Təmiz vicdanla keçmiş ömür  

 

Hüseyn Abbaszadə -100

 

Azərbaycan ədəbiyyatının ən məhsuldar qələm sahiblərindən biri kimi Hüseyn Abbaszadənin adını çəksək, yanılmarıq. Hüseyn Abbaszadə 50-ci illər pleyadasının nümayəndəsidir. Yaradıcılığa nəzmlə başlamış H.Abbaszadə 1958-ci ildə nəsrə keçid etmiş, epik növün müxtəlif janrlarında əsərlər yazmışdır. Ədəbi mühitin içində olan, yetəri qədər tanınan, sevilən, hörmət edilən H.Abbaszadənin yaradıcılığı rəsmi dövlət təqdirini qazanmış, qiymətləndirilmişdir.

50-ci illər nəslinin nümayəndəsi olduğu üçün ona yalnız sovet dövrü yazıçısı kimi yanaşmaq yanlış olardı. Çünki onun nəsr yaradıcılığı 1958-2005-ci illəri əhatə edir. 47 ili əhatə edən bu irsə müraciətdə, əfsuslar olsun ki, müəyyən dövrlərdə durğunluq müşahidə olunmuşdur. Təəssüf ki, bu problem təkcə H.Abbaszadə yaradıcılığında deyil, 50-ci illər nəslini təmsil edən bir çox başqa nasirlərin yaradıcılığında da özünü göstərir. Milli ədəbiyyat tarixinin öyrənilməsi, ədəbi irsin mənimsənilməsi baxımından H.Abbaszadə və onun kimi ədəbiyyat fədailərinin araşdırılması, yaradıcılıqlarına müraciət vacibdir.

H.Abbaszadənin bədii nəsrinə nəzər yetirdikdə müxtəlif mövzulara onun özünəxas şəkildə, bədii ustalıqla yanaşdığının şahidi oluruq. Bu mövzular real həyatla birbaşa bağlı olmaqla yanaşı, milli, mənəvi, ictimai, qlobal, iqtisadi, siyasi, sosial problemləri özündə əks etdirir. H.Abbaszadə insanların fəaliyyətini, məişətini, dövrün mənzərəsini təkcə bədii nəsr nümunələrində deyil, memuar və publisistik yazılarında da real boyalarla təqdim edə bilmişdir. Nasir əsərlərində yalnız xalqın həyatını təsvir etmir, vətən və millətlə bağlı düşüncələrini də ifadə edirdi. Sovet dövründə qələmə aldığı ədəbi-bədii nümunələrdə dövrlə bağlı sosial-siyasi baxışlar özünü göstərsə də, bu hal yaradıcılığındakı milli düşüncənin inkişafına mane olmurdu. Əksinə, milli sənətkar mövqeyində dayanaraq millilik ünsürlərini yaradıcılığının mahiyyətində ifadə etməyi bacarırdı.

Təbii olaraq H.Abbaszadə yaradıcılığına münasibət birxətli olmamış, onun sənəti müxtəlif aspektlərdən təhlil obyektinə çevrilmişdir. Hələ sovet dövründə Yəhya Seyidov "Müasirlik yazıçının devizidir" (1968), "Müasirlik duyğusu" (1971), Hidayət Əfəndiyev "Tükənməz ilham çeşməsi" (1970), İmamverdi Əbilov "Uşaqlar üçün böyük ədəbiyyat yaradaq" (1970), "Təmənnasız xeyirxahlıq dastanı" (1985), Məmməd Rahim "Maraqlı əsər" (1971), Bəkir Nəbiyev "Böyük sərkərdənin bədii surəti" (1971), "Böyük Vətən müharibəsində Azərbaycan ədəbiyyatı" (monoqrafiya, 1977), Süleyman Rəhimov "Əlvanlıq uğrunda" (1971), İsmayıl Şıxlı "Müharibə və insan" (1980), Məmməd Cəfər Cəfərov "Ürəkaçan əsərlər, səslər" (1982), Akif Hüseynov "Taleyə çevrilən illər" (1982), Bəxtiyar Vahabzadə "Xahiş"in bəlası" (açıq məktub; 1982), Süleyman Rüstəm "Şairin nasir haqqında sözü" (1982), Kamal Abdullayev "Ötən illərin mənası" (1983), Vaqif Yusifli "Çəmbərəkənd balladası" (1983), Rəhim Əliyev "Ömrün sınaqları" (1985), Zaman Əsgərli "Təmizliyin təntənəsi" (1985) və b. onun yaradıcılığına aktiv münasibət bildirmişlər. Bu münasibət SSRİ-yə daxil olan digər xalqların nümayəndələri tərəfindən yazılan məqalələrdə də - S.Lukyanov "Nravsvennaya aktivnost geroya" (1976), İ.Tretyakov "Urok drujbı" (1976), M.Xolmoqorov "Pozitsiya soldata" (1976), V.Boquslavski "Obyatı pafosom vospitaniya" (1977), A.Safronov "Nravstvennıy vzqlyad pisatelya" (1978), Y.Lukin "Sovremennost diktuyet temu" (1979),  M.Pleskaçevski "Qrani bolşoqo talanta" (1982), L.Kayumov "Müasirlik duyğusu" (1982), Y.Loxviçki "Qrani sudeb ludskix" (1983) və s. görünür. Sovet dövrünü əhatə edən bu yanaşmaların bir çoxunda, təbii olaraq, H.Abbaszadənin bədii nəsri sosrealizm çərçivəsində təhlil edilmişdir.

Müstəqilliyimizin bərpasından sonrakı illərdə də H.Abbaszadə yaradıcılığına müəyyən münasibət olub: Tofiq Hacıyev "Nəsrin böyük rütbəli sənətkarı" (2002), Dəyanət Bayramov "Nəsrimizin "general"ı" (2002), Hacı Ağəddin Mansurzadə "Sənətkar xoşbəxliyi" (kitab; 2007), Vaqif Yusifli "Bizim Hüseyn müəllim" (2007), "Altmış beş il ədəbi aləmdə" (2012), "Yada düşür xatirələr" (2017), Təranə Məhərrəmova "Ədəbiyyatın ağsaqqalı" (2010), Məhəmməd Nərimanoğlu "General"la qazanılan şöhrət" (2012) və s. Amma bu illərdə onun yaradıcılığına münasibətin kəskin azaldığı aşkar şəkildə görünür. Bu təkcə onun yaradıcılığı ilə bağlı deyildi. Buna səbəb kimi keçid dövrünün çətinliklərini, Birinci Qarabağ müharibəsini, dəyişən dünyanın qanunlarını, sovet dövrü yazıçılarına birtərəfli yanaşmanı göstərə bilərik.

Amma H.Abbaszadənin yaradıcılığı monolitliyi, ekspressivliyi ilə bu rupora sinə gərə bildi. Çünki o, sözün əsl mənasında, müasir yazıçıdır. Vaqif Yusifli 2007-ci ildə "Ədəbiyyat qəzeti"ndə nəşr etdirdiyi "Bizim Hüseyn müəllim" məqaləsində yazır: "Hüseyn Abbaszadə müasir yazıçıdır və mən bu kəlməni işlədərkən müasirliyi təkcə müasir mövzuda yazmaq kimi dərk eləmirəm. Müasirliyi onun təsvir etdiyi hadisələrə məhz yeni düşüncə tərzi ilə yanaşmasında, gördüyünü, müşahidə etdiyini və qələmə aldığını yüksək sənətkarlıqla canlandırdığında görürəm. Elə bir əsər ki, təkcə konkret bir dövrün əhval-ruhiyyəsini, ictimai, yaxud mənəvi mənzərəsini əks etdirməklə məhdudlaşmasın. Bu gün də həmin əsərləri oxuyanda bu gün üçün nəsə tapaq".

Məhz H.Abbaszadə əsərlərinin müasir ruhu onların hansı dövrdə yazılmasından asılı olmayaraq, bu gün də sevilməsinə səbəb olur. Sevindirici haldır ki, uzun fasilədən sonra H.Abbaszadə yaradıcılığına yenidən qayıdış müşayiət olunur. Belə ki, 2017-ci ildə "Barıt iyi" hekayəsi ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün "Ədəbiyyat" dərsliyinə daxil edildi, 2018-ci ildə "Kəpəz" nəşriyyatı tərəfindən "Hardansınız, müsyö Abel?" əsəri Elvin Abbasbəylinin tərcüməsi ilə "Vous e`tes d`ou`, Monsieur Abel?" fransız dilində çap edilərək  Strasburq şəhərində "ayın best-selleri" oldu. 2019-cu ildə isə povest "Xan" nəşriyyatı tərəfindən latın qrafikası ilə ana dilində yenidən nəşr edildi. (Hər iki nəşriyyat tərəfindən əsərin janrı roman olaraq qeyd edilsə də, haqqında danışdığımız əsər H.Abbaszadənin 1977-ci ildə nəşr olunmuş "Seçilmiş əsərləri"nin 2-ci cildində povest kimi təqdim edilmişdir). H.Abbaszadənin nəvələrinə həsr etdiyi 1986-cı ildə nəşr olunmuş "Nərgizlə Nigarın nağılları" kitabı 2021-ci ildə ilk dəfə latın qrafikası ilə Azərbaycan və ingilis dillərində yenidən nəşr edildi. Son olaraq 2022-ci ildə "General" romanı ədibin yubileyinə töhfə olaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikası ilə nəşr edilərək oxucuların, H.Abbaszadə sevənlərin istifadəsinə verildi.

Müxtəlif mövzuları özündə birləşdirən H.Abbaszadənin bədii nəsri mövzu və quruluşca bir-birini təkrarlamayaraq standart xarakter daşımır. Bitkin forma xüsusiyyətlərinə malik nəsrində dəqiq seçilmiş predmet, yekdil yazıçı mövqeyi, hadisələrə rasional və emosional münasibət əsərlərinin bədii tutumunu təşkil edir. Buna görə də onun əsərləri dəyişən dövrdə də öz çəkisini qoruyur.

H.Abbaszadə bir çox qəzet və jurnalın redaksiya heyətində çalışmış, onların ərsəyə gəlməsində xidməti, zəhməti olmuşdur. Belə ədəbi orqanlardan biri də "Ədəbiyyat və incəsənət" qəzeti idi. 1966-1971-ci illərdə redaktoru olduğu qəzetin onun həyatında xüsusi rolu vardır. Görkəmli alim Tofiq Hacıyevin vurğuladığı kimi, "H.Abbaszadə "Ədəbiyyat və incəsənət" qəzetində də döyüşçü kimi redaktorluq etdi. Sovet imperiya senzurasının Domokl qılıncının altında Azərbaycançılıq ideyası onun qəzetində bəhrə verirdi". Doğrudan da, "Ədəbiyyat və incəsənət" qəzeti H.Abbaszadəyə, H.Abbaszadə də "Ədəbiyyat və incəsənət" qəzetinə varlığı ilə bağlı olub. Qəzetlə əlaqələrinin hələ orta məktəb dövründən olduğunu H.Abbaszadə belə xatırlayırdı: "Hələ orta məktəbdə oxuyanda ədəbiyyat həvəskarı kimi "Ədəbiyyat qəzeti"ni müntəzəm izləyib, çağdaş yazıçılarımızın çoxunu onun vasitəsilə tanımışam, ədəbi yeniliklərdən xəbər tutmuşam. Bu xeyirxah işdə o, minlərlə ədəbiyyatsevərin əsl bələdçisi olub".

H.Abbaszadənin qayğı, borc və məsuliyyətlə qələmə aldığı hər bir əsərində xalqına, millətinə məhəbbətini, ehtiramını görürük. Müharibə mövzusu onun yaradıcılığında ana xəttini təşkil edir. Düşünürəm ki, müharibədən yazmağa ən çox haqqı çatanlardan biri H.Abbaszadə idi. H.Abbaszadə ömründə iki müharibənin şahidi, iştirakçısı olmuş, fiziki və mənəvi olaraq onun bütün ağrılarını yaşamışdır. H.Abbaszadənin qızı İradə Abbaszadənin də qeyd etdiyi kimi, "O, müharibənin sadəcə iştirakçısına çevrilməmiş, sözün həqiqi mənasında o illərin qanlı hadisələrinin, orada gördüyü insanların psixologiyasının fəal bir seyrcisi olmuşdur".

H.Abbaszadəyə ən çətin gələn isə Birinci Qarabağ müharibəsi idi. 90-cı illərdən H.Abbaszadə nəsr yaradıcılığına az müraciət etməyə başlayır. Daha çox mətbuatda publisistik yazılarla görünür. Bu dövr onun yazılarının əsas mövzusu Birinci Qarabağ müharibəsi, millətin mənafeyinin qorunması idi. Qarabağ dərdi onu ömrünün sonuna kimi rahat buraxmır. H.Abbaszadənin "Azərbaycan" jurnalının oxucularının suallarını cavablandırarkən söylədiyi fikirlər onun yaralı qəlbindən gəlirdi: "Dərdsiz, kədərsiz insan olmur. İntəhası birinin dərdi, kədəri çox olur, birininki az. Mən uşaqlıqdan dərd, kədər, sıxıntılar içində böyümüşəm. Gəncliyim cəbhələrdə keçib, neçə dəfə ölümlə üzləşmişəm, dərdin, kədərin nə olmasını yaxşı bilirəm. Amma heç zaman, heç bir hadisə məni qondarma Dağlıq Qarabağ problemi kimi sarsıtmayıb, dərdə salmayıb".

Bu il H.Abbaszadənin 100 yaşı olur. Və biz qalib ölkənin yazıçısı kimi onun 100 yaşını qeyd edirik. Düşünürəm ki, H.Abbaszadə və onun kimi bu dərdlə dünyadan köçən ədiblərimizin ruhu bu gün şaddır. Çünki Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində qələbə çaldı, cəmi 44 gün ərzində 30 il düşmən işğalı altında olan torpaqlarımızı azad etdi.

Vaqif (Vaqif Yusifli - A.H.) müəllimin vurğuladığı kimi, "unuda bilmərik Hüseyn Abbaszadəni". Çünki təmiz vicdanla yazıb-yaratmış bir sənətkar unudula bilməz.

100 yaşın mübarək, Hüseyn müəllim!

100 yaşın mübarək, qalib ölkənin yazarı!

 

Aygün Heydərova

ADPU-nun doktorantı

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.9.