Azad Yaşar: şair və tərcüməçi
obrazı ilə
Azad Yaşarın "Hamı
və Heç kim" (2003), "Konsept" (2016) adlanan iki şeir kitabında
müxtəlif illərdə,
o cümlədən poeziyaya
gəldiyi 1980-ci illərdə
yazdığı şeirləri
toplanmışdır. Şairin poetik
üslubunun fərdiliyini
səciyyələndirən amilləri görməyə
bu şeirlər kifayət qədər
material verir. Maraqlı və
mühüm olan nədir? Azad Yaşarın hər iki epoxada dəyişməyən
şair "mən"i,
təbəddülatlı ruh
halı. Bədbinlik və
ondan çıxış,
zülmət və ondan qaçış nöqtələri axtarmaq
və tapa bilmək bu şeirlərin özünü
də keçid ovqatının atmosferində
təhlil edilməyi labüdləşdirir. Nə mənada?
Azad Yaşarı sovet epoxasının hakim olduğu illərdə bədbin, dalğın notlardan, minor motivlərdən
çıxış edən
görürük. Buna
səbəb şair həqiqətləri ilə
zaman gerçəklərinin
toqquşmasıdır. Müəllifin daha çox
adiliklərə, həyatın
bozluqlarına diqqət
yönəltməsi, gerçəkləri
rəngsiz təqdim etməsi incə məqamları sezmək üçün açıq
kitab səciyyəsi daşıyır. Bu şeirlərdə sözlərdəki
təsirdən çox,
sətirlər və sözlər arasındakı
boşluqlarda yer almış ağrının
təsir gücündən
danışmaq lazım
gəlir. Şairin
1982-ci ildə yazdığı
"Kədər dağları"
şeirinə diqqət
edək:
Dağlara qar yağıb.
Dağlar uyuyur qar altında.
İstidə.
Onlardan qat-qat ucadır
sinə dağlarım -
nə qədər qar yağsa örtməz.
Sinəmə çəkilənlər
adi dağ deyil -
qar altda yatmaz.
Soyuqdan donacaqlar zavallılar!
Adi danışıq
ritmi üzərində
qurulan və insanın təbii əhval-ruhiyyəsindən hasilə
gələn bu şeirlərdə dünya,
həyat işləkləri
və obrazın ruhi vəziyyəti arasında bağ yaradılır. Amma bu kədər,
ağrı hər şeyin sonu, ümidsizlik kimi mənalanmır. Bütün hallarda dayaq
nöqtəsi tapılır,
fikrin özünün
daxili enerjisi hesabına duyğu və zəkanın arasındakı kontrast, psixoloji maneə dəf edilir. "Zülmətdən işığa
keçid" (1985) şeirində
olduğu kimi:
Qaranlıqda yazdığım şeir
əl havasına yazdığım şeir
ağ qoçla qara qoçun davasına
yazdığım şeir
fikrimin işığında
yazıram səni.
İşıqda yazıram səni.
Azad Yaşarın şeirləri
ilk növbədə, sərbəst
şeiri yalnız
forma zəmini ilə qapamaq anlayışının
səhv qənaət olduğunu isbatlamaqla bərabər, məzmun çalarlarında mövcud
olan axtarışları,
tutumlu ifadə vasitələrini, obrazlı
təxəyyül dərinliyini
poeziyanın aparıcı
amilinə çevirmək
prosesində əyani nümunə olaraq iştirak edir. Həm də sənətin ali missiyasına
- ümidi və işığı qoruyub
saxlaya bilmək meyarına sadiq qalaraq! Şeirlərinin biri elə belə
də adlanır Azad Yaşarın - "Təbəssüm
missiyası"! Çünki
ən dərində itib qalmış şair misralarının belə bir gün
diriləcəyinə, ehya
tapacağına inanır:
Beynim itkin misralar
Ağ kağızın işığına
çıxara bilmədiyim
Qərib fikirlər məzarlığıdır.
İntizarla
bir Məhşər
gününü gözləyirəm.
Azad Yaşar poetik
təxəyyülünün enerjisini müəyyən
sədlərlə qapamamağa
cəhd edir, ifadəliliyin bütün
imkanlarından yararlanır,
assosiasiyaların aniliyini,
təbii axarını
maksimum saxlamağa çalışır.
Sərt və ekspressiv
rənglər, qeyri-adi
epitet və təşbehlərlə işləyən
Azad Yaşarın şeirlərində
emosionallıq və gərginliyin arxa plana keçirilməsi bəlkə də müəllifin düşünülmüş
orijinallıq yaratma cəhdinə görə baş tutur. Baxmayaraq ki, bu şeirlərdə çiçəklərin dərilib
qoxlanmasına ("Çiçəklərlə
nəzakətli davranış
qaydaları"), yol qırağında mürgüləyən
dilənçiyə ("Qarşıdakı
ümidsizlik"), maşın
qəzasında həyatını
itirən insanların
faciəsinə ("Avtomobil
qəzası") ağrıyacaq
qədər həssas
bir qəlbin üzüntüsü hiss olunur:
Belə
danışıb gülməyimə
baxmayın
siz məni axşamüstüləri
uşaq kimi evimiz üçün
anamın üzü,
atamın səsindən
ötrü
köyrələndə görün
-
tanımazsınız məni,
tanımazsınız vallah
(amma özümə
nə qədər bənzəyirəm onda)
***
Azad Yaşar peşəkar tərcüməçidir, bu
sahədə sistemli və uğurlu xidmətləri var. O, postmodernizm
ədəbi cərəyanının
ədəbiyyatımızda intişar tapmasında
xidməti olanlardan biridir. Azad Yaşar
bunu həm şeirləri, postmodernizmin
mahiyyətini elmi-nəzəri
aspektdən təhlil edən yazıları, həm də tərcümə etdiyi yazıçıların mətnləri
vasitəsilə gerçəkləşdirmişdir.
Bütünlükdə Azad Yaşarın tərcümə arealı
zəngin və çoxcəhətlidir. Türk
dünyasının irfan
aləmindən tutmuş
dünya Avropa ədəbiyyatının tanınmış
yazıçılarının nümunələrinə qədər:
"Postmodern rus ədəbiyyatı"
(tərcümə antologiyası)
(2006), Mövlanə Cəlaləddin
Rumi "Məsnəvidən
seçmələr).( I-II nəşr,
2007), "Çin mədəniyyəti"
(2008), Əhməd Həmdi
Paşa "Missioner" (2008), Erik-Emmanüel Şmitt "Müsyö İbrahim və "Quran" çiçəkləri"
(2015), "YAHU. Sufizm, Dao, Dzen hekayətləri"
(2018), Cavad Nurbaxş
"Sufi yolu barədə
söhbətlər" (2019), Fyodor Dostoyevski "Gizlindən qeydlər" (2021) və
s. Adları istənilən
qədər uzatmaq olar. Ən azı, "Ədəbiyyat
qəzeti"nin oxucuları hər həftə Azad Yaşarın
tərcümə etdiyi
maraqlı mətnləri
izləyərkən onun
dünya ədəbiyyatının
ən maraqlı müsahibə, məqalə
və poetik nümunələrini necə
böyük əzm və səriştə ilə dilimizə çevirdiyinə şahid
olurlar. Əsas amil həm də budur ki,
bu tərcümələr
müəyyən bir sistemliliklə hasilə gəlir. Mənəvi dünyanın arınmasına,
insan ruhunun təmizliyinə, qlobal ahəngə, əxlaq və düşüncə
bütövlüyünə, sənət və yaradıcılıq problemlərinin
dərkinə xidmət
edən nə varsa bu düzənin
içindədir. Həqiqi estetik duyum və
zövqün nəticəsi
olaraq bədii tərcümə mətni
kimi seçilən bu nümunələrin əsas özəlliyi də bundadır: kosmoloji dərinlik ölçülərini ehtiva
etməsində. Bu missiyanı çiyinləri
üzərində daşımaq
yaradıcı insan üçün hər zaman məsuliyyətli işdir. Amma sevgi və təəssübkeşlik duyğusu
varsa, lazım gəlsə Atlanta çevrilmək
olar. Əbədiyyətə aparan yolun, sehrbaz kimi ən
uzaq zamanı, keçmişi bizə gəstərən sənətin,
tarix və təbiətlə həmmüəllif
olan yaradıcılığın
mistik sehri və gücü də bu amilə
bağlıdır.
Nəhayətsiz Sizif əməyini
yada salsa belə...
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.-
26 noyabr.- S.8.