Pöhrələr

 

Şair dostum Zabil Pərviz üçün

 

Yanaq, alovlanaq, var, haqqımız var,

Xəlil ocağının şölələriyik.

Gəlib kölgəmizdə qoy otursunlar,

Xəlil ağacının pöhrələriyik!

 

Solmaz gülümüzlə bir gülüstanıq,

Kiçiyik, yepyekə Azərbaycanıq!

olsun Qazaxdan, Neftçaladanıq,

Biz Xəlil yurdunun bölgələriyik!

 

Varmışıq, kim deyir yolda yoxmuşuq,

Durmuşuq bayraqtək əldə, qalmışıq.

Bağırdan bağrıqan halda çıxmışıq,

Biz Xəlil düzünün lalələriyik!

 

Biz köhnə aşiqik bütün dağlara,

Təzə yaraşığıq bütün dağlara.

Baxın, yaraşırıq bütün dağlara,

Biz Xəlil dağının qalalarıyıq!

 

Biz ömür sürürük qələtsiz-zadsız,

Ərzi dolaşırıq biletsiz-zadsız.

Hücum silahıyıq pilotsuz-zadsız,

Düşmənin başına od ələyirik!

 

Barat da, Zabil güclü, ötədir,

Qüdrət Xəlildədir, Xəlillərdədir!

Dünya doğrudanmı altı qitədir?

Yeddi, səkkizinci qitələriyik!

 

Barat VÜSAL

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.29.