Yazarın sirri
Dino BUTSATİ
(1906-1972)
Tanınmıs italyan nasiri, jurnalisti və
rəssamıdır. Adətən onu
"İtaliyanın Kafkası" da adlandırırlar.
Bitmiş insan olsam da, bəxtəvər biriyəm mən.
Hərçənd taleyin verdiyi şərbəti hələlik
tamamilə nuş etməmişəm. Onun bitməsinə hələ var, bəlkə
də çox az var. Ancaq mən onu son
damlasına qədər dadmağa niyyətliyəm. Əlbəttə,
ömür vəfa etsə əgər: artıq yetərincə
ahıl yaşdayam və göründüyü qədəriylə,
axırıma lap az qalıb.
Uzun illərdir hamı qət edib ki,
yaradıcılığımda böhran hökm sürür,
bir yazıçı kimi sözün tam mənasında və
ümidsiz bir şəkildə tükənmişəm. Bunu
açıq söyləməsələr də, haqqımda
belə düşündüklərinə hər hansı
şübhə bəsləmirəm. Çapdan
çıxan hər əsərim mənim uçurumun kənarına
bir az da yanaşdığımı
göstərir. Yuvarlana-yuvarlana, gəlib lap son
nöqtədə dayanmışam.
Bütün bunların baisi isə ... özüməm. Son otuz il
boyu mən ağır-ağır və inamla, həm də
şüurlu şəkildə əvvəlcədən
planladığım o bəlaya doğru getməkdəyəm.
İndi
soruşa bilərsiniz məndən: "Sən niyə bu
böhrana könüllü can atırdın ki? Niyə
öz-özünə quyu qazırdın axı?".
Bəli, xanımlar və cənablar, vəziyyət məhz
bu cürdür. Vaxtilə mən yaradıcılığımda
parlaq uğurlara imza atmış, geniş ictimaiyyətin dərin
hörmət və rəğbətini qazanmışdım.
Başqa sözlə, bir nüfuz sahibiydim.
Daha da irəlilərə getmək imkanım
vardı. Yetərdi ki, bunu istəyəydim,
onda böyük zillətə qatlaşmadan parlaq və
danılmaz bir şöhrətə qovuşasıydım.
Ancaq bunu mən özüm istəmədim,
çünki tamamilə fərqli yol seçdim. Vaxtilə yetərincə
yüksək bir zirvəyə qalxmışdım, onu
Himalayın olmasa da, ən azından Monterozanın pik nöqtəsi
saymaq olardı. Və sonra mən
bulunduğum o zirvədən yavaş-yavaş üzüaşağı
enmək qərarına gəldim. Oraya necə
güclü sıçrayışlarla
dırmaşmışdımsa, əks yöndə, yəni
enişdə də, eyni şəkildə davranmağa
çalışırdım. Bu
görünməmiş eniş əsnasında hansı
ağrı-acılara qatlaşacağımı da gözə
almışdım, əlbəttə. Ancaq
bu eniş ilk baxışda ağrılı idi, əslinə
qalanda, aşağılara doğru yavaş-yavaş yuvarlanmam
mənə misilsiz həzz verməkdəydi.
Bu axşam bütün olub-bitənləri, uzun müddət
içimə gömdüyüm o sirri sizlərlə
paylaşacağam. Bununla bağlı etirafı
yazdığım vərəqləri bir zərfə
qoyacağam ki, mən öləndən sonra başqaları
onu açıb oxuya bilsin.
Qırx yaşıma çatana qədər mən
özümə hədsiz dərəcədə vurğun idim,
öz yelkənli qayığımla uğur dənizində
tam sürətlə şütüyürdüm. Günlərin bir
günü sanki bəsirət gözüm açıldı
- amma nə açıldı! İndiyəcən can atdığım
hədəflərin, yəni dünyaya sığmayan
şöhrətimin, başıma yağan təriflərin,
qazandığım nüfuz və rəğbətin, beynəlxalq
aləmdəki etibarımın əslində tamamilə mənasız
bir şey olduğu qəflətən mənə əyan oldu.
Şöhrətimin gətirdiyi maddi fayda daha məni zərrəcə
maraqlandırmırdı. O yaşa qədər yetərincə
zəngin birinə çevrilmişdim çünki. Bəs
qalan məqamlar?.. O alqışlar, o
şöhrət ilğımı, zəfərin gətirdiyi o
sərməstlik və xumar xatirinə indiyədək nə qədər
kişi-qadın öz ruhunu şeytana satıbdır, görəsən?
Ancaq hər dəfə əlçatmaz göylərin
mənə bəxş etdiyi o nemətdən azacıq dadan
kimi, dilim-ağzım əsl zəqquma dönürdü.
Elədə
özümdən xəbər alırdım: "Axı, bu
şöhrətin ən bariz ifadəsi nədədir, görəsən?". Cavab çox bəsit idi:
"Küçədə getdiyin zaman başqaları geri
qanrılıb, bir-birlərinə
pıçıldayırlar: "Bax, bax, o gedən filankəsdir!". Vəssalam, şüttamam! Həm də nəzərə alın ki, bu şan,
bu şərəf sadəcə görkəmli siyasi xadimlərin
və ya ən parlaq kinoulduzların bəxtinə
yazılıb. Bizim dövrdə hansısa
yazara kiminsə bu cür diqqət göstərməsinin
mümkünlüyünü, düzü, mən heç təsəvvürümə
də gətirmirəm.
Bu arada məsələnin bir digər cəhətini də
unutmayaq. Məşhur bir yazarın gündəlik həyatının
necə bir işgəncəyə çevrildiyini heç
ağlınıza gətirirsinizmi? O, daim ictimaiyyət
arasındadır, sadiq oxucularının məktub və zənglərini
cavabsız buraxmır, müsahibələr verir,
görüşlərə, mətbuat konfranslarına və
radio verilişlərinə qatılır. Ancaq
bütün bunlar şəxsən məni zərrəcə
hürkütmürdü. Başqa bir məqamdan
isə mən daha betər ehtiyatlanır və təlaş
duyurdum. Fərqinə varmışdım
ki, mənə dərin mənəvi zövq verməyən
növbəti uğurum onlarca insana dərin iztirablar da bəxş
eləyir. Yaradıcı həyatımın ən parlaq
məqamlarında ətrafıma toplaşan dostların və
qələm yoldaşlarımın üzündə donan o
paxıl ifadə gözümdən yayına bilməzdi
axı! Onların hamısı can-ciyərim idi,
çalışqan idilər, uzun illərdən bəri səmimi
dostluq telləri və ortaq maraqlar ilə mənə
bağlıydılar. Onların bunca əzab çəkməsinə
axı mən necə göz yuma bilərdim?!
Elə buna görə də oturub, özümün hər
şeydə və nəyin bahasına olur-olsun, uğura can
atmamın çevrəmdəkilərə necə ağır
zərbələr vurduğunu hərtərəfli
götür-qoy elədim. Onu da etiraf etməliyəm
ki, indiyəcən bu barədə heç vaxt
düşünməmişdim. Odur ki,
vicdan əzabı bütün varlığıma hakim kəsildi.
Bir məqamı
da anlamışdım: əgər zirvəyə aparan bu yolla
gedərəmsə, yeni-yeni uğurlara imza atacağım
şəksiz idi. Elədə bir gör, nə qədər
məsum insanın ürəyi həsəddən, qibtədən
sıxılacaqdı? Bəyəm onlar bunu
haqq ediblərmi?! Onsuz da bu fani dünya
insana hər cür iztirabı böyük səxavətlə
verir, paxıllığın ürəkdə
açdığı yara isə hədsiz dərəcədə
dərindir, durmadan qanadığı üçün o,
çətinliklə qaysaq bağlayır və buna görə
də mütləq mərhəmətə, anlayışa
möhtacdır.
Bu səbəbdən də öz günahımı
yumağa məcbur qalıb, qəti bir qərara gəldim. Allaha
şükürlər olsun ki, ömrüm boyu xeyli xeyirxah əməl
işləmişəm. Əgər indiyədək
taleyin ərköyün uşağı olmaqla, insan
övladlarına acı iztirablar bəxş eləmişdimsə,
bundan belə hamıya sadəcə təskinlik verəcək,
əzabları qarşılığında hər kəsə
min bir sevinc bəxş edəcəkdim. Bəyəm
kiminsə iztirablarına son qoymaq onu sevindirməyə bərabər
deyilmi?! Yoxsa belə bir sevinc o çəkilən
iztirabların qarşılığı sayılmır?!
Öz yazı tempimi əsla azaltmadan yazmağa davam etməliydim
ki, bu məşğuliyyətdən könüllü imtina etdiyim
heç kəsin ağlına gəlməsin, yoxsa bu, qələm
dostlarım üçün zəif bir təsəlli rolu
oynayardı. Yox, yox, mən hamını barmağıma
dolamalı və çaşdırmalıydım,
istedadımın ən çiçəklənən
vaxtında getdikcə və bilərəkdən daha zəif
yazmalıydım, guya ki, ilhamım sönmək, öləzimək
üzrədir artıq. Məndən yeni
uğurlar gözləyən insanları özümün
tükənmişliyim və iflasımla sarsıtmağa niyyətliydim.
Seçdiyim
hədəfə nail olmaq - ilk baxışda mənə asan gəlirdi,
axı əmin idim ki, boz ədəbiyyat, sıradan əsərlər
yaratmaq adamdan sən deyən enerji-filan tələb eləməz.
Əslində isə hər şey son dərəcə
qəliz imiş və bunun da öz səbəbləri
varmış.
Əvvəla,
məni sırf tərifləmək üçün hazır dayanan tənqidçiləri
möhkəmcə silkələməliydim, çünki onlar
məni ədəbi aləmin yüksək nüfuzlu, bəlli
yerə və qiymətə
malik yazarları sırasına aid edirdilər. Bundan
dolayı, yazdığım hər mətnə yüksək
dəyər biçməyi bu həriflər özlərinə
vazkeçilməz borc sayırdılar. Bir məqam da
aydındır: sözügedən tənqidçilər ədəbi
mühitin təsnifatını bir kərə aparırlar və
ondan sonra nə illah eləsən də, mövcud düzəni
dəyişmək mümkün olmur ki olmur!
Maraqlıdır:
görəsən, onlar mənim səviyyəsiz
yazdığımın fərqinə varacaqdılar, yoxsa yenə
də yaltaq tərifləri gözüyumulu halda
ünvanıma döşəməyə davam edəcəkdilər?
İkinci məqama keçək. Qanı yəqin,
adi su sanmazsınız hər halda. Coşub-daşdığı
zaman onu cilovlamaq, şahə qalxan dəli-dolu ilhama yön vermək
asan məsələ deyildir. Hər nə
qədər adi və səviyyəsiz yazmağa
çalışsam da, güclü istedadımın
işartıları, nuru sətirlərin arasından
özünü onsuz da büruzə verir, gözləri
qamaşdırırdı. Ona görə də həqiqi
sənətkarın özünü olduğundan daha zəif
göstərməyə can atması, sən demə, xeyli
müşkül və əziyyətli bir iş imiş.
Ancaq hər şeyə rəğmən, mən buna nail
oldum. İllər
uzunu öz çılğın ilhamımı ram eləməyə
çalışdım. Hətta
istedadsızlığı elə dəqiqliklə və
ustalıqla yamsıladım ki, nəhəng istedadımın
varlığı bu işdə bir daha ortaya
çıxdı. Bitirdiyim hər kitab əvvəlkindən
daha sönük, daha zəif alınırdı. Bu ölgün, həyatdan uzaq, ifadə gücündən
yoxsul mətnlərin mənim qələmimdən
çıxdığına, görəsən, bir kimsə
inanırdımı? Bu seçim məni
ağır-ağır da olsa, ədəbi intihara
sürüklədi.
O arada qələm
əhlinin və dostlarımın vaxtilə dərddən-qüssədən
qırışan üzləri get-gedə gülürdü,
şümal olurdu. Bilmirdilər ki, onları düçar
olduqları o çəkilməz qibtədən, həm də
hiss olunmadan xilas edən elə... mən özüməm.
Özünəinamı artan bu insanlar həyatdan
dördəlli yapışmışdılar artıq və məni
də həqiqi mənada sevməyə
başlamışdılar. Bir sözlə,
çiçəklənirdilər zavallılar. Məni
həzm edə bilməmələri, kim
bilir, nə qədər uzun çəkmişdi! Mən isə vaxtilə onlara vurduğum yaraları
ehtiyatla, qayğıkeşcəsinə sağaldır, öz
xəstələrimə görünməmiş
yüngüllük bəxş edirdim.
Mənə ünvanlanan alqışlar səngimişdi. Üsulluca
kölgəyə çəkilsəm də, özümdən
və bəxtimdən razı idim. Artıq
ətrafımda heyrət və həsəd dolu uğultu,
pıçıltılar eşitmirdim, sıcaqlıq, rəğbət
və səmimiyyət dalğası dörd yanımı
bürüyür, məni öz ağuşuna alırdı.
O əski vaxtlarda olduğu kimi, mən dostlarımın səsində
saxtalıqdan uzaq, duru və birmənalı etiraflar eşitməyə
başlamışdım. Bunlar hələ gənc
və sütül vaxtlarımızda, həyatın hansı
yöndə axacağından bixəbər
çağlarımızda adi şey sayılırdı bəlkə.
İndi soruşacaqsınız ki, necə yəni,
yoxsa sən artıq bir ovuc qələm dostunun xətrinə
yazmağa başlamısan? Bəs
yazarlıq qayən necoldu? Bəs oxucu
kütləsi? Yoxsa sən hazırda həyatda
olan və zamanla onları əvəz edəcək gələcək
nəsillərin ruhunu, könlünü oxşamaqdan biryolluq
imtina eləmisən? Sənin sənətə
verdiyin bütün dəyər, qiymət buydu ki? Yoxsa istedadın bunca cılız imiş sənin?
Cavab verirəm:
bəli, bəşəriyyət qarşısında
daşıdığım məsuliyyətlə müqayisədə
mənim dostlarım və məsləkdaşlarım
qarşısında daşıdığım cavabdehlik hədsiz
dərəcədə azdır. Ancaq əslində,
heç bələd olmasam belə, mən özümə
daha əziz saydığım və planetimizin müxtəlif
guşələrində ikinci minillikdə yaşayacaq oxucular
nəslini də öz gerçək ədəbi irsimdən məhrum
qoymamışam. Bütün bu illər ərzində
uca Tanrının mənə həvalə etdiyi işi gizli
şəkildə yerinə yetirmişəm: İlahinin verdiyi
ilhamın diktəsiylə, mənim gerçək mahiyyətimi
əks etdirən elə kitablar yazmışam ki, onlar məni
şöhrətin və göylərin ən uca qatlarına
qaldıracaq özəlliklərə sahibdirlər. Bəli, onların hamısı artıq tamamlanıb
və yataq otağımdakı iri sandığın
içindədir. Düz on iki cildə
sığıb həmin əsərlər. Yalnız mən öləndən sonra siz onları
oxuya biləcəksiniz. O şərtlərdə
dostlarımın mənə həsədi üçün
bütün səbəblər artıq ortadan qalxmış
sayılacaq. Axı, ölənlərə hər
şeyi, hətta ölümsüz əsərlər
yaratmalarını da asanlıqla bağışlayırlar.
Yəqin, onda qələm dostlarım başlarını
yırğalayacaq, zorla gülümsəyib, deyəcəklər:
"Ay səni yaramaz! Hamımızı dolayıbmış
ha! Biz də elə sanırdıq ki, o,
tamam-kamal tükənib".
Elə və
ya belə, siz...
Yazının bundan sonrası yox idi.
Ölüm mələyi sinəsinə
çökdüyü üçün qocaman yazar mətni
tamamlaya bilməyibmiş. Yazı masası
arxasında tapıldığı zaman o, çoxdan
keçinmişdi. Bəmbəyaz
saçlarla örtülü başı yazdığı bu
son vərəqdən bir azca aralıda tamamilə hərəkətsiz
və rahat şəkildə uyuyurdu, yazdığı qələm
isə... qırılmışdı.
Bu vəsiyyətnaməni oxuyan yaxınları mərhumun
yataq otağına yollanıb, o sandığı açanda
orada on iki qalın cild gördülər. Hər cild
yüz səhifədən ibarət idi. Bəmbəyaz
vərəqlərdə isə bircə işarət də
gözə dəymirdi.
Dino BUTSATİ
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.30-31.