Əkrəm Əylislinin daldan
atılıb
topuğa dəyən "DAŞ
yuxuları"
Azərbaycan yazıçılarının hörmətli
Prezidentimizin səmimi təbrik məktubuyla başlanan XIII
Qurultayı demokratik yolla seçilmiş 300-ə yaxın
nümayəndənin və mötəbər qonaqların
iştirakıyla möhtəşəm şəkildə
keçirildi.
Bu Qurultayın özəlliyi ondaydı ki, qalib
ölkənin yazıçıları onu böyük
qürur və fərəh hissiylə keçirdilər.
Bu da, təbii ki, məğlub ölkənin
maraqlarına xidmət edən içimizdəki manqurtların
hədsiz qəzəbinə və hiddətinə səbəb
oldu. Qurultayın ünvanına
küçə söyüşləri yağdırmaq,
yalanlar və böhtanlar uydurmaq məğlubların yeganə
təsəllisidir.
Qurultayda
görkəmli ədəbiyyatşünas alim,
Akademiyamızın Prezidenti İsa Həbibbəyli məruzə
etdi, çağdaş ədəbiyyatımızın ən
parlaq simaları, Xalq şairləri - Nəriman Həsənzadə,
millət vəkili Sabir Rüstəmxanlı, Ramiz Rövşən,
Vahid Əziz, Xalq yazıçıları - Elçin, akademik
Kamal Abdulla, akademiklər - Rafael Hüseynov, Nizami Cəfərov,
Millət vəkilləri - Jalə Əliyeva, Aqil Abbas,
istedadlı gənclər - Fərid Hüseyn, Ramil Əhməd,
Yazıçılar Birliyinin katibləri və
başqaları maraqlı təkliflərlə
çıxış etdilər. Əkrəm Əylisli isə
Qurultaya belə qiymət verir:
"Yazıçılar Birliyinin Qurultayı qurultay
deyildi, həyasızlığın və
simasızlığın, riyakarlığın,
saxtakarlığın yeni bir nümayişi, təntənəsi,
atəşfəşanlığı idi. Qurultay
gündə bir sifət dəyişənlərin, dünən
dediyi sözün bu gün əksini deyənlərin, dahilik
iddiasında olan mənəviyyat və ədəbiyyat dəllallarının
böyük bayramı idi".
Söyüş ehtiyatının bütün zənginliyindən
istifadə edərək ləyaqətli
yazıçıları təhqir edən Ə.Əylislini
belə yandırıb-yaxan nə olub aya? Əlbəttə,
ancaq və ancaq çıxışçıların
Anarın çoxillik əməyini müsbət dəyərləndirmələri,
mənim yenidən yekdilliklə (iki səs xaric)
Yazıçılar Birliyinə sədr seçilməyim.
Sifətin dəyişməkdən kim
danışsa da, Əkrəm danışmamalıdır,
çünki illər boyu onun ancaq mətbuat səhifələrinə
çıxardığı bir-birinə daban-dabana zidd olan ədəbi
və siyasi mövqelərindən, eyni şəxslərə
müxtəlif vaxtlarda tamam fərqli münasibətlərindən
sitatlar gətirilsə, qəzetin bir səhifəsini yox,
bütün həcmini tutar.
Ə.Əylisli
davam edir:
"Həmin qurultay gözdən pərdə asmaq,
gözə kül üfürmək sahəsində
böyük təcrübə sahibi olanların növbəti
səlib yürüşü idi. Mən elə bilirdim
ki, bu mütrüfanə revanşdan (? -
A.) sonra Anar nə etdiyini
düşünüb heç olmasa, bir müddət susacaq. Amma Anar susmur, daha da cürətlənib özünəməxsus
üslubda, hər sətrindən naftalan iyi gələn
üstü bəzək, altı təzək müsahibələr
verir".
Əkrəmə "əkrəm üslubunda" cavab
verməyi ləyaqətimə
sığışdırmıram, ancaq onu demək istəyirəm
ki, məni fiziki cəhətdən susdurmağı bacarmasa da,
mənəvi cəhətdən susdurmaq Əkrəm kirvəmizin
ömrü boyu qəlbini qovruldan kövrək nisgildir. Qurultayqabağı
"altı təzək" müsahibələrimin birində
Əkrəmdən də danışmışdım,
demişdim ki, köhnə dəyərli əsərlərini nəzərə
alaraq, Əylislini ədəbiyyat tariximizdən silmək
düz olmaz. Başqa bir qurultayqabağı müsahibəm
zamanı tənqidçi Əsəd Cahangir belə bir sual
vermişdi:
""Söz
dünyası"nda ən işıqlı yazı
"köhnə dostunuz", təzə "düşməniniz"
Əkrəm Əylisliyə, öz təbirinizlə
"Əki balaya" həsr etdiyiniz
"İşıqlı pəncərə"dir.
Yazıçı olmaq kollobrasionistliyə haqq
qazandırırmı?".
Bu suala
belə cavab vermişdim:
"Yaxşı
bildiyin kimi, vaxtilə Əkrəm Əylisliylə yaxın
dost olumuşuq. Əkrəmin ilk
yazılarını bəyənmişəm və Əkrəm
Əylisli haqqında Moskva və Bakı mətbuatında tərifli
yazılar yazmışam. Münasibətlərimiz
pozulandan, hətta "Daş yuxular"dan sonra da onun təklənməsini
istəmədiyim üçün çox illər qabaq rus
dilində yazdığım, "Komsomolskaya pravda" qəzetində
çap olunmuş məqaləmi ərinməyib dilimizə
çevirdim və "Azərbaycan" jurnalında dərc
etdim. Əkrəmdən səs
çıxmadı".
Müsahibədə dediklərimə bu sözləri də
əlavə edim ki, "Daş yuxular"dan sonra bu yazım Azərbaycan
mətbuatında Əkrəm haqqında ilk və yeganə
müsbət yazı idi. Haqqımda yazdığı və dediyi bütün hədyanlara
baxmayaraq bu mənim Əkrəmə münasibətim, bu da
onun mənə münasibəti:
"Mən təxminən 2 il bundan əvvəl Anar
haqqında çox kəskin bir yazı yazmışdım,
yazmışdım ki, sən saxtasan, vəzifə xəstəsisən,
sifətinə mələk siması taxıb iblisanə əməllər
törətmisən".
Mənim "iblisanə əməllərim"
haqqında Ə.Əylisli bircə konkret fakt gətirə bilərmi? Əlbəttə,
gətirə bilməz. Yəqin, onun aləmində
İblis əməlləri mənim də, başqa namuslu
yazıçılarımız kimi, Əylislinin Milli Məclisdə
səsləndirdiyi "Gərək torpaqlarımızın
bir qismini ermənilərə güzəştə gedək"
çağırışına
qoşulmamağımızdır. Həqiqətən
də Əkrəmin hədsiz-hüdudsuz erməni sevdası
yeni bir "Əsli-Əkrəm" dastanında əks
olunmağa layiqdir.
Vəzifə xəstəliyinə gəldikdə, vəzifə
xəstəsi mən deyiləm, 33 ildir mənim yerimə
göz dikəndir. Bütün bu illər ərzində gah
deyir ki, mən Yazıçılar Birliyinə sədr olmaq
istəmirəm, gah deyir ki, yuxarılardan gətirsələr,
olaram. Eyni ildə, eyni ayda, eyni gündə iki müxtəlif
qəzetdə bir-birinə zidd fikirlər söyləyir:
Əkrəm
Əylisli: Yazıçılar Birliyinə rəhbərlik etmək
niyyətində deyiləm. Bundan sonra
Yazıçılar Birliyinin heç bir işinə
qarışmayacağımı qətiyyətlə bəyan
edirəm.
"Bakı
Xəbər" qəzeti, 13 yanvar 2006
Əkrəm
Əylisli: Yazıçılar Birliyinin sədri olmaq barədə
düşünə bilərəm.
"Reytinq"
qəzeti, 13 yanvar 2006
Bundan necə baş çıxarasan, istəyir, istəmir? "Bülbül
gülüstana gəlsin, gəlməsin?".
Ən qısa şəkildə Ə.Əylislinin mövqeyini
belə ifadə etmək olar: "Mən Yazıçılar
Birliyinə rəhbər gəlmək istəmirəm, amma istəyirəm
axı...".
İllər boyu dönə-dönə "mən daha
Yazıçılar Birliyinin heç bir işinə
qarışmayacağam" - deyir, iki gündən sonra yenə
burda kimin sədr olması yuxusunu qaçırır. Sədr olsa hansı işləri
görəcəyini, hansı nöqsanları düzəldəcəyini,
nələri təklif edəcəyini bir dəfə də
olsun bildirməyib, bir nəfər yaşlı, ya cavan
yazıçı haqqında xoş söz yazmayıb,
yalnız yeri gəldi-gəlmədi özünü
şişirdib: "Türkiyədə "Əkrəm
Əylisli nəhəngliyində yazıçı yoxdur"
deyəndə, yaxud "o vaxt mənim adım bütün
SSRİ-də gur-gur guruldayırdı" söyləyəndə,
görəsən, əti tökülmür? Özünü
kimlə dəyişik salıb, görəsən:
Müslüm Maqomayevlə, ya Alla Puqaçovayla? Dahilik iddiasına düşən kimdir?
XIII Qurultaydakı çıxışlara verdiyi qiymətdən
bəlli olur ki, ədəbiyyatımızın ən görkəmli
simalarına və istedadlı cavanlara nifrət edir. Doxsan faizinə
nifrət etdiyin və doxsan faizinin səni qəbul etmədiyi
adamlara necə rəhbərlik edəcəkdin? İki-üç züytutanla hansı qurultayı və
necə keçirə bilərdin? Eyforiyadan
ayıl, özünə bir ayıq gözlə bax. Nə sən mələksən, nə də
başqaları iblis. Deyirsən ki,
dünyanı neçə rəngdə yazıram, onda
yazıçıları niyə ancaq iki rəngdə
görürsən - özünü inək südü kimi
ağappaq, başqalarını qır qazanı kimi qapqara?
"Daş yuxular"
biabırçılığından sonra
arzuladığı vəzifədən həmişəlik
umsuq olduğunu dərk etsə də, öz xoşuyla tərk
etdiyi təşkilata sədr yeri yenə də daima beynini
qurcalayır.
"Kim olur-olsun, təki Anar olmasın".
İllər boyu bu amalla yaşayır. Mən
35 il ərzində beş qurultayda yekdilliklə
(son qurultayda iki səs istisna) seçilərək çətindən
çətin sədr vəzifəsini daşıyıram. Əkrəmin bu vəzifə uğrunda mübarizəsi
tarix əvvəl qeyd etdiyim kimi 33 ildir. Ona
görə ki, təşkilatımıza rəhbər
seçilən kimi Əkrəmi bura katib gətirdim.
İki il normal işlədik. Demə, katib
olandan iki il sonra sədrlik sevdasına
düşübmüş. Mənim kabinetimlə
qonşu otaqda məni devirmək planları tərtib
edirmiş. Bu barədə ancaq son illərdə
Xalq yazıçısı, rəhmətlik Sabir Əhmədlinin
xatirə kitabından xəbər tutdum. Sabir Əhmədli
yazır:
"Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə
yaxın idi. İstəyirdilər ki, Yazıçılar
İttifaqının üstündən qələm çəksinlər,
Anarı eşiyə atsınlar və yeni, Xalq Cəbhəsinə
uyarlı bir təşkilat, Xalq Cəbhəsinə sədaqətli
bir yaradıcılıq birliyi yaratsınlar. Bu işi Əkrəmgil başlamışdılar.
Məni də qoşmaq istəyirdilər.
Yazıçılar İttifaqına hücum çəkir,
Anarı, Çingiz Abdullayevi hədələyir, ultimatum
verirdilər: "Çıxıb getsinlər bunlar! Getməsələr
avtomat silahla gəlib əzəcəyik!".
Bir kərə Əkrəmin otağında, o da
Yazıçılar İttifaqının katiblərindəndi,
amma İttifaqı dağıtmaq istəyirdi, hə, onun necə
bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini
öyrənmək istədim. Sonra təklif etdim:
"Bizim sayılan, hörmətli ədiblərimiz də orda
olsunlar" İsmayıl Şıxlının, Bayram
Bayramovun, İsa Hüseynovun adlarını çəkdim.
Onda yeni Yazıçılar ocağı yaratmaq istəyən
cavan Alışarlı incik halda mənə bildirdi: Siz o
adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq
istəyirik". Aydın oldu kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri.
Dəlisov, çılğın
oğlanlarmı, bir sanballı əsəri, yazısı
olmayan xalqçılarmı? Hər
hansı yaradıcılıq ocağının
başçısı hər şeydən qabaq
adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi
yazıçı olmalıydı, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin
yeni Birlik, İttifaq yaratmaq istəkləri baş
tutmadı".
Sabir
Əhmədli - "Yazılmayan yazı"
xatirə
romanından.
Bundan əvvəl küçə adamları müxtəlif
idarələrə soxulub idarə
başçılarını avtomatla hədələyərək
vəzifəsindən uzaqlaşdırmışdılar. Bundan ilham
alaraq "mənim üstümə tankla da gəlsəydilər
Anarın əleyhinə getməzdim", - deyə bəyan edən
Əkrəm Əylisli tankı olmadığı
üçün məni avtomatla vəzifəmdən
uzaqlaşdırmağa hazırlaşırmış.
Bu niyyət baş tutmadı və baş tuta bilməzdi. Min cəfaya, əziyyətə,
müqavimətə sinə gərərək mən və rəhmətliklər
Yusif Səmədoğlu, Fikrət Qoca, Arif Əmrahoğlu,
indiki katiblər Yazıçılar Birliyini
dağılmağa, parçalanmağa qoymadıq, ədəbiyyatımızın
keçmişinə və indisinə müxalif qüvvələrin
təşkilatı ələ keçirməsinə imkan vermədik,
pedafiliyanı, zoofiliyanı tərənnüm edən
pornoqrafik qrafoman "antiədəbiyyatı" yaxın
buraxmadıq, binamızı "Yazıçı" nəşriyyatı
kimi hərraca qoyub satmadıq, bağlatmadıq, qəzetimizi,
jurnallarımızı saxladıq, Azərbaycan
yazıçılarının müqəddəs
ocağını "zori balayan ocağına"
çevrilməsinin qarşısını aldıq. Budur bizim Əkrəmin təbirincə "iblisanə
əməllərimiz".
Mənə xoş münasibət bəsləyən,
etibarsızlıq etməyən hər kəs anında
Ə.Əylislinin gözünün düşməni olur. Böyük
şairimiz, xalqımızın sevimlisi Ramiz Rövşən
dostluğumuza sadiq qaldığına görə, mənə
qarşı əkrəmsayağı nankorluq etmədiyinə
görə və ən əsas da Qurultayda məni dəstəklədiyinə
görə Əkrəm onu burda gətirmək istəmədiyim
küçə sözləriylə təhqir edir. Vicdanlı jurnalist Taleh Şahsuvarlı
"Anarın, Ramiz Rövşənin namini sənə vermərik
Əkrəm Aqulisli" adlı yazısında Əylislinin ləçər
qara-qışqırığına layiqli cavab verib. Bundan sonra abrına qısılıb susmaqdansa,
Əkrəm illər boyu dönə-dönə təkrar
etdiyi kif atmış yalanlarına qəttəzə uydurmalar əlavə
edir. Doğrusu, bu peşəkar
yalançının növbəti iftiralarına cavab vermək
həvəsim yox idi. Qurultaydan sonra tək-tük
uğursuzların ədəbi xuliqanlığına, tərbiyəsizliyinə
cavab vermədiyim kimi. Sadə bir həqiqəti bildiyim
üçün: çağdaş ədəbiyyatımıza
xor baxanlar bundan sonra da hər yeni uğurumuzdan dilxor olacaqlar. Yeri gəlmişkən, mətbuatda, TV
kanallarında, saytlarda haqq işimizə qahmar duran çox
sayda insanlara dərin minnətdarlığımı bildirirəm.
Əkrəmin uydurmalarını ancaq ona görə
konkret faktlarla təkzib edirəm ki, məsələdən xəbərsiz
olanların bəziləri bu iftiraları həqiqət saya bilər.
"Yeni Müsavat" qəzetində
"Əkrəm Əylislidən Anar haqda sensasion
açıqlamalar" manşetiylə dərc etdiyi mətndə
Əkrəm yalanlarını məhz buna görə ifşa
etməyi lazım bilirəm. Onu da bilirəm ki, gətirdiyim
konkret faktların heç birini təkzib edə, dana bilməyən Əylisli üstümüzə
yeni söyüşlər yağdıracaq, bir pors çirkab
atacaq. Olsun, ağlı başında oxucular kimin kim olduğunu yaxşı bilir. Beləliklə,
Ə.Əylisli deyir:
"O vaxt Anarı vəzifəyə təklif edənlərdən
biri (biri yox, birincisi - A.) mən olmuşam. Təklif
isə Mərkəzi Komitə katibi Həsən Həsənovdan
gəlib. O, mənə və bütün orada Anarı
müdafiə edənlərin hamısına bircə-bircə
zəng edib demişdi ki, İsmayıl Şıxlını
yıxın, Anarı onun yerinə gətirin. Biz
də bunu etmişdik, mən də etmişəm". ("Yeni Müsavat" qəzeti 11 noyabr 2022).
Görəsən,
ağ yalan olduğunu özü də
gözəl bildiyi bu uydurmaları dilinə gətirəndə
heç utanıb-qızarmır? Ondan
başlayaq ki, guya gizli partiya tapşırığını
yerinə yetirməkçün məxsusi olaraq Əylisdən
dəvət olunan Əkrəm o vaxt Əylisdə deyildi,
çabacaq Bakıda idi.
Allaha şükür ki, Həsən müəllim
sağ-salamatdır, lazım bilsə ona qarşı da olan bu
böhtanı özü təkzib edə bilər. Təbii ki, o
vaxt Mərkəzi Komitənin inşaat məsələləri
üzrə katibi Həsən Həsənovun həmişə
dərin hörmət bəslədiyi İsmayıl
Şıxlını yıxmaq fikri Əkrəmin çirkin
iftirasıdır. Həsən müəllimin
guya kimlərəsə bircə-bircə zəng edib Anarı dəstəkləməsini
tapşırması isə Əkrəmin daş yuxularında
gördüyü sayaqlamalardır. Bir
vaxtlar Əkrəm yeri gəldi-gəlmədi iftixarla deyirdi ki,
Anarı Yazıçılar İtttifaqına mən rəhbər
gətirmişəm. İndi isə bu
işi tapşırıqla etdiyini söyləyir. Həm də yaddaşında problemlər olduğu
üçün hər dəfə ayrı-ayrı versiyalar irəli
sürür. "Yalançının
yaddaşı olmaz" belə yerdə deyiblər. Bir ara siyasi konyunkturaya uyğunlaşaraq deyirdi ki,
Anar bu vəzifəyə DTK sədri Vaqif Hüseynovun təkidiylə
gəlib.
Əkrəm
Əylisli: "1987-ci ildə Yazıçılar
İttifaqının Plenumunda kadr məsələsinə
baxılırdı. O zaman KQB-nin sədri Vaqif Hüseynov idi və
Anar da bilavasitə onun namizədiydi. Anarın
Yazıçılar Birliyinin sədri olmasını o tələb
etmişdi".
"Reytinq"
qəzeti, 13 avqust 2006
Ay Əkrəm!
Danos verəndə heç olmasa bir tarixləri də nəzərdə
tut da.
Yazıçılar
İttifaqının 1987-ci il 18 iyun
Plenumunda mənim rəhbərliyə namizədliyimi,
doğrudan da, ilk olaraq Əkrəm Əylisli irəli
sürdü. İndi heç olmasa özü
özüyçün müəyyənşləşdirsin
kimin tapşırığını yerinə yetirirmiş, Həsən
Həsənovun, ya Vaqif Hüseynovun? Bu bir.
İkincisi, həmin Plenum zamanı Vaqif
Hüseynov heç Bakıda da deyildi, Moskvada başqa vəzifədə
idi. DTK sədri isə Yazıçıların 1987-ci il Plenumundan iki il sonra 1989-cu ildə oldu. Bəlkə Əkrəm Vaqif Hüseynovun gələcəkdə
DTK sədri olacağını əvvəlcədən bildiyi
üçün onun Moskvadan verdiyi göstərişə əməl
eləyib. Əkrəmə məsləhət
edərdim ki, iftiralarının birinin üstündə qəti
dayansın, onu yazıb saxlasın, yeni Yalan uyduranda əvvəlkinə
bir nəzər atsın. Zarafat bir yana
qalsın, Ə.Əylisli görəsən, özü dərk
edirmi ki, bu yalan versiyalarıyla ilk növbədə
özü özünü rüsvay edir.
1987-ci ildə ölkədə vəziyyət elə dəyişmişdi
ki, partiya orqanları yazıçıların seçiminə
birbaşa müdaxilə edə bilmirdilər. Əkrəmin
sözlərindən belə çıxır ki, mənim
namizədliyimi öz iradəsiylə deyil, müti buyruq qulu təkin
kimlərinsə tapşırığıyla irəli
sürüb. Üstəlik, Plenumda mənim
namizədliyimi dəstəkləyənləri də
aşağılayır, guya onlar da məni öz iradələriydə
deyil, tapşırıqla dəstəkləyiblər. Heyif ki, onların demək olar hamısı rəhmətə
gedib, yoxsa bu iyrənc böhtana özləri cavab verərdi.
Ə.Əylislinin illər boyu çeşidli versiyalarla
ortaya atdığı yalanları dəfələrlə real
faktlarla təkzib edilibsə də bir daha bu məsələyə
qayıtmağa, olanları olduğu kimi təqdim etməyə
məcburam. Qoy bu məsələlərdən bixəbər
olanlara, özəlliklə yeni nəsillərə bir ibrət
dərsi olsun.
Plenum ərəfəsində
Həsən Həsənov məni yanına
çağırdı: - İsmayıl müəllim vəzifəsindən
getməsini israrla təkid edir, dedi. - Əgər Plenum buna
razılıq versə, sənin namizədliyin məsələsi
qalxsa, bunu kim təklif edə bilər?
Əkrəmin təmənnalı və saxta dostluğunun səmimiyyətinə
o vaxt uşaq sadəlövhlüyüylə
inandığım üçün bir an
da düşünmədən: - Əkrəm Əylisli - dedim.
Həsən
müəllim dərhal Əkrəmə zəng elədi, mənə
dediklərini təkrar etdi: - İsmayıl müəllim
istefasında israrla təkid edir. Ərizəsi qəbul olunsa,
səncə, Birliyə kim rəhbər ola
bilər? Əkrəm də dərhal: Ancaq Anar, - dedi və
Əylisdə tikdirdiyi ev üçün
bir maşın daş göndərilməsini xahiş etdi.
Həsən
müəllim gülüb: -
Əşşi, bu asan işdir - dedi. - Məsələ bu
cür qoyulsa təklifini ver.
Bir məsələyə diqqət çəkmək istəyirəm. Gizlətmirəm
ki, İsmayıl Şıxlı istefasında israr edərsə,
Mərkəzi Komitə onun yerinə məhz mənim
seçilməyimi istəyirdi, amma o vaxtkı duruma görə
işə bilavasitə qarışa bilməzdi. Həsən
Həsənov da Əkrəmə: - "Anarın namizədliyini
irəli sür" demədi, ancaq onun rəyini soruşdu.
Əkrəm Əylisli də öz iradəsiylə, öz
seçimiylə, könüllü şəkildə mənim
adımı çəkdi (kim bilir bu vaxt
könlündə nə varmış). Hər
halda hadisə məhz belə olmuşdu.
Plenumdan qabaq Rəyasət Heyətinin iclasında mən
İsmayıl müəllimin istefa ərizəsini geri
götürməsini, qalıb işləməsini təklif
etdim. Plenumda çıxış etməsələr də,
Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi
Ramiz Mehdiyev və Mədəniyyət şöbəsinin
müdiri Vəfa Quluzadə iştirak edirdilər.
Plenumun işi haqqında dəqiq və dürüst məlumat
vermək üçün stenoqramdan mənə aid
parçaları olduğu kimi gətirirəm.
Əkrəm
Əylisli: Yoldaşlar! Mənə elə gəlir
ki, Yazıçılar İttifaqının işi barəsində
ətraflı danışmaq lazımdır. Yazıçılar Birliyində əsaslı
dönüş yaratmalıyıq. Bu əsaslı
dönüşdə Birinci katibdən çox şey
asılıdır. Yazıçılar
İttifaqında təcrübəli adamlar, istedadlı
yoldaşlar vardır. İsmayıl
Şıxlı yoldaş burada çox əsəbiləşir,
yorulur. Mənə elə gəlir ki, orta nəsil
bu işin öhdəsindən gələ bilər. Bu
işin öhdəsindən gələn adam
vardır. Mən də bunu sizin nəzərinizə
çatdırmaq istəyirəm. Bu,
yoldaş Anardır. Bu adam Azərbaycan
mədəniyyətinin kökünü bilir. Çox
savadlı, təcrübəli yoldaşdır. Bundan başqa, sovet ədəbiyyatını,
dünya ədəbiyyatını gözəl bilir. Azərbaycan və rus dillələrini mükəmməl
bilir. Mən bugünkü plenumda belə
bir təklif irəli sürürəm, Anar çox
istiqanlı, əvvəl də qeyd etdiyim kimi, çox
istedadlı adamdı. Mən yenə də
qeyd edirəm ki, Anar Birinci katib seçilsin, mənim fikrim belədir.
Bu qədər.
Mövlud
Süleymanlı: Bütün bu ab-havanı dağıtmaq
üçün sağlam, çevik və ittifaq səviyyəsinə
çıxara biləcək bir adam təklif
edirəm, o adam Anardır.
Qabil: Anar
burada, mən ciddi deyirəm, 10 gün də davam etməz.
Sabir Azəri:
İsmayıl Şıxlı yoldaş gedir, belə deyirlər
ki, Anar Birinci katib olsun. Mən burada
açıq deyirəm ki, Anar da burada heç bir şey etməyəcəkdir.
Tofiq
Bayram: Mən bizim ədəbiyyatımızın vicdanlı, ən
obyektiv istedadlı nümayəndərindən biri Anarı
Yazıçılar İttifaqının katibi vəzifəsinə
seçilməsini təklif etmək istəyirəm. Onda təzə qüvvələr vardır, yeni
fikirlər vardır. Yazıçılar
İttifaqında bu ab-havanı dəyişə bilər.
Anar müəllim öz vicdanının əleyhinə
getməz. Mən Anarın
Yazıçılar İttifaqının katibi olmasını
istəyirəm.
İsi Məlikzadə:
Əgər İsmayıl müəllim qalsa yenə bu çətinliklərə
rast gələcəkdir. Yenə də
İsmayıl müəllim ərizə verəcəkdir.
Mən Anarın namizədliyini irəli sürən
adamların təklifləriylə razılaşıram.
Ən layiqli adam Anardır. O, bizim
Yazıçılar İttifaqının Birinci katibi
seçilsin.
İsa
İsmayılzadə: Bizə Anar kimi ziyalı lazımdır.
Onu bu işə cəlb etmək lazımdır.
Anar öz sinəsini qabağa verəcək, nə
cür lazımdır elə də işləyəcəkdir.
Anar kimi rəhbər bizə lazımdır.
Mən də burada təklif edirəm ki, Anar
seçilsin. Bu adam bizim ən gözəl
ziyalımızdır. Bu qədər.
Nurəddin
Babayev: İsmayıl Şıxlı yoldaş öz xoşuna
gedir. Anar isə ən layiqli yoldaşdır.
Bu adama da heç bir söz ola bilməz.
Xəlil
Rza: Mən İsmayıl Şıxlının bu hərəkətini
mənəvi qəhrəmanlıq hesab edirəm. Kaş həyatımızın bütün sahələrində
belə qəhrəmanlarımız olsun. Deməliyəm
ki, Anarın vəziyyəti heç də yaxşı deyil.
Çünki Azərbaycan ədəbiyyatının
vəziyyəti olduqca ağırdır. Azərbaycan
ədəbiyyatının çiçəklənməsi
üçün imkan yoxdur. "Ədəbiyyat
qəzeti" şeirdən qorxan ən böyük
orqandır. Bizdə şeirdən qorxmayan
Sabir Rüstəmxanlı yoldaşdır, bir də Yusif Səmədoğlu.
Ona görə də biz Anara köməklik etməliyik.
İsmayıl
Şıxlı: Yoldaşlar, demək istəyirəm ki, əvvəla
mən ərizə vermişəm, mən yenə də öz
ərizəmin yerinə yetirilməsini xahiş edirəm. Mərkəzi Komitəyə də böyük
razılığımı bildirmək istəyirəm ki, mənim
xahişimi nəzərə aldı. Rəyasət
Heyətinin üzvlərinə də minnətdarlığımı
bildirmək istəyirəm ki, onlar mənim qalıb işləməyimi
təklif etdilər. Ona görə də vəziyyəti
özüm üçün bir daha dəqiqləşdirmək
istəyirəm. Yenə də təkrar
edirəm ki, bu vəziyyətdə Yazıçılar
İttifaqında işləmək qeyri-mümkündür.
İndi isə 2 qat, 3 qat işləmək
çətin olacaqdır. Mən 70
yaşa gəlmişəm. Heç kəsə
yumruq göstərməmişəm. Göstərə
bilən adam da deyiləm, olmayacağam da. Mənim təbiətim belədir. Mən bunu
ona görə demək istəyirəm ki, mənim varisim olan adam qoy bu vəziyyəti görsün ki, nə
kimi çətinliklər var. Mən vəziyyəti başa
düşürəm. Anar daha canlı və
daha enerjili adamdır. Ədəbiyyatımıza
köməklik edən adamlar lazımdır. Xahiş edirəm ki, mənim ərizəm təsdiq
edilsin.
Elçin:
Bir təklif vermək istəyirəm. Burada bütün
müzakirələrə qulaq asdıq, İsmayıl
Şıxlı yoldaş təklif verdi ki,
məni azad edin. Anarı isə səsə
qoyaq.
Ramiz
Mehdiyev: (İclası o aparırdı). Başqa
təkliflər yoxdur ki? Təklif edirəm ki, Anarın
Birinci katib seçilməsinə kim tərəfdardırsa,
xahiş edirəm səs versin. Kim əleyhinədir?
Yoxdur. (alqışlar) Beləliklə, Anar Azərbaycan SSR
Yazıçılar İttifaqının Birinci katibi
seçilir. Söz indi Anarındır.
ANAR:
"Əziz yoddaşlar! Bu gün mən
çox həyəcanlıyam. Ona görə
ki, mənə böyük etimad göstərdiniz. Məni Yazıçılar İttifaqının
Birinci katibi kimi şərəfli bir işə seçdiniz.
Mən burada söz verirəm ki, nə qədər
qüvvəm var, əlimdən gələni edəcəm.
Burada mən bir təklif vermək istəyirəm.
İsmayıl müəllimin xidmətləri
minnətdarlıqla qeyd olunsun, İsmayıl Şıxlı
yoldaşa çox böyük hörmət edirəm.
Ona görə yox ki, o öz vəzifəsini mənə verdi. İsmayıl müəllim
çox nəcib bir insandır (alqışlar)".
Vəssəlam. Hadisə bax belə olmuşdu.
İsmayıl müəllimlə
qarşılıqlı hörmətə əsaslanan
münasibətlərimiz sonralar da davam etdi. Rəfibəyli
babalarım haqqında da bəhs etdiyi "Ölən dünyam"
povestinin əlyazmasını mənə göndərmişdi.
Əsəri çox yüksək qiymətləndirərək,
İsmayıl müəllimə məktub yazdım və məktubumu
qəzetdə dərc etdim. Qazaxda və
Bakıda İsmayıl müəllimin
sağlığında və vəfatından sonra
keçirilən bütün yubileylərində
çıxış etmişəm. İsmayıl
Şıxlı haqqında "Doqquzuncu portret" adlı
yazı yazdım.
IX
Qurultayımızda Əkrəmin mənə qarşı
gözlənilməz namərd hərəkətindən sonra və
demə əvvəlcədən
razılaşdırdıqları kimi, mənə qarşı
təxribatçı çıxış zamanı Abbas
Zamanov ayağa qalxıb natiqin sözünü kəsdi və
"təklif edirəm burda Anara qarşı belə təhqiramiz
çıxışlar edilməsin" - dedi. Yusif
Səmədoğlu mənim sədr seçilməyimi təklif
etdi və ilk olaraq o və İsmayıl Şıxlı
mandatlarını qaldırdılar. Bundan
sonra BÜTÜN nümayəndələr (o cümlədən
Əkrəm Əylisli də) lehimə səs verdilər.
Bu qurultayda Yazıçılar Birliyinin Ağsaqqallar
şurasını yaratdıq və mənim təklifimlə
bu Şuranın ilk sədri İsmayıl Şıxlı
oldu.
Təəssüf ki, müəyyən illərdə
İsmayıl Şıxlının Birinci katib vəzifəsindən
getməsiylə bağlı möhtəkirlik edən
aravuranlar tapıldı. Bu çirkin təşəbbüslərə ən
layiqli cavabı qeyrətli kişinin qeyrətli oğlu
Elçin Şıxlı verdi:
"1987-ci ildə növbəti dəfə sədr
seçiləndən heç bir il keçməmiş, o,
istefa haqqında ərizə yazaraq Yazıçılar
Birliyinin Plenumunu çağırdı. Yəni
istefası qəbul edilməsə belə işdən gedəcəkdi.
Elə həmin Plenumda İsmayıl
Şıxlı Anarın Yazıçılar Birliyinə sədrliyinin
namizədliyni irəli sürüb".
"Azadlıq"
qəzeti, 19 mart 2004
Şərhə ehtiyac varmı? Elçin Şıxlı davam edir:
"Özünü yazıçı, şair
adlandıran bəzi adamlar deyirlər ki, əgər Anar və
Əkrəm Əylisli atamı Yazıçılar Birliyinin sədrliyindən
devirdiklərini etiraf etməsələr və yaxud bunun necə
baş verdiyini izah etməsələr bu məsələni
özləri ifşa edəcəklər. Bunlar
hamısı yalandır, İsmayıl Şıxlını
devirməyiblər və devirə də bilməzdilər.
Mən istəməzdim ki, atamın adından
kimlərsə öz məqsədləri üçün
möhtəkirlik etsin. Əgər bundan
sonra da kimsə bu cür möhtəkirlik etsə
çalışacam ki, buna son qoymaqçün həmin
adamların ağzını yumum".
"Azadlıq"
qəzeti, 19 mart 2004
Qəribədir ki, bu barədə möhtəkirlik edənlərin
biri də elə Əkrəmin özü idi və
atdığı iftiralar bumeranq kimi öz üstünə
qayıtdı.
Bu mərd mövqeyinə görə Elçin
Şıxlıya bir daha minnətdarlığımı
bildirirəm.
Yazımın sonunda bir söz demək istərdim. Kin, nifrət,
həsəd ilk növbədə bu hissləri
yaşayanların ömrünü çürüdür.
Ən böyük biclik - düzlükdür.
Həqiqət həmişə hikkədən
güclüdür.
Bu il dekabr ayında Əkrəm Əylislinin 85 yaşı tamam olur. 44 günlük zəfər savaşımızdan sonra Azərbaycan Ermənistana sülh təklif etdiyi kimi, mən də Əkrəmlə nə şəkildəsə ünsiyyət qurmaq, yubileyilə bağlı fikir mübadiləsi etmək istəyirdim. Əkrəm bunu "mələk maskası" sayır saysın, mənim BİR sifətim var, pandemiya dövründən başqa maska-filan da taxmıram. Bəlkə bu mənim zəifliyimdir, amma heç kəsin, özəlliklə haçansa çörək kəsdiyim adamın təklənməsinin, pisikdirilməsinin əleyhinəyəm. Amma Qurultayın nəticələrindən başqa, heç bir səbəb olmadan Əkrəm bəyanatlarıyla bütün körpüləri yandırdı. Əgər Robinzon kimi adada tək qalmaq istəyirsə, öz seçimidir.
Allah
Əkrəmə insaf, bizə də səbr versin.
13-15 noyabr 2022
ANAR
Ədəbiyyat qəzeti.- 2022.- 26
noyabr.- S.4-5.