Müasir Azərbaycan ədəbiyyatı
oçerkləri: Rafiq Tağının
qalaktikası
Rafiq Tağı (1950-2011) müstəqillik dövrü ədəbiyyatının
tanınmış siması, yazıçı və
publisistdir. Hekayə və esse ustası kimi şöhrət
qazanmış, müasir Azərbaycan hekayəçiliyini
ideya-bədii yeniliklərlə zənginləşdirmişdir.
Gənclik
illərindən bədii yaradıcılıqla məşğul
olan Rafiq Tağı həkimliklə yanaşı
yazıçılıq peşəsini seçmiş,
böyük istedadı, günün ağrılı problemlərini
ədəbiyyata gətirən yazıları, iti qələmi
ona az bir zamanda şöhrət qazandırmışdır.
Rafiq Tağı yaradıcılığa
şeirlə başlamış, ilk şeiri 1968-ci ildə
Masallının "Çağırış" rayon qəzetində
dərc olunmuşdur. "Fərqanə" adlı ilk hekayəsi 1977-ci
ildə "Ulduz" jurnalında işıq üzü
görsə də, intensiv mətbu fəaliyyəti,
yazıçı qələminin təsdiqi müstəqillik
dövrünə təsadüf edir. Bu illərdə
Rafiq Tağının çoxsaylı hekayə, esse, şeir,
məqalə, oçerk və portret yazıları Azərbaycanın
və xarici ölkələrin dövri ədəbi mətbuatında
çap olunmaqla geniş ictimai rezonans doğurur, ciddi polemika
yaradır.
Rafiq Tağının "Yanaşı ulduzlar"
(Bakı, Yazıçı, 1987) adlı ilk hekayələr
kitabı son sovet dönəmində çap olunmuş,
müstəqillik illərində "Düşmənimin
xatirinə" (Bakı, Yazıçı, 1991), "Pozitiv. Neqativ" (Bakı,
"Şur", 1996), "Gənc qraf Kenterberiyski"
(Bakı, "Adiloğlu", 2005) hekayə kitabları, iki
cilddə: "Şahzadə Dipendranın məhəbbəti.
Ekstremal şeirlər və hekayələrim"
və "Ucaboy liliput. Ekstremal şeirlər
və hekayələrim" (Bakı, "Adiloğlu",
2005), "Hekayələr" (Bakı, "Əli və
Nino", 2010) kitabları işıq üzü
görmüşdür. Kiril əsaslı (birinci üç kitab) və
latın qrafikalı əlifba ilə çap olunmuş bu
kitablar bütövlükdə Rafiq Tağının 179 hekayəsi
və 49 şeirini oxuculara təqdim edir. Yazıçının
əsərlərini populyarlaşdırmaq niyyətilə,
ölümündən sonra "Alatoran yayınları"
Rafiq Tağının sağlığında
başlamış olduğu "kirildən latına" layihəsi
sırasından: "Yanaşı ulduzlar" (Bakı,
"Alatoran", 2013), "Keçmişə yaxın
yer" ("Pozitiv, neqativ") kitablarını (Bakı,
"Alatoran", 2014) təkrar nəşr etmiş, son hekayələrindən
ibarət "Qatilə didaktika dərsləri. 13 hekayə" (Bakı, "Alatoran", 2022)
toplusunu buraxmışdır. Mətbuatda
geniş rezonans doğursa da, Rafiq Tağının
esseistikası sağlığında kitab şəklində
çap olunmamışdır. Yalnız
yazıçının qardaşı İlqar
Tağının təşəbbüsü ilə
hazırlanan çoxcildliyinin dörd cildi (1, 2, 3, 6-cı cildlər) "Hekayələr",
4-cü cildi "Seçilmiş esselər", 5-ci cildi
"Müsahibələr. Haqqında məqalələr"
(Bakı, "Qanun", 2021) olmaqla işıq üzü
görmüşdir.
Rafiq Tağının Azərbaycan ədəbiyyatında
yeri başlıca olaraq hekayəçi kimi görünür. Cəlil Məmmədquluzadə
və Əbdürrəhimbəy Haqverdiyevin realist,
60-cılardan Anar, Elçin, Əkrəm Əylislinin neorealist
hekayəçiliyinin ardınca Rafiq Tağıya tamamilə
yeni, orijinal hekayə tipi yaratmaq nəsib olmuşdur. Müstəqillik illərində
yazıçının hər bir mətbu hekayəsi
böyük maraq doğurmuş, hekayə kitabları hadisə
kimi qarşılanmışdır.
1990-cı
illərin əvvəllərində "Düşmənimin
xatirinə" (1991) kitabına önsözdə xalq
yazıçısı Elçin məxsusi
vurğulayırdı: "Yaradıcılığın
psixolojisi bir sirri-xudadır və başdan-başa gözlənilməzliklərdən
ibarətdir. Lakin bugünün həqiqəti
ondan ibarətdir ki, Rafiqin hekayələri orijinal strukturu,
"qrafik təhkiyəsi" və xüsusən
müşahidə qabiliyyəti ilə
yaşadığımız və əhatə olunduğumuz həyat
haqqında öz sözünü deməyə
çalışır. Bu yerdə bəlkə
də onun həkimliyi sövq-təbii öz işini
görür. Hər halda bu fikri Çexovun və
Bulqakovun təcrübəsi doğurur" (Elçin, On beş il əvvəl və onbeş il sonra
//Rafiq Tağızadə, Düşmənimin xatirinə.
Bakı, "Yazıçı", 1991, s. 3-6)
Ötən
əsrin sonunda isə ədəbi tənqidin Rafiq Tağı
qənaəti belədir: "Amma gəlin, obyektiv olaq, Rafiq
Tağı ümumən hekayəçiliyimizdə son hadisədir.
Bir var hekayədir, əhvalatdır, süjetdir - başına,
ya ağlına gələni kim necə
bacarır qələmə götürür. Bir də var
janra can, nəfəs verirsən, hekayəni yaradırsan (!), təkcə
altına imza yox, üstünə möhürünü də
vurursan... - bax, bu qisimdə Rafiq Tağıyla əsr də
qurtardı; kim daha fürsət tapıb bura nəsə əlavə
eləyə, inanılası deyil" (T.Əlişanoğlu,
XX yüzilin son hekayələrindən Rafiq Tağının
hekayəti // "Rezonans" qəzeti, fevral 2000-ci il).
Rafiq
Tağı qısa, yığcam hekayənin ustasıdır;
təhkiyəni konkret bir əhvalat, süjet üzərində
deyil, xarakter, qəhrəman üzərində qurur və ətrafında
"qrafik" çizgilərlə bütöv bir
"ictimai məcmu" - insanın da, qapsadığı
zamanın da obrazını yarada bilir. Bu
baxımdan Rafiq Tağı hekayəsini ilkin
başlanğıcda bəlkə Ə.Haqverdiyevin portret-hekayələri
ilə qiyas etmək olar. İlk
yığcam həcmli kitablarında yazıçının
13 ("Yanaşı ulduzlar"), 41 ("Düşmənimin
xatirinə"), 47 ("Pozitiv, neqativ") olmaqla
bütövlükdə 101 hekayəsi yer almış, əksərən
2-4 səhifəlik mətnlərdə onlarla xarakter, həyat
personajı, insan fərdi - obrazını, təcəssümünü
tapmışdır. Ədəbi kuluarlar qəhrəmanı
Mehdi Bəyazid deyirdi ki, bizdə Cəfər Cabbarlıdan
sonra bu qədər xarakteri həyatda kəşf edib ədəbiyyata
gətirən bəlkə bir Rafiq Tağı olmuşdur.
"Fərqanə",
"Maral", "Anna", "Qalina Yuryevna", "Nikolay
Maksimoviç"... - konkret prototip adlarla; prototip-səciyyələrlə:
"Sərili paltarlara baxan", "Tezqocalan, tezölən",
"aDil", "Heç kəsi öldürmək istəməyən",
"Siam əkizi", "Düşmənimin xatirinə",
"Rasim-Lukaşin", "Xristian", "Professor",
"Lazım gələndə əsgər olanlar",
"Yas aşiqi", "Divanə", "Ölü Həsən",
"Atamın gəzən heykəli", "Pozitiv,
neqativ", "XIX əsrin sahibəsi", "Dəfn
ağsaqqalı", "Klassiklər sevəsi gözəl",
"Coğrafiya şairi"...; prototip-obrazlarla:
"Puşkin olmayan Aleksandr Sergeyeviç", "Roma burunlu
bayquş", "Annalar, vronskilər", "Herakl",
"Leyli-Məcnun", "Teymurləng", "Simurq
quşu", "Stalin ustası"...; kollektiv obrazlarla:
"Yanaşı ulduzlar", "Qonaqlar", "Ədəbiyyatçılar
evi", "Kitabxanaçılar", "Klassik üslubu
sevənlər", "Həsənlər"...;
problem-situasiyalarla: "Marı yaxşı yerdi",
"Sokolniki parkı", "Qırmızı
körpü", "Məni Bakıya apar", "Evi
müharibədən sonra tikərlər", "Vahid Əsədovun
ölümü", "Həsrət çəkməməyə
az qalır", "Əvvəl sülh yox, müharibə
görən", "Ot tayası ili", "Höccətin
tutulması", "Nöktürn", "Radioaktiv
tale"...; sosial və a-sosial tablo-portretlərlə:
"Xalça şərqisi", "Qədim kitab",
"TV- xəbər dizaynı", "Sivilizasiya",
"Mizan-tərəzi", "Dünyanın ən
yaxşı müharibəsi", "Vətən
ağacı", "Evləri qəbir abidələrinə
bənzəyən şəhərdə", "Müharibə
mövzusunda divertisment", "Keçmişə yaxın
yer"... və s. çoxsaylı motivlərlə Rafiq
Tağı qələminə gələnlər ictimai-siyasi
zaman etibarilə ötən əsrin 70-80-ci illəri, son sovet
dönəminin, ilk müstəqillik illərinin
personajları, insanlarıdır.
Rafiq Tağı hekayələrinin sonunda tarix
qoymağı sevir və bu hekayələrin axırında ya
80-ci illər, ya da qoşa tarix - 1980-1990-cı illər rəqəmləri
durur. Belə
ki, Rafiq Tağı qəhrəmanının genetik şəcərəsi,
"ictimai cəm"i çox da uzağa getmir; bu - əvvəli
"sovetin qürubu" dönəmindən o yana
keçməyən, sonu bugünün keşməkeşlərində
bitən Azərbaycan insanıdır. Amma sovet
dövrü - müstəqillik illəri, dünən və
bugün damğasını vurub, yazıçı heç də
bu insanı zamanlara bölməyə, içdən
parçalamağa mail deyil; Rafiq Tağı qəhrəmanlarının
dünyası ictimai-siyasi formasiyalar, sosial-ideoloji sərhədlərlə
müəyyənləşmir. Onsuz da bu insan
"parçalanmış ərazilər"in: təkcə
ictimai-siyasi deyil, milli-mənəvi, mental, patriarxal, sivilizasion,
qlobal qarşıdurmaların hissələrə
"parçaladığı" dünyanın sakinidir. Rafiq Tağı bu "ərazilər"ə və
ümumən də dünyaya - bütöv bir qalaktika
timsalı; bu qalaktikanın sakini insana - bir-birinin yanında, təmasda,
yaxında olduğu qədər də, uzaq, ayrıca,
"yanaşı ulduzlar" kimi baxır, qəhrəmanlarının
simasında onu tədqiq etməyə girişir.
Sonrakı
kitablarında da ("Şahzadə Dipendranın məhəbbəti...",
"Ucaboy liliput...") Rafiq Tağı bir çox hekayələrinin
altına qoşa tarix yazmaqda davam edir: "İncinin
qardaşları " (1982-1999), "Xor ölüsü"
(1982-1999), "Stansiya aptekçisi" (1982-2000),
"Bakını bir də görməyəcəm"
(1982-2000), "Evi üzü günçıxana istəmişdim"
(1982-2002), "Hayıf, övlad da qocalır" (1982-2003),
"Y.Senkeviçin dostu" (1982-2003), "Professor
Feldman" (1983-2000), "Adı Arıq" (1986-1998),
"Opera-balet" (1987-2003), "Mikelancelonun səhvləri"
(1988-2003), "Feldşer Kalabaşkina hekayətinə düzəlişlər"
(1988-2003), "Uğur hesab dəftəri" (1990-2004), "Üç dayıqızı"
(1996-2003), "Tolstoy Cəfər"
(1997-1998), "Cəmaləddin.
Camal" (1997-1999), "Yarımçıq tarixçələr"
(1998-1999) və s. Burda mətləb təkcə
yazıçının mətnə tələbkarlıqla
yanaşıb, hekayələri təzə nəzərlə
işləməsində deyil; Rafiq Tağı öz
"qalaktikası"nın insanlarına
biganə olmayıb, qələminə xas səliqəylə
hər birini dünənin reallığından xüsusi bir
şövqlə dirildib bugünə gətirir və aqibətlərini
izləyir.
Bu mənada Rafiq Tağının insanı yalnız
"ictimai münasibətlərin məcmu"yu, sosial
varlıq olaraq səciyyələnmir. Rafiq Tağının
qəhrəmanlarında milli-mental vurğular qabarıqdır;
istər kənd insanı, şəhər sakinləri, paytaxt
Bakı, Moskva əhli olsun, istərsə əksər hekayələrinin
personajları sadə peşə adamları, ya intellekt sahibi
ziyalılar... - mental xasiyyətlərin əsiri, təəssübkeşi,
"qurbanı"dırlar. Amma Rafiq Tağı qəhrəmanlarında
"millət"dən kənar, "sivilizasiya"
notları, kosmopolit keyfiyyətlər də az deyil; həm də
təkcə məxsusi vurğuladığı prototip-obraz bənzərliyində:
"Tolstoy Cəfər", "Roma burunlu bayquş",
"Annalar, vronskilər", "Herakl" və s. kimi yox;
ümumən düşüncə tərzi, həyat amalı
və amacı, tale ortaqlığında həmçinin.
Yazıçı hər bir hekayəsində, hər qəhrəmanının
simasında mental dəyərlərlə sivilizasiya dəyərlərini
üzləşdirir, toqquşdurur və nəticələrini
qələmə alır. "Hərdən elə
bilirsən şəhər Avropadır, kənd -Şərq.
Moskvada sivilizasiya tırıltıyla da olsa, işləyir; o,
sınıq kombayn kimi dayananda da arxayınsan ki, haçansa
ustası gələcək, mexanizmlərini qurdalayıb
düzəldəcək. Kənddəsə nə
sınığı var, nə də bir qeyrisi..."
("Sivilizasiya") Rafiq Tağının hekayələrindən
açılan mənzərələr: kəndi də, şəhəri
də, paytaxtı da, əyaləti də... - bir nöqtədən,
"sivilizasiyanın nəzərləri"ndən
işıqlanır, sivilizasiyanın "işlədiyi" və
"işləmədiyi" yerləri tapır,
görükdürür.
Rafiq
Tağı hekayəsinin xronotopu yazıçının (təhkiyəçinin)
qəhrəmanları ilə bitib-tükənməyən
"oyun"u; oxucu marağına, "iştirakı"na qədər sirayət edən oyun
estetikası üzərində qurulmuşdur. Şərq, ya Qərb,
ölüm - həyat, müharibə - sülh, patriarxaliya -
sivilizasiya, sevgi - nifrət, sosium - fərd, üz və astar,
pozitiv - neqativ... - Rafiq Tağı hekayəsində xronotop
qütblərin toqquşmasından doğan sürəkli
qarşıdurma anını fiksə etməyə, müstəviləşdirməyə
çalışır və bütövlükdə, gündəm
aktuallığından başlayıb fəlsəfi diskursacan
yüksəlir.
Rafiq Tağı düşüncə mövqeyində
qatı Qərbçidir, sivilizasiya dəyərləri tərəfdarıdır;
bunu onun bir çox esseləri də açıq şəkildə
bəyan edir ("Şərq-Qərb əsəb tarixi",
"Şərq-Qərb Sivilizasia - terror qanunu", "Faciə:
Şərq-Qərb konteksti", "Homeostaz. Köhnəlmiş mədəniyyətlər
səmtində düşüncələrim", "Mədəniyyət
və sivilizasiya mövzusuna qayıdış", "Avropa
və biz", "Sivilizasiya və Azərbaycan" və
s.). Amma hekayələrində yazıçı geridə
qalmış Şərq cəmiyyətini, bu cəmiyyətin əzabları
altına girmiş Şərq insanını hədəfləyir,
yazır...
Rafiq Tağı sülh, barışıq, həmrəylik
adamı, demokratiya və ədalət
carçısıdır ("Azərbaycanda hüquq",
"Mədəniyyət və müharibə", "Millətimiz. Əxlaqımız",
"Qarışıq fikirlər. Müharbə",
"Qara azadlıq etüdləri", "Sülh mentalitetli
xalq" və s. esselərini yada salaq); amma hekayələrində
müharibə, xaos, qarmaşıqlıq dövrünün
insanını yazmalı olur. İstər mental çərçivələrdən
Qarabağ müharibəsi olsun ("Müharibə
mövzusunda divertisment", "Əvvəl sülh yox,
müharibə görən", "Dünyanın ən
yaxşı müharibəsi", "Müharibələr və
ana"...), istərsə də kosmopolit Əfqanıstan
savaşı ("Feldşer Kalabaşkina hekayətinə
düzəlişlər"). Rafiq Tağının dərc
etdirdiyi 49 sayda "Ektremal şeirlər"i də (1998-2001) əslində
qəfil şairlik həvəsindən çox,
"müharibə zamanı"nın "ekstrim"ləri,
effektləri, "batal mənzərələri" kimi
doğulur: "Batal rəsmli/ xoşbəxt müharibələri/
gördükcə Avropada/ it-bata/ düşən/ Qarabağ
savaşlarına/ ağlayıram yavaşca..."
Rafiq
Tağı sevgi, gözəllik, harmoniya aşiqidir; bəzən
hekayələrində esse başlanğıcı, ani
oçerk havası da birbaşa təcəssümdən
doğur ("Xalça şərqisi", "Vətən
ağacı", "Keçmişə yaxın yer"...).
Amma yazıçı əksərən nifrətlərin, eybəcərliklərin,
yadlaşmanın hakim olduğu disharmonik cəmiyyəti hədəf
götürməyə, çözməyə məhkumdur
("Höccətin tutulmağı", "İtdən
yaxşı hürən", "TV- xəbər
dizaynı", "Evləri qəbir abidələrinə bənzəyən
şəhərdə", "Radioaktiv tale" və s. onlarla
hekayəsini anmaq olar)...
Hər bir yazıçı kimi, Rafiq Tağı da
insansevərdir; insanı pozitivlərdən görmək, kəşf
etmək xiridarıdır. Xarakterindən, əməllərindən,
düşüncə və niyyətlərindən xali, Rafiq
Tağı hekayələrində "pis insan" yoxdur; qəhrəmanlarına
verdiyi növbənöv səciyyələr içərisində
(prototip-səciyyələr) bircə suçlayıcı
hökmə belə rast gəlmək olmur. Amma çətinlik
budur ki, yazıçı pozitivlərin də neqativlərdən
fokuslandığını bilir və hekayələrində(n)
bunu görükdürməyə
səylər edir.
Bütün
bu cəhətlərə görə, Rafiq Tağının
klassika ilə müttəfiqliyi, klassikanın davamı
olması sanki şübhə doğurmamalıdır: "Min
cür adamdan/ mən/ onları seçdim,/
aldanmadan./ Oxşadım keçmişin/ və həm gələcəyin/
klassiksevərlərinə..." ("Keçdim klassiklər
tərəfinə") Amma maraqlıdır ki, bir sıra
esselərində yazıçı milli klassikaya hərb elan
edir, Məhəmməd Füzulinin, Mirzə Fətəli
Axundzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə
Ələkbər Sabirin, Səməd Vurğunun kölgəsini
qılınclayır ("Ədəbiyyatşünaslıq
etüdləri", "Ölü ədəbiyyatın əlamətləri",
"Mirzə Cəlillə ayrılıq məqamı",
"Mirzə Ələkbər Sabir haqqında gecikmiş
sözlər", "Qafqazın qartalı Şaumyan belə"...)
Sərt həcv üslubunda qələmə alınmış
bu yazılar, əslində, daha çox "klassika ilə
oyun" təsiri bağışlayır; klassik dəyərlərdən
çox, klassiklərin bütə çevrilməsi məqamına
üsyan edir: "Doğrudan da, bütə çevirdiyimiz
klassiklər Azərbaycan ədəbiyyatını hərəkətsiz
duruma gətirmişdir..."; "Nə qədər gec deyil,
ədəbi bütlərə sevgi aldanışlarından
qurtulmalıyıq..." (Rafiq Tağı, Seçilmiş
esselər. Bakı, Qanun nəşriyyatı, 2021)
Ümumən, Rafiq Tağı nəsrinin milli ədəbi
ənənə sırasında yeri birmənalı
görünmür. Gülüş estetikası, hekayəçilik
məktəbi baxımından Rafiq Tağı nəsrinin
klassik ənənələri davam etdirdiyi şəksizdir; amma
bu, birbaşa bəhrələnmədən çox, tipoloji
hadisədir. Rafiq Tağının hekayə qəhrəmanlarının
Əbdürrəhimbəy Haqverdiyevin milli tühəflərinə,
"marallar"ına natura bənzəyişi var, eynən
"vətənimizin yetirdiyi meyvələr"dir (Cəlil Məmmədquluzadə)
ki, üstündən yüz il ötəndən sonra da
yazıya gəlir. Bununla belə, sənət
axtarışlarında yazıçı milli nəsrin
yığcam yaddaşına etina etməyib, daha çox rus ədəbiyyatı
dəryasına baş vurmağa üstünlük verir.
Müsahibələrinin birində "heç bir
yazıçının başqasında olan kombinasiyanı təkrar
etmədiyi"ni vurğulayan Rafiq Tağı deyir: "Məsələn,
mənim yaradıcılığımda XIX əsr rus klassik ədəbiyyatının,
Moskva arxitekturasının, Qoyya və Salvador Dalinin, Bethoven və
Asəf Zeynallının, Nitsşe və N.Berdyayevin təsirləri
olub" ("Üç nöqtə" qəzeti, 18 oktyabr
2003) Belə ki, Rafiq Tağının bir çox hekayələrində
bütöv əyalət mənzərələrinə qələm
çalması, "balaca" əyalət insanına
qısınması və onunla rəftarında Çexov
qılığı, Tolstoy himayəsi, Qoqol patriarxalizminin
kodları bariz görünürsə, qəhrəmanlarına
mütləq, güzəştsiz, "inqilabi" yanaşmada
həmçinin M.Qorki pozitivizminin əlamətləri də
hiss olunur. O cümlədən
yaradıcılığının son mərhələsində
bədii axtarışları Rafiq Tağını Dostoyevski problemlərinə
(cinayət, cəza, günah, tövbə...) gətirib-çıxarır
("Parlaq quş", "Gənc qraf Kenterberiyski",
"Güzgü" və s. )
İlk baxışda sabit, dəyişməz
görünən Rafiq Tağı dünyasının alt
qatında zamanın hərəkəti aşkar duyulur. Dəyişməz
olan yazıçının dəyərləri, mənəvi
imperativləridir, dəyişən isə zamanla birgə
yaradıcılıq poetikası. Rafiq
Tağı dünyasının hərəkətverici impulsu
yazıçının gülüşüdür; nikbin, həyatsevər,
müdrik yanaşmadan doğan yaradıcılıq
platforması nasirin bədii-estetik axtarışlarında da
özünü göstərir. İlk
hekayələrində ("Yanaşı ulduzlar", 1987)
Rafiq Tağı realistdir; sanki missiyasını
yaşadığı, müşahidə etdiyi cəmiyyət,
mənəviyyat, patriarxaliya, hətta gender problemlərini
yazıya almaqda görür. Üslubu duru,
aydın, təhkiyəsi axıcı, obrazlar qalereyası rəngarəng,
çoxtipajlıdır. Bu mərhələdə
yazıçının gülüşü xəfif,
isti-qılıqlı, hardasa şəbədə xarakterlidir;
qəhrəmanlarına acıdığı, mental
ağrılarını bölüşdüyü hiss olunur.
Getdikcə bu gülüş tündləşir, fəlsəfi-ironik
çalar alır. "Düşmənimin xatirinə" və
"Pozitiv, neqativ" kitablarında Rafiq Tağı artıq
qəti bir modernistdir; sivilizasiyanın şən, gümrah
yerişi altda hər cür mentallıqlara
inkarçı-nihilist mövqelərdən qənim kəsilir.
Bu, fəlsəfi nihilizmdir; gerçəklərin
üstündən hər cür örtüləri (sosial,
psixoloji, mənəvi-əxlaqi və s.)
söküb-götürüb, birbaşa insan həqiqətinə
çıxmaq, onu diriltmək üçündür.
Rafiq Tağı bunu edir; qəhrəmanlarının həyatında
sadəcə realist ziddiyyətləri deyil, fatal və total
şəkildə "taleyin istehzası"nı
izləyir. Yığcam, tutumlu, az qala roman
gücündə mətləbləri sərrastlıqla balaca
bir mətnə sığdıran Rafiq Tağı hekayəsi
məhz bu dövrün bəhrəsidir. Rafiq
Tağıda "realizm" aldadıcıdır, mətnləri
ekzistensial-fəlsəfi yüklüdür.
Rafiq
Tağının qəfil və amansız ölümündən
təkanlanaraq yazılan bir sıra şərhlərdə
yazıçının son dövr
yaradıcılığında qəribə bir şəkildə
"ölüm" motivinə marağı, xüsusən
"Qatilə didaktika dərsləri" hekayəsində
(2008) əvvəlcədən ölümünə fərman
verməsi heyrət doğurmuşdur. Halbuki
"ölüm" motivasiyası, "həyat-ölüm"
mistifikasiyaları Rafiq Tağının hekayələrində
daimi atributdur (hətta hekayələrin adlarına da
çıxarır: "Tezqocalan, tezölən",
"Heç kəsi öldürmək istəməyən",
"Ölü Həsən", "Ölməyə
hazır durub, "Qocalığı görən" və
s.); yazıçının təfsirində həyat hər
zaman ölüm haləsinə bürünmüş şəkildədir.
Həyat-ölüm faniliyindən əxz etdiyi fəlsəfi
didaktika Rafiq Tağı yaradıcılığında
dominant olmuşdur.
Yaradıcılığının
son mərhələsində
Rafiq Tağının gülüşü qəzəbli
şəkil alır, ironiyası şiddətlənir
("Şahzadə Dipendranın məhəbbəti...",
"Ucaboy liliput...", "Gənc qraf Kenterberiyski",
"Hekayələr" kitablarında); sanki yazıçı
"taleyin istehzası"na qane olmayıb çərxi-fələyin
özü ilə də savaşa girməyə cürət
edir. Ən aktual ictimai-siyasi mövzulara ("Şahzadə
Dipendranın məhəbbəti", "Gənc qraf
Kenterberiyski", "Parlaq quş", "Slavyan
universitetinin professoru" və s. ), dini tabulara ("Aşura
kriminal durumu", "Molla", "İmam Hüseyn və
qardaşım" və s.), böyük "fəlsəfi
dilemmalar"a ("Beş şəkil", "Subyektiv
idealizm - təsadüfi oyun növü", "Vulqar fəlsəfəçilik
dövrü", "Əlverişli intihar
hündürlükləri", "Kaspar evi",
"Güzgü" və s.) toxunmaqdan çəkinmir;
gülüşünü birə-iki qat artıraraq sürəkli
qəhqəhələrlə süsləyir. Bu
zaman Rafiq Tağının ən zəif yeri əndazəsiz
publisist ehtirası, ən etibarlı müttəfiqi -
postmodernist ironiyadır.
Yaradıcılığının bu
çağında Rafiq Tağı postmodernizmlə ciddi
maraqlanır; heç bir mütləqi qəbul etməyən
postmodernist həqiqətləri, dünyaya ironik
baxışı, hər cür ehkama, daşlaşmış
dəyərlərə qarşı dekonstruktiv ideyaları
ruhuna yaxın bilir. Esselərində dəblə gələn,
"dildə bitən postmodernizm"i, "-izm"in adı
ilə oynayıb, mahiyyətindən min yol uzaq olanları
amansız istehzaya məruz qoyan yazıçı ("Bizdə
klassiklərin tiraniyası"), hekayələrində
postmodernizmin əyani nümunələrini yaratmağa da cəhdlər
edir. Bu ki: klassika ilə oyun ("Parlaq quş",
"Anna Karenina ilə məhkəmə çəkişməsi
perspektivləri"), həyat və sənət,
professionallıq-kütləvilik sərhədlərinin itməsi
("Opera-balet", "Qalamirzənin ədəbi obraza
dönmə məqamları", "Prototiplər və ədəbi
qəhrəmanlar nağılı", "Mikelancelonun səhvləri",
"Uca dağlar prototipi", "Qoca Məcnun" və
s.), həyat-ölüm-sənət hüdudlarının
şəffaflığı ("Gənc qraf Kenterberiyski",
"İlk düşmənim", "Feldşer
Kalabaşkina hekayətinə düzəlişlər",
"Qatilə didaktika dərsləri" və s.), qlobalizə
əsrinin kənd-şəhər utilizəsi ("Kiçik
ailə xronikası: Xanhüseyn, Güllü, Sədəf,
Əlihüseyn", "Y.Senkeviçin dostu",
"Meqapolis qonağı", "Qardaşımın sevgiləri",
"Magistral xətlər keçə o torpağın
üstündən" və s.) kimi münbit postmodernist
yanaşmalar və məşqlər Rafiq Tağının
esselərindən hekayələrinə
sürüşüb-gəlir.
Hər
hansı bir "-izm" yalnız o zaman bəhrə verir ki,
günün həqiqətlərinə güzgü olur,
günün həqiqəti olur, günü İnsan həqiqətinin
bir parçası olaraq görməyə, oxumağa, kəşf
etməyə açar olur. "Ölü ədəbiyyatın
əlamətləri" essesində yazıçı elə
belə də deyir: "Zamanında aktual olmayan ədəbiyyat
da ölüdür, zaman dəyişikliyində
aktuallığını itirən ədəbiyyat da"
(Rafiq Tağı, Seçilmiş esselər. Bakı, Qanun nəşriyyatı,
2021)
Bütünlükdə,
Rafiq Tağının yaradıcılıq yolu, əsərləri,
heç zaman susmayan qələm mübarizəsi - Sivilizasiya
adından və Sivilizasiya adına, milli
varlığın sabahı naminə açdığı
savaşdır. Mental geriliyin İnsanlıq
üzərində hakimi-mütləqliyi ilə heç vəch
barışmayan yazıçı, həyatı bahasına
olsa da, sonda ona qalib gəlir; ölməz
yaradıcılığı, sənəti ilə.
Xalq
yazıçısı Elçin hələ otuz il əvvəl yazdığı məqaləsində
deyirdi: "İndi isə xəyal məni on beş il bundan
sonraya (XXI əsrə!) aparır. Mən çox istəyirəm ki, o zaman Azərbaycan
ədəbiyyatı bir küll halında bütün ideoloji
komplekslərdən azad milli-mənəvi sərvətə
çevrilsin. Və mən çox istəyirəm ki,
Rafiq Tağızadə də, onun başqa istedadlı gənc
həmkarları da o zaman özləri ilə bərabər
öz xalqlarını da ifadə edən, həmin xalq tərəfindən
tanınan və sevilən yazıçılar olsunlar"
(Elçin, On beş il əvvəl və
onbeş il sonra // Rafiq Tağızadə, Düşmənimin
xatirinə. Bakı, "Yazıçı", 1991, s. 6)
Rafiq
Tağı həyatında və
yaradıcılığında "əlverişli intihar
hündürlükləri"ni fəth etməkdən
qorxub-çəkinməmiş, Azərbaycan
varlığını elə o ucalıqlardan da ifadə
etmişdir.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.22-23.