Multidissiplinar dilçilikdə yeni
paradiqma və ya mifolinqvistika
XX əsrin ortalarından dil haqqındakı elmin digər
elmlərlə əməkdaşlığı o dərəcədə
məhsuldar oldu ki, sistem-struktur araşdırmalar (strukturalizm)
tədricən öz mövqelərini multidissiplinar
dilçiliyə güzəştə getmək məcburiyyəti
altında qaldı. Təbiət, cəmiyyət (ictimai) və texniki elmlərin
zəngin spektri ilə get-gedə güclənən həmin əməkdaşlıqda
əsas məqsəd dili Ferdinand de Sössür təlimində
olduğu kimi, "daxil"dən yox, "xaric"dən izah
etməkdir ki, bu, nəticə etibarilə ona (dilə)
antroposentrik baxışın tələblərindən irəli
gəlir.
Azərbaycan dilçisi, ədəbiyyatşünası
və yazıçısı, akademik Kamal Abdulla uzun illərin
araşdırmalarının məhsulu olaraq multidissiplinar
dilçiliyin yeni bir paradiqmasının - mifolinqvistikanın
geniş imkanlarını aşkarladı. Yeni paradiqma
müəllifinin fikrincə, "mifolinqvistika mifologiya ilə
dilçiliyin sərhədində baş verən mifoloji və
linqvistik hadisələr arasındakı toqquşmaların
daxili mahiyyətini məqsəd kimi qarşısına qoyan
bir elmi istiqamət" olaraq öz predmetinə "tarixilik
fonunda" baxır.
Bəşəriyyətin
ümumi (universal!) inkişaf tarixini üç "qat"a ayıran müəllif həmin
"qat"ları aşağıdakı şəkildə səciyyələndirir:
Birinci qatda - "ən dərin, ilkin, primitiv qatda cəmiyyət
üzvü (və yaxud primitiv insan) hər hansı fikir bildirmə
ilə müstəqim və birmənalı şəkildə
(bu isə hətta o ilkin dövrdə belə real sözlər
vasitəsilə həyata keçirilirdi) məşğul
olurdu. Cəmiyyət üzvünün ifadə
potensialı onun ətrafında olan hər şeyə autentik
münasibəti ilə ölçülə bilər, yəni
fikir bildirilən, diqqət mərkəzində olan obyektin
ancaq özünəməxsus xassələri onun diqqətində
olurdu. Bu isə müstəqimlikdən
başqa bir şey deyildi".
İkinci qat - "primitiv insanlar arasında münasibətlərin
müstəqimlik qatından sonrakı növbəti mərhələsi
müstəqimliyin yeni dərki ilə bağlıdır. Dünən
müstəqim şəkildə dərk və qəbul edilən
məna tarixin növbəti mərhələsində yeni qat
cücərti verərkən artıq metaforik şəkildə
anlaşılır. Beləliklə, 2-ci
qat metaforik qat adlandırıla bilər.
2-ci qatın (bu artıq həm də mifoloji məkandır)
elementlərini isə variantlar kimi ayırmaq
mümkündür.
...Qatlar
arasındakı bu qarşıdurma (invariant və variantlar) ən
müxtəlif dil səviyyələrində özünü
göstərir"...
Üçüncü qat - "dilin insan tərəfindən
tanınmasından (2-ci qatdan) sonrakı qatdır. Bu zaman ilk
olaraq dil daşıyıcısının beynində dilə
inamsızlıq yaranır, dünyanı başqa cür
görmək istəyi onun ruhuna hakim kəsilir. Beləliklə,
poetik təsəvvür ön plana çıxır və
artıq heç kim məcazlara (əslində,
yalanlara) inanmır.
...Amma
orası da var ki, mifoloji təsəvvür bu şəkildə
yox olub itmir. O, zaman-zaman dil elementlərində, deyimlərdə,
müxtəlif quruluşlarda gizli şəkildə
yaşayır, bu yaşama bu gün də davam edir. Və dil daşıyıcısı bəzən bu
ifadələrin hansı dərin qatlarda təşəkkül
edib hansı qədimlikdən gəldiyinin fərqinə
varmır".
Ümumi
(universal!) inkişafın üç qatını müəyyənləşdirən
Kamal Abdulla bu dövrləşdirməni, tamamilə təbii
(və məntiqi)dir ki, insan dilinin qlobal tarixinin əgər belə
demək mümkünsə, epoxaları kimi qəbul edir: 1)
invariantlıq epoxası, 2) variantlıq epoxası və 3) məcazlılıq
epoxası.
Qatlar (və
deməli, epoxalar) arasındakı münasibətləri
müfəssəl şərh etməyə xüsusi ehtiyac
duyan (və maraq göstərən) yeni paradiqma müəllifi,
məsələn, birinci qatdan ikinciyə keçid barədə
yazır: "...Mifoloji təsəvvür 1-ci qatın
funksiyası olan nəyisə olduğu kimi qəbul etməkdən
ibarət deyil. Bu müstəqim təsəvvürün
içinə 2-ci qatda həm də personifikasiya kimi
güclü psixoloji amil daxil olur. İnsana
xas xüsusiyyətlərin onun özü tərəfindən
fetişləşdirilməsi ona gətirib çıxarır
ki, ətrafdakı canlı və cansız aləmin hər bir
üzvü bu xüsusiyyətlərdən faydalana bilir, istifadə
edə bilir. Dağ yata bilir, söz güləşə
bilir, and içilə bilir və s. və i.a.
...Və
bu məqamda ilk olaraq sinonimlər yaranacaq. Sinonimlərin
yaranması ilə variantlar cilalanacaq, dil insanı öz məngənəsindən
buraxacaqdır... Dil onu yox, o, dili idarə etməyə,
zəif də olsa, başlayacaqdır".
Qatları bir-birindən fərqləndirərkən Kamal
Abdullanın antik ədəbiyyat tarixi (o tarix ki, italiyalı
Danteyə gətirib çıxarır) ilə müqayisəsi
nə qədər estetikdirsə, o qədər də mükəmməl
ideya-metodoloji əsaslara malikdir. Və bu müqayisənin
(analogiyanın) bu və ya digər dərəcədə
aydın dərki müəllifin təqdim elədiyi elmi
dilçilik sahəsinin parametrlərini təsəvvürdə
canlandırmağa imkan verir:
"...Homer
Qara dağın həqiqətən yatdığına və
nə zamansa oyanacağına inanırdı. Sofokl da bu
dağın yatdığına inanırdı, amma onun
oyanacağına inanmırdı... Homerlə
onun arasında təkcə zamanla ölçülməyən
başqa bir mənəvi məsafə vardı. Bu məsafənin personifikasiya edilmiş adı Esxil
idi.
...Esxil
bütün mənəvi varlığı
(yaradıcılığı) ilə Sofoklun, Evripidin gəlişini
hazırlayırdı. Amma orası da var ki, cəmiyyətdə
mifoloji təsəvvür artıq yavaş- yavaş
qocalmağa başlayırdı... Eramızın
XIII əsrində Dante artıq bilirdi ki, yeraltı dünya
onun xəyalının təzahürüdür".
Beləliklə, "Homerlə bağlı iddia 1-ci qata,
Sofoklla bağlı iddia 2-ci qata, Dante ilə bağlı iddia
isə 3-cü qata aid edilə bilər. Esxil bu
sıralamada 1-ci qatdan 2- ci qata keçidi təmsil edir".
Üçüncü
qatın səciyyəvi xüsusiyyətləri (ümumən funksional
tipologiyası!) barədə bəhs edərkən Kamal Abdulla
yenə də dil faktı (forma) ilə təfəkkür
faktı (məzmun) arasındakı münasibətlərin
çox zərif, başqa sözlə, elastik (sayrışan)
məqamlarından birinə toxunaraq yazır:
"Kimi"
qoşması, qətiyyətlə demək olar ki, poetik
qatın (üçüncü qatın - N.C.) ən
böyük ixtirasıdır... O olmasa, biz quru etiraflar əhatəsində
qalacaq idik və ecazkar "poeziya nədir?" sualına cavab
belə axtarmaq ağlımıza gəlməyəcəkdi.
Bütün klassik bədii poetik məkanımız
mifologiyanın cəngindən məhz "kimi" və ona bənzər
onlarca vasitənin hesabına qurtulur... "Kimi"
həm də dünyanı dərk etməyin möhtəşəm
vasitəsidir".
Müəllif
müfoloji diskurs anlayışını digər diskurs
anlayışlarından ayırmaqla təqdim etdiyi elmi istiqamətin
anlayışlar bazasını həm zənginləşdirmiş,
həm də dəqiqləşdirmiş olur: "Bizim təsəvvürümüzdə
diskurs informasiya axını zamanı cümlələrlə
onların öz arxalarınca implissit olaraq gətirdikləri
intellektual potensialın cəmindən ibarətdir. Bunu belə
ifadə etmək mümkündür: Diskurs bərabərdir
deyilən və mifoloji (hər hansı başqa) əhatə.
Bura təkcə cümlə birlikləri daxil
edilmir. Bura cümlənin arxasınca
(potensialında) gələn bilik də daxildir".
Göründüyü kimi, mifolinqvistikanın diskurs
anlayışı daha çox sintaqmatik yox, paradiqmatik (assosiativ)
xarakterlidir. Və onu, bəlkə də, sintaqmatik paradiqmatika və
ya assosiativ sintaqmatika kimi qəbul etmək olar.
Odur ki,
müəllifin "dil tarixi" barədəki mövcud təsəvvürlərə
aydınlıq gətirmək təşəbbüsü də
təsadüfi deyil: "Kəskinliklə bunu bildirmək
lazımdır ki, dil tarixi sahəsi dil kəsiyinin hər
hansı hissəsində hansısa klassikin əsərlərinin
öyrənilməsilə bağlı deyil. Hələ
sinxron dilçiliyi diaxron dilçilikdən ayırarkən
müəyyənləşdirilirdi ki, hansısa uzaq bir zaman
nöqtəsində kiminsə dilini öyrənmək diaxron
yox, sinxron tədqiqat sayılmalıdır. Diaxroniklik o zaman meydana çıxır ki, müxtəlif
tarixi nöqtələr bir-birilə müqayisə edilsinlər.
Yenə də müxtəlif mətnlər məsələsi
ortaya çıxır. Və əslində, dil tarixi sahəsi
mətnə qədərki dövrün tədqiqat alanı ola bilər".
Əlbəttə,
dil tarixi (yaxud uğursuz ifadə ilə, tarixi qrammatika) ilə
ədəbi dil tarixi arasında birincinin "sistem"i,
ikincinin isə "norma"nı öyrənməsi
baxımından, doğrudan da, kəskin fərq vardır: hər
şeydən əvvəl ona görə ki,
"norma"nın tarixi olduğu halda, "sistem"in tarixi
yoxdur... Mifolinqvistikanın təqdim etdiyi "dil tarixi"
konsepsiyasına gəldikdə isə bu nəinki "tarixi
qrammatika" hüdudlarına sığmır, "dil
tarixi" barədəki ən geniş təsəvvürləri
belə arxada qoyaraq yeni miqyaslar (və metodologiya!) müəyyənləşdirmiş
olur... Lakin yeni paradiqma müəllifinin məsələyə
konseptual baxışının prinsiplərindən
çıxış etsək, anlamaq çətin deyil ki,
onun təqdim etdiyi mifolinqvistik diaxroniyanın özü də
sinxron epoxalardan - qatlardan ibarətdir... Ancaq həmin
qatların - epoxaların təsəvvürə gətirə
biləcəyimiz "mətn"ləri, heç şübhəsiz,
ədəbi dil tarixi mətnləri deyil.
XX əsrin
ortalarından meydana çıxan hər bir multidissiplinar
dilçilik sahəsində "dil və təfəkkür"
probleminə maraq ilk növbədə ondan irəli gəlir
ki, müasir dövr ümumən elmdə: a) müqayisəli-tarixi
və b.) sistem-strukturdan sonra geniş
yayılan; c) antroposentrik baxışlar və ya maraqlarla səciyyələnir.
Mifolinqvistikaya görə, "dilimiz təfəkkürümüzün
solğun inikasıdır... təfəkkürümüz istədiyimizin
özüdür, amma dilimiz istədiyimizin özü deyil.
Dilimiz təfəkkür kamilliyimizi olduğu
kimi təkrarlaya bilmir, itkilər baş verir, boşluqlar
yaranır". Və "təfəkkür
qatları ən dərindəki qatla - insanın ətraf
mühitdən, digər canlılardan özünü
ayırmağa başladığı primitiv qatla
başlayır".
Kamal
Abdulla təfəkkürün tarixinin birinci mərhələsini
belə təsəvvür edir: "Birinci dediyimiz ən qədim,
primitiv qat, əslində, dilin yaranmasının, vahidlərarası
münasibətlər qurulmasının ilk qatı, ilk mərhələsidir.
Günün başlanmasını şəfəqin
(dan yerinin) sökülməsi ilə başlayıb bu mərhələni
"dansökülən" mərhələ də
adlandıra bilərik. Bu qatda konkret münasibətlər
qurulur və müstəqim mənalar formalaşır... Bu qat
üçün bir ifadə vasitəsi və bir məna
aparıcıdır"... İkinci mərhələyə gəldikdə
"eyni məqamın başqa bir təsvir ifadəsi
(variantlar) özünü göstərməyə
başlayır... Mifoloji təsəvvür formalaşmağa
başladığı üçün qədim insan artıq
onun köməyindən istifadə edərək ətrafı
ilə daha rəngarəng münasibətlər qurur... Belə deyə bilərik ki, dil imkanlarının
inkişafı təfəkkürün inkişafından geri
qalır, onunla ayaqlaşa bilmir. Təfəkkür
yeni anlayışlar ortaya qoyduqca eyni zamanda onlar
üçün yeni formalar (adlar) icad etməyi də dildən
"tələb" edir. Dil bu
funksiyanı bütövlükdə yerinə yetirə bilmir və
gülməli səslənsə də, özünü "xəstəliyə
vurur". Özündəki köhnə
formaları yeni anlayışların ifadəsi
üçün istifadəyə buraxır".
Nəhayət,
dilə münasibətdə təfəkkürün
keçdiyi təkamül mərhələləri
aşağıdakı şəkildə spektrlənir:
"Əgər 1-ci, müstəqim qatda biz ancaq
invariantların əhatəsində olan icma üzvündən,
primitiv insandan danışa bilirdiksə, 2-ci, mifoloji qat
artıq variantların yavaş-yavaş üzə
çıxmağı ilə səciyyələnir.
3-cü, üslubi qat isə variantların
dominantlığını xarakterizə edir". Başqa
sözlə, "variant əgər müstəqim qatda
özünü heç cür göstərmirdisə və
meydan invariantların əlində idisə, 2-ci qatda invariantlar
gizli dünyaya baş vurub orada gizlənir və səhnə
önünə variantlar çıxırlar. 3-cü qatda invariantların axtarılıb
tapılması məsələsi daha da müşkülləşir.
Meydan tamamilə variantlara verilir".
Hər hansı yeni elmi istiqamətin əsaslandırılması
üçün bu cür ümummetodoloji (deduktiv) mülahizələr
hər nə qədər əhəmiyyətli olsa da, müəllif
bununla kifayətlənməyib sözügedən elmi istiqamətin,
bir növ, induktiv təqdiminə keçir ki, bu, dilin müxtəlif
səviyyələrində mifoloji təsəvvürlərin təzahür
imkanları, model və texnologiyalarından ibarətdir.
Fonetik-fonoloji səviyyədə mifoloji təzahürün
aşkarlanmasına "sinqulyar nöqtə"dən
başlanması barədəki müddəa yeni elmi istiqamətin
fəlsəfi prinsipləri baxımından heç də
qeyri-təbii görünmür. Və müəllifin
fikrincə, bu nöqtə elə bir üzvlənməyən
səs kompleksidir ki, "hər hansı təhlükənin
mövcudluğu ilə bağlı böyük bir informativ xəbərə
və yaxud digər qəbilə, icma üzvünün öz
yanına dəvətinə və yaxud hansısa hissin bildirilməsinə
(etirafa?) və yaxud hər hansı
başqa, həyat üçün vacib informasiyanın
ötürülməsinə bərabər ola bilərdi".
Burada da
iki qat, yaxud epoxa bir-birindən fərqləndirilir: "Əgər
ötürülən informasiyada forma mahiyyətə tam
uyğundursa, o zaman biz müstəqimlikdən
danışırıq... Əgər
ötürülən informasiyaya (yeni bir informasiyaya yox) əlavə
yük, yəni "deyəcək" varsa, deməli, biz artıq
mifologiya məkanına qədəm qoymuşuq".
Və
mifolinqvistikanın nəinki fonetik səviyyədə, əslində,
bütün dil səviyyələri üçün keçərli
olan universal bir mülahizəsi yenə də məhz
müqayisə üsulu ilə ortaya çıxır:
"Sinqulyar nöqtə öz içindən kainatı
doğura bildiyi kimi dil səviyyəsində (fonetik səviyyədə)
belə bir nöqtə (metaforik anlamda) öz içindən
normal dildə mətn boyda görükə biləcək
informasiyanı doğa bilər". Həmin müqayisənin
davamı olaraq belə bir mühüm müddəa gəlir
ki, "normal (ənənəvi) yanaşmada ən kiçik
vahid kimi səsdən başlayıb ən yüksək vahid
kimi qəbul edilən mətnə (mürəkkəb sintaktik
bütövə, diskursa, mikromətnə...) doğru dil fəaliyyəti
böyük bir yol keçib gedirsə, dilin qədim, primitiv
dövründə (hələ ayrıca sözün, cümlənin
formalaşdığı bir dövrdə) - mifoloji məkanla
dil məkanının birləşdiyi bir dövrdə əvvəl
ilə (sinqulyar səs ilə) axır (mətn) bir-birinin
içindəymiş kimi təzahür edir".
Səs-siqnalda variantların meydana gəlməsi və
invariant-variant münasibətləri mifolinqvistikanın fonetik
səviyyədəki zühurunda mühüm yer tutur. Səs-siqnal
özünün ilkin vəziyyətində
"çatdırılması vacib olan
çağırış-modeldir", başqa sözlə,
"məqsədli şəkildə yaradılan informasiya
modelidir" ki, ondan "səs- siqnalın variantları
yaranır və inkişaf edir". Mifolinqvistika müəllifi
"variant" ilə "üslub"u sözügedən
kontekstdə "eyni mənşəli anlayışlar"
sayaraq yazır: "Üslubun canı variantların peyda
olması ilə güc yığmağa başlayır. Amma üslubun ilkin (primitiv) çıxış vəziyyəti
invariantların iştirakı ilə müəyyənləşir".
Və belə bir müqayisə də mifolinqvistikanın
müvafiq anlayışlarını daha da dəqiqləşdirmək
baxımından az əhəmiyyətli
deyil ki, "invariantlarla variantların sonrakı münasibəti
yunan miflərindəki titanlarla yeni allahların münasibətinə
bənzəyir. Nəhayətdə, dil müstəvisində
də variantlar (yeni allahlar) qalib gəlir və invariantın
hakimi- mütləqliyinə son qoyulur". Həmin müddəa, bir tərəfdən, invariant
- variant münasibətlərinin "dialektika"sını
təsbit edirsə, digər tərəfdən, miflə dilin
funksiyalarındakı semiotik paralellik barədə müəyyən
məlumat verir.
Leksika, görünür, mifoloji təsəvvürlərin
ehtivası üçün ən münbit, zəngin və
müxtəlif mənaların "iyerarxiya" mürəkkəbliyi
ilə səciyyələnən dil səviyyəsidir.
Hər şeydən əvvəl ona görə ki, burada
söhbət dilin ən mütəhərrik, çevik vahidi
olan sözdən gedir... Ümumi qanunauyğunluq bundan ibarətdir
ki, invariantdan variantlara keçmə prosesində
"özünü xəstəliyə vuran", yaxud
özü özünə xəsislik edən dil "yeni
leksik vahid "icad" etmək istəmir, onun hələlik
sonlu lüğəti (bizim anladığımız "sonsuz
lüğət" dil inkişafının sonrakı mərhələlərində
formalaşır) bu hal üçün yeniliyin üzünə
qapalıdır. O, köhnə formadan istifadə etməyə
üstünlük verir". Və bu zaman dilin leksik-semantik səviyyəsində,
yaxud sferasında biri digərinə əks olan iki tendensiya
üzə çıxır: birincisi odur ki, söz mifoloji təsəvvürün
təsirindən uzaqlaşır; ikincisi isə odur ki, mifoloji təsəvvür
onu heç cür sərbəst buraxmaq istəmir. Və beləliklə, söz "dərin
qatlarında öz ilkin ruhunu (mifin xatirəsini) bu gün də
qoruyub saxlayır".
Leksikada mifoloji təsəvvürlərin əksi hər
bir xalqın ad vermə (adlandırma) ənənələrində
aydın şəkildə görünür. "Kitabi-Dədə
Qorqud"un görkəmli tədqiqatçısı
olan Kamal Abdullanın istər həmin mövzunun, istərsə
də təqdim etdiyi elmin başqa mövzularının şərhində
ardıcıl olaraq eposa istinad etməsi ona görə də həm
təsadüfi deyil, həm də son dərəcə
informativ, məzmunlu və məhsuldardır. Məsələn,
"adlandırmanın mənşəyi" belə izah
edilir: "... Dərindən düşünsək
görərik ki, Dədə Qorqud adı səssiz işarələr
vasitəsilə də yaradıb verə bilərdi. Deməli, adlandırmanın, bir növ, əsasında
səsli dil dayanır. Və ilk növbədə
adlandırma gəncin gördüyü işin, əməlin
birbaşa əks-sədası kimi səslənir. Buğaya qalib gəlmisənsə Buğac
adlanacaqsan. Ciyərli, beyrəklisənsə
(o qədim zamanlarda qorxmazlıq nümunəsi kimi "beyrəkli"
sözü daha işlək idi) adın Beyrək olacaq".
"Ad"la bağlı frazeoloji birləşmələrin
bütöv sistemini misal gətirən müəllif haqlı
olaraq göstərir ki, "bütün bu birləşmələr
müstəqimlik rejimində işləyir, onları biz o feillərin
birbaşa mənaları ilə bir qavrayırıq. Onlar bir-birilə təmasa
girdikdən sonra müstəqimlik qazanır, ilkin mənalarında
isə personəedilmiş şəkildə
çıxış edirlər"... Və nəticə
etibarilə, "daş atmaq" dövrünü "ox
atmaq" dövrü əvəzləyir...
Qeyd etmək lazımdır ki, bu məqamda
mifolinqvistikanın qənaətləri praqmalinqvistikanın,
xüsusilə onun inkişafında bu və ya digər dərəcədə
yeni mərhələ olan nitq aktları nəzəriyyəsinin
(Con Ostinin) məşhur müddəaları ilə səsləşir. Və bu
özünü, ilk növbədə, "söz-hərəkət
(iş)" münasibətlərinin məntiqi- linqvistik şərhində
göstərir. Əsas fərq isə ondadır ki, nitq
aktları nəzəriyyəsi məsələyə sinxron,
mifolinqvistika isə diaxron yanaşma təcrübəsi
nümayiş etdirir... Bu cür ideya-metodoloji səsləşmənin
bir sıra nümunələri də mifolinqvistika ilə
etnolinqvistika arasında müşahidə olunur...
Ümumiyyətlə, multidissiplinar dilçilik sahələri
arasındakı mövqeyinin möhkəmliyinin, əsaslılığının
nəticəsidir ki, mifolinqvistika həmin sahələrlə
kifayət qədər kəsişən mövzu, metod-üsul
və problemlərə malikdir.
Dilin sintaktik səviyyəsinə gəldikdə isə
o, "mifologiyaya digər dil səviyyələrindən daha
açıq məkandır. Çünki məhz
burada sinonimiya özünün maksimal həddinə
çatır". Cəsarətlə demək
olar ki, mifolinqvistika bir çox sintaktik hadisə, təzahür
və texnologiyaların kommunikativ-stilistik mahiyyətini
aydınlaşdırmaq üçün etibarlı metodoloji
potensialdan xəbər verir. Məsələn,
dildə "təkrar" adlandırılan hadisənin
"fəlsəfə"si barədə deyilir ki,
"primitiv insanın istədiyini edə bilməsi, edə bilməyəndə
anındaca unutması o uzaq cəngəlliklər
dövründə qaldı. Cəngəllikdən
(Təbiətdən) Mədəniyyətə keçid o zaman
başladı ki, istədiyini edə bilməyən insan onu
anındaca unutmadı. Edə bilmədiyi onun psixolojisini
sarsıtdı... O, unutmadığını kinə, nifrətə,
hirsə, bəlkə də sevgi cücərtilərinə
çevirdi və təkrar olaraq unutmadığını
(artıq unuda bilmədiyini!) yenidən reallaşdırmağa
çalışdı. Təkrar, əslində,
edə bilmədiyini yenidən etmək cəhdi oldu ki, nəticədə,
o (təkrar) həm həyatda, həm də dil qatında
aparıcı yer tutmağa başladı. İnsan
təcrübəsizliyi təkrarın anası kimi
özünü göstərdi. Çünki
təcrübəli olsaydı, o, zatən təkrara ehtiyac
duymazdı". Və şübhəsiz,
"cümlə səviyyəsində düşünülmədən
edilən və avtomatik təkrar halına uyğun gələn
məqam mifoloji dönəmin güclü əks-sədası
kimi özünü göstərir. Təkrar
edilən əvvəlki cümlənin
"hüsni-camal"ına vurulub onu təkrar etmək həvəsi
isə çox-çox sonralar, artıq 3-cü - üslubi
qatda baş verir".
Morfologiyanı
(dilin qrammatik formasını) sintaksis (dilin funksional- kommunikativ
təcrübəsi) doğurduğuna görədir ki,
"morfoloji səviyyənin elementləri, xüsusilə
morfonoloji elementlər mifologiyanın sanki boşluğa
açılmış ağzıdır (xaos- ?)
. Onlar daha çox mifoloji məxluqları
- kentavrları, təpəgözləri, sfinksləri, simurq
quşlarını xatırladır". Sintaksisin
morfoloji "reliktləri" barədəki qənaət isə
mifolinqvistikanın çoxsaylı kəşflərindən
biridir desək, yəqin ki, yanılmarıq: "Morfoloji
elementlər olan nidalar, təqlidlər, əvəzliklər və
başqaları çox asanlıqla fonoloji və fəlsəfi
element (əslində, fenomen! - N.C.) olan sinqulyar səsi xatırladır".
Mifolinqvistika,
ilkin olaraq, belə bir nəticəyə gəlir: "Mifoloji
səsdən mifoloji şəkilçiyə, mifoloji şəkilçidən
mifoloji sözə, mifoloji sözdən mifoloji cümləyə
və mifoloji cümlədən mifoloji mətnə!
Yuvarlaqlaşdırsaq, mifoloji səsdən mifoloji mətnə!
Aydındır ki, bu müxtəlif vahidlərin
hamısını özünəaid diskurs müşayiət
edəcək. Bütün dilçilik çabaları,
bütün dil fəaliyyəti bunların arasında! Amma deməmək
mümkün deyil ki, sinqulyar səs də, sonsuz lüğət
də, sonsuz mətn də, mifoloji aspektdən diqqətlə
baxdıqda, adamın gözünə eyni cür
görükür - eyni biçimdə, eyni gücdə və
eyni missiyada!". Bu isə o
deməkdir ki, "dilimiz olmasa, mifologiya olmaz; mifologiya olmasa,
dilimiz ayaq üstə dura bilməz".
Yeni yaranmış bir multidissiplinar dilçilik sahəsinin
mövcud (və əlaqədar) sahələrlə münasibətlərini
tənzimləməsi cəhdləri bir də ona görə
tamamilə təbiidir ki, həmin cəhdlər yeni sahənin
özünəməxsus mövzu-problemlərinin
hüdudlarını müəyyənləşdirməklə,
onun müstəqil yaşamaq hüququnu təmin etmiş olur. Və əlbəttə,
mifologiya "dil bilgimizin canına özü ilə bərabər
psixoloji, sosioloji, fəlsəfi, tarixi düşüncələrin
konkret məqamla bağlı kvintesensiyasını uyğun
anlayışları və uyğun ritorikanı gətirə
biləcək".
Multidissiplinar
dilçilikdə yeni paradiqma müəllifinin üslubu da
olduqca kəsərlidir: suallar qoyulur, cavablar verilir, özünəməxsus
polemik ovqat, mühit yaradılmaqla hər bir yeni
anlayışın məzmun-mündərəcəsi
mümkün qədər dəqiqləşdirilir. Və nəticə etibarilə, doğrudan da,
müstəqil bir elm sahəsinin həm müasir
hüdudları, həm də gələcək perspektivləri
müəyyənləşdirilir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.6-7.