Cavid cihadı
Poema
Dünyanın ən sadiq cavidşünası, Turan Cavid yadigarı Azər Turan qardaşıma sonsuz şükranlarımla
Babam Hüseyn Cavid bir günəş
idi. Yüksəldi,
parladı, yarasaların
gözlərini kor elədi. Lakin dumanlar onun qarşısını
aldılar...
Ərtoğrol CAVİD
1939-cu il
Ümid edirdim ki, Cavidim gələcək, yaralı ürəyimə
təsəlli verəcək.
Göz yaşımı siləcək.
Keçirdiyim günlərimi qələmə
alacaq. Əfsus ki, o yola gedən
gəlməz imiş.
Mişkinaz Cavid
1973
...Hər şeyə görə - atamı Vətən torpağına qovuşdurduğuna,
Cavid ocağının
çırağını
yenidən yandırdığına... və nəhayət, Cavid külliyyatının
mükəmməl nəşri
üçün sərəncam
verdiyinə görə
unudulmaz Heydər Əliyevə Tanrıdan rəhmətlər diləyirəm.
Turan CAVİD
19 mart 2004-cü il
Epiloq əvəzi
Min illərdi, Əfəndim,
talandı bu dünyada.
Eşqdən başqa nə varsa
yalandı bu dünyada.
Mənim
eşqim, həsrətim,
diyari-yar cənnətim,
Müqəddəs məmləkətim -
Turandı bu dünyada.
Yağışı, küləyi var,
arısı, çiçəyi
var,
insanı, mələyi
var,
Söz candı
bu dünyada.
Min dürlü hikmətimiz,
çiləmiz, möhnətimiz,
Vətəndə qürbətimiz
fərmandı bu dünyada.
Gəzmişəm diyar-diyar,
ruh uçar - səfa duyar...
Şair
külli-ixtiyar
Sultandı bu dünyada...
***
Sən qutlu şaman idin
Şamanlar arasında.
Sən səma şairiydin
dumanlar arasında.
Şair
eşqə aşiqdi,
səmada barışıqdı.
Zəmanə qarışıqdı,
zamanlar arasında.
Göy üzü damar-damar,
göydən yerə
nur damar...
Hardan əsdi bu rüzgar
tufanlar arasında.
Göydən yağış tökülür,
qara qarğış
tökülür...
İblisin üzü gülür
şeytanlar arasında.
Ömürdən günlər keçir,
yaslar, düyünlər
keçir.
Köçəköçdü - yurd köçür
Düşmənlar arasında.
Mövlana neyi çaldım,
yerdən göyə
ucaldım.
Yolayrıcında qaldım
gümanlar arasında.
Şairin cihadı
Yer-göy alovlanıb ümid
yananda,
sular alışanda, bulud yananda,
çılğın qəhqəhələrlə
güləndə qoca
İblis,
hansı cəhənnəmdə
sərxoşdunuz siz?
Səma
şairlərini güdaza
verib, sonra
yamyam kimi, şairlərin
ehsanını acgözlüklə
yeyənlər,
boğazdan yuxarı
şeir deyənlər,
dünyanın məhvəri
dönəcək bir gün,
sizin çırağınız
sönəcək bir gün.
Ah, nə dəhşət, nə vəhşət -
bir gün cəhənnəm sırası
Sizə
çatacaq əlbət!..
Bir gün hamı diz çöküb
edəndə acı fəryad,
sən buluddan qanad taxıb
göy səmada uçacaqsan
Əfəndim, Ustad!
Eheyyy! Cavid Əfəndi,
sən səma şairisən -
Lütf
et, həqiqətin gözəl üzünü
bir daha mənə göstər -
heç mümkünmü
unutmaq
Sənin
o ilhamlı üzünü...
Sən bilirsən bu dünyanın
əyrisini, düzünü.
Sən bilirsən Əfəndim,
yerin-göyün sirrini.
Sən bilirsən
sözün, səsin
sehrini.
Sən bilirsən İblisə
uymuşdu bu dünya -
sən bilirsən şair ömrü
bir röyadı, gözəl röya!!!
İnsan
oğlu min illərdi
göylərə əl açıb etmədə
fəryad -
iştə ümid
ver mənə, Ustad...
Bu dünya sirri-hikmət,
bir nuri-həqiqət...
Gözümdə qanlı yaş
var,
ürəyimdə təlaş
var,
İblislə son savaş var
-
ümid ver mənə, Ustad!
İnsan
oğlu hara gedir
bu günahlar içində,
sən səma şairisən
bu məddahlar içində.
Ustad, yenə davam edir
İblis ilə qutsal cihad.
Hüseyn Cavidin
ev-muzeyində
Cavidin köynəyi qalıb
Turan Cavidə
yadigar.
Cavidin eynəyi qalıb,
eynəkdə göz izi var.
Burada yavru Turan,
burada cavan Cavid.
Sanki dayanıb zaman,
Dayanıb zaman, Cavid!
Burda həmişə payız,
burda həmişə
kədər.
Pəncərəni aç, ay qız,
bu nə tale, nə qədər?..
O yandan kölgə düşdü,
mən diksindim bir anda.
Nə bahardı, nə qışdı -
mən azmışam dumanda.
Duman hanı, çən hanı -
Ev-muzeyi... dörd divar.
Axır
şeirin qanı -
burda Cavid ruhu var.
Vaxt vardı, Turan xanım
qarşılayardı bizi...
Sıxıldı birdən canım
hanı şairin özü.
Xəyalımdan silinmir
Turan xanımın üzü...
Bax, burda oturardı
pəncərənin önündə.
Bir Turan Cavid vardı
günlərin bir günündə...
***
Sibirə
yol uzanır
dörd divar arxasından.
İki damla süzülür
gözümün qarasından.
Gecələr Ay doğanda
Şair yuxular yozub.
İlhamlı anlarında
ölməz şeirlər
yazıb.
Qapısından at nalı
və ümid asılıbdı.
Məmləkətin taleyi
alnına yazılıbdı.
Sevgi əskik olmayıb
heç zaman bu hücrədən.
Şair
dünyaya baxıb,
baxıb bu pəncərədən.
Tüfəng qundağı ilə
qapısını qırdılar,
Bir müqəddəs şairin
yapısını qırdılar.
Şairi
apardılar
Kremlin göz dağıyla.
Bir qadın tənha qaldı
iki körpə uşağıyla.
Elə bil yer titrədi,
Göy kişnədi
o gecə.
Ulduzlar axıb getdi,
Ay ağladı gizlicə.
Bir gecə yarısıydı,
şəhər yuxuda idi.
İnsanlar röyada da
Qara-qorxuda idi.
Daş döşənmiş səkidə
qara ölüm kölgəsi.
Şair
nə isə dedi,
amma qırıldı,
səsi...
Qorxu məmləkətiydi
Qədim
Odlar ölkəsi...
Naxçıvanda Cavidin məqbərəsi
Ağla
gəlməyənlər başına
gəldi,
İblis də şaşırdı
bu xəyanətə.
Sən könül vermişdin mavi göylərə,
sən könül vermişdin nuri-hikmətə.
...Üzünə durdular, Cavid Əfəndi,
"Burjua şairi"
dedilər sənə.
Sənə yol göründü
- Sibir yolları
şairə qıyanlar
qıydı vətənə.
Qəsdinə durdular, səma
şairi,
Qəsdinə durdular şair "dostların".
Cavan komsomollar, qoca həpəndlər,
və sair... və sair... sair "dostların".
Səni
şöhrətinə qısqananları
tarix unudacaq, Cavid Əfəndi.
Bir cüt mələk gəlib məzarın üstə
səni ovudacaq, Cavid Əfəndi.
Bosforun suları soyuqdu, bəyim,
İstanbul havası vardı başında.
Kreml bayrağı altında şair
Müşfiq güllələndi cavan yaşında.
Ya Rəbbim! Azacıq lütfü-inayət
kor tale zəbundu, bu dünya gidi.
Sənin
ruhun Ərtoğroldu,
Turandı,
sənin Tanrın
gözəllikdi, sevgidi.
Sən İblisə cihad etdin hər zaman,
Türk
oğlu sözündən
dönməz demişdin.
Şair
ruhu səmaların vurğunu,
həp yüksələr,
göydən enməz
demişdin.
Biz sənin izinnən gedirik, Ustad,
həp səsləyir bizi Turan elləri.
Üfüqlərdə al şəfəqli
bir səhər,
əsir Asiyadan bahar yelləri...
Göy üzünün qapıları
bağlanıb,
Açılıb Şuşanın bəndi,
bərəsi,
bu gün Türk oğlunun iman yeridi
Naxçıvanda Cavidin məqbərəsi...
Hüseyn Cavidin
abidəsi önündə
Yağışlı, çiskinli payız günündə
dayanmışam Cavidin abidəsi önündə.
Şəhərin üstünü buludlar
almış,
uzaqlara baxaraq şair xəyala dalmış...
Ağaclar yorğundu, səma
pərişan,
heç umrunda deyil nə şöhrət,
nə şan.
Axar sular kimi axıb
bir zaman,
pəmbə buludlara
baxıb bir zaman.
İndi
heç nə ovutmaz
ruhumuzu bu anda,
ömür payız
röyasına
bənzər dumanda.
Sevgililər ötüb-keçir yanımdan
sanki bir sarsıntı keçir canımdan.
Fəqət bu hal nə
haldı?
Bəlkə süslü bir
xəyaldı?!.
Bakıda
Cavid bağında payız,
ağacların yarpaqları
tökülməyibdi hənuz.
Yağışlı, çiskinli payız günündə,
dayanmışam Cavidin abidəsi önündə.
Türk
elidi bu məmləkət əzəldən,
yurdum cənnət olub, cənnət əzəldən.
Öz kökü üstündə
bitər hər millət,
aləmi-zevqi səfadır
eşq və məhəbbət.
Payız
günü səmada buludlar çılğın,
payız günü
şairin çöhrəsi
dalğın.
Tarix vərəqlənir, dəyişir
halım,
Cavidə
bəllidir şair xəyalım...
Epiloq
İçimizdə dərd ağlayar,
ağlayar, səsi
duyulmaz.
Bu dünyada axan qanlar
Yağışlarla yuyulmaz...
İnsan
oğlu, bu nədir-
qulağında vəsvəsə.
Uyma,
Allah eşqinə,
uyma, uyma o səsə.
Bir gün haqq qapısında
son dua edəcəksən.
Üryan
gəldin dünyaya
üryan da gedəcəksən.
Bəs bu asilik nədir,
nədir şahmari-üsyan?
Uzaqdan sənə baxıb
təhəkküm edər
şeytan.
Hər yanda bir vəhşət
var,
hər yerdə ruzimiz şəb.
Adəmdən bu günəcən
bağışla bizi, ya Rəbb!
Göy üzü vərəq-vərəq
oxunmamış bir kitab.
Şəhərin üzərində
yenə min türlü mehtab...
Dekabr, 2013
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
26 noyabr.- S.15.