Yaşımız və
"Baş"ımız
Bakı Şəhər Bələdiyyə Teatrının 30 illik yubileyi ilə bağlı qeydlər
Birinci hissə
Bilinməyir yaşın sənin
Noyabrın
15-də Milli Teatr özünün qeyri-adi günlərindən
birini yaşadı - onun səhnəsində Bakı Şəhər
Bələdiyyə Teatrının 30 illik yubileyi münasibətilə
Xalq yazıçıları İlyas Əfəndiyevin
"Qarabağnamə" və Elçinin "Baş" əsərlərinin
səhnələşdirilməsi əsasında, rejissor Mərahim
Fərzəlibəyovun quruluşunda "Ürəyim
Şuşada qaldı" tamaşası göstərildi.
Bu, otuz il
öncə Milli Teatrı tərk edərək Bələdiyyə
Teatrını yaradan və 25 ildən artıq, yəni ta
dünyasını dəyişənəcən ona uğurla
başçılıq edən unudulmaz səhnə ustası,
milli teatr sənətimizin yenilikçisi, professor, sənətşünaslıq
doktoru, Xalq artisti Amaliya xanım Pənahovanın doğma
teatrın səhnəsinə ikinci dönüşü idi. Böyük aktrisa birinci dəfə bu səhnəyə
2019-cu ildə - əbədiyyət evinə köç edəndə
dönmüş, onun gül-çiçəyə qərq
olmuş nəşi bu səhnədən
götürülmüşdü. İndi
isə o, tək deyildi - doğma səhnəyə öz yetirmələri
olan aktyorların rol aldığı tamaşayla, bütöv
bir heyətlə, əsl sənət kraliçası kimi
qayıdırdı. Çoxsaylı dövlət, ədəbiyyat
və incəsənət adamları, mətbuat işçilərinin
qatıldığı yubiley tamaşası istər Amaliya
xanımın vaxtsız vəfatından doğan hüzn, istərsə
də tamaşanın tragik məzmunundan irəli gələn
kədərə baxmayaraq, Milli Teatra bayram ovqatı
yaşadırdı. Tutqun, qaşqabaqlı bir
payız günü ana teatrımıza sanki bahar gəlmişdi,
neçə illik ayrılıqdan sonra onun sevimli övladı
geri dönmüşdü. Tamaşadan öncə səhnəyə
qalxıb, zaldakılarla ürək sözlərini
bölüşən millət vəkilləri Rafael
Hüseynov və Qənirə Paşayeva, Xalq artistləri Mərahim
Fərzəlibəyov, Həmidə Ömərova və
Hacı İsmayılov, Əməkdar artist Suğra
Bağırzadə, Əməkdar incəsənət xadimi
Abdulla Qurbani və digərlərinin çıxışlarında
hüzn, nisgil qarışıq sevinc duyulurdu.
Üstündən
30 il keçsə də, hər şey elə
bil dünən olub. Biz, yəni o vaxtın tələbə
gəncləri Amaliya xanımın Milli Teatrdan getmək xəbərini
eşidib məyus olmuşduq. Təkcə
aktrisaya görə yox, həm də tamaşaçılara görə
- indi onlar kimin Medeyası, Nərmini, Təhminəsi, Mehrisi,
Nigarına baxacaq, ana teatrımızın qapısını
kimin adıyla döyəcəkdilər? Amaliya
xanım dövrün rəmzinə çevrilən sənətkarlardan
idi, onun gedişiylə, elə bil ki, bizim zamanımız, gəncliyimiz
də gedirdi. Və həm də teatra görə -
çoxsaylı və kifayət qədər istedadlı
aktrisalarına baxmayaraq, bu gedişdən sonra teatrda boşluq
yarana bilərdi! Düzdür, ona qədər də səhnəmizdə
Mərziyə Davudova, Fatma Qədri, Barat Şəkinskaya,
Hökümə Qurbanova kimi bütün varlığı ilə
teatra bağlı, keçmiş Ümumittifaq miqyasında
tanınan və sevilən korifey sənətkarlar olmuşdu,
amma Amaliyanın teatr vurğunluğu bir başqa idi və o,
bu sənət fədailərinin sonuncusuydu. Ondan sonra bir də
bu miqyas, bu temperament, bu tembr, bu amplua(sızlıq)da
aktrisa meydana çıxmadı. Amaliya xanım
sənətin canlı təcəssümü idi, özü
bir teatr idi və könül də candan
ayrılardımı?
Amma o
ayrıldı! İllərlə sürən gərginlik,
qarşıdurma, qısqanclıqdan bir gün sadəcə
usandı! Ürəyinin bir
parçasını kəsib atmaq bahasına olsa da, ilk dəfə
tamaşaçı qarşına çıxdığı,
gül-çiçək yağışına,
tamaşaçı alqışına, gülüş və
göz yaşlarına qərq olduğu, otuz ilə yaxın
çalışdığı doğma teatrı tərk elədi.
Mehrinin fəryadı, Nigarın hiddəti, Nərminin
üsyanı, Təhminənin romanını da Milli Teatrın
səhnəsində qoyub getdi! Təkcə
Medeyanın yerə-göyə sığmayan etirazı, hər
şeyin üstündən keçməyə qadir məhəbbəti,
qətiyyətini özüylə götürdü. Bu məhəbbət,
bu qətiyyət yeni yaradacağı Bakı Şəhər
Bələdiyyə Teatrının ilk addımlarının
atılmasında ona güc verəcəkdi! Və
respublikamızda ilk bələdiyyə teatrının pərdəsi
fransız dramaturqu Jan Anuyun "Medeya" faciəsi əsasında
rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi
eyniadlı möhtəşəm tamaşa ilə 1992-ci ildə
açıldı.
Əsl sənətkarın taleyi mənsub olduğu
xalqın tarixi taleyi ilə üst-üstə
düşür. Amaliya xanım da öz sənətkar
ömrünün Qarabağ savaşı dönəmini
yaşayırdı. Hələ on dörd il öncə
- 1978-ci ildə görkəmli dramaturq İlyas Əfəndiyevin
"Xurşidbanu Natəvan" tarixi dramındakı Natəvan
obrazı ilə o bu savaşı tarixən və səhnədə
yaşamışdı, indi isə bu savaş
çağdaşlıq keyfiyyəti qazanır və
birbaşa onun həyatına yansıyırdı. Təsadüfi
deyil ki, teatrın yaradılmasının ilkin dönəmiylə
bağlı bütün çətinlikləri aktrisa ilə
birlikdə onun ömür-gün yoldaşı, görkəmli
sənətkar və əvəzsiz insan, Xalq artisti Yusif Muxtarov
da çəkdi, həyatının (və həyatımızın)
o gərgin, qarmaqarışıq, təbəddülatlı
illərində Amaliya xanıma sözün bütün
anlamlarında dəstək oldu.
Öz
teatrını yaratmaq ideyasını ona ümummilli lider Heydər
Əliyev cənabları verdi və böyük sənət
hamisinin xeyir-duası yeni kollektivə uğurlar gətirdi,
özünəməxsus repertuarı ilə seçilən
bir teatr meydana gəldi: J.Anuyun "Medeya", İlyas Əfəndiyevin
"Xan qızı", Axundovun "Mürafiə vəkillərinin
hekayəti", C.Cabbarlının "Dönüş",
Oqtay Altunbayın "Tomris", Elçinin "Diaqnoz D",
Nərimanovun "Nadir şah", Cəlil Məmmədquluzadənin
"Ölülər", Anarın "Qaravəlli",
Mövlud Süleymanlının "Bəylik dərsi",
Nazim Hikmətin "Tənha qadınlar", Şillerin "Məkr
və məhəbbət", Abdulla Qurbaninin "Türk
sancağı", Rauf İçərişəhərlinin
"Vətənə igidlər gərəkdir", Məhəmməd
Əsəd bəyin "Əli və Nino"su... Teatr Oruc
Qurbanov, Ələkbər Kazımovski, Bəhram Osmanov,
Rövşən Almuradlı, Mərahim Fərzəlibəyov,
Zirəddin Tağıyev, Hafiz Fətullayev, Elvin Mirzəyev
kimi fərqli düşüncəyə malik rejissorları əməkdaşlığa
cəlb etməklə üslubi yöndən rəngarəng
tamaşalar nümayiş etdirdi.
Ən çətini yox yerdən qısa müddətdə
truppa yaratmaq idi və bu işin öhdəsindən yalnız
Amaliya xanım kimi böyük entuziazma, dəmir iradəyə
malik sənət fədaisi, səhnə aşiqi gələ
bilərdi. Gəldi
də - İncəsənət Universitetindəki tələbələrindən
tutmuş, yaşları ilə bağlı işlədikləri
teatrlardan uzaqlaşdırılan Sofa Bəsirzadə, Məhluqə
Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova, Muxtar Avşarov kimi
qocaman sənətkarları bir araya yığaraq, spesifik
siması, özünəməxsus yaradıcılıq dəst-xətti
olan kollektiv araya-ərsəyə gətirdi. Bu gün
teatrın Rafiq İbrahim, Əfqan Soltanov, Əhməd Salahov,
Firəngiz Babayeva, Hüsniyyə Mürvətova,
İsmayıl Atakişiyev, Aydın Əliyev, Tural Əhməd,
Gülsabah Quliyeva, Təzəgül Məmmədova, Toğrul
Rza, Mahirə Yaqubova, Zülfiyyə Qurbanova, Tural Baxış
və digər aktyorları geniş tamaşaçı
auditoriyası tərəfindən yetərincə
tanınır və sevilir.
Doxsanıncı
illərin birinci yarısı yaddaşıma iki sözlə
daxil olub - soyuq və qaranlıq! Əsrin qış fəsli
idi! Bu soyuqda teatr yaratmaq çoxsaylı, bir-birini dabanqırma
izləyən hakimiyyət çevrilişlərindən, vətəndaş
müharibəsi təhlükəsindən, müharibədən,
yurd itkisindən, minlərlə şəhid verməkdən,
güzəran sorunlarından sabaha inamını az qala itirən xalqın qəlbinə hərarət
gətirmək demək idi! Bu qaranlıqda sənət
ocağı yaratmaq tamaşaçının ürəyində
ümid işığı yandırmaq demək idi! Natəvanın
final monoloqunda dediyi kimi, teatr bu əzablı yolları xalqla
birlikdə keçməliydi və keçdi də! Bu yollar ölkənin müxtəlif yerlərindən,
Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Yunanıstanda geniş
tamaşaçı auditoriyası qarşısında göstərilən
tamaşalardan, beynəlxalq festivallarda qazanılan sənət
qələbələrindən, nəhayət,
döyüş bölgələrindən keçirdi. Birinci Qarabağ müharibəsi zamanı və ondan
sonrakı illərdə ikinci elə bir teatr kollektivi yox idi ki,
Bələdiyyə Teatrı qədər xalqın taleyi,
ağrı-acıları, ümid və arzuları ilə bu qədər
qaynayıb-qarışsın, çulğalaşsın, bir
olsun. Müdafiə Nazirliyinin dəstəyi
ilə cəbhə bölgələrinə ardıcıl səfərlər
edən teatrın kollektivinin əsgər və zabitlərimizin
döyüş ruhunun yüksəlməsi, qələbə əzminin
güclənməsində danılmaz xidmətləri oldu və
bu vətəndaşlıq missiyası indi də davam edir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev cənabları
teatrın 10 illik yubileyi münasibətilə kollektivin 23
üzvünü fəxri adlarla təltif elədi, sənətşünas
Abdulla Qurbani bu münasibətlə yazdığı kitaba
"Döyüşən teatr" adı verdi. Ad tutdu,
çünki həqiqəti əks etdirirdi və o qalan, bu
qalan, Bələdiyyənin adı qaldı Döyüşən
teatr!
Bələdiyyə Teatrı bu anlamda sadəcə 30
illik yol deyil, 30 illik döyüş yolu keçib. Bu 30 ilin 25
ilindən çoxuna səhnəmizin Tomrisi - Amaliya Pənahova
başçılıq edib. Amma o, vətənə
igidlər gərək olduğunu yaxşı bildiyindən
özündən sonra bütöv bir aktyorlar heyəti qoyub
gedib. Qızı Aynur xanım, oğlu
İlqar bəylə birlikdə onun üçüncü
övladı da var - həm oğlu, həm də qızı
olan Bələdiyyə Teatrı. Xoşdur
ki, Amaliya xanımın vəfatından sonra Bələdiyyə
Teatrına onun qızı - Aynur Muxtarova rəhbərlik edir.
Bu şərəfli görəvi səhnənin yavrusu olan bir
xanımın yerinə yetirməsindən məntiqi,
qanunauyğun nə ola bilər ki?
Mən Bələdiyyə Teatrı pərdəsinin ilk dəfə
antik dramaturgiyadan gələn Medeya olayı ilə
açılmasına təsadüf kimi baxmıram. Bu sadəcə Anuyun
1946-cı ildə yazdığı deyil, 2500 il
öncə Evripidin qələmə aldığı, ondan da
neçə yüzillər öncə miflərdə
yaşayan Medeya idi. Teatr ilk addımını
antik mövzu ilə atmış, bu 30 ildə dünya
dramaturgiyası və teatrının min illər ərzində
keçdiyi yolu böyük sürətlə qət
etmişdi. Bu anlamda Bələdiyyə Teatrının 30
illik yubileyi sözləri şərtidir, onun 30 deyil, bəlkə
də, 3000 il yaşı var. O, Medeyanın
yaşıdıdır. Və hətta onun
yaşı bilinmir - sənətin yaşı dünyanın və
həyatın özü qədər qədimdir.
İkinci hissə
Nələr çəkib
başın sənin
Bələdiyyə Teatrının 30 illik yubileyi
münasibətilə İlyas Əfəndiyevin
"Qarabağnamə", özəlliklə də,
Elçinin "Baş" romanı əsasında tamaşa
hazırlandığını eşidəndə
özümü çoxdan görmədiyi dostunu görəcək
biri kimi hiss elədim. Elçinin romanını iki dəfə
obaş-bubaş oxumuş, haqqında
"Baş"lanğıc" adlı irihəcmli bir
yazı yazmışdım, yəni tamaşaya intellektual və
duyğusal yöndən hazır idim. "Baş"
çağdaş nəsrimizin sadəcə istedadla yazılan
romanlarından biri olmayıb, özünün metafizik qəhrəmanı
və süjeti, kəskin və aktual ideyası ilə qeyri-adi
roman örnəyi, təkcə öz müəllifinin
yaradıcılığında deyil, ümumən bədii nəsrimiz
və ədəbiyyatımızda yeni düşüncə
üfüqlərinə sıçrayışın
uğurlu nümunəsidir. İlk dəfə olaraq
metafizik bir varlıq - işğalçı rus ordusu
generalı Sisianovun İçərişəhərin Qoşa
Qala qapıları önündə Bakı xanının
bacısı oğlu tərəfindən kəsilən və
İran şahı Fətəliyə ərmağan göndərilən
başı yerdə, ruhu isə göydə roman qəhrəmanına
çevrilirdi. İlk dəfə idi ki, metafizik
və gerçək aləm bir romanda paralel xətlər kimi
göstərilir, amma heç vaxt kəsişməyən
paralel xətlərdən fərqli olaraq bədii
düşüncənin fəzasında vaxtaşırı kəsişirdilər.
İlk dəfə idi ki, vicdanın oyanışı və
özünüdərk prosesi bu qədər aydın,
çılpaq, kristal müstəvidə əks
olunurdu. İlk dəfə idi ki, 1917-ci ildə Nikolay ailəsinin
bolşeviklər tərəfindən güllələnməsinə,
1806-ci ildə İbrahimxəlil xanın öz ailəsi ilə
birlikdə Şuşada rus ordusu zabiti mayor Lisaneviçin
göstərişi ilə vəhşicəsinə qətlə
yetirilməsinə verilən karmik cəza, ilahi ədalət
aktının reallaşması kimi işarə olunurdu. Kəsəsi,
romanla bağlı "ilk dəfə"lər çoxdur və
bu romanı oxuyanda da Elçinin "Gül dedi bülbülə"
hekayəsini ilk dəfə oxuyanda duyduğum bir özəlliklə
rastlaşdım - yüzlərlə səhifə romanda bircə
cümlə belə "su" yoxdur, nəinki hər cümlə,
hətta hər söz vahid nöqtə ətrafında konsentrə
olunmuş müəllif ideyasının
açılışına xidmət eləyir, mətndə
özünə zəruri və qaçılmaz yer istəyir,
hər hansı təsadüfə zərrə qədər də
yer qoymur. Yazıçı nəinki Azərbaycan
tarixi, hətta Puqaçovun edamı ilə bağlı epizodu
belə hər hansı bir rus tarixi roman ustasını heyran
qoyacaq bir ustalıq, psixoloji yöndən zərgər dəqiqliyi
və incəliyi ilə rəsm edir. Və
bütün bu saydıqlarım bir fikri deməyə əsas
verir - müəllif əsas baxış bucağı və dəyərləndirmə
meyarına çevirdiyi metafizik gerçəkliyi sadəcə
məntiqi dəlillər, hansısa mənbəyə istinadlar
hesabına təsvir eləmir, bu təsvirlər həmin aləmlə
birbaşa təmasdan, "canlı" dialoqdan doğulur.
Romandakı təsvirlərin insan ağlı və
məntiqinin hüdudlarını aşması da məhz bu
birbaşalıqdan irəli gəlir. Bu
roman sadəcə metafizik aləmlə gerçəkliyin,
noumen və fenomenin deyil, həm də insani məntiq və
ilahi zəkanın, ilham və vəhyin kəsişmə
nöqtəsində yaranıb. "Mahmud və Məryəm"
romanından üzü bəri Elçinin
yaradıcılığında öncələrdən də
var olan və onu klassik sufiyanə ədəbiyyatın modern nəsr
miqyaslarında varisi adlandırmağa imkan verən bu cəhət
romanda maddi aləmdən sıyrılaraq kristal
metafizikaya çıxır.
Və tamaşaya gedə-gedə
düşünürdüm ki, ey dili-qafil, görəsən,
rejissor Mərahim Fərzəlibəyov bu qədər mürəkkəb
bir romanı səhnələşdirmək kimi çətin
işin öhdəsindən necə gələcək? Rusiyada təhsil alması, az qala yarım əsrlik rejissorluq təcrübəsi,
uzun illər boyu İlyas Əfəndiyevin əsərlərinə
səhnə həyatı verməsi bu işdə ona
yardımçı olacaqmı? Bu suala tamaşa
cavab verəcəkdi. Konkret fikirlərə keçmədən
deyim ki, tamaşa öncəsi saat yarımlıq
çıxışlar və təxminən iki saat çəkən
tamaşanın, yəni toplam 3 saatdan artıq fasiləsiz
seyrin zaldakıları yormaması, səhnədəki
olayların başdan sonacan maraqla izlənilməsi göstərirdi
ki, rejissor ən genəldə öz məqsədinə
çatıb.
Tamaşanın tərtibatında (quruluşçu rəssam
İlham Əsgərov) diqqəti çəkən
başlıca cəhət səhnənin şərtiliklər
üstündə qurulması, ənənəvi saray
dekorları və rekvizitlərlə yüklənməməsidir. Bu, tez-tez dəyişən
durumlarda aktyorlara sərbəst hərəkət imkanı
verirdi. Bütün tamaşa boyu arxa planda boy verən, hərdən
qapı kimi açılıb-örtülən ağ çərçivələr tarixlə
çağdaşlıq, metafizika ilə gerçəklik,
mahiyyət aləmiylə maddi dünya arasındakı
ayırıcı zolaq və birləşdirici körpülər
kimi görünürdü.
Rejissorun
roman üzərindəki işi diqqəti iki yöndən
çəkir: əvvəla, o, səhnələşdirmə
zamanı ən önəmli saydığı epizodları,
özəlliklə də, Ağabəyim ağa ilə
bağlı məqamları seçir və bunun hesabına yığcam,
lakonik bir tamaşa ortaya qoyur. Bu həm də tamaşanın adına əsas verir, çünki İran
şahı Fətəliyə sırf siyasi məqsədlərlə,
könülsüz ərə verilən, illər boyu Tehranda
yaşasa da, ürəyi Şuşada qalan məhz Ağabəyim
ağadır. Pənahəli xanın nəvəsi, İbrahimxəlil
xanın sevimli qızı, öz gözəlliyi, ağlı,
zəkasıyla görənləri heyran qoyan Qarabağ əsilzadəsi!
Amma bəzən sürətlə dəyişən durumlara
baxdıqca bir sual doğurdu: olayların gəlişməsi
romanı oxuyan biri kimi mənə aydındır, bəs,
romandan xəbəri olmayanlar necə, səhnədə baş
verənləri tuta bilirmi? Mən, əlbəttə,
sadəcə sual verirəm, çünki cavab mənə,
doğrudan da, aydın deyil və çox istərdim ki,
romanı oxumayan tamaşaçılar bu suala müsbət
cavab verəydilər.
Rejissorun mətnə yanaşmasında özəl
vurğulanası ikinci məsələ romanın
başlıca ideyası və qəhrəmanı ilə
bağlıdır. Romanın qəhrəmanı başı
kəsilmiş Sisianovun yer olaylarını metafizik ucalıqdan
seyr edən və özünüdərk prosesi keçirən,
dünyanın faniliyi və bu fani dünyadan ötrü qan
tökməyin, böyük dövlətçilik iddiaları
sərgiləməyin cəfəngliyini başa düşən
ruhudur. Təkəbbür və mənəm-mənəmliklə
dolu baş maddi örtükdən çıxdıqdan sonra hər
şeyi kristal, xalis biçimdə görən
və anlayan ruhun antipodudur. Və onun cəzası kəsilmək
olur! Yəni romandakı konfliktin
özülündə klassik Şərq ədəbiyyatı
üçün səciyyəvi olan ağıl-ürək
qarşıdurması, "münazireyi-əqlü
eşq" durur. "Ey Füzuli, eşq mənin
qılma nasehdən qəbul, əql tədbiridir ol, sanma ki, bir
bünyadı var". Elçin də ən dərinə
gedəndə, mahiyyət etibarilə Füzuli deyəni təsdiqləyir.
Roman müəllifindən fərqli olaraq rejissor
özünüdərk prosesi keçirən ruhu demon,
şeytan kimi verir. O, bir az Hamletin atasının
Kölgəsini, bir az Hötenin Mefistofelini, bir az Cavidin
İblisini, daha çox Lyuk Bessonun "Janna Dark" (1999)
filmindəki şeytanı xatırladır. Tamaşanın
proqramında Kölgə adı verilən bu məxluqun yerin
altından çıxması, kürəyindəki iri,
qırmızı göz şəkli, səhnədəkilərin
qulağına iblisanə təbəssümlərlə nələrsə
pıçıldaması göstərir ki, rejissor onu daha
çox şeytan kimi qavrayır və və təqdim edir.
Sisianovun ruhunun belə neqativ rejissor yozumu
romanın ümumbəşəri barış və sülh
ideyasını milli-vətənpərvərlik
duyğuları istiqamətinə yönəldir. Əlbəttə,
rejissorun məsələyə belə yanaşmasının bəlli
məntiqi var: tamaşa "Ürəyim Şuşada
qaldı" adlanır; o, zəfər günü münasibətilə
hazırlanıb; Qarabağ sorunu özünün müəyyən
məqamları ilə hələ də aktualdır və
bizim belə vətənpərvər mövqeyə
ehtiyacımız var. Bundan başqa, "Baş" ən
dürlü rejissor yozumlarına imkan verən mürəkkəb,
çoxyönlü, hərtərəfli əsərdir, olsun
ki, gələcəkdə rejissorlar bu romana tamamilə fərqli,
hətta əks rakursdan yanaşacaqlar. Bu, Mərahim bəyin
yanaşması, Mərahim bəyin "Baş"ı idi!
Tamaşada
yer alan üç Kölgədən
birincisi - Elçin Muradov ona tapşırılan işi
yüksək səviyyədə yerinə yetirir, hər
cür duyğusallıqdan uzaq, hiyləgər bir
mehribanlıqla amansızlığın qovuşduğu
şeytan obrazını professional bir məharətlə
yaradırdı. Tamaşadakı aktyor oyunu
baxımından diqqəti ən çox çəkən də,
məncə, məhz E.Muradov idi. İkinci və
üçüncü Kölgə obrazlarının ifaçıları
(Rəşid Soltanov, Namiq Cavadov) fon
yaratmağa xidmət edirdilər.
Baş qəhrəmanın - Ağabəyim ağa rolunun
ifaçısı Zülfiyyə Qurbanovanın isə
sözləri daha aydın tələffüz etməsinə
ehtiyac duyulurdu.
Mən ən çox finalda, ata-anasının qətlindən
sonra onun Tanrıya xitab səhnəsini gözləyirdim.
Çünki misilsiz bir qəddarlığa
qarşı Tanrının səbrinə daxilən
üsyankar, zahirən təmkinli bu xitab romanda ən təsirli,
ən parlaq səhnə, olaylara vurulan möhtəşəm
final akkordudur. Məncə, aktrisa məhz
imanlı, əsilzadə bir xanıma yaraşacaq bu təmkini
saxlamır, aşırı fəryad qoparır, unudurdu ki,
bütün ailəsinin bir gecədə qəddarcasına qətlə
yetirilməsindən şok keçirən Ağabəyim
ağanın ağrısı fəryadın o üzünə
keçib. Üstəlik, həddən
artıq gur musiqinin müşayiəti onun fəryadının
tamaşaçıya çatmasına lazımi imkan da
vermirdi. Tamaşanın sonundakı başəymə
zamanı Ağabəyim ağanın ruhunun zala üz tutaraq
nitq söyləməsi və axırda baş əyməsi də
artıq göründü. Mən, əlbəttə,
aktrisanın deyil, Xan qızının baş əyməsindən
danışıram.
Ağabəyim ağanın anası, İbrahimxəlil
xanın zövcəsi Tubu xanım (Hüsniyyə Mürvətova)
öz qızıyla təxminən yaşıd
görünürdü.
Çıxılmaz
durum üzündən qızını İran şahına,
xanlığını isə rus padşahına verən, amma
bunun daxili ağrısını yaşayan Qarabağ xanı
İbrahimxəlilin (Rafiq İbrahim) təqdimində əsas
diqqət - şövkətli bir xana o qədər də
yaraşmayan sadə geyimindən tutmuş, ağrılı
mimikasına qədər hər şey - onun əzabkeşliyinə
verilirdi. Bu, yüzillərdən bəri
dünya güclərinin təpkisi üzündən
başı bəlalar çəkən Azərbaycanı rəmzi
olaraq gözəl səciyyələndirirdi. Amma durumun bütün mürəkkəbliyinə
baxmayaraq, İbrahimxəlil Qarabağ xanıdır, Pənahəli
xanın oğludur və onun qandan-gendən gələn
müdrikliyi və tarixi durumun doğurduğu əzabkeşliyi
ilə yanaşı, qürurunu da göstərməyə ehtiyac
duyulurdu.
Saday bəy (Elxan Rzayev), Molla Müzəffər ağa
(Əfqan Soltanov), Mahmud bəy (Tural Əhməd)
rollarının səhnə ifadəsi barədə konkret
olaraq nəsə demək olmur, onlar tapşırılan
işi normativ səviyyəsində yerinə yetirirdilər.
Bakı xanı Hüseynqulu xan rolunun ifaçısı
Rəşad Kəsəmənli əslində olduğundan daha
cavan görünsə də, öz zər işləməli
qırmızı atlas arxalığı, çalma və
qrimi ilə səhnəyə yaraşırdı. Lakin məsələ
sadəcə görünüşdə deyil. Aktyorun oyununda, xüsusilə də bacısı
oğlu Mahmudu itaətə çağırdığı səhnədə
izafi emosiya nümayişi var idi, amma bu emosiya daha çox
texniki vasitələrlə nümayiş etdirilirdi.
Məncə, mənfi rolların ifaçıları
öz oyunlarında daha başarılı idi, amma əksərən
obrazların özünün səciyyəsi bu işdə
onların köməyinə gəlirdi. Öncə söhbət
Peterburqda təhsil alan, Azərbaycanın
imperiya maraqlarına təslim edilməsi siyasətinə qulluq
edən, rus şivəsi ilə danışan intelligent Şəfi
bəydən (Mehman Abdullayev) gedir. İbrahimxəlil xanı
ailəsi ilə birlikdə qətlə yetirən mayor
Lisaneviçi karikatur planda təqdim edən, az qala qrotesk edən
Toğrul Rza onun hər cür ağıl və duyğudan məhrum,
çar ordusu zabitləri üçün səciyyəvi olan
robotlaşmış obrazını nümayiş etdirirdi.
Nəhayət,
gürcü mənşəli rus generalı Sisianov! Romanda
Sisianov iki yöndən təqdim olunur: bir böyük dövlətçilik
iddiası ilə imperiyaya xidmət edən, hətta şəxsi
həyatını belə bu saxta ideala qurban verən təkəbbürlü,
elə bu təkəbbürün də qurbanı olan general;
bir də onun səma tağlarının ucalığından
yerdəki olayları saf-çürk edən ruhu! Rejissor ruh məsələsini
istisna elədiyindən, Sisianovun ifaçısı
İsmayıl Atakişiyev obrazın təqdimində bu iki zidd
cəhəti bir araya gətirir və generalın daxili ziddiyyətlər
içində olan surətini yaradırdı - bir yandan
yumruğunu yuxarı qaldırıb, imperiyanın şərəfinə
şüarlar deyir, digər yandan isə o an keçirdiyi
daxili tərəddüd və əzabı da
tamaşaçıdan gizləmirdi. Hətta
başı bədənindən ayrılmağa layiq cani də
öz içində həqiqəti bilir və ən azı
özünə etiraf edir. Bu gün Azərbaycanı
Qarabağ sorunu ilə bağlı davaya çəkən beynəlxalq
güclər, o sıradan Rusiya da bu qarşıdurmada əsl həqiqətin
kimin tərəfində olduğunu yaxşı bilir. Obrazın təqdiminin alt qatında bu aktual ideya
dayanır. Bəlkə də, subyektivizmə
yol verirəm, hər halda mən aktyorun təqdimatında
Sisianovu belə anladım.
Tamaşanın musiqisi (Eldar Mansurov) ilə bağlı
yadımda heç nə qalmayıb, amma mən bunu
yaxşılığa yozuram - demək, musiqi səhnədəki
olayların içində öz çözümünü
tapıb, qaynayıb-qarışıb və həll olub.
Tamaşa
bitir, dostlarımdan ayrılıb, şəhərin az qala kimsəsiz küçələri ilə
addımlayıram. Hara, nə üçün,
özüm də dəqiq bilmirəm, 30 yaşı tamam olan Bələdiyyə
Teatrının taleyi barədə düşünürəm.
Bu teatr Qarabağ olaylarının ən
qızğın vaxtı yaranıb, Amaliya xanımın
başçılığı ilə döyüş gedən
ən qaynar nöqtələrdə olub, şəhidlərin
evlərinəcən gedib, onların ailələrinə dəstək
olub. Əslində isə ən
böyük dəstəyə teatrın özünün
ehtiyacı var. Bu otuz ildə kirayə qaldığı yerləri
dəyişən teatrın başı nələr çəkməyib,
bir Allah bilir. Qəribədir - Bakı şəhər
teatrı öz adını daşıdığı
doğma şəhərində hələ də kirayənişindir,
üstündən otuz il keçsə də,
onun hələ də binası yoxdur.
Allaha şükürlər olsun ki, teatrın bu otuz ildə
başı üstündə bayrağa çevirdiyi ən
böyük ideya, ən qutsal arzu həyata keçib -
Qarabağ düşmən tapdağından azad olunub. İnsanlar otuz illik
ayrılıqdan sonra evlərinə dönür! Respublika Prezidenti İlham Əliyev cənablarının
dediyi kimi - "Qarabağ Azərbaycandır və nida!"
Arzu edirik ki, eyni qisməti Bələdiyyə Teatrımız
da bölüşsün və əziz teatrımızı
növbəti yubileyində artıq öz evində təbrik
edək! Amaliya xanımın narahat ruhu da aram
tapsın!
Aynur
xanım başda olmaqla teatrın kollektivini yubiley münasibətilə
ürəkdən təbrik edir, gələcək işlərində
daha böyük başarılar arzulayıram!
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.10-11.