Zəfərlə bitən
"Qarabağnamə"lər
"Müharibə romanlarının yazılması
üçün zamana ehtiyac var". Hər yerdə bu
sözləri eşidirik, jurnalistlərin suallarına da bəzi
yazarlarımız belə cavab verir. Stolumun üstündə
"İnqilab və mədəniyyət" (indiki "Azərbaycan"
jurnalı) jurnalının 1947-ci il,
5-6-cı sayları var. Həmin saylarda Azərbaycan sovet
romanının baniyi-karı hesab olunan Əbülhəsənin
"Müharibə" romanı çap olunub. Savaşın
bitməsindən bir il sonra, 1946-cı ildə
yazıçı artıq dörd cildlik romanın 1-ci, 2-ci
kitablarını yazmışdı. Yazıçı
təsvir etdiyi hadisələri Sevastopolun müdafiəsi
fonunda vermiş, müharibə həyatını göstərən
rəngarəng lövhələr yaratmışdı. Əbülhəsən təsvir etdiyi müharibənin
birbaşa canlı iştirakçısı olmuşdu və
müharibə bitəndən sonra əsgər şinelini
çıxarmamış yazı masası arxasına
keçib bu epopeyanı yazmışdı. Əsər sonralar "Dostluq qalası" adı ilə
çap olunub.
Fakt göstərir ki, 44 günlük Vətən
savaşı bitməmiş yazıçı və şairlərimiz
dərhal qələmə sarılıb Azərbaycan əsgərini
qələbəyə ruhlandırmağa başladılar. Qələm
dostumuz Fərid Hüseyn savaş günlərində
yazılan əsərlərdən ibarət uzun bir siyahı
hazırlamışdı. İgid əsgərlərimiz
ön cəbhədə döyüşürdüsə,
yazarlarımız da arxa cəbhədə bu savaşın
tarixini yazırdı.
Söz də tarıma çəkilmişdi, sim kimi gərilmişdi,
Səməd Vurğun demiş, süngüyə
çevrilmişdi. Şuşa triumfu Azərbaycanın mənəvi
dünyasında geniş üfüqlər açdı, yeni
ictimai gerçəkliklər, yeni meyarlar yaratdı. Azərbaycan insanı natamamlıq kompleksindən birdəfəlik
qurtuldu, ərazi bütövlüyümüzün təmin
olunması yazıçıların da yaradıcı
düşüncəsində bir sıçrayış
yaratdı, müharibə bitər-bitməz bir-birinin
ardınca yeni romanlar yazıldı. Bu
romanlarda İkinci Qarabağ savaşı, Müzəffər
Ordumuzun döyüş yolu, istehkamların dəf edilməsi,
zabit və əsgərlərimizin qəhrəmanlığı,
Şuşanın azad edilməsi bütün parametrləriylə
əks olunur.
Azərbaycan yazıçısının qəhrəmanları
bütün maneələri dəf edərək işğal
altında olan torpaqlara qayıdır. Dəyərli
yazıçımız Elçin Hüseynbəylinin Vətən
müharibəsindən az öncə
yazdığı "Vida" romanı qəhrəmanın
işğal altında olan dədə-baba yurduna gedib orda
ölməsiylə bitir. Əsərin ideyası
budur ki, insan doğulduğu yerdə ölməlidir, amma bundan
qabaq mütləq bir ağac əkməlidir. Əsərin həkim qəhrəmanı
babasının bu vəsiyyətinə əməl edir.
Yaxın günlərdə oxuyub bitirdiyim bu romanın hər
cümləsində qələbəyə sarsılmaz inam var.
Fabula labüd sonluğa aparıb çıxarır: insan
doğulduğu yurddan çıxır, dünyanı gəzib-dolaşır,
sonda yenə həmin yerə qayıdır. Bu, belə də
olmalıdır, bunun üçün insanın
qarşısında heç bir maneə ola
bilməz. İlahi ədalət də bunu tələb
edir.
Yazıçı
Varisin "Bir ovuc torpaq" romanında da nəvə can
üstə olan, heç cür ölə bilməyən
babasının vəsiyyətini yerinə yetirmək
üçün (babası vəsiyyət etmişdi ki, ona
doğulduğu yurdun bir ovuc torpağını gətirsinlər,
rahat canını tapşırsın) düşmən
işğalı altında olan kəndlərinə qədər
gedib çıxır, bir ovuc torpağı çantasına
töküb gətirə bilir. Can verən Tələt baba nəvəsinin
gətirdiyi torpağı ovuclayıb burnuna
yaxınlaşdırır, qoxlayır və
dünyasını dəyişir.
Yazıçı, şərqşünas alim Fazil
Güneyin "Qara qan" epopeyası isə hadisələrin
ta başlanğıcından Zəfərimizə qədər
baş verən hadisələri vüsətli bədii təsvirlər
vasitəsilə gözlər önünə sərir. Qarabağ
savaşı mövzusunda bu həmcdə ikinci bir roman hələ
ki yazılmayıb. Yazıçı uzun
illər bu əsər üzərində işləyib,
romanı genişləndirib. Hadisələr
Aysu adlı bir qızın ermənilər tərəfindən
əsir götürülməsi ətrafında cərəyan
edir və bir Azərbaycan qadınının
dözümü, mətanəti və hünəri romanın
ana xəttini təşkil edir. Müəllif
əsir düşmüş azərbaycanlıların əsarət
dövründə düşmən qarşısında əyilməzliyini,
qürurunu, yenilməzliyini təsvir edir. Bu
əsəri mütaliə edərkən Fazil müəllimlə
tez-tez telefon danışıqlarımız olurdu. O,
deyirdi ki, romanda təsvir olunan hadisələrin heç biri
uydurma deyil, hamısı reallığı əks etdirir. Romanı oxuyan hər bir oxucu Qarabağı virtual
olaraq qarış-qarış gəzmiş olur, hər
cığırı, hər kəndi, hər obanı,
dağları, çayları, çeşmələri,
yüksəklikləri, dolayları qarabağlı qədər
tanımış olur. Bu trilogiyanı
Qarabağın ensiklopediyası da adlandırmaq olar. Düşünürəm ki, belə bir əsər
yazmaq hər yazıçının hünəri deyil. Romanı oxuyanlar yəqin ki, mənimlə
razılaşacaqlar.
Bu sırada yazıçı Azad Qaradərəlinin Cəbrayıl
Dövlətzadənin qəhrəmanlığını əks
etdirən "Cəbrayıl əfsanəsi" romanını
da xatırlamasaq olmaz. Müəllif ötən əsrin 20-30-cu
illərində qəhrəmanlıqlar göstərmiş
Qaçaq Fərzalı ilə XXI əsrin qəhrəmanı
Cəbrayıl arasında paralellər aparır, qəhrəmanlıq
stixiyasının genetik olaraq nəsildən-nəslə
ötürülməsini Vətən müharibəsi fonunda təqdim
edir.
Zəngilan işğaldan azad edilən gün ilk olaraq
Azad Qaradərəlini xatırladım. Zəng vurdum
ki, gözaydınlığı verim. Yazıçının
telefonda hönkürtüsü bütün
varlığımı titrətdi. Hiss elədim ki, bu
hönkürtü həm də onun canından illərin
ağrısını, acısını çıxarır,
ağladıqca yüngülləşir və bu tarixi hadisələr
onun qələmindən süzülüb bədii mətnlərə
çevriləcək. Az sonra, "Cəbrayıl
əfsanəsi" romanı yazıldı.
Bu əsərlər Azərbaycan
yazıçısının altşüurunda kök
salmış vətənə qayıdış motivinin
impulsiv olaraq bədii mətnlərə yansımasıdır.
8 noyabr Zəfər
günündən az keçməmiş
bir-birinin ardınca qələbə romanları
yazıldı. Yunus Oğuzun
"Cığır" və Etibar Muradxanlının
"İlin beşinci fəsli" romanlarında
Şuşanın işğaldan azad edilməsi İlahi və
bədii məntiqin bir-birilə təmasından doğan təbii
qanunauyğunluq kimi təsvir edilir.
Yunus Oğuz müstəqillik dövrü ədəbiyyatımızda
tarixi romanlar ustası kimi tanınır. Bir neçə il bundan öncə onun "Səfəvi
şeyxi" romanını oxumuşdum. Şah
İsmayıl haqqında mərhum yazıçımız Fərman
Kərimzadə və Əlisa Nicat romanlar yazıblar və bu əsərlər
geniş oxucu kütləsinə kifayət qədər məlumdur.
"Səfəvi şeyxi" romanı isə
Şah İsmayılın taxta çıxmasına qədərki
dövrdə baş verən hadisələrin mahiyyətinə,
Səfəvi xanədanının ideoloji əsaslarına ayna
tutur. Bu ideoloji konsepsiyanı Şeyx
Cüneyd hazırlayıb və onun tariximizdəki rolu ilk dəfə
Azərbaycan nəsrində öz əksini tapır.
"Cığır" romanının fabulasında,
forma və məzmununda da yazıçının peşəkarlığı
qabarıq şəkildə hiss olunur. Romanda tarixi şəxsiyyətlər
təsvir edilir, amma bu tarixi şəxsiyyətlər
günümüzün yaşayan canlı qəhrəmanları,
ictimai xadimləridir. Oxucu tarixi roman dedikdə
adətən, əsrlərin dərinliklərinə səyahətə
fokuslanır, "Cığır" romanında biz
şahidi olduğumuz hadisələrin yazıçı
rakursunda özünəməxsus bədii həllini
görürük. Cığırın
Yola çevrilməsinin şahidi oluruq. Əsər
Pənahəli xanın Qarabağ xanlığının əsasını
qoymaq üçün axtarışa çıxmasıyla
başlayır. Onun qarşısına çoban Nəsrəddin
çıxır və ona məlum cığırı
göstərir, həmin cığırla qalxırlar və Pənahəli
xan orada Şuşa qalasının əsasını
qoyur. Bu cığırın sirri nəsildən-nəslə
ötürülərək bu günümüzə qədər
gəlib çıxır. Yazıçı
əsər boyu bədnam qonşularımızın məkrli
planlarını ifşa edir, tarixi xronika
yaddaşımızı təzələyir. Qacarın Şuşa qalasına hücumu və məğlubiyyəti,
1992-ci ildə Şuşanın ermənilər tərəfindən
işğalı və bu işğalın səbəbləri,
iyirmi səkkiz il ərzində dünya birliyinin bu ədalətsizliyə
susması, nəhayət, 8 noyabr Zəfəri romanda canlı
epik lövhələrlə təsvir edilir.
Şuşanın azad edilməsi zamanı bizim
döyüşçülərin "kölgə oyunu"
düşməni vahiməyə salır. Ordunun hərbi
qüdrətini simvolizə edən kölgə detal olaraq
yazıçının uğurlu tapıntısıdır.
Düşmən ağlını itirmək həddinə
çatır, sanki canlı əsgərlərlə deyil,
ruhlarla üzbəüz gəldiklərini qorxu içində pıçıldayırlar.
Bu dəfə də çoban Nəsrəddinin xələfi
Nəsrəddin o müqəddəs Cığırı
göstərir. Müzəffər Ordumuzu Qələbəyə
o Cığır aparır.
Etibar Muradxanlı müharibə mövzusunda yazan
yazıçılarımızdandır. Əvvəllər
onun "Tələbə taqımı" romanını
oxumuşdum. Əsər könüllü
olaraq Qarabağa döyüşə yollanan tələbə
gənclərin qəhrəmanlığından bəhs edir.
Bu dəfə yazıçı qələbə
ilə bitən romanı yazdı. "İlin
beşinci fəsli" romanını oxuyarkən Remarkın
"Qərb cəbhəsində yenilik yoxdur", Şoloxovun
"Sakit Don" romanlarındakı dəhşətli
savaş səhnələrini xatırladım. Yer-göy lərzəyə gəlir, torpağın
altı üstünə çevrilir, əsgər bədənindən
qopmuş ayaqlarını havadaca görür. Əsgər
yoldaşını öz bədəniylə güllədən
qoruyan döyüşçü, yaralıları
döyüş meydanından çıxarmağa
çalışan şir ürəkli oğullar... Bütün bunlar fantaziya deyil, yazıçı
uydurması deyil, gerçəklikdir. Yazıçının
qardaşı oğlu Əliqismət Yaqublu bu
döyüşlərdə şəhid olub. Oğlu Cahid Qarabağ qazisidir. O, müharibəni
birbaşa canında, ruhunda hiss etmiş
yazıçıdır. Etibar bu tükürpədici səhnələri
yazarkən hansı hissləri keçirib, təsəvvür
edirəm...
Şişqaya yüksəkliyinə Azərbaycan
bayrağını sancarkən şəhid olan Səid Rəşidzadənin
ölüm səhnəsi, atası Nofəl Qasımovun bu xəbəri
necə mətanətlə qarşılaması Azərbaycan
insanının ruhunun yenilməzliyini əks etdirir.
Kitabın
ön sözündə tənqidçi Əsəd Cahangir
yazır:
"Burda təsvir olunan olaylar gerçək hadisələr,
qəhrəmanlar isə müharibədə, doğrudan da,
iştirak eləmiş əsgər və zabitlərimizdir. Romanda hadisələr
o qədər real, inandırıcı təsvir olunub ki, bu barədə
ən adi, elementar təsəvvürü olmayanlar belə
romanı oxuyub, "müasir müharibə necə olur?"
sualına aydın cavab tapa bilir. Elə təəssürat
yaranır ki, müəllif müharibənin ən
qızğın nöqtələrində olub və
birbaşa iştirakçısı, şahidi olduğu hadisələri
təsvir edib. Amma roman daha konkret və daha aktual bir məsələyə
də aydınlıq gətirir - Şuşa necə
böyük fədakarlıq hesabına azad olunub!".
Əliqismət Yaqublunun şəhadət səhnəsi
də son dərəcə təsirli dillə qələmə
alınıb.
Hələ uşaq ikən doğulduğu kənddə Qala dağının
başına dırmanan Əliqismət əlindəki dirəyin
ucuna üçrəngli bayrağımızı bərkidərək
zirvəyə sancmışdı və demişdi: "Tezliklə
bu bayrağı Şuşada və bütün işğal
olunmuş torpaqlarımızda dalğalandıracağıq!".
Niyyət insanı mənziləcən aparıb
çıxarır. Əliqismətin də qismətində
Şuşanın azad edilməsi uğrunda döyüşlərdə
şəhid olmaq varmış.
Ədəbiyyatımızda xəyalən Qarabağa
qayıdan insanımız bu dəfə
torpaqlarımızı işğaldan azad edib, həqiqi mənada
qalib döyüşçü kimi doğma yurdlara
qayıtdı.
Bu möhtəşəm Qələbədən
sonra yeni savaş romanları yazıldı və
yazılır.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.24.