Deyirlər ki, insan doğulduğu
yerin təbiətinə bənzəyir...
Deyirlər
ki, insan doğulduğu yerin təbiətinə bənzəyir...
Tanıdığımız
insanları göz önünə gətirəndə, bu kəlamın
gerçək olduğuna qətiyyən şübhən
qalmır. Doğulduğu yerin - Azərbaycanın cənub-qərbində
Kiçik Qafqaz dağ silsiləsində yerləşən,
şimaldan Kəlbəcər, şərqdən Xocalı,
Şuşa və Xocavənd, cənubdan Qubadlı ilə əhatələnən,
qərbdən isə başımızın bəlası Ermənistanla
həmsərhəd olan Laçının sərt təbiətinə
bənzəyən, vüqarlı Dəlidağın qartallar
şığıyan şiş qayaları kimi mərdanə
duruşu, Həkəri çayı təkin coşqun,
zümrüd meşələrin, diş göynədən buz
bulaqların, şaqraq çayların, ab-havası min bir dərdə
dəva yaylaqların saflığını xarakterində
yansıdan dağ adamlarından biri haqqında danışmaq
istəyirəm...
Elmi yaradıcılığı bir sıra məqalələrdə
yetərincə təhlil olunub. Mən bu dağ
adamının şəxsiyyətindən -
insanlığından, tanıdığım qədərincə,
bəhs edəcəyəm.
Adı
Şirindildi onun, amma adının əksinə olaraq, dili bəzən
çox acı (elə bəzən acıdil olduğunu
gördüyüm üçün mən də ondan çəkinərdim,
bir az yaxından tanıyandan sonra isə
tam tərsi olduğunu anladım), bəzənsə şirin
olur, yumorlu, şux zarafatlarla süslü... Sözü tutan həmkarları
ilə baməzə söhbətlərinin şahidi də
olmuşam... Alışanlı soyadı da xarakterindən,
arabir özünü göstərən
çılğın təbiətindən xəbər verir
sanki... Bir də gözlərindəki kədəri xoş, bəzən
ciddi rəftarı ilə gizlətməyə
çalışsa da, mənə elə gəlir ki, daxilində
daim qövr edən bir göynərtinin, acının
doğurduğu yanğının alovlarının diktəsi
ilə doğulub Alışanlı soyadı sanki...
Bu
yanğını körükləyən ən güclü və
ağrılı səbəb, düşünürəm ki,
onun ata yurdu, dağlar gözəli Laçının
işğalı idi... Kim nə deyir-desin, erməni
vandallarının öz havadarlarının köməyi ilə
işğal etdikləri tarixi yurd yerlərimizin içində
Laçın və Xocalı daha çox ədəbiyyatımızın
mövzusu olub. Laçın ayrılıq, həsrət,
Xocalı isə öcalma simvoluna çevrilib.
Xocalıda erməni cəlladlarının törətdiyi
kütləvi soyqırımı, tükürpədən
müsibətlər haralı olmasından asılı olmayaraq
hər bir Azərbaycan türkünün içində
qarşısıalınmaz bir qisas duyğusu doğuraraq 28 il
boyunca bəsləyib böyüdüb. Laçın isə
Hüseyn Kürdoğlunun, Ağa Laçınlının,
İlham Qəhrəmanın, Əvəz Abbasovun, Bəxtiyar
Kavanlının, Şərahil Laçının və b.
şeir, bayatı və ağılarında obrazlaşıb və
poeziyamızın həsrət simvoluna çevrilib sanki... Bu
simvollaşmada Laçının qeyrətli balası,
unudulmaz Məhəbbət Kazımovun param-parça olmuş
ürəyinin fəryadını, qəlbinin naləsini
qatıb oxuduğu, qısa zaman içində himnə
çevrilən, könüllərə köçən
"Laçınım mənim" mahnısının rolu
az olmayıb...
"Yaralı
torpağının yaralı sevgisini" yaşayan,
Laçın həsrətindən qəddi əyilən və
"Coşum Dəlidağın boranı kimi, // Şeh səpim
Qırxqızın dumanı kimi. // Məcnun
bulağının mərcanı kimi, // Şeirimi yaxana
düzüm, ay Laçın!..", "Sən bu
dağın nazlı quşu, // Mən bu dağın
qaçqın qızı, // Düşmən aldı
yurdumuzu...", yaxud "Kəfənimi tikib ağla, ağla
yar, // Boynunu büküb ağla, ağla, yar, // Hörükdən
aç telini, telini, // Üstümə töküb ağla,
ağla, yar!..." deyən və ömür-gün
yoldaşından onu sağ ikən ağlamasını istəyən,
yəni bir insan vətənini itirincə, o, diri olsa da,
ölüdür düşüncəsində olan, bu dərdin
zindan ağırlığı ilə də yazıb-yaradan
qardaşı Hüseyn Kürdoğlunun yurd nisgilli şeirlərindəki
ağrı-acı, heç şübhəsiz, Şirindil
Alışanlının da həssas ürəyini cırmaqlayaraq
qanadıb, ruhunu yaralayıb və gözlərindəki kədərin
miqyasını daha da böyüdüb. Həmin şeirləri
oxuduqca, əzabdan qovrulan şair ruhunun çöhrəsində
şırımladığı izləri gördükcə,
ruhunda fırtınalar coşub, ötəsini
düşünmək imkansız...
İnsan
kimi, elm aləmində möhürünü vurmuş bir alim
kimi ona üz tutan hər kəsin dərdini anlaması,
qarşısındakını anlayışla
qarşılaması və hər vəchlə kömək
etməyə çalışması ona yalnız ünsiyyətdə
olduğu insanların sevgisini qazandırıb və bu gün
də qazandırmaqdadır...
Bu özəlliyini
ən çox rəhbərlik etdiyi XX əsr Azərbaycan ədəbiyyatı
şöbəsinin əməkdaşlarına qarşı isti
münasibətində duymuşam. O, hər kəslə
şöbə müdirindən daha çox həmkar, dost, hətta
bir qardaş kimi davranış sərgiləyir, şöbə
əməkdaşlarının onun qarşısında
sıxılmasını istəmir və elə şərait
yaradır ki, hər kəs özünü sərbəst hiss
eləsin, hansısa məsələyə görə
rahatsız olmasın. Doğum günlərini, milli
bayramları və təqvim ilini qeyd etmək heç vaxt
unudulmur, heç kəsin ad günü yaddan
çıxıb arxa plana keçirilmir. Böyük səmimiyyətlə
səbəbkarların özəl günü kiçik bayram
süfrəsi ilə qutlanır. Qutlama süfrələri onun
masasının qarşısında açılsa da, əksər
vaxtlarda müdir kreslosunda əyləşmir, özünü
həmkarlarından üstün göstərən heç bir
hərəkətə yol vermir, onlarla bir sırada oturur, bəzi
yaşlı kişilər kimi, ikrah doğuran şit zarafatlar
etmir, əksinə, maraqlı söhbətləri ilə
kiçik məclisi rövnəqləndirir.
Şöbədəki
qadınlar və kişilər arasında o qədər
böyük səmimiyyət, qarşılıqlı hörmət
var ki, istər-istəməz onlarla birlikdə işləmək
keçir könlündən... Düşünürəm
ki, elə bu gözəlliyi yaradan da Şirindil müəllimin
əməkdaşlarla ülfəti, həssaslığı,
onlara göstərdiyi qədirdanlıq və xoş münasibətidir.
Böyüklərə (onu deyim ki, özünün qəbul
elədiyi ağbirçək və ağsaqqallara özəl
yanaşması var Şirindil Alışanlının) ehtiram
göstərir, kiçiklərin yerini bilir.
Haqsızlıqla
barışan deyil, kiminsə haqsız
danışdığını, haqsız iş
gördüyünü hiss eləsə, o andaca etiraz səsini
qaldırır və həmin şəxsi, necə
lazımdırsa, elə o cür də utandırır.
Cəsarətlidir. Heç kimdən qorxmur, tutduğu vəzifədən
asılı olmayaraq kimisə tənqid etməkdən əsla
çəkinmir. Sözünü
bütün situasiyalarda deməyə təpəri
çatır. Çünki özgüvəni
sonsuzdur... Özgüvənliyi isə əsasən
işini, məşğul olduğu sahəni, söz sənətini
bilməsindən, dərin mütaliəsindən, geniş
düyagörüşündən doğur. Təbii, əxlaqlı olması da özgüvənliyini
şərtləndirən başlıca cəhətlərdəndir.
Tərif
deməkdə səxavətli deyil, hətta xəsisdir... Amma
deyəndə də elə sözlər, kəlmələr
seçir ki, əsla yan keçmir və düz hədəfə
millənir... Heç unutmuram, qardaşı -
çox istedadlı, coşqun təbli, əruzu-ənat sənətini,
klassik ədəbiyyatı və folkloru mükəmməl bilən,
çox gözəl əsərlər yazsa da,
sağlığında layiq olduğu qiyməti ala bilməyən
Hüseyn Kürdoğlunun yaradıcılığından bir
məqalə yazmışdım. O da oxumuşdu, dəhlizdən
keçəndə məni gördü, yazıya görə
təşəkkür elədi və bütün şöbə
əməkdaşlarının, həmin vaxt şöbələrində
olan Qəzənfər Paşayevlə Qurban Bayramovun da
yanında özünəməxsus bir tərzlə: - Ayə, bu
qız şeiri, poeziyanı başa düşür,
anlayır ey, həm də hiss edir. Poeziyadan yazmaq başqa, onu
duyub yazmaq başqadır - dedi... Bir dəfə də Güney
Azərbaycan ədəbiyyatını öyrəndiyimi,
özümə görə bildiyimi
vurğulamışdı... və ciddi alim, fədakar tədqiqatçı
Safurə Quliyevanın ədəbiyyat naminə
gördüyüm işlərlə bağlı məqalə
yazdığını söyləmiş və əlavə də
etmişdi ki, Safurə xanım hər adam haqqında yazan deyil
ha!..
Mərddir, mübarizdir. Hansısa əməkdaşının
maddi sıxıntısı ilə bağlı məlumatı
olsa, imkanı çatmasa belə, həmin problemi
çözməyə, müsbət həll etməyə
çalışır, milyonlara sahib bəzi Hacı Qaralar
kimi, mənim elə bir imkanım yoxdur, deyib
sızıldamır... Əslində sızıldamağı,
olana yox deməyi qüruruna sığışdırmaz belə...
Gecə-gündüz yollar axtarıb özünü
hamıdan üstün bir elm adamı kimi cəmiyyətə
sırımağa da (yarış atları kimi) özünəxas
incə bir yumorla baxır, astaca tutduğu yolla gedir, bir-birindən
sanballı əsərlər araya-ərsəyə gətirir. Onda əsl
alimə xas olan əsas özəlliklərdən biri məhz
halal zəhmətlə gələcəyin alimlərini
yetişdirmək missiyasını ləyaqətlə yerinə
yetirməsidir.
Bu halallığın ən bariz örnəklərindən
biri isə elmi əsər və monoqrafiyalar yazmaqdan daha
çox kitabların redaktəsinə, çapına
üstünlük verməsidir. Redaktoru olduğu
kitabların sayı 60-dan çox, elmi məqalələrinin
sayı isə yüzlərlədir.
Redaktə
etdiyi və rəhbərliyi altında dərc olunmuş məcmuə
və antologiyalar böyük maraq kəsb edir, alim
ömrünün bəhrələri kimi elmin çətin və
şərəfli yoluna qədəm qoymuş hər bir gənc
tədqiqatçının yaradıcılıq yoluna
işıq salır...
Bağlı
qapıların açarını alimlərdə axtar, -
deyirdi dahi Şeyx Nizami... Şirindil müəllim də
axtarışdadır... Əli Kərimin bir şeirində
sonsuz səmimiyyətlə söylədiyi:
Mənə
deyirsiniz ki,
Hər
gün, hər səhər-axşam
Nəğmə,
Şeir
yazıram...
Anam, hər
kəlməm, sözüm
Səninkilərdi ki, var.
Könül, odundur onlar.
Müəllimim,
bu xətt də
Səninkidir, səninki.
Sevgilim,
bu
ilhamım səninki,
Vətəninki...
Bu fikirləri azacıq dəyişiklə
Ş.Alışanlıya şamil etmək olar, necə?! "Sizin qüdrətinizlə
Sizə nəğmə deyirəm..." elə beləcə,
şair sözünü "Sizin qüdrətinizlə Sizə
kitab yazıram, bağlı qapıları açmağa
çalışıram..." alim sözü ilə əvəzləyərək...
Esmira Fuad
Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.20.