Dünya ədəbiyyatının əvəzolunmaz
7 ingilis qadın yazarı
Dünya
ədəbiyyatı içində özünəməxsus
yeri olan ingilis ədəbiyyatının görkəmli
nümayəndələri arasında kifayət qədər
istedadlı, tanınmış qadın yazarlar da var. "Ədəbiyyat qəzeti"nin budəfəki sayında ingilis ədəbiyyatının
ən önəmli hesab edilən 7 qadın yazarı haqqında
məlumat verəcəyik.
1. Afra Ben - 14 dekabr 1640-cı ildə
anadan olan dramaturq, şair, nasir və tərcüməçi
idi. İngiltərənin ilk peşəkar qadın
yazarıdır və 20 il boyu ədəbiyyat
dünyasında yeganə qadın olaraq adını tarixə
qızıl hərflərlə yazdırıb. Yazıları
ilə pul qazanan ilk ingilis qadınlarından biri kimi o, mədəni
maneləri aşaraq qadın müəlliflərin sonrakı nəsilləri
üçün ədəbi nümunə rolunu oynayıb.
Kişilər aləmində yeganə qadın
olaraq artıq qadınların nə qədər güclü
olduğunu, kişilərdən asılı olmadığını,
onların da yazıb pul qazana bildiklərini göstərib.
Yazar kimi tanınmağa başlayandan qısa
müddət sonra pyeslər yazmağa başlayır. O,
Con Vilmot (C.Vilmot ingilis şairi və II Kral Çarlzın Bərpa
Məhkəməsinin məhkəmə işçisi idi. O, bəzi
çağdaşı tərəfindən "ən
yaxşı ingilis satiriki" olaraq xarakterizə edilir - tərc.)
kimi məşhur şairlər qrupuna aid
idi. Ben Astrea pastoral təxəllüsü ilə
yazıb. Bəzi yazıları ona
hüquqi problemlər yaradandan sonra daha çox ədəbi
janrda yazmağa və tərcümələr etməyə
başlayıb. Stüartlar sülaləsinin
sadiq tərəfdarı olan yepiskop Burnetin yeni kral III Vilhelmə
qarşılama (salamlama) şeiri yazmaq istəyini rədd edib.
Bundan qısa müddət sonra vəfat edib.
Yazdığı mətnlərdə qadın
cinsiyyətini təhlil edərək romanlar, eləcə də
pyeslər aləminə yeniliklər gətirib. O, həm
də "Oroonoko" kitabı ilə köləliyə
qarşı çıxan ilk müəllifdir.
Yazarın məzarı Şairlər güşəsinə
daxil edilməyib, lakin kilsənin pilləkənlərinin
yaxınlığındakı Şərq Monastırda yerləşir.
2. Ceyn Ostin - 16 dekabr
1775-ci ildə Hempşir qraflığında, Stiventonda
doğulan yazar təhsilinə 1783-cü ildə Oksfordda
başlayıb. Təhsilini Sauzamptonda davam etdirən yazar
daha sonra qızlar məktəbində oxuyub. Kənd keşişinin yeddinci uşağı olan
yazar öz dövrünə uyğun gözəl təsvirlər
və obrazlar yaratdığına görə romanları
klassiklər arasında yer almağı bacarıb. 1805-ci ildə atasının ölümündən
sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı
qardaşının yanına köçüb.
Yazarın yaşadığı o ev
hazırda ev muzeyi kimi fəaliyyət göstərir. Yazar ədəbi fəaliyyətinə 1789-cu ildən
başlayıb. İngilis zadəganlarını
tənqid edən altı əsas romanı ilə məşhurdur.
Ostinin süjetləri tez-tez əlverişli
sosial mövqe və iqtisadi azadlıq axtarışında olan
qadınların evlilikdən asılılığını
araşdırır. Əsərləri
XVIII əsrin ikinci yarısının həssas
romançılığını tənqid edir və XIX əsr
ədəbi realizminə keçidin bir hissəsi hesab olunur.
Onun realizmi və sosial şərhləri ilə
yanaşı, yüksək ironiyadan istifadə etməsi, ona tənqidçilər
və alimlər arasında rəğbət qazandırıb.
Ostin çox sayda tənqidi esse və ədəbi
antologiyaya ilham verib. Onun romanları əsasında bir neçə
film də çəkilib. XIX əsrdə
sosial hadisələrə ironik baxışı və
yazdığı güclü qadın obrazları ilə
müasir roman dilini yaradan yazar hesab edilir. Heç
vaxt evli olmasa da, romanları ən güclü qadın
personajların çətin sevgi prosesini təsvir etməsi və
nəhayət, sevdiyi insanla evlənməsi ilə bitir.
"Qürur
və qərəz" (1811), "Mansfild parkı" (1814),
"Emma" (1816) kitablarının nəşri ona
inanılmaz uğur gətirsə də bu kitablar anonim nəşr
olunduğu üçün həyatı boyu çox az şöhrət qazanıb. Ölümündən
sonra iki romanı ("İnandırma" və "Northanger
Monastırı" (1818)) nəşr edilib. O, həmçinin
əlyazma şəklində olan üç cildlik gənclik
yazılarını, qısa epistolyar romanı "Ledi
Syuzan"ı və tamamlanmamış "Vatsonlar"
romanını da çap etdirmədən vəfat edib.
Ostin ölümündən sonra daha çox status
qazanıb. 1833-cü ildə romanları Ferdinand Pikerinq tərəfindən
illüstrasiya edilərək Riçard Bentlinin "Standart
Romanlar Seriyası"nda yenidən nəşr olunandan sonra
reputasiyasında əhəmiyyətli dəyişiklik baş
verib. Onun romanları daha geniş rəğbət
və populyar oxucu kütləsi qazanıb.
Yazar çox sayda tənqidi esse və ədəbi
antologiyaya ilham verib. Onun romanları əsasında bir neçə
film də çəkilib. XIX əsrdə
sosial hadisələrə ironik baxışı və
yazdığı güclü qadın obrazları ilə
müasir roman dilini yaradan yazar hesab edilir. Heç
vaxt evli olmasa da romanları ən güclü qadın
personajların çətin sevgi prosesini təsvir etməsi və
nəhayət, sevdiyi insanla evlənməsi ilə bitir.
3. Meri Şelli - 30 avqust 1797-ci
ildə Londonda anadan olub. Atası Uilyam Qodvin
siyasi filosof, anası Meri Uolstonkraft isə filosof və
qadın haqları müdafiəçisi olub. Anası, o anadan olandan iki həftə sonra
öldüyü üçün atası tərəfindən
böyüdülüb. Uşaqlığının
əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr
yazmaqla keçirib. Sonrakı illərdə
fantastik qorxu janrında mühüm əsərlər yazan
yazar, daha çox qotik romanı "Frankenşteyn" ilə
tanınıb. Frankenşteyn fikri Merinin
1816-cı ildə yay ayında gördüyü yuxunun nəticəsində
yaranıb. Romanın məşhurlaşmasında
İngiltərədə sənaye inqilabının, Con Lokk,
Tomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmayıb. Meri "Frankenşteyn" ilə
yanaşı, həm də "Ladore" (digər adı
"Gözəl dul") (1835), "Falkner" (1837) və
"Sonuncu adam" (1826) kimi romanların
da, elmi fantastikanın erkən nümunəsi sayılan
"Müasir Prometey" (1818) əsərinin də müəllifidir.
O, həmçinin əri, dövrünün romantik şair və
filosofu Persi Biş Şellinin əsərlərini redaktə və
təbliğ edib.
Özü kimi yazar olan ailəsinin sayəsində ətrafında
həmişə çoxlu yazarlar olub. Dünya
elmi-fantastik ədəbiyyatına böyük töhfə verəcəyi
"Frankenşteyn" əsərinin əsasını yazar
dostları ilə oturub-duraraq qoyub. O, elə həyat
yoldaşı ilə də belə tanış
olub. 16 yaşında atasının tez-tez qonağı
olan Persi Biş Şelli ilə sevgili olub və onunla birlikdə
Fransaya qaçıb.
Yazar 1 fevral 1851-ci ildə vəfat edib. 51
yaşında vəfat edənə qədər romantik əsərləri
ilə həm elmi fantastikanın, həm də ədəbiyyatın
ən məşhur qadın yazarlarından biri olub.
4. Emili Bronte - 30 iyul 1818-ci ildə Maria
Brenvel və irlandiyalı ata Patrik Brontenin ailəsində
anadan olub. Ailə İngiltərənin Yorkşir əyalətinin
Bredford şəhərinin kənarındakı Tornton kəndindəki
Market Stritdə yaşayıb. Emili altı
uşağın beşincisi idi, ondan əvvəl Maria,
Elizabet, Şarlotta və Brenvel vardı. 1820-ci
ildə Emilinin kiçik bacısı Enn, sonuncu Bronte
uşağı dünyaya gəlib. Qısa
müddət sonra ailə səkkiz mil uzaqlıqda olan Havorta
köçür və burada Patrik daimi kurator işi ilə təmin
olunur. Havortda uşaqların ədəbi
istedadlarını inkişaf etdirmək imkanları daha
çox idi. Amma ailəni davamlı bədbəxtliklər
izləyir. 15 sentyabr, 1821-ci ildə
anaları Marianı xərçəng xəstəliyindən
itirirlər. Azyaşlı uşaqlara
xalaları və böyük bacıları Elizabet baxmalı
olur. Emilinin üç böyük
bacısı Maria, Elizabet və Şarlotta Ruhani Qızlar Məktəbinə
göndərilir. Altı yaşı tamam
olandan sonra Emili də bacılarına qoşularaq məktəbə
gedir. Məktəbdə isə uşaqlar
zorakılığa və məhrumiyyətlərə məruz
qalırlar. Tif epidemiyası ölkəni bürüyəndə
Mariya və Elizabet də xəstələnir. Vərəmə yoluxa biləcəkləri
ehtimalı ilə evə göndərilən qızlar
bir-birinin ardınca evdə vəfat edirlər. Bacıların vəfatından sonra ataları
Şarlotta və Emilini də məktəbdən
uzaqlaşdırır.
Qalan uşaqlara evdə ataları və xalası Elizabet
Brenvel təhsil verməyə çalışır. Formal olaraq təhsilləri
olmasa da Emili və onun bacıları dövrün nüfuzlu
jurnallarını, qəzetlərini əldə edib oxuya
bilirdilər.
On yeddi
yaşında Emili Şarlottanın müəllim olduğu
Qızlar məktəbinə getməyə başlayır,
lakin həddindən artıq ev həsrəti
çəkərək qısa müddət sonra oranı tərk
edib evə qayıdır. Emili evə
qayıdandan sonra Enn onun yerinə oxumağa gedir. Bu zaman qızların məqsədi öz kiçik
məktəblərini açmaq üçün kifayət qədər
təhsil almaq idi.
Emili 1838-ci ildə, iyirmi iki yaşı olanda məktəbdə
müəllim kimi işə başlayır. Onun əvvəldən zəif
olan sağlamlığı 17 saatlıq iş
gününün stresi altında tezliklə pozulur və
1839-cu ilin aprelində evə qayıdır. Bundan sonra evdə
qalaraq daha çox ev işləri ilə məşğul
olmağa başlayır. O, alman dilini kitablardan, həmçinin
fortepianoda çalmağı öyrənir.
1844-cü ildə Emili o dövrə qədər
yazdığı şeirləri gözdən keçirməyə
başlayır və onları səliqəli şəkildə
iki dəftərə köçürür. 1845-ci ilin
payızında Şarlotta dəftərləri tapır və
şeirlərin çap olunmasını təkid edir. Şəxsi həyatına müdaxilədən qəzəblənən
Emili əvvəlcə imtina edir, lakin Enn də öz əlyazmalarını
çıxarıb Şarlottaya verərək gizli şəkildə
şeirlər yazdığını bildirəndə təslim
olur. "Qondal hekayələri"nin
həmmüəllifləri kimi Enn və Emili bir-birlərinə
hekayələrini və şeirlərini oxumağa vərdiş
etmişdilər, Şarlotta isə onların şəxsi həyatından
kənarda qalmışdı. Bu dövrdə
Emili özünün ən yaxşı şeirlərini
yazmışdı.
1846-cı ildə bacıların şeirləri bir cilddə,
Currer, Ellis və Acton Bellin şeirləri kimi nəşr
edilir. Bronte bacıları öz baş hərflərini
qoruyub saxlamaqla özlərinə təxəllüslər
seçmişdilər. Şarlotta
(Charlotte) üçün "Karrer Bell" ("Currer
Bell"), Emili üçün "Ellis Bell" və Enn
(Anna) üçün "Ekton Bell" ("Acton Bell").
Kitab nəşr olunandan bir neçə ay sonra
bacılara cəmi iki nüsxə satıldığı
deyilsə də ruhdan düşmədilər.
Viktoriya dövrünün mühüm qadın
yazarlarından biri olan Emili yeganə romanı "Uğultulu
təpələr"lə adını ingilis ədəbiyyatının
ən önəmli yazarları arasında yazdırmağı
bacarıb. Tək roman ilə qüdrətini dünyaya elan edən
yazar yenilikçi quruluşda yazdığı bu romanı ilə
tənqdiçiləri təəccübləndirib və
romanını ingilis ədəbiyyatının klassikinə
çevirib. Onu təqdim edərkən
Bronte bacıları haqqında danışmasaq düzgün olmazdı.
Üç yazar bacı Emili, Şarlotta və
Enn ingilis ədəbi aləmində öz yerini tutmuş
görkəmli qadın yazarlardır. Enn
Bronte "Agnes Grey" romanı, Şarlotta Bronte isə
"Ceyn Eyr" adlı məşhur əsəri ilə
ingilis ədəbiyyatına böyük töhfə verib.
Ailə olaraq yazdığı əsərlərlə
dünya ədəbiyyatı tarixində əbədi qalacaqlar.
5. Virciniya Vulf - 25 yanvar
1882-ci ildə andan olub. XX əsr ingilis ədəbiyyatında iz
buraxan mühüm qadın yazarlardan biri hesab edilir. Vulf Londonun Cənubi Kensinqton şəhərində
varlı ailədə, modernist rəssam Vanessa Bellin də daxil
olduğu səkkiz nəfərlik qarışıq ailədə
Culi Prinsep Cekson və Lesli Stivenin yeddinci övladı olaraq
doğulub. O, gənc yaşlarında ingilis klassikləri
və Viktoriya ədəbiyyatı üzrə evdə təhsil
alıb. 1897-ci ildən 1901-ci ilə qədər
London Kral Kollecinin Xanımlar Departamentində oxuyub, orada
klassiklər və tarixi öyrənib, qadın
hüquqları hərəkatı ilə əlaqədə
olub.
Atasının ruhlandırdığı Vulf 1900-cü
ildə peşəkar şəkildə yazmağa
başlayıb. 1904-cü ildə atasının
ölümündən sonra Stiven ailəsi Kensinqtondan Blumsberiyə
köçür və burada qardaşların intellektual
dostları ilə birlikdə bədii və ədəbi
Blumsberi qrupunu yaradırlar. 1912-ci ildə
o, Leonord Vulfla evlənir və 1917-ci ildə cütlük onun əsərlərinin
çoxunu nəşr etdirən "Hoqart Press" Nəşriyyatını
qurur. Onlar Sasseksdə bir ev icarəyə
götürürlər və 1940-cı ildə daimi olaraq
oraya köçürlər. Vulf,
kitablarını onların qurduğu nəşriyyatda nəşr
etdirən Vita Sakvil-Vest də daxil olmaqla qadınlarla romantik
münasibətlər qurub. Hər iki
qadın yazarın ədəbiyyatı Vulfun ölümünə
qədər davam edən münasibətlərindən ilham
alıb.
V.Vulf modernizm ədəbi cərəyanının
qurucularından biri hesab olunur. Adı Ceyms Coys, Frans Kafka, Marsel
Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir. "Missis Dellouy" əsərində də Ceyms
Coysun "Uliss" əsərində olduğu kimi bir
.qadının bir günlük həyatından bəhs edilir.
Bu əsər modernizm axınının ən
bariz nümunələrindən sayılır. Virciniya Vulfun demək olar ki, bütün romanları
müasir roman janrının ən bariz nümunələri
sayıla bilər. "Özünə aid
bir otaq"ı isə bu sıralamaya daxil etmək olmaz.
"Özünə aid bir otaq" feminizm hərəkatının
klassik əsəri olaraq qəbul edilir. Sadə,
axıcı dillə yazılıb. Vulf qadınlara səslənərək
belə deyib: "Pul qazanın, özünüzə bir otaq və
boş zaman ayırın. Və yazın,
kişilər nə deyər deyə düşünmədən
yazın".
Virciniya Vulf ömrü boyu gündəliklər
yazıb, gündəlik yazmağı yalnız xəstəlik
zamanı dayandırıb. Onun gündəlikləri
4 cilddə nəşr olunub.
İkinci Dünya müharibəsindən sonra Virciniya
Vulf Böyük Britaniyada demək olar ki, unudulur. Hətta
çap olunan kitablarının üzərinə də
"Lesli Stivenin qızı, Leonard Vulfun həyat
yoldaşı" kimi patriarxal damğa
yapışdırılır. Lakin 70-ci illərdə
isə feminist hərəkatının geniş təşəkkül
tapması ilə Virciniya Vulfun yenidən doğuşu
başlayıb. O, XX əsr Britaniya və dünya ədəbiyyatının
simasını dəyişən böyük şəxsiyyət
kimi həqiqi qiymətini alıb.
İkinci Dünya müharibəsi illərdinə "Pərdələr
arasında" romanını yazarkən yazarlıq qabiliyyətini
itirdiyini düşünməsi və müharibə qorxusu
onun ciblərini daşla doldurub çaya atılaraq intihar etməsinə
səbəb olub.
6. Aqata Kristi - 15 sentyabr 1890-cu ildə
anadan olub. Əsl adı Aqata Meri Klarissa Miller
olan yazar detektiv janrının kraliçası hesab olunur.
Bu ləqəb ona illər öncə verilib.
Əsərləri indiyə qədər 103 dilə
tərcümə edilib. Kitabların
tirajı isə ildən-ilə artmaqdadır.
Əksər məşhur yazarın həyatı keşməkeşli,
acınacaqlı olsa da Aqatanın bu baxımdan bəxti gətirib. O, İngiltərənin
Denvor qraflığından ABŞ-a köçüb gələn
zəngin mühacir ailəsində dünyaya gəlib. Yaşadığı mühiti gələcək əsərlərində
aydın şəkildə təsvir edib. Ailənin
kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi
görüb, musiqi təhsili alıb.
11 yaşında atasını itirən Aqata
anasının himayəsində böyüyüb. O, 8 yaşına kimi
heç bir məktəbdə təhsil almayıb,
çünki anası bunun əleyhinə olub. Amma
Kristi hələ 4 yaşından yazmağı bacarıb.
İlk əsərlərini anasının təsiri
ilə yazmağa başlayıb. Güclü
soyuqdəymədən yatağa düşən qıza anası
darıxmaması üçün kiçik hekayələr
yazmağı məsləhət görür və
böyük yazarın karyerası beləcə
başlayır.
İngiltərədə Şekspirdən və
"İncil"dən sonra kitabları bestsellərə
çevrilən, detektiv roman deyincə ağla gələn ilk
qadın yazardır. Yazar bir müddət Meri Vestmakot təxəllüsü
ilə sevgi romanları da yazıb. Yazarın
başına gələn bir hadisə yazdığı
kitablardakı hadisələrdən də maraqlı olması
ilə diqqət çəkib. Yazar
1926-cı ildə 11 gün yoxa çıxır və nəhayət,
avtomobili gölün kənarında, əşyaları ətrafa
səpələnmiş halda tapılır. Bəziləri yaddaşsızlıqdan əziyyət
çəkdiyini, bəziləri ərinin sevgilisini
öldürməyə getdiyini iddia edir.
Yazar ədəbiyyat dünyasına Erkül Puaro adlı
kult personaj gətirib. O, bu personajı ilk romanında yaradıb. Bu qəhrəman onun son romanlarının birində
("Pərdə") vəfat edir. Maraqlıdır ki,
bu roman nəşr olunandan 40 il əvvəl
yazılıb, amma naşirlər illərlə sevimli
personajın ölümü ilə bağlı olan kitabı
çap eləməkdən boyun qaçırıblar.
Yazarın
1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə
qoyulmuş "Tələ" pyesi teatr tarixində ən
çox oynanılmış pyesdir.
7. C.K.Roulinq - 31 iyul 1965-ci ildə
anadan olub. Coan Ketlin Roulinq dünyanın 65-dən
çox dilinə tərcümə edilən "Harri
Potter" romanlar seriyasının yazıçısı kimi
tanınır. Bir müddət dünyanın
ən varlı qadını olan yazar, 2004-cü ildən bəri
Böyük Britaniyanın ən varlı qadınıdır.
Yazar əsərlərinə çəkilən
filmlərdən sonra daha çox məşhurlaşıb.
Robert Qelbrayt təxəllüsü ilə detektiv janrda
üç əsər də yazan müəllif
, "Boş oturacaq" adlı kitab da yazıb. O,
"Harri Pottet"i nəşriyyata göndərəndə
naşir qadın olduğu üçün kitablarının
yaxşı satılmayacağını
düşündüyü üçün tam adının əvəzinə
onun qısaldılmış baş hərflərindən
istifadə edib və Coan Ketlini (Joanne Kathleen) J.K. olaraq dəyişib.
Yenə də ingilis ədəbiyyatına
fantastika janrında böyük töhfələr verən
müəllif yaratdığı bu möhtəşəm
dünyada naşiri, bestsellərlər siyashısına girərək
təəccübləndirməyi bacarıb və
qadının gözəl yerlərə yüksələ biləcəyini
sübut edib.
Hazırladı: Nilufər
Hacılı
Ədəbiyyat qəzeti.- 2022.- 26
noyabr.- S.30-31.