraq-Kərkük folklorunun) dərin qatlardan üzə çıxarılması yönündə dəyərli araşdırmaları ilə seçilən və sevilən bir imza var - professor Qəzənfər Paşayev imzası. Mən bu imzanın sahibini 80-ci illərdən "Yazıçı" nəşriyyatında redaktor işlədiyim vaxtlardan şəxsən tanıyıram. 1987-ci ildə Qəzənfər müəllimin gərgin əməyinin, uzunmüddətli araşdırmalarının yekunu kimi ərsəyə gələn "Altı il Dəclə-Fərat sahillərində" kitabı "Yazıçı" nəşriyyatı tərəfindən nəşr edildi. İlkin tiraj qırx min idi. Lakin, qısa müddətdə geniş oxucu auditoriyasının sevgisini qazanan bu əsərin daha yüksək tirajla təkrar nəşrinə qərar verildi. Bu dəfə kitab yüz iyirmi min nüsxə ilə işıq üzü gördü...

Təbii ki, bu, səbəbsiz deyildi. Azərbaycan oxucusu ilk dəfə İraqda yaşayan dili, dini, adət-ənənəsi eyni olan doğma soydaşının, əslində qardaşının həyat və məişəti, gün-güzəranı, mənəvi dünyası ilə tanış olurdu. Kitaba sözardı yazan şair-alim Qasım Qasımzadə müəllifin əməyini belə dəyərləndirirdi:

"Q.Paşayevin şəxsində istedadlı dilçi, ədəbiyyatşünas, tarixçi, etnoqraf alimlə, sosioloq və jurnalistlə, ən ümdəsi də bütün bunları özündə cəmləşdirən, görüb-götürmüş şərqşünas bir müsahiblə üz-üzə dayanırıq".

İndi haqqında bəhs etdiyim "Ömrün Qəzənfər Paşayev modeli" ("Elm və Təhsil" nəşriyyatı) kitabında isə biz son tikəsini insanlarla bölüşməyə hər an hazır olan, xeyirxah, təmənnasız yaxşılıqlar sahibi, ədəbiyyatımızın və ədəbi şəxsiyyətlərimizin həqiqi təəssübkeşi, gerçək ziyalı, Əməkdar elm xadimi Qəzənfər Paşayevlə üz-üzə dayanırıq.

Sərvaz Hüseynoğlunun görkəmli alimə həsr etdiyi bu kitab, özünündediyi kimi, bir "vəfa borcudur". Müəllif Qəzənfər Paşayev şəxsiyyətini belə səciyyələndirir:

 

"Vətəndaş kimi bənzərsizdir;

İnsan kimi peyğəmbəranədir;

ailə başçısı kimi örnək olanlardandır;

dost kimi dostdur, sədaqətlidir;

qədirşünaslıq abidəsidir!"

 

Bu vaxta kimi professorun haqqında yüzlərlə məqalə, onlarla şeir, bir poema, bir neçə monoqrafiya yazılıb. Ayrılıqda Qəzənfər müəllimin xeyirxahlığına, etdiyi yaxşılıqların kiminsə tərəfindən bədii şəkildə etirafına belə kitab məncə həsr olunmayıb. Sərvazın şəxsində belə bir bədii etirafın özü də qədirşünaslıq əyarıdır.

Müdriklərdən biri deyir ki, ya elə yaz ki, səni oxusunlar, ya da elə yaşa ki, səndən yazsınlar. Qəzənfər müəllim zatən hər iki cəhəti özündə ehtiva edən bütöv bir şəxsiyyət, unikal elm, ədəbiyyat adamıdır. Onun yazdıqları hər zaman sevilərək oxunub, haqqında isə sevərək yazıblar. Elə Sərvazın sevərək yazdığı kimi...

Əslində saysız-hesabsız insanların (bura təkcə qələm adamları daxil deyil - A.C.) təxəyyülündə bir Qəzənfər Paşayev modeli var. S.Hüseynoğlunun səmimi, həzin notlara "köklədiyi" bu essevari kitab çoxlarının dəyərli və fədakar alim, xeyirxah şəxsiyyət haqqında düşündüklərinin hardasa ümumiləşdirilmiş nümunəsidir. Bu məqamda görkəmli rus tənqidçisi V.Belinskinin də sözlərini xatırlamaya bilmirik: "Ürəyi folklorla döyünən adamlar adətən təvazökar, xeyirxah, qərəzsiz, fədakar olurlar". Çox dəqiq xarakterizədir! Həqiqətən də xalq yaradıcılığı, şifahi ədəbiyyat problemləri ilə məşğul olan alimlər Belinskinin vurğuladığı "atributları" ilə fərqlənirlər. Çünki onların araşdırma obyekti xalqdır, sadə xalq. Və xalqın içinə girib nəyisə üzə çıxarmağın da (alim kimi) yolu təvazökarlıqdan, xeyirxahlıqdan, fədakarlıqdan keçir. Bu baxımdan folklorşünaslıq ədəbiyyatşünaslığın ən həssas sahəsidir. Folklor örnəklərində milli faktor dayanır. Nəyisə təhrif etmək xalqın deyimini, duyumunu dəyişmək qədər məsuliyyətsizlikdir.

Qəzənfər müəllimin tədqiqatlarında ilkin mənbəyə, qaynağa təhrifsiz yanaşmaq mədəniyyəti və sədaqəti var. Bunu bütün ömrünü həsr etdiyi İraq-Kərkük folkloruna yanaşması, müxtəlif ölçülərə (janrlara) və ülgülərə biçilmiş bu folklor nümunələrini olduğu kimi yazıya alması, üzə sıxarması alimin məxsusi səriştəsindən xəbər verir. Qəzənfər müəllimin alim fədakarlığına və folklorşünas peşəkarlığına yüksək dəyər verən professor Yaşar Qarayev yazırdı: "Bizim üçün İraq Kərbəla və Füzulidən başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır".

Sərvaz Hüseynoğlu Qəzənfər müəllimin xeyriyyəçiliyi, alicənablığı, comərdliyi və səxavəti ilə bağlı həyati misallara, epizodlara kitabda yetərincə yer ayırmaqla onun görünən və görünməyən tərəflərinə "güzgü tutur": "Qəzənfər Paşayev Azərbaycanın bir sıra ziyalılarına əl tutub, bir çox tələbələrin təhsil haqlarını şəxsi vəsaiti hesabına ödəyib, çoxsaylı başçız ailələrə, imkansız insanlara, şəhid ailələrinə maddi yardım göstərib". Bu deyilənlərin sayını istənilən qədər artırmaq olar. Lakin sadə və təvazökar insan etdiklərini reklam etmək, gözə soxmaq istəmədiyindən mən də onları bir-bir sadalamaq arzusundan yan keçirəm...

S.Hüseynoğlunun bu yöndə kitabda yer alan etiraflarından biri: "Ömrümün Bakı dönəminin hər bir uğurunda Qəzənfər müəllimin hədsiz qayğıkeşliyinin böyük payı var. Onun islam əxlaqının daşıyıcısı olan ən müqtədir, imanlı şəxsiyyətlərinin ruhu ilə əkiz olan münasibət işığı həmişə yolumu aydınladıb. Bilmişəm ki, bərk ayaqda, ömrümün xeyli yaşlı çağında yaşayıb - işləməyə başladığım (və heç cür alışa bilmədiyim) Bakı şəhərində ərklə üstünə qaçacağım belə bir insan var. Bütün bunları ona görə yazıram ki, oğlum, qızım, nəvələrim gələcək illərdə, mənsiz günlərində heç vaxt unutmasınlar ki, bu sətirlərin müəllifi hansı yaxşılıqların, diqqətin, qayğının nəticəsində onların yanında şax, qürurlu dayanıb".

Çox səmimi etirafdır! Əslində bu sayaq etiraflar kitabın leytmotivini təşkil edir. Müəllifdən fərqli olaraq elə insanlar var ki, ona edilən yaxşılıqları nəinki qələmə alıb yaddaşlara ötürür, heç yadına salıb, dilinə də gətirmir. Əlbəttə, bu, insan təbiətinin çoxçalarlı palitrasından qaynaqlanır...

Professor Qəzənfər Paşayev Azərbaycanda yaşayıb-yaradan folklorşünas alimlərin ustadı, ağsaqqalı sayılır. Saysız-hesabsız gənclərin elmə gəlməsinə, alimlik dərəcəsi almasına mənəvi dəstək verib. İndi onun tələbələrindən neçəsi elmlər doktoru, professor kimi elmi müəssisələrdə fəaliyyət göstərir.

Mənim də elmə gəlişimdə - filologiya üzrə fəlsəfə doktorluğumun müdafiəsində Qəzənfər müəllimin məxsusi dəstəyi olub.

90-cı illərin axırlarında "Manas" eposutürk dastançılıq ənənəsi" mövzusunda yazdığım dissertasiya müdafiəyə hazır olsa da növbədən növbəyə keçirdi. Çox gözləyəndən sonra 2004-cü ildə mən AAK-ın o zamankı sədri, mərhum akademik Arif Mehdiyevin qəbuluna yazılaraq müdafiəmin ildən-ilə keçirildiyinibuna hövsələmin çatmadığını söylədim. Arif müəllim apardığım kitablarıma, o cümlədən "Manas"la bağlı monoqrafiyama baxıb xəfifcə gülümsədi: - A bala, sən bu qədər kitabları nə zaman yazmısan?

Mən də akademikin sualını cavabsız qoymadım:

- Arif müəllim, ağlım kəsəndən yazıram...

Bu dəfə o, ucadan bir qəhqəhə çəkdi:

- Görürəm maraqlı oğlansan. ("Oğlanın" o zaman 50 yaşı var idi - A.C.) Sənə kömək edəcəyəm növbədənkənar müdafiə edəsən...

Belə də oldu, AAK-ın Rəyasət Heyəti 2004-cü ildə birdəfəlik şura yaratdı və mən şuranın üzvləri olan 5 professorla təyin olunmuş müdafiə günü Naxçıvan Dövlət Universitetinə yollandım. Universitetin rektoru akademik İsa Həbibbəyli bizi çox səmimi qarşıladı. Müdafiə zamanı şuranın üzvü professor Qəzənfər Paşayev mənim dissertasiyam haqqında o qədər dəyərli sözlər dedi ki, digər alimlərin bu işə tənqidi gözlə yanaşmağına yer qoymadı. Naxçıvanda olduğumuz 2 gün ərzində Qəzənfər müəllim Bakıdan gələn şura üzvlərinin izafi xərclərinə də öz cibini açmaqla mənə maddi dəstəyini əsirgəmədi.

Sonrakı dönəmlərdə Sərvazın qeyd etdiyi "vəfa borcunu" mən də qismən yerinə yetirmək üçün ona "Dağıldı durna qatarı" adlı bir şeir ithaf etdim, seçilmiş əsərlərimə saldım, görkəmli alimin yubiley tədbirlərində oxudums. Ancaq düşünürəm ki, Qəzənfər müəllimin folklorşünaslıq fəaliyyətinə tam yeni prizmadan baxmağın və dəyərləndirməyin əsil zamanıdır. Qismət olsa bu mövzuda mənim də bir monoqrafik kitab yazmaq istəyim var - hər halda mən də folklorşünasam...

Qələm və yoldaşım Sərvazın bu kitabı həm də o cəhətdən dəyərlidir ki, Qəzənfər Paşayev şəxsiyyətinə və yaradıcılığına bu qədər səmimi yanaşma ona həsr olunacaq yeni kitablara zəmin hazırlayır.

Əvvəldə deyildiyi kimi, Qəzənfər Paşayev çoxşaxəli yaradıcılığa, geniş elmi erudisiya və bədii dünyaduyumuna malik dəyərli ziyalımızdır. Onun folklorşünaslığı, tərcümə və tərtibi, publisistikası, ədəbi tənqidi haqqında ayrı-ayrı araşdırmalar, monoqrafik kitablar yazıla bilər. Əslində buna maneçilikyoxdur...

Sərvaz Hüseynoğlunun bu kitabı isə görkəmli alimin insani keyfiyyətləri ilə naxışlanmış portretinin təqdimidir.

Ədəbiyyat insanlıq elmidir. Ömrünü ədəbiyyata (həm şifahi, həm yazılı), elmə həsr edən və qayğı göstərən ustadımız Qəzənfər müəllim əslində insanlığı yaşadan insandır. Nə yaxşı ki, bizlər Qəzənfər müəllim kimi insanların (az da olsa), ziyalı sözünün yaraşdığı şəxsiyyətlərin müasiriyik. Uca Tanrı hər zaman sizi bu ucalıqda saxlasın, ustad!

 

Adil Cəmil

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.15.