Sınıq dişli təraş
maşını
Mədəniyyətimizdə böyük-kiçik və
ailə münasibətlərini
müəyyən dəyərlər
formalaşdırır. Bizim dövrümüzdə
böyüklərə hörmət
və ehtiram mütləq idi. Valideynlərə, qohum-əqrəbaya, böyüklərimizə hörmət,
kiçiklərimizə mərhəmət
və sevgi göstərməyə bir
vəzifə və borcumuz olaraq hesab edirdik. Ailədə
uşaqların nə
problemi, nə arzuları olurdusa, anaları vasitəsilə
atalarına çatdırılırdı.
Bizim evdə
də bu qaydaya ciddi əməl
olunurdu. Hesab edirəm, bu
sərtlikdə atamın
yetim və kimsəsiz böyüməsinin
də payı vardı. Atamın qarşısında heç
birimiz özümüzü
rahat və hüzurlu hiss etmirdik. Sanki "hərbi nizam-intizam" içərisindəydik
və onun dedikləri qarşısında
öz fikrimizi nəinki cəsarət edib söyləmək, hətta bu haqda
düşünməyə belə qorxurduq. Bəzən mən yersiz və uşaq fikirlərimi səsləndirəndə
məni danlayırdı.
Atam sərt, qaşqabaqlı və ciddi bir adam görünüşündə
idi. Alnındakı və üzündəki
dərin qırışlar
yaşadığı həyatın
çətinliklərindən silinməz bir iz buraxaraq, onu
daha sərt və qaba göstərirdi.
Mən atama heyran idim. Onun hər
mənada mənim ürəyimdə xüsusi
yeri var idi və onun
zəhmətinə məhəl
qoymamaq ədalətsizlik
olardı. Halbuki uşaqlığımda
atamla aramızda heç vaxt yaxın münasibət olmayıb. Düşünürəm
ki, bunun səbəbi onun böyüdüyü mühitdə
əsasən mümkün
deyildi... Bizi qucaqlamaması, isti əlləri ilə başımıza sığal
çəkməməsi, bizimlə
mehriban ünsiyyət
qurmaması ürəyimdə
bir boşluq yaratmışdır...
Yaxın zamanlarda daxili aləmimdə bu suala cavab tapmağa
çalışarkən atamla
bağlı iki heyrətamiz hərəkətini
heç bir zaman unuda bilmədim. Onlardan biri: Sentyabr ayının sərin bir payız axşamında tarladan, dərə-təpə yollardan
evə qayıdarkən
oturduğum traktorun
metal oturacağından hər
atlamadan sonra müvazinətimi itirib yıxılacağım üçünmü,
yoxsa üşüdüyümü
hiss etdiyi üçünmü,
məni bərk-bərk
qucaqladığı o anı
heç vaxt unutmayacağam. Tütün qoxulu nəfəsinə
rəğmən, vücudumda
hiss etdiyim atalıq istisi məni məftun edirdi. Digəri isə saçlarımı
qırxarkən, başımı
tutan sol əlinin istiliyi ilə hıss etdiklərim idi. O əlin istiliyi başımı tutduğu zaman hər nöqtəsindən,
bədənimin hər
bir hüceyrəsinə
qədər mənim üçün rahatlıq
və güvən hissinin göstəricisi idi.
Atam bacarıqlı
və tədbirli bir insan idi. Bizim öz saç qırxanımız var idi və bu,
hər ailədə olmazdı. Saçlarımızın uzanmasına imkan
verməyib həmişə
dibindən qırxardı.
Təbii ki, bərbərə verməyə
pulumuz çatmadığından, qənaət
məqsədilə bu
maşını almışdı
və saçımızı
evdə qırxırdı.
Bir gün qonşulardan biri uşaqlarının saçını qırxmaq
üçün maşını
istəmiş, atam da yox deməmişdi.
Qonşu
uşaqlarının saçlarını
qırxandan sonra, tövlədəki camışın
da tüklərini qırxıb, aparatın bir dişi sınıq
vəziyyətdə geri
qaytarmışdı. Günün şərtlərindənmi,
yoxsa səhlənkarlıqdanmı saç
qırxanımız bir
daha düzəlmədi.
Beləliklə, sona qədər
atam dişləri sınıq maşınla
saçlarımızı qırxmağa
davam etdi. Atam diqqətlə kəsməyə
çalışsa da,
saçım maşının
sınıq dişinə
ilişib məni çox incidərdi.
Atamın qorxusundan səsimi
çıxarmamaq üçün
dişlərimi bir-birinə
sıxıb saçlarımın
növbəti dəfə
aparatın dişinə
ilişməsini gözləyərdim.
Ancaq işgəncə
kimi görünən
bu prosesin bitməsini istəməzdim...
İllər keçdi və
mən artıq atamla dost kimi söhbət edə bilirdim, hətta onun keçmişlə bağlı söhbətlərini
tətikləmək üçün
ünsiyyət qururdum
və o da mənimlə bölüşürdü.
Bir-birimizlə çox yaxşı
anlaşırdıq, keçmişdə
etdiyim səhvlərlə
bağlı özümü
tənqid edərək,
bunun uşaq psixologiyası ilə bağlı olduğunu izah etməyə çalışırdım. Bir də atamın bizə qarşı davranışlarını səhvləri
ilə yanaşı, savab əməlləri haqqında da asanlıqla ifadə edə bilirdim. Yenə belə günlərdən
biri idi, söhbət əsnasında
sınıq dişli aparatımızla saçlarımı
qırxdığını və ağrısa belə o əziyyətin bitməsini istəmədiyimdən
danışırdım. Çaşqın bir ifadə
ilə yanaşı, onun sual dolu
gözlərində sanki
bunun səbəbini bilmək istəyi var idi. Çox həssas bir səslə: - "Bilirsən niyə bitməsini istəməzdim,
ata? Çünki saçımı qırxdığın
zaman maşını
sağ əlinlə tutarkən, sol əlinlə
də başımı
möhkəm tuturdun. Əlinin istiliyi məni məst edirdi". Dediklərimi
bitirdiyim anda bir vaxtlar sərt
və ciddi olan 77 yaşlı atamın bir uşaq məsumluğu ilə ağladığını
görəndə məhv
olmuşdum. Həyatımda ilk dəfə əmimi itirdiyimiz gün atamın hönkür-hönkür
ağladığını görmüşdüm. Dediklərimin ona pis təsir
etdiyini, özünü
günahlandırdığını anlayıb, söylədiklərimdən
peşman oldum.
Nəhayət, özünü ələ
aldıqdan sonra dərindən nəfəs
alıb dedi: "Oğlum, mən yeddi yaşımda yetim, səkkiz yaşımda isə kimsəsiz qalmışam.
Ailənin nə olduğunu
bilmədən, sevgi, şəfqət görmədən,
başqalarının nökərliyini
edərək böyümüşəm.
Çalışdığım qədər qarnım
doyardı, mən bunu bildim - bunu
öyrəndim. Ailə və
uşaqlara gəlincə
isə onları geyindirmək, qarnını
doyurmaq və evə çörək gətirməkdən ibarət
olduğunu düşünərək
borcumu yerinə yetirirdim. Mən təhsilsiz, ailə
həyatından məhrum
böyümüş bir
adamam. Bacardığım qədər sizə
nəyin doğru olduğunu bilmənizi, şərəfli insan olmaqla ətraf mühitə fayda vermənizi istədim.
Mən təhsil ala bilmədim, sizə oxumaqdan başqa çarəniz olmadığını anlatmağa
çalışdım. Demək, bu, yetərsiz idi, mən nə edə bilərdim ki...". O anda
dünyanın başıma
yıxıldığını hiss etdim və atamın
hər iki əlini ovucuma alaraq - "Atacan, mənim məqsədim səni incitmək, əsas da mühakimə
etmək deyil, xahiş edirəm, belə düşünmə"
- dedim və əllərini dodaqlarıma
apararaq göz yaşlarıma hakim ola bilmədim.
Hikmet ELP
Ədəbiyyat qəzeti.- 2022.- 19
noyabr.- S.17.