Məhkəmə
günü
Hekayələr
Nə
müddət idi ki, kənddə çəpər
qonşuları arasında torpaq üstdə dava gedirdi.
Sırtıq,
üzlü qonşu sakit, həlim, ürəyi məkrdən,
xıltdan uzaq, qəlbi geniş qonşusunun torpaqlarını
zaman-zaman yarı gizli, yarı aşkar
qarış-qarış zəbt edib öz torpaqlarına
qata-qata, şirnikə-şirnikə bu dəfə daha
böyük iştaha düşmüşdü.
Kəndin
ağsaqqalları iş böyüyüb əndazədən
çıxaraq arada dava-dalaş düşməsindən
ehtiyatlandılar. Deyib, başa salıb naxələf
qonşunu yola gətirməyə çalışdılar.
Onun ipə-sapa yatmadığını, cığallıq edə-edə
dirənib durduğunu görən ağsaqqaldan biri
xatırlatdı ki, ay nankor, sənin ulu babaların neçə
illər bundan qabaq bizim bu kəndə köç edəndə,
bəs indi torpaq iddiasında olduğun elə bu qonşunun ulu
babaları ürəyiyumşaqlıq ediblər, yurd-yuva
salmaq, binə bağlamaq üçün öz
torpaqlarından yer ayırıblar.
Bütün
bunların heç biri cığal qonşunun ağlına
batmadı, ipə-sapa yatmadı. Bələdiyyə sədrinin
təqdim etdiyi qanuni sənədlər də işə
yaramadı. Arada bədxahlar da var idi. Naxələf qonşuya
havadar duranlar da tapıldı və ayağı yer
aldığından o, bu dəfə məhkəməyə
müraciət edib torpaq iddiası qaldırdı. Məhkəmənin
onun xeyrinə qərar çıxaracağından arxayın
idi, məhkəməyə də yol tapmışdı.
***
Uzun
müddət idi ki, dönə-dönə məhkəmə
iclasları keçirilirdi. Hakim tərəfləri bir-birilə
dil tapıb razılaşmağa, barışmağa
çağırdı. Günlər, aylar keçir, iş
uzanıb gedirdi...
Bu dəfə
məhkəmə axır ki, yekun qərar
çıxaracaqdı. Tərəflərin hər ikisinə
neçə gün qabaq məhkəmə
çağırışı gəlmişdi.
İddiaçı qonşu ertədən bəzənib-düzənib
əlindəki çağırış vərəqi ilə
məhkəmə binasının heç qapısı
açılmamışdan qabaq özünü oraya
çatdırmışdı. Məhkəmənin
başlamasına az qalırdı. Qarşı tərəf isə
görünmürdü. İddiaçının vəkili
kükrəyərək:
- Əlbəttə,
gəlməyəcək, - deyə meydan sulayırdı, - haqsızdır.
Məhkəməni uduzacağını başa
düşüb, yenə vaxt qazanmaq istəyir. Tələb
edirəm ki, qarşı tərəf
çağırışa məhəl
qoymadığından məhkəmə zalına məcburi
qaydada gətirilsin.
Məhkəmə
heyəti qısa məşvərətdən sonra
iddiaçı tərəfin bu tələbi ilə axır
ki, razılaşdı.
İddiaçının
təkidi, daha yuxarılara da şikayət edəcəyi tələbi,
hədəsi ilə hakim məhkəmə
icraçılarını kəndə yolladı.
İddiaçı da şəstlə özündən
razı halda onlarla birgə ünvanı göstərmək
üçün kəndə yola düşdü.
Qarşı
tərəf də məhkəməyə yola düşmək
üçün ertədən hazırlanmış, ancaq evdən
çıxanda üstündə üçrəngli
bayrağımız dalğalanan bir hərbi təcili tibb
maşınının onların evinə tərəf istiqamət
aldığını görəndə ayaqları titrəmiş,
gözləri torlaşmış, donub yerində
qalmışdı. İddiaçı məhkəmə
icraçılarına şikayətçi olduğu
qonşunun evini nişan vermək məqsədilə yolda
tez-tez başını maşından çıxarıb
qabağa baxırdı.
Birdən
qonşunun qapısına yığılmış
izdihamı və qapının üzərində dalğalanan
üçrəngli bayrağı görüb rəngi
sapsarı saraldı.
Dili topuq
vura-vura: - Saxlayın, mən düşəsi oldum, - deyə
maşını saxladıb çölə atıldı. Məhkəmə
icraçıları bu işə mat-məəttəl
qalmışdı. Ətrafa boylandılar.
Şikayətçi
ilim-ilim itmişdi...
22 may 2022
Dilənçi
Aramsız
öskürəkdən sonra sinəsinin
xışıltısı kəsildi. Bu dəfə quru-quru
öskürüb boğazını arıtladı. Yalnız
bundan sonra darısqal otağındakı cır-cır
cırıldayan köhnə dəmir çarpayısından
bir balaca dikəldi. Əlləri ilə qulaqlarını
ovxaladı. Qulaqlarının səs eşitmə həssaslığına
söz ola bilməzdi. Möcüzə baş vermişdi.
Yoxsa... Otaqda heç kim yox idi ki, kiməsə səslənsin.
Öz səsinə özü qulaq asmaq, eşitmək istədi.
Kimi çağırsın, kimi? Yadına ilk əvvəl
anası düşdü.
Asta səslə
hayladı:
- Ana, ay
ana!
Çətin
ki, anası cavab verə biləydi. Anası çox-çox
uzaqlarda idi... Heç yaxında olsaydı da, hay verə bilməzdi.
Bəs bu
nə möcüzə idi? Öz-özünə yarıyuxulu
səslə dodaqaltı oxuyurdu. Səs həmin səs, avaz da
həmin avaz idi. Keçmişdə qalan, neçə illər
bundan qabaq qulaq asanları hayıl-mayıl qoyan bir ustad xanəndənin
elə həmin səsi...
***
Bir
zamanlar az qala günaşırı onu toylara aparardılar. Məhz
onun məclisdə iştirak etməsindən ötrü hətta
toyun vaxtını dəyişib, növbə gözləyənlər
də olurdu. Hələ konsertlərə dəvətlər,
qastrol səfərləri...
Şeytana
gələn lənətlər mərdimazar qonşulara, ermənilərə
gəlsin... Şeytandan da məkrli imişlər heç demə,
çörəyi dizinin üstündə olan o namərdlər
- müharibəni onlar saldılar. Əvvəlcə doğma
yurd-yuvasından didərgin düşdü. Sonra da
qaçqın həyatı.
Neçə-neçə
cavanın toyunda çalıb oxusa da, yaşının
keçməsinə baxmayaraq, evlənməmişdi, subay idi.
Şəhərdə
köhnə bir həyətdə, darısqal bir otaqda tək-tənha
kirayənişin qaldı. Hələ əlində az-para
pulu-parası var idi. Adam-insan arasına
çıxmırdı, guşənişin olmuşdu.
Tanıyanlar da yerini-yurdunu bilmirdilər, heç özü də
istəmirdi ki, kimsə ondan, günündən-güzəranından,
yerindən-yurdundan xəbər tutsun. Əgər
ata-anasının, qohum-əqrəbasının qəbirləri
indi düşmən tapdağı altda olan torpaqlarda tək-tənha
qalıbsa, indi yalqızlıq onu niyə qorxudaydı ki?..
Tənhalıq
və bu tənhalıqdan doğan saysız-hesabsız fikir-xəyalla
baş-başa qalmaq təsəllisinə çevrilmişdi.
Bir də...
Bir də əvvəllər heç vaxt dilinə dəyməyən
spirtli içki, heç vaxt damağına almadığı
siqaret... Gündə neçə şüşə ucuz
çaxır içir, siqareti də siqaretə
calayırdı. Elə bil canına qəsdi var idi.
Canının
ağrı-acısı vecinə deyildi, ancaq sinəsi
xırıldayıb səsi batanda bunların içkinin,
tüstünün işi olduğunu anladı. Amma... gec idi.
...Bu
gün də yuxudan sinəsinin xışıltısına,
öz quru-quru öskürək səsinə
oyanmışdı.
***
...Ancaq
möcüzə baş vermişdi. Əsl möcüzə!
***
Səsi
yerinə qayıtmışdı. Yəqin ki, indi bu,
Allahın bir lütfü idi. Ancaq bundan sonra kim onu axtarıb
tapacaq, toylara aparacaq, konsertlərə dəvət edəcəkdi...
Nə fikirləşdisə birdən-birə qət etdi ki,
axırıncı dəfə solo konsert versin. Bu qəfil qərarını
dəyişəcəyindən elə bil qorxub yerindən
qalxdı, otağın bir küncündəki balaca
sandıqçasının üstündə qalan,
üstünü toz basan, dərisi deşilmiş dəfini,
bir də köhnədən qalma buxara xanəndə
papağını başına qoyub evdən
çıxdı. Qorxurdu ki, səsi birdən batar. Əldən
uzaq, gözdən uzaq bir tində yer tapıb oturdu.
"Segah" oxumağa başladı - oxuduqca səsi daha da
açılırdı.
Çoxdan
bəri oxumadığından bir az həyəcanlanmışdı,
həm də birdən-birə ona nəsə bir hərarət,
istilik gəlmişdi. Buxara papağını çıxarıb
skamyanın üstünə qoydu. İndi gözüyumulu
oxuyurdu. Arada əlini qulağının dibinə aparıb
bayatı da çəkirdi. Yoldan keçənlər dilənçi
zənn etdikləri adamın səsinə heyran
qalmışdılar. Belə səs yiyəsi olan bir dilənçinin
indi burada oturub oxumasına təəssüflənənlər
də var idi. Hərdən nəsə bir cingilti səsi
eşidib diksinsə də, gözünü
açmırdı, oxumağında idi. Arabir cingilti səsləri
kəsilirdi. Heyrətdən doğan qarışıq səslər
də onu ayıltmırdı. Yol keçən, muğamdan
başı çıxan ahıl bir kişi: - Vallah,
üst-başını qaydaya salıb, sir-sifətinə də
bir yüngülcə əl gəzdirib səhnəyə
çıxartsan, handa bir adlı-sanlı xanəndələrimizdən
də məşhur olar, - deyə yanıqlı-yanıqlı
köks ötürdü...
***
Haçandan-haçana
yumulu gözünü açıb elə bil ki, ayılıb
özünə gəldi. Sinə dolusu dərindən nəfəsini
dərib yan-yörəsinə boylandı. Gözləri
dörd oldu. Tək-tənha oturduğu skamyanın ətrafında
xeyli adam toplaşmışdı. Əvvəlcə
döyüküb özünü itirdi, heyrətlə ona
baxan adamlara elə özü də
çaşqın-çaşqın bir xeyli baxdı.
Əlini papağına atdı. Papağın içində
xırda dəmir, hətta kağız pulları görüb
ilk əvvəl özünü itirdi. Sonra... Sonra da
acı-acı köks ötürdü. Ovurdu ovurduna keçən
sifətini yandıran damcılardan başa düşdü ki,
gözlərindən də yaş axır...
***
Evdən
çıxarkən otağında qoyub gəldiyi, ötən
axşam içdiyi şüşənin dibindəki şərab
heç boğazını yaşlamağa bəs etməzdi.
Siqaret qutusu da boşalmışdı. Ancaq siqaret məsələsi
müşkül deyildi. Külqabıda yarımçıq
çəkib söndürdüyü siqaretlərin
kötüklərini bir yerə toplayaraq
alışdırıb hərəsindən bir qullab alsaydı,
yanğısını söndürə bilərdi.
Buxara
papağına atılmış xırda, iri pullara baxa-baxa bir
anda bunları yadına saldı. Ancaq yox. Yox, yox...
Son istəyi
axırıncı dəfə solo konsert vermək idi. Onsuz da
onu bir daha toylara konsertlərə, qastrollara aparmayacaqdılar.
Taqətsiz
olsa da cəld yerindən qalxdı. Qavalını,
papağını da elə skamyanın üstündə qoyub
qıvraq yerişlə oturduğu yerdən uzaqlaşmağa
çalışdı. Ardınca baxa-baxa heyrətlə
arxadan səsləyib onu dayandırmağa cəhd edənlər
də oldu və o da kiminsə ona çatıb
saxlayacağından qorxub qıçlarında hey olmasa da az
qala qaçmağa başladı.
17.11.2021
Papaq
Avqustun
qora bişirən günləri idi. Əyin-başı
yüngül olsa da, yay günü bu istidə başına
qaragül dərisindən papaq qoyan orta yaşlı kişiyə
ətrafdakılar heyrət qarışıq maraqla
baxırdılar. Adamlar çaşbaş qalmışdı.
Əynindəki nazik paltarlar hara, başındakı papaq hara?
Baxanlardan biri ağlına gələni dilinə gətirdi. Bəlkə
fağırın başı dazdır. Kimsə əlbəəl
dilləndi ki, lap elə keçəldir, şlyapaya, yay
kepkalarına nə gəlib.
Bir nəfər:
- Bəlkə kepka almağa pulu yoxdur, - deyə öz
mülahizəsini bildirdi. Qarşı tərəf: -
Əyin-başına geydikləri ucuz mallar olsa da,
başında belə bahalı papaq gəzdirənin
inanmıram ki, dəyəri 5-3 manat olan bir kepka almağa
gücü çatmasın, -deyə bu mülahizəni rədd
etdi.
Papaqlı
kişinin deyilənləri qulağı
çalmışdı. Ləngərli yerişlə söhbət
edənlərə
yaxınlaşdı. Papağı başından
götürüb əlinə aldı. Kişinin
başının tükləri seyrəlsə də,
çoxdan ağarmış saçları yerində idi.
Kişinin keçəl, daz olmasını düşünənlər
nədənsə pərt oldular.
Kişinin
əlindəki papağa müştəri gözü ilə zənd
yetirənlər açıq-aşkar başa
düşdülər ki, papaq uzun müddət başa
qoyulmayıb. Toplaşanların sayı get-gedə
çoxalırdı və hamısının da gözü
sinəsi sözlə dolu olan kişinin ağzında
qalmışdı. Ahıl kişi də onları çox
intizarda saxlamayıb doluxsuna-doluxsuna: - Dədəmin
papağıdır, - dedi. - Sonra qəhərli səsi birdən
dəyişdi: - Dədəm el-obada tanınan kişilərdən
olub. Başına and içirdilər.
Kişinin
səsi yenə tutuldu. - Ermənilər kəndimizə
soxulanda yurd yerini, kəndimizi axırıncı tərk edənlərdən
biri də elə mənim dədəm olub. Kənd od tutub
yanırmış... Evdən ələ gələn bir
şey çıxara bilməyiblər. Ələ gələn
dəyərlisi elə bu papaq olub. Mənsə o vaxt səngərdə
vuruşurdum.
Yurd-yuvamızdan
didərgin düşəndən sonra biz də axır ki, bir
yerdə qərar tutub məskunlaşa bildik. Darısqal otaqlar
idi. Dədəm anama tapşırdı kı, papağı
sandığın bir küncünə qoysun. Anam yalvar-yaxar
etdi ki, hayıfdır, güvə vurar, qoy divardan,
gözümüzün qabağından asaq...
Dədəmi
heç elə qəzəbli görməmişdim. Anamın
üstünə necə qışqırdısa, yazıq arvad yerindən tərpənəndə
hətta büdrəyib yıxıldı.
Qışın
şaxtasında, çovğununda
hərdən iş-güc dalınca evdən
çıxan dədəm bircə dəfə də olsa o
papağı sandıqdan çıxarıb başına
qoymadı.
Bir vaxtlar
o papağı dədəmin
başında görən, didərgin düşmüş
ancaq indi özünü tutmuş bəzi həmkəndlilərimiz:
- O qaragül dərili papağın hanı, - deyə bir
gün ondan xəbər aldılar, - olmaya ehtiyac üzündən
satmısan? Dədəmin başını
buladığını görüb gizli bir sevinclə: -
Neçə desən verərik, satmaq fikrinə düşsən
bizə xəbər elə...
Papaqsa
sandıqda qalmışdı. Arabir anam onu sandıqdan
çıxarıb tozunu ala-ala havaya versə də, kişi
gözünün ucu ilə də papağa baxmırdı.
Ahıl
kişi qəfildən qol saatına baxıb susdu. Onun söhbətinin
axırına çıxmaq istəyənləri intizarda
qoyub: - Şəhidlər xiyabanına gedirəm, - dedi. Və
başında papaq şəstlə adamlardan aralandı.
2020
Aydın
TAĞIYEV
Ədəbiyyat qəzeti.- 2022.- 26
noyabr.- S.25.