Alma Muğanlı
(Tehran)
Cənubi azərbaycanlı müəllifin
şeiri Sayman Aruzun təqdimatında verilir
İki kəlməlik
sözüm var
Dünya dolanır.
Dünya
o qədər dolanacaq ki,
Hər şey tərsinə çevriləcək.
Artıq
heç bir it hürməyəcək insanlara
Və
insanlar itlərin
artıq
çörəyinə marağa yatacaqlar.
Quşlar
bəşəriyyəti daşlayacaq
Və
quş tüfənglərindən
insan
qorxusu partlayacaq.
Bütün
pişiklər köşə bucaqlarda
insan
qovalayacaqlar.
İnsanlar girib qəfəslərdə özlərini
asacaqlar.
Kəpənəklər
insanları silləyə çəkib
Mıxlayacaqlar
duvarlara
Və bütün xiyabanlarda insanlıq ovlanacaq.
Qurillər
siqara sündürəcək insancıqlar ovucunda
Və
heç bir qurd
Heç bir qarışqa ölülərə yaxın
düşməyəcək.
Dünya
ölü qoxuyacaq,
Tanrı
nəslini kəsəcək insanlığın,
Söykənəcək
Kanapəsinə
İzləyəcək
dünyanı...
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.28.