Bir qızın gündəliyindən
Hekayələr
13 oktyabr. Axır ki, bizim də
küçəmizdə bayramdır!
Baxıram və gözlərimə inana bilmirəm. Pəncərəmin
qarşısında hündürboylu,
yaraşıqlı, qarasaç,
qaragöz bir oğlan var-gəl edir. Bığlarına söz ola bilməz!
O, artıq beşinci gündür ki, sübh tezdən, ta gecə yarısınacan
gözlərini pəncərəmizdən
çəkmir. Özümü
elə göstərirəm
ki, guya buna diqqət yetirmirəm.
15 oktyabr. Bu gün səhər saatlarından
şiddətli yağış
yağır, o yazıq
isə elə hey küçədə gəzib-dolaşır.
Mükafat olaraq ona göz vurub
hava öpüşü
göndərdim. O, cazibədar təbəssümü ilə
mənə cavab verdi. Sual məni
tərk etmir: axı, bu gənc
kimdi görəsən?
Varya bacı deyir ki, bu
oğlan guya ona vurulub və
elə bu səbəbdən sevgisi naminə yağışda
islanmağı qarşısına
məqsəd qoyub. Vallah, Varya hələ
də uşaq kimidi. Heç qaraşın da qaraşını sevə
bilərmi? Anamız buyurdu ki, üst-başımızı
səliqə-sahmana salıb
pəncərənin qabağında
əyləşək: "Nə bilmək olar? Bəlkə də o, yaramazın birisidi, ya da
alicənab centlmendir".
Bu ki, ağılsız
mühakimədir, anacan!
16 oktyabr. Varya deyir ki, mən
onun həyatını
zəhrimara döndərmişəm.
Axı, nə edim? Məgər günahkaram ki, bu oğlan Varyanı
deyil, məni sevir? İşə bax da, özüm
də bilmədən ona yazdığım məktubu səhvən səkinin üstünə
saldım. Ay yalançı!
Təbaşirlə ovcunun
içində dərhal
cavab yazdı: "Sonra". Daha sonra bir xeyli
dolaşaraq darvazada bu sözləri yazdı: "Mən razı, amma sonra". Dərhal da təbaşirlə yazdıqlarını pozdu.
Ay Allah, ürəyim nədən
belə çırpınır?
17 oktyabr. Varya dirsəyi ilə sinəmə möhkəm
bir zərbə vurdu. Nanəcib, yaramaz, paxıl adam! Bu gün cavan oğlan polis rəisinin qarşısını
kəsib bizim pəncərələrimizi göstərərək
onunla nə barədəsə danışdı.
Yəqin ki, araya fitnə-fəsad salmaq niyyətindədir! Elə bu səbəbdən
də polis rəisini ələ almağa çalışır. Eh, kişilər,
kişilər, siz isdibdadçı və zülmkar olduğunuz qədər həm də hiyləgər və gözəlsiniz!
18 oktyabr. Uzun müddətlik fasilədən
sonra qardaşım Seryoja bu gün
gecə evə gəldi. Yazıq heç yatağına girməyə macal tapmadı. Küçədən
onu aşağıya düşməyi tələb
etdilər.
19 oktyabr. Rəzil, iyrənc adam! Sən demə, bütün bu on iki gün müddətində
o, kiminsə pullarını
çırpışdırıb aradan çıxan qardaşım Seryojanın
qayıtmasını gözləyirmiş.
Bu gün isə o, darvazada bunları yazdı: "Mən daha sərbəstəm, istədiyini etməyə hazıram". Əclaf...
Cavab olaraq ona dilimi göstərdim.
İmtahan
Bir gün böyük oğul atasının yanına gəlib bəyan etdi ki, onun
qəyyumluğundan çıxıb
həyatını müstəqil
qurmaq istəyir. Qərarını
isə o, bir neçə müddət
öncə 21 yaşının
tamam olması ilə əsaslandırdı.
- Lap yaxşı, oğul! - bayaqdan oğlunu dunləyən ata dilləndi. - Mən razıyam, amma müstəqil həyata başlayana qədər sən gərək kiçik bir imtahandan keçəsən.
Əyləş, mən
elə indi səni imtahandan keçirərəm...
Oğul əyləşdi. Ata qaşqabağını
tökərək sorğu-suala
başladı:
- Kolbasanı yeyəndən
sonra ağızdan gələn qoxu nəyi xatırladır?
- Kolbasa dükanını.
- Doğrudur, oğlum. Qadınlar nəyi sabunsuz yuyurlar?
- Ərlərinin başını.
- Səncə, adamlar kəlləmayallaq gəzsələr
nə baş verə bilər?
- Belədə Pironye papaq, Poşa isə çəkmə tikər...
- Tamamilə doğrudur. Nə səbəbdən dənizin suyu şordur?
- Ona görə ki, orada siyənək
balıqları üzür...
- Bu ki, çox köhnəlmiş cavabdır!
Bəs özün necə düşünürsən?
- Dənizin suyu ona görə şordur ki, orada... orada... hərdən məzhəkəçilər
də çimirlər.
- Hm... Razıyam... Əvvəllər soruşardılar:
qazlar üzməyə
haradan başlayırlar?
Bizsə cavab verərdik: sahildən. İndi mənim daha bir sualıma
cavab ver: qanadlı qazlar üzərkən nəyə
görə təşviş
keçirirlər?
- Borclardan, hərbi xidmətə çağırışdan...
- Nə səbəbə eynəyi peysərdən taxmırlar?
- Ona görə ki, peysərə çəkilən şapalaqdan
eynək qırıla
bilər.
- Bəs nəyə görə insana donuz demək olmaz?
- Ona görə ki, o, sülhə dartıb aparacaq.
- Hansı alacaqanad universitetdə kurs bitirib?
- Doktor Alacaqanad.
- Kimi gəbərmiş məxluq adlandırmaq olar?
- Qüllədən düşən
adamı.
- Haradan borca pul
götürmək olar?..
Oğul başını yuxarı
qaldırıb fikrə
getdi.
- Hə, oğlum, bilmirsən? Deməli, sən hələ müstəqil həyat yaşamağa yararlı deyilsən. Gəl daha bir ay da
mənim qəyyumluğumda
qal. Bir aydan sonra səni
yenidən imtahandan keçirəcəyəm.
Anton Çexov
Tərcümə: Ağaddin BABAYEV
Ədəbiyyat qəzeti.- 2022.- 19
noyabr.- S.19.