"Bir xalqın manifesti"

romanından parça  

 

Qışın oğlan çağı idi. Təbrizin Qonqabaşı deyilən ərazisindəki parkda sevdiyim qızın yan küçədən keçməsini gözləyirdim. Ayağımdakı köhnə ayaqqabı su buraxırdı deyə, ayaqlarım donurdu. Əllərimdə əlcək olmadığına görə qoltuqlarımın altında gizləmişdim. Demək olar ki, hər gün eyni saatda gəlib sevdiyimin oradan keçməsini gözləyərdim. Durna da heç vaxt eyni vaxtda keçmirdi. Bəzən elə olurdu ki, səhər saat 7:00-dan düz nahar vaxtı saat 12:00-a qədər gözləməli olurdum. O məni sevmirdi, mən onu sevirdim. Bu birtərəfli sevgi isə məni yaşadırdı. Məncə, ikitərəfli sevginin heç bir mənası yoxdur. Olsa-olsa onun adı qarşılıqlı hörmətdir. Durna da hər dəfə məni görəndə qönçə dodaqlarını bir az da büzüb, qara gözlərini bərəldərdi. Mənsə onun bu hərəkətlərini görüb ürəyimdə özümə deyirdim ki, "bax, səni sevir. Sevməsə belə eləməz axı". Mənsə kölgəsi kimi onu məktəbinə qədər müşayiət edib, sonra da köşkdən bir qəzet alıb, Günəş kafesinə gedərdim. Durnanın eşqi məni bir neçə qışdan növbəti bahara çıxarmışdı. Nə cırıq ayaqqabılar, nə də soyuqdan hissiyyatını itirmiş barmaqlarım məni sevginin boynuma qoyduğu missiyadan uzaqlaşdıra bilmirdi. Mən baharın eşqilə deyil, Durnanın eşqilə yaşayırdım. Çox eşitmişdim ki, deyirlər "əsas yoldur, məqsəd deyil". Ancaq bunu əyani şəkildə bu qədər yaxından hiss etməmişdim. Durna mənim üçün yol idi, ona çatmaqdan ötrü heç nə etmirdim. Sadəcə onu görmək istəyirdim. Sadəcə hər gün eyni yerə gəlib, Durnanı görmək istəyirdim. Bəlkə də Təbrizin qaranlıq mühitindən qurtulmaq üçün özümə nəfəslik axtarırdım, bilmirəm. Nə idisə məni xoşbəxt edirdi. Adətlər insanı müvəqqəti də olsa xoşbəxt edə bilir. Əslində Təbriz kimi mühitdə heç əbədi xoşbəxtliyi axtarmaq da olmurdu. İnqilabların, edam və etirazların şəhərində daimi nəsə axtarmaq mümkün deyil. Daimi olan yeganə şey əbədi iztirabdır.

Dəqiq yadımdadır ki, həftənin beşinci günü saat nahar vaxtı ilə 12:00 idi. Saata baxıb dərindən ah çəkdim. Durna o gün küçədən keçmədi. Qar saçlarımı tamamilə ağartmışdı. Ayaqlarımı qarlı-buzlu yerdə sürüyüb kafeyə tərəf sürünməyə başladım. Yolun sol tərəfində, Daş Mağazalar deyilən ərazidə qədimi qəzet köşkü var idi. Deyilənə görə, Əhməd ağa Pişəvəri dönəmindən bu günə qədər o köşkdə qəzet satmaqla güzəran edib. Düm saçları, göy gözləri və uzun burnu ilə olduqca ziddiyyətli çöhrəsi var idi. Mənim təsəvvürümdə ipək saçlara və göy gözlərə sahib olanların burnu uzun olmamalı idi. Bəlkə də elə 75 ilə yaxın bu köşkdə müxtəlif siyasi hadisələrə rəğmən davam gətirməsinin səbəbi bu idi. "Əhməd ağa, Şərq qəzeti var?" - dedim. "Var, 50-ni ver görüm!" - Əhməd ağa dedi. Cibimdən 50 tümən çıxarıb Əhməd ağaya tərəf uzatdım. Pulu alıb qəzeti üstümə tulladı. "Get özünə bir başmaq al, yazıqsan. Nə var hər gün gəlib Şərq alırsan? Şərqdə heç zad yoxdu". "Yaxşı, alaram" - deyib, qəzeti götürüb uzaqlaşdım. Günəş kafesinin də az qala yüz ildən artıq tarixi var idi. Məşrutə dönəminin fədailərindən tutmuş, Milli hökumət fədailərinə qədər bu kafeyə gəlirmişlər. İran inqilabının inqilabçılarının da əsas "qərargahı" bura imiş. İndi də bizlərin, belə demək olarsa, sığındığımız məkan idi. Oturub özümüz kimi adamlarla ictimai-siyasi söhbətlər edib, bəzən də yazdığımız şeirlərdən oxuyub vaxt öldürərdik. Onu da deyim ki, orada vaxtilə əqidəsinə görə uzun müddətli həbslərdə yatan adamlar da az deyildi. Bir nümunəsi Xəlil ağa adında solçu bir kimiya mühəndisi idi. Səkkiz il güllə altında yatmışdı. Xəlil ağa yaxşı insan idi. Heç vaxt evlənə bilmədi. Siyasətdən elə danışırdı ki, elə bil Çörçildir. Oturub saatlarla nəsihət verməyi, yol göstərməyi xoşlayırdı. Biz də "bəli, Xəlil ağa, elədir" - deyib yola verərdik. Biz də bilirdik, Xəlil ağa da bilirdi ki, nə onun nəsihəti, nə də bizim saymamazlığımız heç nəyi dəyişməyəcək. İran kimi mühitlərin siyasi tezisi tarix boyu başqa yerlərdə təyin olunub. Yazıq Azərbaycan xalqı da həmişə o siyasətlərin qurbanı kimi istifadə edilib. Yüz ildən artıqdır ki, farsçılıq, ümmətçilik, irançılıq və bu kimi oyunların qurbanına çevrilmişik. Nə sağ, nə də sol düşüncə bizə azadlıq gətirmədi.

Həsən ağanın sol əlində 7-8 stəkan çay var idi. Birini sağ əlilə götürüb mizin üstündə demək olar ki, mənə tərəf tulladı. Çayın yarısı nəlbəkiyə töküldü. Yaman zəhmli adam idi. Heç kəs ona "niyə belə edirsən?" deyə bilmirdi. Kirimişcəsinə çayı götürüb nəlbəkidən stəkana qaytardım. Üzbəüz divarın sol tərəfində Habil Əliyev və Rəşid Behbudovun, sağ tərəfində isə Ərk qalasının şəkilləri var idi. Qəzeti açıb masanın üstünə sərdim. Adəti üzrə birinci manşetlərə baxırdım. Xəlil ağa yan masada Qulu adında bir şair ilə mübahisə edirdi. Qulu da elə Xəlil kimi dünyadan bezar adam idi. On ilə yaxın həbsdən çıxandan sonra görüb ki, arvadı başqa kişiyə ərə gedib. Ona görə də dəlifason idi. Bir söz deyən kimi qışqırırdı. Koroğlu kimi bığları və yekə dənələri olan təsbehi var idi.

- Xəlil ağa, bir az yavaş, başımız getdi axı! - deyib başımı yenə də qəzetə tərəf əydim.

Xəlil ağa məni də sanki öz mübahisələrinə qatmaq istəyər kimi dedi:

- Sən də o Şərqi oxumaqdansa, get şeirini yaz. Hamısı yalandı.

Başımı qaldırıb Xəlilin gözlərinə baxdım:

- Xəlil ağa, sən niyə? Sən ki, ömrünü siyasətdə məhv edibsən!

Xəlil ağa əyri-əyri mənə baxıb dedi:

- Elə ona görə deyirəm də. Şeir qalacaq, qəzetlər yox.

Sonra da ayağa durdu, yanımdakı oturacaqda oturub davam elədi:

- O qəzetlərdə yazılanları oxuyub inanmağa nə var ki? Kişisənsə, siyasətçisənsə qəzetin yerlərini oxumağı bacar. Bildin də? Yazılmayanları deyirəm.

Çayımı Xəlil ağa tərəfə itələyib dedim:

- Buyur, çay iç, Xəlil ağa. Görürəm yorğunsan.

Xəlil ağa çayı özümə tərəf geri itələyib əsəbi halətlə dedi:

- Yorğun özünsən, qanmaz. Adam olmayıb, olmayacaqsız. Mən sənə dilimdə söz deyirəm, sən mənə çay itələyirsən? Get, oğul, get. Get, başın daşa dəysin, gələrsən danışarıq. Heç o da olmayacaq. Sizin başınız əhləd daşına dəyəcək.

- Əsəbləşmə, Xəlil ağa, düzələr inşəallah - dedim.

Xəlil ağa:

- Düzəlməyib, düzəlməyəcək də" - deyib Qulunun yanına qayıtdı.

Həsən ağanın verdiyi çay Xəlil ilə mənim aramda körpü ola bilmədi. Bir azı Şərqin üstünə calandı, bir azı nəlbəkidə dalğalanırdı, qalan hissəsi də stəkanın dibində tilifə bulaşmışdı. Qəzeti də, stəkanı da yığışdırıb sol tərəfimdəki divara tərəf itələdim. Başımı əllərimin içinə alıb mizin üstünə qoydum.

- Noolub, başın ağrıyır? - Həsən ağa idi.

- Yox, Həsən ağa, bir az yorğunam - dedim.

Həsən ağa bayaq gətirdiyi çay stəkanını ikrahla götürüb dedi:

- Yorğunsan, get evə dincəl də. Çayı niyə heyif eliyirsən?

Beynim çöndü qəfil:

- Yerini dar eliyirəm, Həsən ağa?

Həsən ağa mətbəxə doğru gedə-gedə dedi: "Mənim yerimi Allah dar eliyib də, gəlib bu lənətlənmiş kafedə işləyirəm".

Ayağa durdum. Havam çatmırdı.

- Çayın pulu yaddan çıxmasın, - Həsən ağa mətbəxdən qışqırdı.

Mizin üstünə bir dəmir onluq atdım:

- Ala, bu da içmədiyim çayın pulu - deyib qapıya tərəf getdim.

Xəlil ağa hələ də gözünün altı ilə mənə baxırdı. Dedim: - "Xəlil ağa, düzələr, küsmə".

Xəlil ağa başını Quluya tərəf çevirib dedi:

- Siz adam olmazsız.

- Heç istəmirik də - dedim.

Eşitdim ki, Qulu Xəlilə qışqırırdı:

- Eeee, Xəlil bəsdir də. Biz özümüzü adam eliyə bilmədik.

Artıq kafedən çıxaçıxdaydım. Başımı kafenin qapısından içəri soxub dedim:

- Olarsız inşəallah!     

Xəlil qışqırdı, Qulu da səsinə səs verdi. Mən də kafedən çıxıb, İmam xiyabanına tərəf getməyə başladım.

Hiss elədim ki, kimsə sürətli addımlarla arxadan mənə yaxınlaşır. İran mühitini yaxşı tanıdığıma görə geriyə baxmadan sürətimi artırdım. Arxadan gələn adam bir az da sürətləndi. Artıq xiyabana çatmışdım. Gördüm ki, qarşıdan da kimlərsə mənə tərəf gəlir. Dayandım. Qaçmağa yerim qalmamışdı. Arxamca qaçan adam mənə çatmışdı. Sağ əlimi tutub dedi: "Səs eləmə, otur maşına". Sonra da itələyə-itələyə təhlükəsizlik qüvvələrinə aid olan Peykan maşınına mindirdilər. Maşına mindiriləndə cırıq ayaqqabım ayağımdan çıxıb yerə düşdü. Əyildim ki, ayaqqabımı yerdən götürüm, amma mane oldular. Biri dedi:

- O artıq sənə lazım olmayacaq.

Solda sürücü, sürücünün yanında bir məmur, arxada da mən ortada, iki tərəfimdə də İran təhlükəsizlik qüvvələrinə aid iki məmur. Dedim:

- Siz kimsiz, nə olub?

Qabaqda sürücünün yanında oturan məmur qəzəblə cavab verdi ki:

- Mərkəzdə bilinər, səs eləmə!

Maşın Təbrizin Əbbası məhəlləsinə doğru hərəkət edirdi. Ürəyimdə dedim: "Durnanı görsəydim belə olmazdı. Bir gün görmədim bax, belə oldu". Əbbası meydanından sağa tərəf döndülər. Bir neçə yüz metrdən sonra yenə də sağ tərəfdə böyük bir dəmir qapının qabağında saxladılar. Qapının üstündəki yazını oxuya bildim. Başa düşdüm ki, məni Təbriz Ettelaatına gətiriblər.

Dəmir qapı açıldı. Maşın içəri daxil oldu. Məmurlar maşından endilər. Sonra da mənim əlimdən yapışıb dartaraq yerə endirdilər. Biri dedi:

- Hərəkət elə. Düz get.

Həyətin qəribə quruluşu var idi. Maşının saxladığı məkan olduqca dar idi, amma bir az irəlidə həyət genişlənirdi. Sol tərəfdə çox sayda kiçik inzibati otaqlar yan-yana tikilmişdi. Dörd tərəfdə də divarların üstü tikanlı məftillərlə örtülmüşdü. Otaqların demək olar ki, pəncərəsi yox idi. Sadəcə balaca nəfəsliklər var idi.

- Sənə demədim hərəkət elə?

Məmurun dediyi tərəfə yönəlib yeriməyə başladım. Məni sağ tərəfə apardılar. Sağ tərəfdə bir dəmir qapı və zahirindən də məlum olduğu kimi böyük sahəsi olan tikili var idi. Dəmir qapının iki tərəfində də əllərində dəyənəklə dayanan iki məmur. Arxamca gələnlərin biri məni itələyib qışqırdı ki, sürətlə gedim. Mən də bir ayağım yalın olduğuna görə Həsən ağanın çayı kimi tökülə-tökülə sürünürdüm. Dəmir qapıya çatan kimi qapıda dayanan məmurlar məni döyməyə başladılar. "Niyə döyürsüz" - deyib irəli qaçmağa çalışdım ki, bəlkə döyülməkdən canım qurtarsın. Məmurların biri dedi:

- Hara qaçırsan, qabağında zindan otaqlarıdı. Bu da otaqların qiriş qapısıdır.

Başımdan qan axırdı. Bunu başıma qoyduğum əllərimin qızışmasından hiss etdim. Alnımın ütünə dəyən dəyənək də dəydiyi yeri çapmışdı. Alnımdan gözümə doğru qan çeşməsi çağlayırdı.

- Nə olub axı? Neynəmişəm? Anamgil nigaran qalar, qoyun ailəmə xəbər verim!

Məmurlardan biri mənim sağ qolumdan tutub, qabağa itələyib dedi:

- Sən hələ-hələ bizim qonağımızsan. Səbrli ol.

Sonra da bir başqa bir dəmir məcərli qapıdan keçirdib üstü örtülü, amma həyətvarı bir yerə tərəf apardı. Həyət təxminən 150 kv.m olardı. Həyəti də keçib o başdakı bir başqa qapıya çatdıq. Qapını ayağı ilə döydü. Sonralar eşitdim ki, orada əl ilə qapı döyən heç kəsə qapı açılmır. Qapını bir arıq əsgər açdı. Bir neçə pillə aşağı endik. Solda əsgərin oturduğu bir kiçik masa, sağda isə bir nəfərlik kameralar var idi. Əsgərin masasının üstündə Şərq qəzeti diqqətimi çəkdi. Əsgər qapını açıb, məni özünə ən yaxın olan birinci kameraya, demək olar ki, tulladı:

- Otur orda, səsin də çıxmasın. Eşitdin?!

Onsuz da hava qarlı və soyuq idi. Kameranın içində isə istilətməyə və isinməyə görə heç nə yox idi, bir cırıq, nazik adyal, bir də min ildən bəri yuyulmamış köhnə yastıqdan başqa. Ayaqlarımı cırıq ayaqqabımdan çıxarıb adyala bükdüm ki, bir az qızınsın. Özüm də yastığı divara söykədim, büzüşüb, yastığa söykəndim. Çox üşüyürdüm...

Mənim kameramın da digər kameralar kimi həyətə açılan çox balaca, bir pişiyin keçə biləcəyi qədər nəfəsliyi var idi. Həbsdə olanlar, xüsusilə də birnəfəlik kamerada yasayanlar bilər ki, bütün günü ac-susuz iki metrlik beton kamerada tək qalmaq nə deməkdir. Üstəlik, gündə üç-dörd dəfə istintaq adı ilə işgəncəyə aparılıb, sonra da əzilmiş pomidor kimi kameraya geri qayıtmağın nə olduğunu ancaq çəkənlər bilər. Gündə on dəfə ölümlə hədələnirsənsə, gündə on dəfə ölüb dirilirsən deməkdir. Hələ ailən, sevdiklərinin səndən, sənin də onlardan xəbərsiz olmağının insana yaşatdığı psixoloji gərginliyin dəhşətini heç bir sözlə ifadə etmək mümkün deyildir. Hər dəfə istintaqa aparanda, müstəntiq hədə-qorxu gəlirdi ki:

- Sabah asılacaqsan, get tövbə elə.

İnsan ruhən çökürdü. Həbsində olduğun kamera sənin məzarına çevrilir. Darıxırsan, nigaran qalırsan, səbirsizliyin ən son həddinə çatırsan. Bir işıq yolu axtarırsan. Möcüzə istəyirsən, hansısa ağla sığmayan hadisəni gözləyirsən. Durub kamerada saatlarla dəli kimi obaş-bubaşa gedirsən. Yorulub yerə yıxılırsan. Kövrəlib ağlayırsan, ancaq möhkəm olmağa çalışırsan. Divarları yumruqlayırsan, ancaq heç nə edə bilmirsən. Qırılan da, yaralanan da əllərin, barmaqların olur. Ağrıyırsan, ağrıkəsicin olmur. Sızlayırsan, duyanın olmur. Mən o həbsxanada tək deyildim. Müxtəlif kameralarda onlarca məhbus var idi. Adları bir olmasa da, dünyaya gəlişlərinin səbəbi və məkanı bir olmasa da, taleləri, demək olar ki, eyni idi. Ona görə ki, rejim tərəfindən onlara atılan ittihamların mahiyyəti eyni idi. Bəzən bir xalqın taleyi də belə olur. Hansısa hakimiyyət özünə sərf eləyən fikir və ya ideologiyanı əsas götürərək böyük bir xalqın həyatı və mənəviyyatını zədələyir. Sonralar da həmin zədələr xalqın mədəniyyətinə, həyat tərzinə çevrilir. Olur bir xaqın manifesti...

Bir nəfərlik kamerada saxlanılmayan digər məhbuslar hər gün müəyyən saatda tənəffüs üçün həyətə buraxılırdılar. Mən də hər gün o saatı gözləyirdim ki, onların səs-küyü və ayaqlarının sədası ilə həyatın hələ də cərəyan etdiyini görə bilim. Həyat çox qəribə prosesdir. Bir gün Durnanın ayaq səslərini eşitməkdən ötrü saatlarla qarın, buzun içində dayanıb donursan. Bir başqa gün də məhbusların ayaq səsləri ilə xoş olursan. İnsanların həyata, xoşbəxtliyə baxışı da belədir. Baxır hardan, necə və nəyə baxasan. Azadlıq kimi məfhumların minlər formada şərh və qəbul edilməsi də elə buna görədir. Mən o həbsxanada Durnanın niyə məni sevmədiyini anladım. Durna əslində anlayırdı ki, o mənim baharımdır, durna olansa mən idim... Köçəri mən idim...

Məhbusar hər dəfə tənəffüsə çıxanda siqaret çəkmək imkanı da tapırdılar. Siqaretin iyi mənim kamerama çatanda Günəş kafesini xatırlayırdım. Xəlil ağanın saçlarını, heç vaxt lezva dəymədiyi üzünü, bizə olan nifrətini xatırlayırdım. İşsiz-peşəsiz şair dostlarımı xatırlayırdım. hansı ki, heç nə etmədən, sadəcə Azərbaycan Türkcəsində şeir yazdıqlarına görə "pan türk" damğası almışdılar. Onların da siqaretdən və Günəş kafesindən başqa sığındığı yerləri yox idi. Günəş kafesi də əslində bizim həbsxanamız idi. Mən ümumiyyətlə Təbrizdə heç vaxt gülmədim. Mən, ümumiyyətlə, heç vaxt ürəkdən gülə bilmədim. İçimdə əbədi bir kədər gülməyimə mane olur. Əvvəllər elə bilirdim ki, o kədər hansısa qıza olan nakam eşqimin qalığıdır. Sonralar dəfələrlə aşiq olsam da kədərim bitmədi. Hətta özümü qucağında çox xoşbəxt hiss etdiyim qadınlar olub ki, onların da mənə verdiyi xoşbəxtlik qəlbimdəki kədərə dərman ola bilmədi. Anladım ki, içimdəki nakam eşqin kədəri deyil. İndi bilirəm ki, o kədər son yüz ildə xalqımızın heç vaxt dada bilmədiyim milli kimliyin olmamasının kədəridir. Özün Türk doğulasan, fars kimi tərbiyə almağa məcbur ediləsən, bütün yazıları və yaydığı dəyərləri ərəblərə məxsus olan dinə inanmağa vadar olasan, sonra da "mən kiməm" sualının qarşısında Qulu kimi, Xəlil kimi sükut edəsən. Bax, budur insanı məhv edən. İnsan bunu açıq şəkildə hiss edə bilməsə də, şüuraltı şəkildə insanın mənəviyyatını hədəfə alır. Hisslərini qaraldır... O qədər darıxdırıcı olursan ki, özün də özünü darıxdıra bilirsən... Durnanın sevgisi məni darıxmağa qoymurdu, başqa heç nə...

Yastığı kürəyimə, kürəyimi də divara söykəmişdim. Məhbusların həyətə çıxdığı vaxt idi. Durnanı düşünürdüm. Nəsə hiss edirdim ki, o da məni düşünür. Artıq neçə gün idi ki, onu görməyə gedə bilmirdim. Qəfil hiss etdim ki, balaca pəncərədən kameraya nəsə atdılar. Baxdım ki, siqareti alışdırıb mənə atıblar. Tez götürdüm ki, sönməsin. Ömrümdə siqaret çəkməmişdim. Dəli kimi siqareti dodağıma qoyub tüstüsünü bütövlüklə sinəmə çəkdim. Oksürdüm. Başımı qaldırıb uca səslə dedim:

- Yaşasın!

Bir nəfər yuxarıdan dedi:

- Darıxma, sabah da atarıq.

Qışqırdım ki:

- Darıxmıram, üşüyürəm.

Cavab verdi:

- Yaxşı olacaq, səbirli ol.

Sonra da bir neçə siqaret də içəri atdılar. Mən də onları götürüb biri ilə digərini alışdırıb sonuna qədər çəkdim. Tanımadığım o məhbusun dediyi "darıxma" sözü qədər mənə təsir edən heç nə olmamışdı. Suda boğulmaq, odda yanmaq üzrə olan adama "darıxma" demək lap söyüş kimi təsir edir. Arxasıyca da siqaret yollamaq, suda boğulana bir ovuc torpaq vermək, odda yanana bir qurtum su vermək kimidir. Düzdür, çıxılmaz vəziyyətdə olan insan üçün ən balaca işıq nöqtəsi də ən böyük ümidlər verə bilər. Mən o kamerada söykənə biləcəyim ümid nöqtəm o balaca pəncərədən atılan siqaretlər idi. Hər gün eyni saat, eyni siqaretler atılırdı və mən günün 23 saatının əzabına o bir saat üçün dözürdüm. Müstəntiqin işgəncəsinə də, bütün stress və narahatlığıma da bilmədiyim adamların mənə atdığı siqaretlərin hesabına dözürdüm. Bu hadisələr təxminən dörd ay davam etdi...

Səhər azanı vaxtı idi. Həmişəki kimi məhbusları namaz qılmaqdan ötrü icbari şəkildə oyadırdılar. Mənim də qapımı təpiklədilər. Artıq bir-iki gün idi ki, mənə siqaret atılmırdı. Hər günüm yüz gün kimi keçirdi. Siqaret atan o adamın taleyindən nigaran idim. Hər gün eyni vaxtda düz bir saat gözümü nəfəsliyə dikirdim. Xəbər çıxmırdı deyə, dəli kimi ağlamaq tuturdu məni. Azadlıqda olanda Durnanın yolunu gözləyirdim, indi də siqaretin yolunu gözləyirdim. Durna gəlməyən gün həbsə atıldım. Bəs görəsən, siqaretin atılmadığı gündən sonra nələr baş verəcəkdi? Bu suallar məni incidirdi, ruhumu ağrıdırdı. İnsan belədir, həmişə nəyisə gözləyir. Həm xoşbəxt, həm də bədbəxt olmaqdan ötrü səbəbə ehtiyacı var. Həmişə də o səbəbi özündən kənarda axtarır. Mənim də zindandakı xoşbəxtliyimin səbəbkarı həyətdəki ayaq səsləri və siqaret idi. Hansı ki, həyətdəki ayaq səsləri də artıq azalmışdı. Görünür, məhbusları ya oradan köşürmüşdülər, ya da bilmədiyim başqa hadisə baş vermişdi.

Üzü maskalı iki məmur qapımı təpikləyib içəri girdi. Qollarımdan yapışıb həyətə tərəf sürüdülər.

- Hara aparırsız? - dedim.

Heç nə demədilər.

- Bəs o biri məhbuslar hardadır? - dedim.

Məmurların biri biləyimi bir az da bərk sıxıb:

- Sakit ol. Başqa yerə köçürüldülər, - dedi.

Səsi mənə çox tanış gəldi. Ağzından siqaret iyi gəlirdi. Hiss olurdu ki, sol döşü üstündəki cibində də siqaret qutusu var.

Dedim:

- Sən?

Məcərli qapıya çatmışıdıq. Əlimi sıxıb itələdi maşına tərəf. Orada olan iki məmura dedi:

- Aparın bunu. Çox danışır.

Hiss elədim ki, gözləri gülür. Bu, o idi...

 

Sayman ARUZ

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.16-17.