"Don  Kixot"

 

Müasir dövrdə rejissorlar çox vaxt nəsr əsərlərini səhnəyə köçürürlər. Bəzən bu cür səhnələşdirmələr uğurlu olur, bəzən də uğursuz. Uğursuzluq əsasən ona görədir ki, birinci - səhnə variantını işləyən rejissorlar əsərdəki hadisələrin hansı məkanda baş verəcəyini dəqiqləşdirə bilmirlər. İkincisi isə - onlara elə gəlir ki, populyar nəsr əsərini səhnəyə çıxarmaq kifayətdir ki, tamaşa uğurlu alınsın. Bu, kökündən səhvdir. Səhnələşdirmə pyes üslubunda olmasa da, mətnin təhlilə, araşdırmaya, hadisə, faktların təyininə və ən əsas - baş hadisənin təyininə böyük ehtiyac var.

"Don Kixot" əsərini nümunə olaraq götürməkdə məqsəd məhz bu prosesi anlamaq istəyidir.

 

Məkan: Şərti.

Zaman: İnsanlığın bərqərar olduğu illər.        

Geyimlər: Şərti.

Janr: Tragikomediya.

Alonso Kixano aylardır ki, evindən bayıra çıxmır. O, cəngavər romanlarına aludə olaraq gecə-gündüz oxuyur. Malikanədə işlər başlı-başına buraxılıb. İdarəçiliyə öyrənmiş adamlar nə edəcəklərini bilmirlər. Bir sözlə, səhərdən axşama qədər ancaq əsilzadə sinyor Alonso Kixanodan danışırlar.

- Bizim yazıq Alonso Kixano elə hey oxuyur...

- Varlı adamların yandırdığı şamların sayı-hesabı yoxdur!

- Ev işlərini idarə edən xanım onun yanına həkim gətirmək istəyirdi, amma həkimə verməyə on real da tapılmadı.

- O, bütün pullarına cəngavər romanları alıb doldurub çamadanlara.

- Əsil-nəslini danaraq Alonso Kixano adını üstündən götürüb özünü Lamançlı Don Kixot adlandırır.

- Bacısı qızı gecə-gündüz ağlayır.

- Yazıq necə ağlamasın ki, dayısının - yeganə himayədarının başına hava gəlib!

- Məgər, doğrudan, kitab oxumaq adamı dəli edər?

- Bəs nə! Bizim zadəgan müəlliflərin hər bir uydurmasını müqəddəs kitabda yazılan kimi qəbul edir.

- Ona elə gəlir ki, başımıza gələn bəlalar cəngavərlərin yoxa çıxmasına görədir.

- Təsəvvür edin, dünən axşam qohumlarına deyib ki, o, cəngavər olmalıdır.

- Bizim zamanədə cəngavər?! O cəngavərlərin təkcə özləri yox, nəvə-nəticələri belə çoxdan unudulub!

- Görün biz hansı əsrdə, neçənci ildə yaşayırıq?!

Müəllif tərəfindən verilən məlumatlar rejissora qət etməyə əsas verir ki, Alonso Kixano havalanıb və onun müalicəyə ehtiyacı var...

Sonda qoyulan sual işarələri isə rejissora təhlil prosesində çoxlu sayda sualların yaranacağına işarədir.

Yaranmış hər bir sualı məntiqlə cavablandırmaq vacibdir. Bu suallar rejissoru axtarışlar aparmağa məcbur edir. Suallara cavab tapılandan sonra (əlbəttə ki, məntiqi) rahat nəfəs alıb pyes üzərində təhlilə başlamaq olar. Rejissor həlli məhz bundan sonra yaranır. Başa düşmək lazımdır ki, bir pyesin təhlili, başqa bir pyesin təhlilindən mütləq fərqli olmalıdır. Burada əsas rol oynayan rejissorun dünyagörüşüdür. Məhz dünyagörüşü formalaşmalıdır ki, rejissor oxuduğu mətni təhlil edə bilib onu maraqlandıran fikirləri ön plana çəkə bilsin. Rejissor fikri məntiqi təhlil nəticəsində yaranır.

Romanda hadisələr çoxşaxəlidir. Səhnə qutusu bu çoxşaxəli məkanı bütünlüklə göstərə bilmədiyindən mütləq hadisələrin harada cərəyan edəcəyini dəqiqləşdirmək lazımdır. Romanda hadisələr XVI əsrdə cərəyan edir. Sosial baxışları XVI əsrin prizmasından göstərmək XXI əsr tamaşaçılarına nə dərəcədə maraqlıdır?

İnternet əsri olan XXI əsrdə Alonso Kixanonun arzuladığı və etmək istədiyi məsələlərin tamaşaçıya maraqlı olması üçün məkan mütləq şərti olmalıdır. Səhnə şərtiliyi çoxşaxəli romandan yaranan səhnə variantının qavranılmasına və maraqlı olmasına şərait yaradacaq.

...Alonso gecə köynəyində peyda olur. O, yenə oxuyur. Qızılsaç xanım Freston adlanan əjdahanın caynağındadır və onu mütləq xilas etmək lazımdır. Alonsonun qərarı qətidir. Ona dəmir zireh, at, qılınc, nizə və silahdaşıyan lazımdır. Kitablarda bu cür yazılıb. Qərar verilib, amma bu paltarlar haradan tapılmalıdır? Elə bu vaxt qonşu qızı Aldonsa peyda olur. Alonsonun müşahidəsinə görə bu qız gecə-gündüz işləyir, yorulur. Onu istismar edən doğma atasıdır. Bu qızı da xilas etmək lazımdır. O, mütləq bunu edəcək. Vacib olan cəngavərlərə layiq paltarlardır.

Alonso:

- Belə olmaz! Mütləq geyim lazımdır.

Bu vaxt əyyaş və qarınqulu Sanço peyda olur. Alonso onunla saziş bağlayır.

Alonso:

- Əgər mənə geyim tapsan və silahdaşıyanım olsan, səni kəndlərin birinə qubernator təyin edəcəyəm!

Sanço Pansanın onsuz da bir işi yoxdur. Qubernator olmaq isə maraqlı bir təklifdir. Əgər o qubernator olsa...

Sanço Alonso üçün geyim tapır. Özü eşşəkdə, Alonso isə arıq da olsa, hər halda atdır - Rosinantda macəralar axtarışına yola düşürlər...

Yollar bərbaddır...

Sanço bir neçə dəfə eşşəkdən yıxılır...

Ah, bu yollar...

Sanço:

- Əgər mən qubernator olsam yolları düzəldəcəyəm! Adamlar hər şeyə laqeyddir. Məsələn, qonşum deyir ki, Sanço, heç olmasa sən o dərmə-deşiyə bir az çınqıl tök. Mənsə əvəzində deyirəm ki, niyə mən, özün elə də. O da mənə cavabında deyir ki, mən niyə? Mən də ona deyirəm ki, onda mən niyə? Kimə lazımdır qoy o da eləsin! O da mənə deyir ki, mənə lazım deyil. Mən də ona deyirəm ki, əgər sənə lazım deyilsə, mənə dünəndən lazım deyil! O da mənə deyir ki...

Alonso:

- Başa düş, yolları bu günə salan sehrbaz Frestondur. Onu mütləq məğlub etmək lazımdır.

Alonso reallıqdan uzaqdır!

Sanço isə bütünlüklə realdır. O, hər işdə bir xeyir axtarır!

Dostlar hərəkətdədirlər. Gecə-gündüz yol gedirlər... Amma hələ kimsəni xilas etməyiblər. Sanço qubernator olmaq, Alonso isə insanları xilas etmək, gözəllər gözəli Dulsineyaya qovuşmaq arzusundadır!

O, sehrbaz Frestonu məğlub edib bəşəriyyəti azad edəcək. Hamı xoşbəxt yaşayacaq!

Hələlik bir hadisə mövcuddur.

Alonso Kixano Don Kixot ləqəbi götürərək azadlıq sorağında səyahətə çıxıb.

Hadisə: "İnsanlar məni gözləyir ki, onları azad edim".

Qəfil səs eşidilir:

- Ağa, bağışlayın, and içirəm ki, bir də belə qələt eləmərəm! İmdad! Kömək edin!

Nəhayət, kimsə Don Kixotdan kömək istədi. Səfər etdikləri bu neçə gün ərzində heç nə baş verməmişdi.

Don Kixot və Sanço Pansa kasıb bir kəndlini döyən mülkədarı görüb ona əmr edirlər ki, əl saxlasın! Mülkədar qəribə geyimli (zirehli) adamı görüb dayanır və Don Kixota başa salır ki, bu çoban onun sürüsünü otarır və bu gün sayanda məlum olub ki, sürüdən bir qoyun əskikdir. O da diqqətsiz çobanı cəzalandırır.

Don Kixot çobanın adını soruşur:

- Andres.

Andres ona olan diqqəti görüb o dəqiqə ağasından şikayətə başlayır ki, doqquz aydır ağası ona zəhmət haqqı vermir. Don Kixot bu ədalətsizliyə görə mülkədara əmr verir ki, çobanın zəhmət haqqını versin. Mülkədar and-aman edir ki, çoban yalan danışır. Don Kixot məzlumlar tərəfindədir. O, mülkədarı cəzalandıracağı ilə hədələyir. Mülkədar qorxub razılaşır və Andresi özü ilə aparır ki, onun zəhmət haqqını ödəsin. Andres Don Kixota minnətdarlıq edir, hətta diz çöküb onun əlini öpür...

Romantik cəngavər heyrət içindədir.

Kimsə indiyə qədər ona bu cür minnətdarlıq etməyib. Onu bir anın içində müqəddəs saydılar.

Sanço yer adamıdır.

Sanço:

- Adamın çobana yazığı gəlsə də, belə qəhrəmanlıq olmaz. Başqasının təsərrüfatı müqəddəsdir. Amma biz ona qarışaraq öz qayda-qanunumuzu tətbiq edirik. Mən qubernator olanda...

Don Kixot:    

- Mumla, ay sadəlövh, oğlan mənə minnətdarlıq elədi. Demək, sehrbaz Freston onun saf qəlbini hələ riyakarlıqla doldurmayıb.

Yenə də cəngavər romanlarındakı Freston.

Reallıqla uydurmanın münaqişəsi.

Növbəti bir macəra.

Uzaqdan kareta görünür. Rahiblər zəmin karetanı müşayiət edirlər...

Karetada gözəl bir xanım əyləşib. Don Kixot xanıma yaxınlaşıb nədən belə kefsiz olduğunu soruşur. Qadın bildirir ki, kimsə onu bu adamlardan xilas etmək gücündə deyil. Qadın qəribə geyimli (zirehli) qocanı ələ salmaq qərarına gəlir və... hücum!

Rahiblər qaçırlar... Hersoqun yaxın adamlarından olan xanım Altisidora Don Kixotla əylənməyə başlayır.

Sanço Pansa yer adamıdır. O, ağasını bu əyləncədən çəkindirmək istəsə də alınmır. Don Kixot xanım Altisidoranın sevgi çələngində uçur.

Don Kixot:

- Mənə mane olma, Sanço!

Altisidora Don Kixota məhəbbət, çılğın gecələr bəxş edəcəyinə söz verir.az qalır ki, Don Kixot onun ağuşuna atılsın. Elə bu vaxt xanım Altisidoranın baxışlarında Don Kixot Dulsineyanı görür. Qəlbinin xanımını! Və həmin anda da...

Həmin anda da anlayır ki, heç bir qadın onun qəlbinin xanımına tay ola bilməz!

Altisidora:

- Mən bu gündən etibarən sizin qəlbinizin xanımıyam!

Don Kixot:

- Olmaz! Əsla yox! Əlvida!..

Don Kixot Altisidoranın ağuşundan birtəhər qaçır. Sanço silahları götürüb ağasının dalınca götürülür...

Bu oyun Altisidoraya ləzzət edir. Yol boyu darıxması yaddan çıxır. O, anlayır ki, çoxdandır sarayda belə təlxək olmayıb. Əgər Don Kixot sarayda peyda olsa, hersoq üçün uzun müddətli əyləncə olar.

Altisidora:

- Mütləq hersoqa bu barədə danışmalıyam. Bu cür təlxəyə görə hersoq ömrü boyu mənə minnətdar olar.

...Don Kixot və Sanço Pansa gizləndikləri yerdən çıxırlar. Altisidoranın dodaqaltı nəsə deyərək bərkdən gülməsi Don Kixotu pərt edib. O, doğrudan da, anlaya bilmir ki, niyə qadınlar etibarlı kişiləri ələ salırlar. Axı hər bir qadın etibarlı məşuq arzusundadır! Bəs belə olan surətdə Altisidora niyə qəhqəhə çəkib gülürdü?!

Sanço ot tayasında uzanıb qarnını sığallayır. Onun bu qocaya yazığı gəlsə də, onunla yol yoldaşı olmağa razılaşsa da, verilən vəd yerinə yetirilməyib!

Qubernator!..

Vəd öz yerində, bu günlər ərzində heç qarın dolusu yemək də yeməyiblər. Deyəsən, Sanço səhv edib. Kənddə qalsa idi arvadının bişirdiyi şorbadan yeyib birtəhər özünü yola verərdi.

Sanço:

- Mənimki qoyun ətidir. Buğlama, qızartma, kabab. Mənə elə gəlir ki, heç dünyada məhəbbət deyilən bir şey yoxdur, hamısı uydurmadır.

Amma indi?..

Qocanın qəhrəmanlıq əməlləri yalnız kinayə və gülüş doğurur.

Elə bu vaxt növbəti bir nəfər mahnı oxuya-oxuya onlara tərəf gəlir. Başında ləyən var. Don Kixot diqqətlə həmin adama baxır. Onun başına qoyduğu ləyəni görəndən sonra anlayır ki, niyə uğursuzluğa düçar olub. Axı onun dəbilqəsi çatmır! Həqiqi cəngavər olub Freston üzərində (ədalətsizlik üzərində) qələbə qazanmaq üçün cəngavərin mütləq dəbilqəsi olmalıdır. Dəbilqə cəngavərin geyimində vacib atributdur!

Mütləq bu şəfəq saçan dəbilqəni əldə etmək lazımdır!

Hücum!

Qəribə geyimli şəxsi görən Pablo (dəllək) quruyub yerindəcə qalır.

Don Kixot:

- Mimbrionun qızıl dəbilqəsi! Bu dəbilqəni qəlbi təmiz adam başına qoyanda daha cəsur olur. De görüm bunu haradan oğurlamısan?

Pablo:

- Oğurlamamışam.

Don Kixot:

- Ver dəbilqəni mənə.

Pablo:

- Axı mən ona pul vermişəm.

Sanço növbəti bir oyuna düşdüklərini görür. Amma qocanın istəyinə qarşı çıxa bilməsə də, hər halda dəbilqəni gözdən salmağa çalışır. Bir də o anlayır  ki, qocanın etdiyi quldurluqdur.

Sanço:

- Mən buna bir qara qəpik də vermərəm.

Don Kixot:

- Mən oxumuşam ki, bu qızıl dəbilqə böyük cəngavər Mimbriona məxsus olub... Sonra hara isə yox olub. Nəhayət, indi tapıldı.

Pablo:

- Bu, sadəcə üz qırxmaq üçün ləyəndir.

Sanço həqiqəti görür. O anlayır ki, Pablonun məcburən əlindən aldıqları üz qırxmaq üçün ləyəndir. Amma qoca israr edir. Sanço da onun dediklərini yerinə yetirməlidir. Çünki öhdəlik götürüb. Cəngavərin silahdaşıyanı mütləq əmrləri yerinə yetirməlidir. Onların etdiyi quldurluq olsa da, bu cəmiyyətdə kim kimədir. Güc kimdədirsə həqiqət də onun tərəfindədir.

Dəbilqə həqiqət carçısının başındadır.

İndi o, əsl cəngavərdir!

İndi Freston ondan qorxub ədalətsizlik toxumu səpməyəcək yer üzünə!

Bəs Don Kixot özü? O, məgər tutduğu əməllərlə yer üzünə ədalətsizlik toxumu səpmir?

Pablo:

- O dəlidir?

Sanço:

- O, bu dünyada ya ən müdrik dəli, ya da ağlını itirmiş ən dəli müdrikdir.

Don Kixot:

- Bəsdir onunla çərənlədin, Sanço! Bizim ləngiməyimiz bütün insan nəslinə ziyandır! İrəli!

...Ot tayaları arasında gözdən itirlər. Pablo isə hələ də yerində quruyub qalıb...

...Səhnə tərtibatında ot tayalarına xüsusi fikir vermək lazımdır. İspaniyada əsasən heyvandarlıqla məşğul olurlar. Bir də ki, Don Kixotun başına gələnlər əsasən küçədə olur. Ümumiyyətlə, təbiət panoraması bu əsərin səhnə tərtibatında şərtililik  prinsipinə əsaslanan ən vacib atributdur.

Don Kixot öz "qəhrəmanlığı" ilə şan-şöhrət qazanıb.

Artıq bütün ölkə onun qəhrəmanlığı barədə əfsanələr qoşur...

...Bir dəlləyə hücum edərək üz qırxmaq üçün istifadə olunan ləyəni zorla əlindən alıb, sehrli dəbilqə zənn edib keçirib başına...

...Kəndlilər quraqlıqdan əziyyət çəkdikləri üçün müqəddəs bütü əllərində tutaraq dua edirlərmiş. Qəfildən cəngavər hardansa peyda olub, kəndliləri qovur, bütü isə əsir kimi qəbul edir...

...Qoyun sürüsünü qəddar sehrbazların qoşunu zənn edərək hücum edib. Çobanlar onu möhkəm əzişdiriblər...

...Cinayətkarları aparan nəzarətçiləri qovub, onları azad edib... Sonda cinayətkarlar izi itirmək üçün Don Kixotu əməlli-başlı əzişdiriblər...

Bütün olanlar zadəganın doğma malikanəsinin sakinlərinə də məlumdur. Əlbəttə ki, onlar senyor Kixanonu sevdikləri üçün qüssələnirlər. Amma ən çox əzab çəkən Terezadır...

Senyor Kixanonun bacısı qızı!

Onun yeganə varisi!

Tereza daim qüssə içindədir. O, əzab çəkir. Nə özü, nə də başqaları onu xilas etmək gücündə deyillər... Ümidi ancaq nişanlısı Karraskodur. Karraskodan isə bir xəbər yoxdur!..

Karrasko peyda olur. O, kasıb da olsa, həkimlik üzrə magistr dərəcəsi alaraq kəndə dönüb. Hamı kimi o da senyor Kixanonun "qəhrəman"lıqları barədə eşidib. Biabırçılıqdır. Magistrın nişanlısının dayısı dəlidir. Və bu yağışlı havada Terezanın yanına gəlməkdə bəlkə də məqsədi Tereza ilə olan nişanını pozmaqdır!

O, yağış yağmasına baxmayaraq magistr geyimində malikanəyə daxil olur. Qazandığı hələlik əynindəki mantiyadır. Ədası ətrafdakıları heyrətə salır. Senyor Kixanonun qulluqçusu Alba bu xilaskarı şəraba qonaq edir.

Karrasko:

- Əla şərabdır!

Tereza və ətrafdakılar ona ümidlə baxırlar. Nikolas onun üstündən suyu təmizləyir, çətirini əlindən alıb çırpır. Karrasko çətiri onun əlindən tez alır!

Deyəsən, o, hər şeyi qərarlaşdırıb. Hamı diqqətlə ona baxıb nəyə görə gəldiyini öyrənmək istəyi ilə alışıb-yanır.

Əla şərabdır. Yaxşı yaşamaq isə lap yaxşıdır.

Karrasko şərabı son damlasına qədər içir, badəni laqeydliklə qulluqçu Albaya qaytarır.

Karrasko:

- Mən bizim gələcək evliliyimiz üçün narahatam, əzizim. Əgər ailədə bir dəli varsa, onda başqaları...

Tereza:

- Samson, mən belə istəməzdim, mən yeganə varisəm, onun evi, torpaqları...

Tereza nişanlısının ayaqlarına düşərək göz yaşı axıdır. Samson indi başa düşdü. Anladı ki, əgər Tereza yeganə varisdirsə, demək özünün dediyi kimi senyor Kixanonun torpaqları, evi vərəsəlik qanun çərçivəsində Terezaya qalmalıdır. Və əgər o, Tereza ilə evlənsə böyük bir varidatın sahibinə çevrilə bilər!

Rədd olsun elm!

Rədd olsun həkimlik!

Yaşamaq lazımdır!

Və yaxşı yaşamağın uğrunda ən nadan işi belə görmək olar!

Hadisə: "Yaxşı yaşamaq lazımdır!".

Senyor Kixanonu evə qaytarmaq planında Karrasko dəmirçi Nikolası özünə köməkçi götürür. Nikolas güclüdür. Ən əsası budur ki, "Don Kixot" əməliyyatına görə bəxşiş alsa razı qalacaq.

"Don Kixot" əməliyyatına start verildi!

...Növbəti dəfə insanlığı xilas etmək cəhdi ilə vuruşan Don Kixot adamlar tərəfindən döyülərək yerə sərilib. Həmişə bu cür vuruşmalarda kənara çəkilib gizlənən Sanço görünür. O, ehtiyatla senyora yaxınlaşır. Birtəhər onu ayağa qaldırır. Senyorun vəziyyəti heç də ürəkaçan deyil.

Don Kixot:

- Qulaqlarım cingildəyir. Elə bil səslər uzaqdan gəlir.

Sanço:

- Görün nə gündəsiniz, ağappaq ağarmısınız. Bəlkə sizə bir ayama qoyaq? Lamançlı Don Kixot. Qəmxar cəngavər!

Don Kixot:

- Razıyam. Qoy olum Qəmxar cəngavər. Mənə elə gəlir ki, göstərdiyim şücaətlər barədə yazan tarixçi bu fikrin sənin başına gəldiyini yazacaq...

...Kasıb bir mehmanxana.

 

Migel  de Servantes

 

(Davamı gələn sayımızda)

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.12-13.