Pyesdən tamaşaya qədər keçən
yol
Tamaşa
hazırlığı barədə mülahizələr
Mən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu keçən əsrin 80-ci illərində bitirmişəm... Dəhşətli səslənir... Amma o qədər də uzaq keçmiş deyil. 1980-1985-ci illər. İnstitutun ilk kursunda oxuyanda artıq yuxarı kursda oxuyan tələbələrdən eşitmişdik ki, institut daxilində "Pyesin təhlili" prosesi əsasən Mehdi Məmmədov və Nəsir Sadıqzadə tərəfindən daha mükəmməl tədris olunur. Qismətim o oldu ki, Nəsir Sadıqzadə iki il yarım kursumuzun rəhbəri oldu, Mehdi Məmmədov isə kafedra müdirimiz. Hər ikisi ilə də ünsiyyətim yaxşı idi. Hərdən hər ikisi ilə də müəllim-tələbə pərdəsini aradan götürə bilirdim. Bilmirəm onlara necə, amma mənə bu pərdəni aradan götürmək (əlbəttə, dərsdən kənar) rejissorluğun mahiyyətini daha dərindən öyrənmək imkanı verirdi.
Əziz həmkarlar hərdən mübahisə edib bir-birilərindən incisələr də, əslində K.S.Stanislavskinin əməli təhlil metodundan bəhrələnirdilər. Sadəcə olaraq onların metodologiyaları başqa idi. Bu da, əlbəttə ki, onların teatrı nə cür anlamaqlarından irəli gəlirdi. Amma hər ikisi pedaqoq despotizmdən uzaq olub tələbələrə tam sərbəstlik verirdilər. Bu isə bizə ümumilikdə dünyagörüşünün formalaşmasına kömək edirdi, azadlıq verirdi. Onlar bizə inanmaq və inandırmaq, əksinə getmək, tərəddüd etmək, mübahisə etmək, məğlub olmaq, qalib olmaq imkanı yaradırdılar. Və belə bir prosesdə hər kəs bacardığını edirdi. Və bu bacarıq həmin tələbə-rejissorun özünə məxsus idi. Bu tələbə-rejissor müəllimdən heç birini təqlid etmirdi.
Hər bir peşəkar rejissor yaxşı bilir ki, aktyorla işdə ən dəhşətlisi odur ki, aktyordan asılı olasan. V.İ.Nemiroviç-Dançenkonun kəlamı var: "Rejissor aktyorda ölməyi bacarmalıdır". Lakin başqa bir fikir də mövcuddur: "Yaxşı olar ki, birinci məşqdə yox". (B.O.)
İlk məşqlərdə tamaşanın ali məqsədini, temasını, rolların həllini, konflikt qatlarını açıb göstərmək çox qorxuludur. Belə olanda rejissor məşqlərdə darıxır, deməyə sözü olmur, ya da aktyoru saxlayaraq hazırladığı əsərin süjetini danışır və bununla da sanki öz rejissorluq missiyasını yerinə yetirir.
Unutmaq olmaz ki, tamaşa hazırlığı prosesində rejissorun həmişə araşdırmağa, təhlil etməyə sözü olmalıdır. Bu vaxt aktyorlar rolun daha dərin qatlarına nüfuz edirlər. Bu isə tamaşanın gələcəkdə oynanıldıqca canlı olmasına, inkişaf etməsinə səbəb olur.
Otuz ildən çoxdur ki, peşəkar rejissura ilə məşğul olsam da, hər dəfə yeni tamaşa üzərində işləyəndə qorxuram. İlk baxışdan hər şey aydın olsa da, aktyorlarla məşq zamanı düşünülən məqsədi, hadisələrin məntiqi ardıcıllığını aparıb onlarda yaradıcı təxəyyülü oyada bilməyəcəyimdən qorxuram. Bəziləri istehza edə bilər ki, yalan deyir. Məgər bu müddət ərzində sənətə tam yiyələnmək mümkün deyil? Üstəgəl, otuz ilə yaxın da (arada iki illik fasiləni çıxmaq şərti ilə) pedaqoji fəaliyyətlə məşğuldur?!
Əziz həmkar!
Əziz
dost!
Dediyimin
tam səmimi olduğuna inan!
İllər
keçdikcə qürrələnmək yox, hər dəfə
aktyorlar üçün maraqlı olmağa
çalışmaq lazımdır. Gecə yatıb yuxuda
gördüyün formanı iş keçirmək
üçün yox, aktyorların yaxşı tanış
olduqları pyesdə yeni məqsəd, yeni fikir
tapdığın üçün, klassik pyesin müasirliklə
səslənib, müasir üslubla oynanılması
üçün çox əziyyət çəkməlisən.
Düşündüyün məqsədə doğru
aktyorları maraqlandırıb vahid komanda yaratmağı bacarmalısan.
İlk baxışdan düşünülən məşqdə
formalaşır, cilalanır. Çünki fikir canlı
insanlarla ünsiyyyətdə formalaşır. Və
bütün bunların əvvəlində "baş hadisə"
dayanır. Tamaşanın quruluş strukturu düzgün təyin
olunmuş baş hadisədən başlanır ki, buraxılan
səhv məğlubiyyətə aparıb
çıxarır! Məhz buna görə də mən xeyli
tərəddüd və çək-çevirdən sonra bu
barədə fikirlərimi nəzəri yox, təcrubi
araşdırma prosesində bölmək qərarına gəldim.
Bəlkə
kimi isə bu çətin proses bu gün
maraqlandırdı...
Bəlkə
nəhayət kimsə anladı ki, tamaşa təkcə
formadan ibarət deyil.
Bəlkə
kimə isə tədrisdə kömək oldu...
Gənc
pedaqoqlara...
Gənc
rejissorlara...
Elə
aktyorlara da...
Bilin ki,
öyrənmək heç vaxt gec deyil!!!
Bilin ki,
öyrənmək həmişə vacibdir!!!
Bəhram OSMANOV
Ədəbiyyat qəzeti.- 2022.- 26
noyabr.- S.12.