Mütaliə qeydləri: Aqşin Yeniseyin

"Hərflərin vahiməsi" romanı haqqında

 

Yazıya ön söz əvəzi

 

Gec də olsa, bunu qeyd etmək ehtiyacı duyuram ki, oxuduğum kitablar haqqında arabir öz fikirlərimi ifadə etdiyim və "Mütaliə qeydləri" başlığıyla çapa verdiyim bu cür yazılarımda mən qətiyyən tənqidçilik etmək, ədəbiyyat tənqidçisi kimi görünmək niyyətində deyiləm. Düzü, nə ədəbi tənqiddən, nə də ədəbiyyat nəzəriyyəsindən başımın çıxdığını iddia edə bilmərəm, bu həvəsdə və maraqda deyiləm və bir sıra tənqidçilərimizin həddən artıq mürəkkəb yazılarını, sanki hekayədən, romandan yox, kvant fizikasından, atomun parçalanmasından bəhs edirlərmiş kimi görünən dolaşıq, qarmaqarışıq, anlaşılmaz məqalələrini mətbuatda arabir oxuduqca başa düşürəm ki, tənqidçilik budursa, onda mən belə tənqidçiliyin nə olduğunu öyrənməyə həvəs və maraq göstərmiş olsaydım da, bu dəhşətli dərəcədə çətin peşədən qətiyyən baş çıxara bilməzdim. Düşünərdim ki, yəqin, bu cür tənqidçiliyin ilham mənbəyi hələ də izahı tapılmamış Allah vergisidir, sonra dərin bir acizlik duyğusuna qapılmaq istəyərdim, amma bir az əvvəl peşəsindən  bəhs etdiyim Eynşteynin hələ keçən əsrdə dediyi bir cümlə həmin an onillikləri adlayaraq gəlib yadıma düşər və o anlaşılmaz məqalələrin sirrini açardı:

"Bir şeyi kifayət qədər aydın izah edə bilmirsənsə, deməli, həmin şeyi özün də yaxşı başa düşməmisən".

Zənnimcə, hər hansı hekayənin, yaxud romanın dəyərini və keyfiyyətini yazıçıdan, hər hansı şeirin dəyərini şairdən daha yaxşı kiminsə hiss etməsi ehtimalı çox azdır, yaxud əgər belə bir ehtimal varsa, yəni "A" adlı şairin yazdığı şeiri "B" adlı şairdən daha yaxşı duyan sıravi bir oxucu, yaxud tənqidçi varsa, deməli, həmin sıravi oxucu və tənqidçi, əslində, öz istedadını reallaşdırmamış bir şairdir.

"Mütaliə qeydləri" başlığı altında çap edilən bu məqalələr, öz aləmində yazıçılıqla məşğul olan bir şəxsin (oxu: Təvəkgül Boysunar) başqa yazarların əsərlərini oxuyarkən ağlından keçən fikir və dəyərləndirmələri əsasında tərtib olunmuşdur; onlar heç bir xüsusi iddianı əks etdirmir, heç nəyi qəti hökm kimi bildirib obyektiv fikir olaraq səsləndirmir və təkəbbürlü görünməmək üçün müəllif bəri başdan bütün oxuculardan xahiş edir ki, oxucular məqaləyə başlamamış elə təsəvvür etsinlər ki, yazının bütöv mətnindən əvvəl iri hərflərlə "MƏNCƏ" sözü yazılmışdır və mətndəki bütün fikir və dəyərləndirmələr yalnız həmin "məncə" sözündən sonra qüvvəyə minmiş sayıla bilər.

İndisə keçək Aqşin Yeniseyin "Hərflərin vahiməsi" romanına.

 

***

 

Kitabı aylar öncə küləkli bir gündə "Koroğlu" metrostansiyasının çıxışındakı "Əli və Nino" mağazasından böyük bir həvəslə aldım və evə aldıqları çörəyi ac olmaları səbəbindən elə yoldaca qırağından dişləyib yeyən adamlar kimi mən də mağazadan çıxıb taksi dayanacağına tərəf addımlayarkən romanı səbirsizliklə və maraqla oxumağa başladım.

Bu maraq və səbirsizlik ona görə idi ki: Adətən fəlsəfəçiliyə aldanıb son nəticədə əsərlərini uğurdan məhrum etsə də, yazdığı nəsr nümunələrində əla bənzətmələr və maraqlı yazı dili ortaya qoyan, təkcə öz gözəl şeirləri ilə yox, mənim nəzərimdə, ədəbiyyatımızın ən maraqlı və ən güldürücü bədii-publisistik satiraları hesab edilə biləcək yazılarıyla, oxucunu səsli gülüşə vadar edən yumoru ilə ədəbiyyat tariximizdə qalacaq bir müəllif hesab edirdim Aqşin Yeniseyi.

Və bu maraq səbəbindən də ətrafımdakı taksi sürücülərinin hay-küyü, romanın elə ilk səhifəsində yer alan çətin və anlaşılmaz bir cümləni bütün diqqətimlə təkrar-təkrar oxumağıma mane ola bilmirdi:

"Şair! - Qədim Şərq qəbiləsinin genetik gigiyena qaydalarına tapınaraq "Adəm və Həvva" ailə modelini örnək götürüb əmioğlu-əmiqızı deyil, modern meqapolis şərtlərinə uyğun olaraq, azad küçə itləri kimi bir-birlərini qoxulayaraq park gizlinlərində, xiyaban xəlvətlərində quyruq-quyruğa gəzə-gəzə, dörd min illik əxlaqi qorxunun həbsxanasından baxan namuslu və qəzəbli baxışların altında təhqir oluna-oluna evləndikləri və gözəlliyi gözəlliyin deyil, eybəcərliyin yaratdığını biləndə isə artıq gec olduğunu anladığı gündən bəri "təmizlik xəstəliyi"nə tutulmuş arvadı onu - həyat və yaradıcılığı lənətlənmiş gecəqondu qarma-qarışıqlığını xatırladan yazıçı ərini - adı Qulam olsa da - əzizləyəndə "şair", acığı tutanda, ələ salanda isə "Qulamcıq" deyə çağırırdı, - düş həyətə bizim Cəbiş müəllimin dükanından bir-iki sabun al, əl-üz sabunu! Sabunumuz qurtarıb".

Amma qeyd edilən cümlə tək deyildi, ona görə də müəllifin "Hərflərin vahiməsi" adlandırdığı bu romanın növbəti səhifələrində də qarşıma çıxan bu cür mürəkkəb, uzun və çətin anlaşılan cümlələrlə bir xeyli əlləşdikdən sonra öz-özümə fikirləşdim ki, bəlkə, romanın adı "Hərflərin vahiməsi" yox, "Cümlələrin vahiməsi" olmalıymış?

Lakin oxucu bu vahimədən qətiyyən qorxuya düşməməli və oxumağa davam etməlidir, çünki müəllifin növbəti cümlələrdəki uğurları tezliklə həmin vahiməni yaddan çıxaracaq. O uğurların vəsfini hələlik bir az sonraya saxlayıb oxucunu digər səhifələrdə qarşıya çıxacaq başqa çətinliklərdən xəbərdar edək ki, hazırlıqlı olsun.

Belə bir cümlə:

Bu, sanki, ekranda özünə qəsd etməyə hazırlaşan qədim samurayın da ürəyincə oldu; yaponsayağı turş sifətində balıq təbəssümünə bənzədə biləcəyimiz ifadə ilə monitorda dondurulmuş kadrda oturduğu yerdəcə texnoloji gücün məhrəmətindən yararlanıb, sağ əli tantosunun qəbzəsində, onun samuray ləyaqətini xilas edəcək ölümünü yubadaraq sabun dalınca həyətə yollanmaq üçün ayağa qalxan tamaşaçısının yolunu kosmos çağında yalnız Şərq ölkələrində nadir halda rast gəlinən antik bir vicdanın qırqayış səbri ilə gözləməyə başladı.

Yalnız bir neçə dəfə oxuduqdan sonra aydın şəkildə başa düşülən və vahiməsi ancaq səbrlə dəf edilə bilən bu cümlədən fərqli olaraq bəzi cümlələrin anlaşılması daha uzun vaxt tələb edə bilər.

Məsələn:

"Bu sifət, yaşadığı yeddinci mərtəbənin pəncərəsindən görünən uzaqdakı yamacda rəngbərəng damlarını hündür hasarlarının arxasında yoxsul daxmaların ac qapılarından gizləməyə çalışan feodalizm şüurunun daş halında gül açmış irsi mirası, xanlıqlar dövrünün reinkarnasiyası kimi birdən-birə peyda olan məmur imarətlərinin önünü bağlamışdı;".

Çətin anlaşılan cümlə nümunələri ilə kifayətlənib, romanın bir sıra yerlərində istifadə edilən yazı dili haqqında ümumi fikir bildirəsi olsaq, zənnimcə, belə demək yanlış olmaz ki, nəsrimizdə Azərbaycan dilindən bu şəkildə  - yəni dili bu qədər gücə salaraq, hətta dilə bəzən uğurla daşıya bilməyəcəyi qədər ağırlıq yükləyərək - istifadə edilməsi, demək olar ki, ilkdir. (Əslində, müasir ədəbiyyatımızda dili, öyrəşmədiyi ağırlıq və yadlıqlar ilə yükləyən və bu məsələdə bəzən uğurlu, bəzənsə uğursuz olan  Şamxal Həsənov və Məlik Rzanın adını da bu cərgədə çəkmək mümkündür).

Lakin problem ondadır ki, yuxarıda göstərilən nümunələrdən də göründüyü kimi, müəllifin maksimum gücə salaraq istifadə etdiyi dil bəzən lazımi nəticələri vermir, arzuolunan effekti doğurmur, əksinə, bir cümləni bir neçə dəfə oxumağa məcbur qalan oxucunu əziyyətə salır. Dildən bu şəkildə istifadə edilməsi onu, belə demək mümkünsə, müxtəlif pəncərələrində eyni vaxtda ard-arda bir neçə ağır proqramlar açılan və bu səbəbdən də ilişə-ilişə, dona-dona işləyən kompüterə oxşadır; yaxud idman zalında həddən artıq ağır çəkilərlə ayaq məşqləri etdikdən sonra o ağır məşqlər səbəbindən səndələyə-səndələyə, axsaya-axsaya, əcaib şəkildə yeriyən  adama bənzədir.

Ancaq bunu da heç kəs qəti şəkildə deyə bilməz ki, bədən əzələləri hər məşq zamanı ağırlıqlara daha çox öyrəşdiyi kimi, dil ilə bağlı bu cür cəhdlər və təşəbbüslər nəticəsində Azərbaycan türkcəsi də çoxmərtəbəli birləşmələrlə dolu olan həddən artıq uzun cümlələrdə öz işlənmə tərzini tapmayacaq.

Və bunu da mütləq qeyd etmək lazımdır ki, sadə yazmaq bacarığından daha çox müəllifin qorxaqlığından, zəifliyindən xəbər verən cansız-cüssəsiz, enerjisiz cümlələrlə qələmə alınmış bir sıra müasir nəsr nümunələrimizdən fərqli olaraq haqqında bəhs edilən əsər, şübhəsiz ki, arabir qarşıya çıxan bütün çətin cümlələrinə rəğmən daha uğurludur və daha maraqla oxunur. Çünki mətnin ümumi dili bütün qəlizlikləri və çətinlikləri ilə birgə həm də cəlbedicidir, əsər ilhamsız və duyğusuz yazılmayıb, oxucu tez-tez maraqlı, inandırıcı və canlı bənzətmələrlə, təsvirlərlə rastlaşır.

Məsələn, imkansızlıq səbəbindən müəllimliyin daşını atıb ticarətə başlayan Cəbiş müəllimi, yəni əsərdəki obrazlardan birini müəllif bu cür təsvir edir:

"...az maaş ucbatından məktəbin, müəllimliyin müqəddəs daşını Sizif kimi hər dəfə canı bahasına zirvəyə qaldırmaqdan bezib onu biryolluq dərə üzüaşağı dığırladaraq qəlbini ticarətin, "Min bir xırdavat" alverçiliyinin qəpik-quruşuna ehsan edən Cəbiş müəllim həyətdəki it damı boyda dükanında təkcə xırda alış-verişlə məşğul deyildi, o, bu it damında elə qoca köpək kimi həm özünün, həm də xalqının mədəni yoxsulluğunun, siyasi ağrılarının, tarixi əzablarının keşiyini çəkirdi; dükanının alnına yazdırdığı "Min bir xırdavat" ünvanının qırmızı rəngli latın hərflərini onun mənəvi aləminin fasadından, xışla şumlanmış qədim tarlanı andıran soyuq alnının uzun qırışları arasından da oxumaq olardı.".

Müəllifin, öz üslubu sayəsində arxasınca aparıb romanın içinə çəkdiyi oxucu ilk səhifələrdə uzunlu, qısalı cümlələrdən, təsvirlərdən, bənzətmələrdən sonra daha böyük zövqlə hiss edə biləcəyi uğurlu bir cümləyə rast gəlir. Cəbiş müəllimi bir xeyli təsvir etdikdən sonra yazıçının o təsvirləri daha da dərinləşdirərkən istifadə etdiyi həmin cümlənin sadəcə budaq hissəsini xatırladaq:

"Onun içinə girmək və əlimizi gözümüzün üstünə qoyub bir az o yan-bu yana baxmaq imkanımız olsaydı...".

Bütöv versiyada verilməyən o cümlənin, bu yarımçıq hissəsində müəllifin nail olduğu uğuru anlamaq və duymaq üçün yazımızdakı təqdimat bir işə yaramaya bilər. Çünki o cümlədəki canlılığın fərqinə varmaq, özümüzü başqa bir insanın daxilinə səyahət edib onun iç dünyasına tamaşa edirmiş kimi, əlimizi gözümüzün üstünə qoyub o yan-bu yana baxırmış kimi hiss etmək üçün bu cümləyə zəmin yaradan əvvəlki cümlələri, abzasları, səhifələri oxumaq gərəklidir.

Əsərin baş qəhrəmanı olan kasıb yazıçının sabun almaq üçün evdəki paltarların boş ciblərini axtardığı səhnə də maraqlıdır:

"...sanki, ciblərini eşələdiyi bəzi paltarlar öz aralarında onun hər dəfə ciblərə ümidlə girib əliboş və məyus qayıdan pərtliyinə xısın-xısın gülürlər. Hətta yaşca özündən daha qoca görünən, illər öncə bir dostunun əyninə balaca olduğu üçün ona hədiyyə etdiyi, köksündə "made in Czechia" uzaqlığının ünvanını gəzdirən  köhnə, xristian pencək ciblərində şübhəli bir şeyin olmadığından əmin olan vətəndaşın polis qarşısında qollarını yana açaraq cəngavərcəsinə dayandığı o möhtəşəm arxayınlıqla asılqanda qollarını yana açıb kitabdan gələn bir müdrikliklə: "Axtar tapacaqsan, döy açılacaq!" - deyəndə şairin özü də "İncil"dən sitat gətirən bu qoca kasıblıq müqəvvasına qoşulub gülümsündü".

Şəhərin şiddətli küləklərini təsvir edən bu cümlə isə xüsusilə gözəl və alqışalayiqdir.

"Həm şair, həm də qonağı qalxıb pəncərədən aşağı boylandılar və fırtınanın həyətdə çəlimsiz bir ağacı çürük diş kimi dartıb kökündən çıxardığını və barbarcasına arxasınca saçından sürüyərək zorlamaq üçün daha xəlvət bir yerə apardığını gördülər".

Yaxud belə bir cümlə:

"Fırtınanın əcinnə əsgərləri artıq binaların damlarına dırmaşmışdılar və kirəmitləri, dəmir laylarını qoparmağa çalışır, qopara bildiklərini aşağı tullayır, özlərinin qorxusuz  qəhqəhə dolu barbarlıqları ilə əylənirdilər".

Yaxud bu gözəl bənzətmə:

"Əgər şizofren fırtına haradasa elektrik məftillərini dolaşdıraraq bütün işıqları söndürüb küləklər şəhərini qaranlıq, dördkünc binaların başdaşı kimi dikəldiyi nəhəng qəbiristanlığa çevirməsəydi...".

Aşağıdakı iki cümlədə "yamac" və "buğum" sözlərinin uğurlu istifadəsi nə vaxtsa öz əsərində bənzər səhnələri yaradacaq bir yazarı, söz axtarışına sərf edəcəyi əziyyətdən  və vaxt itkisindən xilas edə bilər:

"...isti və hirsli tüpürcək şairin iki qaşının arasına yapışıb, burnunun sağ yamacı ilə yanağına doğru axmağa başladı".

"...şəhadət barmağının ikinci buğumu ilə şüşəni taqqıldadırdı".

Əsər ümumilikdə müasir Azərbaycan cəmiyyətinə kifayət qədər tanış olan bir insan obrazının - kasıb, imkansız və bu kasıblığına, imkansızlığına görə arvadının "dır-dır"ı ilə yaşamağa məcbur qalan bir şairin həyatından bəhs edir. Yazılarında tez-tez hakim dairələri tənqid edən şair günlərin birində hündürmərtəbəli binada yerləşən mənzilinin pəncərəsində havada asılı qalan bir adamın sifətiylə üzləşir. Bu sifət "bir-birini əvəzləyən hökumətlərin muzdlu mirzələrdən ibarət kişi hərəmxanası kimi saxladığı bir dəstə şair və yazıçının çap olunduğu "Aidios" adlı qəzetin baş redaktoru"na məxsusdur və bu şəxsin qəfildən kasıb şairin pəncərəsində peyda olmaqda məqsədi şairə yuxarı dairələrin sözünü çatdırmaq, onunla sövdələşməyə girmək və yazmadığı hər yazının müqabilində ona pul mükafatı verməkdir. Əsərin əsas süjeti məhz bu sövdələşmənin - sabun almağa evində pul tapa bilməyən və arvadının qınaqları altında əzilən şairin etiraz edə bilmədiyi bu razılaşmanın onun həyatını necə dəyişdirməyi üzərində qurulub.

Romanın müxtəlif yerlərində şair, evinin divarından asılan və tarixi şəxslərə məxsus olan bir sıra portretlərin vasitəsilə o, tarixi şəxslərlə xəyali dialoqlara girir, daha doğrusu, belə demək mümkünsə, müəllif öz sevimli dərdi olan fəlsəfəçiliyə bu romanda da yer vermək üçün belə bir fəndə əl atır, amma xoşbəxtlikdən Aqşin Yeniseyin bundan əvvəlki romanı "Tarix və tale"dən fərqli olaraq "Hərflərin vahiməsi"ndə fəlsəfəyə verilən yer o qədər də geniş deyil, deyə oxucu çətinliklə qavradığı və ədəbiyyatdan uzaq olduğu üçün zövq ala bilmədiyi səhifələri tezliklə sona çatdıra bilir.

Romandakı obrazların xarakteristikasını, əsərin ictimai-sosial mesajlarını, ekspozisiya, zavyazka və digər bu kimi məqamları tənqidçilərimizin ixtiyarına buraxaraq məqaləmizin yekun fikirlərinə və son abzaslarına gələk.

Kitabı bitirdikdən sonra onun haqqında düşünərkən; müasir nəsrimizin bir sıra nümunələrindən fərqli olaraq oxucunun sona qədər oxumaq istəyəcəyi bu romanın dəyəri barədə fikirləşərkən; müəllifin maraqlı üslubuna, son dərəcə gözəl bənzətmələrinə, bəzi yerlərdə qəliz olmağına rəğmən yenə də cəzbediciliyini qoruyan dilinə baxmayaraq əsərdə nəyin çatışmadığını və əsərdən nə üçün, məsələn, deyək ki, "Gözlənilən bir qətlin tarixçəsi" qədər zövq ala bilmədiyimi anlamağa çalışarkən sonda gəldiyim qənaət bundan ibarət oldu:

Aqşin Yeniseyin bu romanı sanki qiymətli materiallardan düzəldilmiş, ancaq ümumi görünüş cəhətdən elə də gözəl olmayan bir zinət əşyasına bənzəyir.

Usta, o zinət əşyasının bəzi yerlərini dəqiqliklə, səliqəli şəkildə düzəldib və keyfiyyətli materiallardan, yaxşı məhsullardan istifadə edib, lakin sonda ortaya çıxan o zinət əşyası elə də gözoxşayan və xoşagəlimli deyil. Vitrində həmin əşyaya rast gələn hər hansı müştəri, materialının keyfiyyəti səbəbindən onu almaq istəsə də, görünüşü, gözəlliyi və cazibəsinə görə bu fikrindən daşına bilər.

Bu romanı bir dəfə oxumuş oxucu da maraqlı cümlələrlə, gözəl bənzətmələrlə yenidən qarşılaşmaq üçün kitabı rəfdən götürüb nə zamansa ikinci dəfə bəzi səhifələrinə göz gəzdirə bilər, lakin mətnin sonunda oxucuya qalan hansısa dərin hisslərin, duyğuların, unudulmaz təəssüratların olmaması səbəbindən onu başdan sonacan təkrar oxumaq istəyində olmaz. Çünki keyfiyyətli "material"lardan hazırlanmış olsa da, bu roman o zinət əşyasına bənzəyir.

 

3-4 noyabr 2022

 

Təvəkgül BOYSUNAR

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.26-27.