Ölü təbəssüm
Hekayə
Aldığı güllə yarasından yıxılıb qalmışdı. Hərdən huşu özünə gəlir, gah da gedirdi. Zəifləmiş bədəni
ağrıya tab gətirmək
üçün mübarizə
aparırdı. Ürəyinin bir tərəfində ona gülümsəyən
ümidə təkan vermək üçün
gözəl şeylər
düşünməyə çalışırdı. İnanırdı ki, əbədi
olaraq həyata gözlərini yummadan xilas ediləcək, yenidən həyata qaytarılacaq. Çünki yaşamaq istəyirdi.
Azad torpaqlarda yaşamaq
və Vətənini yağılardan qorumaq üçün hər an
hazır olmaq.
Ürəyində fəxr, qürur, Vətənə, doğma
torpağa məhəbbət
hissləri bir-birinə
qarışmışdı. Sanki duyğular yaralanmış
canının ağrısına
məlhəm olmağa
çalışırdı. Əslində, bunu çox
gözəl bacarırdı.
O, bütün həyatı boyu bunu istəməmişdimi?
Doğulduğu, uşaqlığını yaşadığı Vətənini
azad görməyi.
İstəmişdi, əlbəttə!
Gözlərini açıb qarşısındakı
gözəlliyi bir də seyr etdi. Günəş üfüqi sarı-qızılı
rəngə boyayaraq dünyanı aydınlatmaq
missiyasını yerinə
yetirməyin həsrətiylə
yanırdı. Xəfif əsən
küləyin yaratdığı
incə vıyıltı
qulaqlarında musiqi kimi səslənirdi.
Amma indi qərar verə bilmədi, bu hansı musiqidir.
Bu yaşıllıqlar, əzəmətli dağlar,
uzaqdan səsi gələn çay, bu möhtəşəmliklərin
üzərinə örtük
olmuş səmanın
sonsuz qübbəsi necə də gözəldir. Lap yuxu kimidir... Səmada iki bulud tənha gəzişib şıltaqlıq edərək
tez-tez müxtəlif formalara düşürdü.
Onlar gah hansısa heyvanın, ya əşyanın formasına
girir, gah da qəribə şəkil alırdılar.
- Necə də xoşbəxtdirlər! - ürəyindən keçirdi.
Görəsən, onların da
ruhu var idimi? Ya da... Ya da, bəlkə,
elə onlar özləri vəfat etmiş insanların xoşbəxt ruhlarıdır.
Ola bilər... Gözlərinin kənarında yaş gilələndi.
Bu kəndin hər
qarışı yadına
gəlir. Hər xırda və
iri cığırlarını
xatırlayır. Su gətirmək
üçün bulaq
başına gedən
analar, qızlar, axşamlar mal-qaranı otlaqdan gətirən naxırçı, təbiətlə
bütünləşmiş sevgi dolu insanlar...
O zamanlar 5-6 yaşlarında
olmasına baxmayaraq, hər şeyi o qədər dəqiq xatırlayırdı ki, elə bil ömür
kitabı vərəqləndikcə
hər səhifəyə
bir əlfəcin qoyulmuş və yenisinə keçmədən
öncə əvvəlkiləri
dəfələrlə, dəfələrlə
təkrarlamışdı.
Sonra... Sonra illərlə nə bu ana Vətənin,
nə də həmin şən, qayğısız insanların
üzünü belə
görə bilmişdi.
Bəlkə də, görmüşdü,
amma onlar daha əvvəlki insanlar deyildilər. Ruhu olmayan insan yaşayardımı?
Onlar ruhlarını öz torpaqlarında qoymağa məcbur olmuşdular.
Onlar Vətənlərindən deyil,
ruhlarından qoparılmışdılar.
Bəlkə, yuxularda yaşamışdılar burada,
ya da xəyallar
aləmində... Adına
nə deyirlərsə...
İndi isə onlar artıq öz doğma yurdlarında ruhları ilə bütünləşəcəkdilər. Bunu düşünmək
bədənindəki cismani
ağrını azaldıb
duyğularına şirin
bir tam qatdı. Bu dad uşaqkən qışda anasının
onları məktəbə
getmək üçün
çağıranda dəmir
sobanın içində
yanan odunların çıxartdığı səs
qədər insanın
ruhuna istilik bəxş edirdi. O zamanlar anasına beş dəqiqə
də çox yatıb bu duyğunu
yaşaya bilmək üçün dil-ağız
edərdi. Üzünə acı gülüş
qondu. İndi... İndi, yəqin ki, ömürlük yatacaqdı
və anası onu heç vaxt heç yerə getmək üçün tez oyadıb tələsdirə
bilməyəcəkdi.
- Görürsən, ana! Səninki də buraya qədərmiş! İndi də oyatsana məni. Bax, söz verirəm, indi artıq beş dəqiqə
də çox yata bilim deyə,
sənə yalvarmayacam,
söz verirəm, oyat məni, ana! - gözləri
yavaş-yavaş yumulurdu.
Beyninin içində
"Ay işığında" mahnısı səslənirdi.
Mən səni gördüm Ay işığında,
Könlümü verdim Ay işığında,
Tez gəldi hicran, ayrıldıq aman
Ay işığında, Ay işığında...
Gözləri əbədi yumularkən məst olmuş bədənində heç
bir ağrı-sızı
qalmamışdı. Üzündə yalnız təbəssüm
vardı. Son nəfəsini verdiyi zaman gülüşü donuqlaşdı və möhtəşəm ölümün
bir ömürlük rəsmi ortaya çıxdı. Bir
ölüm ancaq bu qədər gözəl ola
bilərdi...
İlahə SƏFƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
26 noyabr.- S.31.