Uçarsan eləcə xəbərin olmaz,

Öpər yanağından mələklər bir-bir...

 

Dilənçinin ümid yeridi bu şəhərin küçələri.

Yağış yağsa

sığınmağa dayanacağı, metrosu var,

dərdinə bir yanası var...

Bu şəhərin küçələri

qollarıdı bu şəhərin,

açılıbdı şəhərə üz tutanlara.

Kirayə axtaran kasıb tələbələrə,

ehbilim

daha kimlərə, kimlərə...

Rəngarəng işıqları

çiçəkləyər hər tərəfi.

Bu şəhərin küçələri

pəncərədə donan baxışların

sirdaşına çevrilər hər gecə,

sevənlərin ayaqları altında

xatirələr dinləyər gizlicə...

Çevrilər qurbanına yağan qarın, yağışın,

ünvanlı alqışın, ünvansız qarğışın..

Bu şəhərin küçələri

xəyallarım kimi sonsuz,

fikirlərim kimi dolaşıq,

yuxularım kimi qarışıqdı...

Yaman əzgindi bu şəhərin küçələri...

İnsanların ayaqları altında,

maşınların təkərləri altında

can verir elə bil...

Sərxoş adamın gözləri kimi axır,

axır bu şəhərin küçələri harasa...

Bir şair lazımdı

düşə bu küçələrdə aza.

Bir az qəribsəyə,

bir az yorula,

otura bir şeir yaza...

 

***

 

Gecə göy üzündə uçan təyyarə,

De hansı şəhərə sən enəcəksən?..

De hansı şəhərin qızları ilə,

Oğlanları ilə sevinəcəksən?..

 

Səni gözü yolda gözləyənlər var,

Sən adam kimisən, nəfəs kimisən...

İndi içindəki adamlar üçün,

Bir az zindan kimi, qəfəs kimisən...

 

Gecənin bu vaxtı göyün üzündə,

Sənə nəğmə qoşar ürəklər bir-bir..

Uçarsan eləcə xəbərin olmaz,

Öpər yanağından mələklər bir-bir...

 

elə, belə, qalma yolundan,

Darıxıb səninçün aeroport-evin...

Qorxma qurban olum dəyməz xətrinə,

Bağlamaz yolunu buludlar sənin...

 

Yolunun üstündə dayanan ayın,

Yoluna düşürsə işığı, bəsdi...

Yetər göy üzündə süzdüyün daha,

En qartal qanadlım, aşağı, bəsdi...

 

Səni şeir- şeir oxşayır könlüm,

Ay şeir ürəklim, en sətir-sətir...                  

Səni gözü yolda gözləyənlərə  

Bir az sevgi gətir, xoşbəxtlik gətir...

 

***

 

Hərdən xətrimə dəyir

Saçlarını oxşayan küləklər ,

Yollarına yağan yağışlar da,

Pəncərəndən boylanan çiçəklər ...

 

Dəyir xətrimə

Dərs oxuduğun yuxusuz gecələr ,

Keçdiyin lal-dinməz küçələr ,

Sən olan yalanlar da, gerçəklər ...

 

Necə danım axı

Xətrimə dəyir...

Dayın da, əmin ,

Qiymətini kəsən müəllimən ,

Aramızı vuran rəfiqən ...

 

Təkcə sən xətrimə dəymirsən,

gülüm mənim, sən.

Səni çox sevirəm...

 

***

 

Bir həzin nəğmətək könlümə axıb,

Bu fikir, bu qayğı çıxdı canımdan...

Üzünə baxmağa üzüm olmadı,

Utana-utana keçdim yanından...

Sənə gül almağa pulum olmadı...

 

Könlümü odlayan sözüm yetmədi,

Yetmədi, dadıma fikir etməyim...

Dolu ürəyimlə, bu boş cibimlə,

Yolunun üstündə gültək bitməyim...

Sənə gül almağa pulum olmadı...

 

Bir gül dükanına səfər etdim,

Elə maraqlanıb baxdım da xeyli...

Canıma od düşdü, qəlbimə təlaş,

Hələ yumruğumu sıxdım da xeyli,

Sənə gül almağa pulum olmadı...

 

Gül satan qız belə, susdu,  dinmədi,

Duymadı pulumun olmamağını...

Neçə bəhanəmə gülümsündü lap,

Sormadı, gül niyə almamağımı,

Sənə gül almağa pulum olmadı...

 

...Düşündü bəlkə xoşuma gəlib,

Ona deyiləsi ürək sözüm var...

Daha düşünmədi düzüb satdığı,

Neçə qızılgüldə mənim gözüm var,

Sənə gül almağa pulum olmadı.

 

Dondu gözlərimdə həyat bir anlıq...

Dondu sözlərim sanki dilimdə...

Əliboş çıxdım mən gül dükanından,

Məni bağışlasın, gərək, əlim ,

Sənə gül almağa pulum olmadı...

 

Kaş bunu bir günah, suç saymayasan...

Ay şirin duyğulum, şirin yuxulum...

Canımı desəydin qurban verərdim,

Neyləyim... ay çiçək, ay gül qoxulum...

Sənə gül almağa pulum olmadı...

 

 

***

 

Dağ döşündən çeşmə kimi,

Çay üstündən aşma kimi,

Son yazdığım qoşma kimi,

Bir qız keçdi həyatımdan...

 

Gül üstündə şehə bənzər,

Yaz axşamı mehə bənzər,

Könlümdəki aha bənzər,

Bir qız keçdi həyatımdan...

 

Sinəmdə dağlar oynadı,

Oynadı, ağlar oynadı...

Gör necə çağlar oynadı,

Bir qız keçdi həyatımdan...

 

Qələm susdu varaq dindi,

Yaxın keçdi, uzaq dindi,

Canımdakı sazaq dindi,

Bir qız keçdi həyatımdan...

 

Verdi ruhumla səs-səsə,

Səs-səsə, nəfəs-nəfəsə...

Bir az tələsə-tələsə,

Bir qız keçdi həyatımdan...

 

***

 

Qalam bu qarın altında,

Yaza kimi ölməyəm kaş...

Gül-çiçəklər açılmamış,

Özümə gəlməyəm kaş...

 

Qalam bu qarın altında,

Atam, anam da bilməyə.

Tapdayıb üstümdən keçə,

Keçə sonam da bilməyə...

 

Qalam bu qarın altında,

Nəfəsim buz bağlaya.

Qara olan məhəbbətim,

Həvəsim buz bağlaya...

 

Qalam bu qarın altında,

Bir sehrli bəzək kimi.

Qalam uşaqlar sürüşüb,

Unutduğu xizək kimi...

 

Qalam bu qarın altında,

Narın-narın qara dönəm.

Qalam bu qarın altında,

Axırda Qoşqara dönəm...

 

Qoşqar Qaraçaylı

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.32.