Görəcəyik o günü

 

Döyüşən Vətənim yanar ocaqlı,

Ondan od payını alıbdır hərə.

Mənim qəzəbimin şimşəyi çaxdı,

Şübhələr qırılıb dağıldı yerə.

 

Al qanı axana söylədim ki, qalx,

İldırım vurmuşlar səni vurublar.

Arxanda gizlənən mollalara bax,

Xalqın taleyinə tələ qurublar.

 

Ölkə cavanların qəbristanımı?

Vətən verdi ki, sənə bu yaşda!

Axıtdın havayı qızıl qanını

Sənə haqq verməyən qanlı savaşda.

 

Ölənə-qalana şeyx verəcək,

Yenə qapıları inqilab açır.

Azadlıq gününü hamı görəcək,

İndidən günəştək o şölə saçır.

 

Məni göynədir

 

Yurdum üçün, yuvam üçün ümid göyərir,

Dərmədiyim güllər hanı, uzanır əlim.

Ağrılarım, acılarım məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

İnsan özü torpaq, özü ağac da, daş da.

Bahar deyib, diləyibdir qalıbdır qışda.

Qan tökülüb, od yağıb mərmi yağışdan,

Çadra altda qalan xalqım məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Vaxt olub ki, dinməmişəm, susub qalmışam,

Haqq yolunda ölənləri yada salmışam.

Mən azadlıq istəyimdə Vulkan olmuşam,

Doğulmayan inqilabım məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Açılmayan arzular var qönçədi, daşdı,

Analar var, bacılar var gözləri yaşlı.

Araz kimi misralarım səbrimi aşdı,

Yazıldıqca şeirlərim məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Nəqmələri susdurulmuş dilim batıbdı,

Yüz illərdi ayrı düşən bəxtim yatıbdı.

Gör millətim azadlığın nəyə satıbdı,

Ölkə-ölkə bu davalar məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Kəndlər var ki, küçələri səs-küysüz qalan,

Oğulları, igidləri hər gün azalan.

Ağır-ağır günlərini hey yola salan,

Bu obalar, bu oymaqlar məni göynədir

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Toydan çıxıb vaya düşən gəlinlər, qızlar,

Yaralı bir göyərçin tək ürəyi sızlar.

Kimdən kimə "siğələnən" bu "vəfasızlar",

Puç edilmiş məhəbbətlər məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Güney boyu səngər ola döyüşəm mən ,

Bu azadlıq eşqim ilə qalmayam gendə.

Alovların içindəcə elə bu gün

Yanmamağım, ölməməyim məni göynədir,

Qələmimdən damcı-damcı damır ürəyim.

 

Alnımdakı Vətən

 

Sənə lazımdır alnımdan soruş

Qırışlar alnımın yüzillikləri.

Əgər istəyirsən gəz qarış-qarış,

Alnıma almışam böyük vətəni.

 

Burda Səttarxanın istəyi var.

Qəfildən vurulan şəhid durur.

Burda Xiyabani ürəyi var,

Burda hər qayada keçid durur.

 

Burda kəndir kimi düyünlü zaman,

Burda nəsil-nəsil itənlər var.

Burda ölümüylə hələ yaşayan,

Burda palıd kimi bitənlər var.

 

Bir gün alnımda Araz daşacaq,

Əlimdə tutduğum bu güllər kimi.

Qardaş qardaş ilə qucaqlaşacaq,

Dənizə qovuşan sahillər kimi.

 

Sovular yüz ildən qalan niskilim,

Adını tutaram qəhrəmanların.

Qara daşlar kimi qopar pis günüm,

Yaza çağıraram mən insanları.

 

Oyanan bəxtimə ümid sən oldun,

Tufanlardan çıxıb istədim səni.

Gecələr yatmayıb ömrümdən kəsib,

Alnıma yazmışam, Vətənim səni.

 

Urmiyə gölü

 

Mənim göz yaşlarımdı,

Düşüb yerə, göl olub.

Ahımdır, fəğanımdır,

Lalə olub, gül olub.

 

Sudur, içməli deyil,

Vurub keçməli deyil.

Adından ad götürüb,

Urmiyə bir el olub.

 

Şahlara əyilməyib,

Tarix ona dəyməyib.

Bu gün daşıb, kükrəyib,

Milləti sel-sel olub.

 

Azadlığı almayınca

 

Neçə ildir

üfiqlər gülümsəməz

bir məmləkət üzərində,

azadlığı,

səadəti o ölkənin

olmayınca öz əlində.

Neçə ildir əsarətin

təməlinə

mübarizlər balta çalar.

Səttarxantək həyatları,

əməlləri nəğmə olar.

Neçə ildir bir məsləkdən,

bir arzudan

şaxə-şaxə ayrılıqlar

doğulmuşdur.

Neçə ildir xalqımızın

sevincləri

yanaqlarda,

dodaqlarda boğulmuşdur.

Məhəbbət

gününü gəzir hələ.

Bir məqama bənddir o da,

Ulduz kimi səpələnə.

Sən bil ki, əziz Vətən,

Qaranlıqlar gözlərimi

bağlayammaz.

Tarix belə,

zaman belə

mənim vuran əllərimi

bircə an da

saxlayammaz!

Əziz Vətən,

fəth edilməz səngər oldun.

Sən vuruşlar meydanında

Sipər oldun.

Bir vulkanam -

bu dünyanla barışmaram.

Azadlığı almayınca,

azadlığım olmayınca,

ölsəm, Vətən,

torpağına qarışmaram.

 

Sözüm var

 

Ey İran, dövrü qədim,

Vətənim, məmləkətim.

Hər kəndinə, şəhərinə

Tükənməz məhəbbətim.

Hardadır, azadlğım,

Hardadır hürriyyətim?

Bayrağı dar ağacı,

Həyatı məşəqqətim.

Sözündə, işində yalan,

Təklənər tənha qalar!

"Mollası padşahlıq edən

Ölkə qəbristanlıq olar!".

 

Təbrizin Ərk qalası,

Urmiyənin gölü var.

Əhərin uca dağları,

Zəncanın da gülü var.

Baxın bir haqqı itən,

qədər diri, ölü var,

Harda təhsil alacaq,

Məktəbsiz bu uşaqlar?

Türkə-xər deyəndən...

Necə müsəlman olar?

"Mollası padşahlıq edən,

Ölkə qəbiristanlıq olar!"

 

Dalğalı ummandı xalqım,

Qabarıb bu gün coşacaq.

Bir ölkə üsyandı xalqım,

Səbrin kasası daşacaq,

Sürenlə dostluq edən,

İranlı şeytanlaşacaq,

"Mollası padşahlıq edən,

Ölkə qəbiristanlıq olar!"

 

Üzümü çevirdim

xalqıma sarı

 

 Oxudum atama şeirlərimi,

Od tutdu kişini, eynəyin taxdı.

Dedi, bir şeirin vermir yerimi,

Oğul, güclü idim mən cavan vaxtı.

 

Elə bil gen dünya mənə dar idi,

Dedim, şeir nədi?.. Bu kişi bilmir.

Dedi, oğul, mənim səsim var idi,

Heç sənin şerinin sədası gəlmir.

 

Dedim, ürək dözmür axı yazmasan,

Gecələr şairin yuxusu gəlmir.

Otçalan olmuşam dedi bir zaman,

Şeirindən gül, çiçək qoxusu gəlmir.

 

Dedim, ağla könül, yerə əyil sən,

Sən səyyahlar kimi hey axtar, arı...

Dedi, olsan da dahi deyilsən,

Çala bilməmisən çaldığım tarı.

 

Dedim ki, ay ata, insafın varmı,

Mən sözün üstündə zillət çəkmişəm.

Dedi, Vətənsiz şair olarmı,

Sən sözün üstündə yuva tikmisən.

 

Ağlayan bir neyəm, dinən kamança,

Neynirəm dövləti, neynirəm varı.

Savalandan uca, Səhənddən uca

Üzümü çevirdim xalqıma sarı.

 

Tariyel Ümidi

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.31.