Elnaz İslamvənd (Köylü qız)

 

(Təbriz)

 

Cənubi azərbaycanlı müəllifin şeiri Sayman Aruzun təqdimatında verilir

 

Gizlinpaç

 

Səni başqasıyla gördüyüm anda,

Özümdən sabaha yol yerimişdim.

O qədər yerinə utanmışdım ki,

Səhər açılınca lap ərimişdim.

 

Toxundu saçıma süpürgəçimiz,

Vitrində matışka güldü üzümə.

Bir az buraxılmış siqar qutusu,

Bir az da qəhqəhə dəydi gözümə!

 

Səni başqasıyla görməyə var?

Hər zaman deyəndə: "Alma", gəlmişəm.

Bir az gecənizdən heyva tökülüb,

Heyva, yəni gəlmə, özüm gəlmişəm.

 

Səni başqasıyla görmək olur,

Bu da ki, bir tordur, bu da bir biçim.

Mən gərək zamanın durduğu yerdə,

Bu kefli nağıldan adlayıb keçim.

 

Səni başqasıyla görmək gözəl,

Dağ kimi səsimi qaytarır odam.

Ömür var sevərəm məni buraxsan,

Bir yerdən başlayıb gərək unudam...

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.28.