Əli İqdam
(Təbriz)
Cənubi azərbaycanlı müəllifin
şeiri Sayman Aruzun təqdimatında verilir
Biz iki tumurcuğuq
alma ağacının əlində
Burası,
uzaqlara tullanmış
bir kənd, bulaq başı
yuxularımız
Uşaqların atdığı daşlar
ilə
qırılar bəzən,
Yuxularımız
qadınlıqlarını suya yuyan
qadınların hay-küyləri
ilə cızılar.
Qonşuluğumuzda neçə yapraq
payızı görməyə
tələsən
başmaq dadını
dadmağa canverən yapraqlar
pis deyil...
Günəş, doğu-batı yolunu
asta-asta addımlayar burada
onun hər addımında
quşların qorxusunda
daldalanıb
bir-birimizə baxarıq.
Biz iki tumurcuğuq
Biz iki sevgili
yetişmək ümidi
ilə hər gecə axan ulduzları
yeriyərik gözlərimizdə
yetişmək ümidi
ilə
ağacın əlində
oyuncaq olduğumuza
dözərik
bir-birimizə yetişmək...
gül açıb, yekəlib, yetişmək,
düşşşşşşşşş...
bu dəhşətli
kəlmənin yarısını
Ayağımızın altındakı su
daşıyıb uzaqlara aparıb
Biz iki tumurcuğuq,
tumurcuq
qalmaq ümidi ilə...
Ədəbiyyat qəzeti.-
2022.- 26 noyabr.- S.28.