Bədii tərcümə prosesində ədəbiyyatın
və ana dilinin zənginləşməsi
imkanları
Sərbəst, yoxsa adekvat tərcümə?
Bədii tərcümə prosesində ana dilinin zənginləşməsi
doğrudan araşdırılmalı problemdir. Əvvəla,
tərcümə zamanı sən ana dilinin bütün
imkanlarının zəngin "yatağından" faydalanmaq
üçün var gücünü sərf etməli olursan.
Ancaq bu, ilk cəhddə alına bilən bir məsələ
deyildir, çünki orijinal dilin ifadə etdiyi mənaları
anlamaq prosesin orijinal dilin xeyrinə və ana dilinin zərərinə
daralmasını, orijinal dilin çevirməyə ciddi
müqavimət göstərdiyini də şərtləndirir.
Dillər canlıdır, onlar nəfəs
alır, canlı hesab edilən bütün varlıqlarla
müqayisədə onların hədəf olaraq seçdikləri
hər şeyə qarşı müqaviməti güclü, bəzən
qırılmaz olur. Burda söhbət təkcə
orijinal dili nə dərəcədə anlamaqdan getməməlidir,
nə qədər səlis bilsən də, o dildə
düşünmək imkanına malik olsan da, tərcümədə
onun güclü müqaviməti ilə rastlaşacaqsan.
Çünki metafora ilə işlətməli olsaq, tərcümə
prosesində düşüncəni iki yerə bölməli
olursan, bir dildən digərinə axan "məhsul"
ikincidə özünə rahat yataq tapmalıdır, bu isə
heç də asan məsələ deyildir, bu işin keyfiyyəti
tərcüməçinin nə qədər professional
olmasından daha çox asılıdır.
Belçikalı ədəbi tənqidçi və ədəbiyyat
nəzəriyyəçisi Paul de Man bu məsələ ilə
əlaqədar yazırdı ki, "...Tərcüməçilər
orijinal mətnin müəyyən aspektlərini vurğulayaraq
və digərlərinə etinasız yanaşaraq,
"ekvivalentlik" ideyasını aradan qaldırırlar və
buna görə də tərcümələr həmişə
yeni yaradılışlar sayıla bilər". Bu qeyddə həqiqət
olsa da, tərcümə həmişə başqasının
əsərinə əsaslanır və buna hörmət edilməlidir.
Tərcüməçinin işi təvazökardır,
çünki o, vasitəçi olduğu üçün mətndə
çox iştirak etməməlidir; çox vaxt böyük
yazıçı ədəbi əsəri tərcümə
edəndə mətndə onun üslubunun, lüğətinin
və ya dil üstünlüklərinin əlamətlərini
tapmaq olar (Xəlil Rza nümunəsində olduğu kimi, ancaq
deyək ki, Rəsul Rzanın tərcümələrində
bunu hiss etmək qəti mümkün deyildir, bu nümunələrdə
tərcüməçi ilə müəllif arasında
"birtərəf", yəni orta mövqedə duran
üslub elementlərinə rast gəlmək
mümkündür, amma məsələn, Ramiz Rövşənin
rus poeziyasından etdiyi sərbəst tərcümələrdə
şairin öz üslubu daha qabarıq hiss edilir...), deməli,
müəllif əslində yaxşı tərcüməçi
deyil. Bədii tərcümə praktikasında
"müəllif təsdiqli" tərcümələrə
də rast gəlinir.
Bizim
fikrimizcə, tərcümə prosesinin normal alınması
üçün tərcüməçi "buqələmun"
olmalı və mətnin başqalığına hörmətlə
yanaşmalıdır, dəyişiklikləri dərk etməlidir,
anlamalıdır ki, bu dəyişikliklərin bir səbəbi
olmalı, klassikləri öyrənmək və oxumaq əsasında
düşünülmüş seçimdən irəli gəlməlidir.
Bir klassik nümunəyə diqqət yetirək.
XVIII əsr Venesiya dramaturqu Karlo Qoldoninin pyesləri əvvəlcə
yüngül komediyalar kimi qəbul edilsə də, marksist təhlil
yolu ilə sosial tənqid kimi təsdiqini tapmış və
Fransa İnqilabının ədəbi xəbəri kimi şərh
edilmişdir, çünki bu əsərlərdə zadəganlar
ələ salınır, qadınlara lağ edilirdi.
Belə
bir nəzəri ayrıntıya diqqət edək: Bədii tərcümə
ədəbiyyatın və dilin zənginləşməsinə
eyni zamanda, ancaq fərqli səviyyələrdə təsir
edir. Ədəbiyyatın
inkişafına təsir edən faktor dilin üfüqlərini
genişləndirməyə bilməz. Dilin,
bədii nitq vahidlərinin zənginləşməsi ən
müxtəlif səviyyələrdə gerçəkləşir.
Bədui tərcümə prosesində dilin zənginləşməsi
təkcə yeni söz və ifadələrin gətirilməsi
ilə məhdudlaşmır (bunlar həmişə epizodik
xarakter daşıyır -!), yəni bu prosesdə ana dilinə
hər hansı yeni söz daxil olmaya da bilər, ancaq ifadə
planında yeniliyin olması mütləqdir. Dünya ədəbiyyatının
şah əsərlərindən tutmuş, müasir ədəbi
nümunələrədək hər bir bədii mətn ana
dilimizə çevrildikdə özünün psixoloji
ovqatını, fəlsəfi mənasını, mədəni-tarixi
stixiyasını da özü ilə gətirir, bu komponentlər
ana dilində adekvat ifadəsini tapdıqca dilin üfüqünün
açılıb dünyanı, onun ən fərqli rəng və
ovqatını ifadə etməsi, mədəni kontekstə
transformasiyası hadisəsi baş verir.
Bədii tərcümə dilin dinamik inkişafına
stimul yaradır, uğurla tərcümə edilmiş hər
bir əsər ana dilində daha masştablı bədii əsərlərin
yaranmasına təkan verir. Bəzi ölkələrdə ədəbiyyatın
məhz tərcümə ilə başlaması da bu mənada
təsadüfi deyildir. Orta əsrlərdə müəyyən və
çox dəyərli kitab və araşdırmaların tərcümə
edilib konspektləşdirilməsi həmin çağın mədəniyyət
kateqoriyaları arasında önəmli yer tuturdu. Yəni bizim dilimizdə ən dərin elmi biliklər,
ən fantastik metaforik deyimlər ifadə oluna bilirmi? Tərcümə bu məsələnin millətin
bütün taleyi və ömrü boyu yoxlanması, ələkdən
keçirilməsidir. Həsənoğlunun ana dilimizdəki məşhur
qəzəlinin tərcümə olması faktdır, bu mənada
bədii tərcümə, xüsusən yenilikçi ədəbiyyatın
dilimizə tərcüməsi həmişə dil
üçün preroqativ və tələbdir, dünya ədəbiyyatının
sistemli şəkildə tərcüməsi dildə əvvəllər
rastlanmayan mədəni proseslərin ifadəsinə yol
açır, dil daxilən zənginləşir. Bu ümumi baxışdır. Fərqli
nüanslar da var, məsələn, modernist ədəbiyyatın,
deyək ki, Tomas Sternz Eliotun orijinaldan dilimizə çevrilməsi
modernist şeirin havasının, fəlsəfə və
estetikasının ana dilində ifadəsinə, bu havada
orijinal əsərlərin yaranmasına yol açır.
Ədəbi tərcümənin tipi tərcüməçinin
poetik şəxsiyyətinin identifikasiyasına çevrilir. Şübhəsiz,
əgər tərcüməçi şairdirsə.
Ramiz Rövşənin bütün tərcümələri sərbəstdir,
onun Mayakovskinin "Şalvarlı bulud" poemasından etdiyi
fraqmentlər, Blok və digər şairlərdən etdiyi tərcümələr
orijinalın mənasını ifadə etməklə
yanaşı, daha çox özünün şair mənini
qabartmaq məqsədini daşıyır.
Tərcümə ədəbiyyatı
musiqi partiturası kimi
Tərcümənin tipini konkret bədii mətn
haqqında təsəvvürümüz müəyyən
edir. Konkret bədii mətnin hansı səviyyədə
tərcümə edildiyini ədəbi tənqidlə
yanaşı, hər birimiz müəyyənləşdirməyə
çalışırıq, dünya ədəbiyyatının
elə şah əsərləri var ki, istisnasız olaraq
bütün dillərə dəfələrlə tərcümə
edilsə də, tam olaraq nəfis və mükəmməl tərcümə
mətni əldə etmək sanki mümkünsüz
görünür. Niyə? Məhz həmin
şah əsərlərdə tarixi-ideoloji, mövzu-problematika
və estetika baxımından dil üçün o qədər
yeniliklər (və arxaizmlər -!) mövcuddur ki, əsərin
çevrildiyi dil ilk əvvəl bu yükün altında sanki
duruş gətirmir, ancaq zaman və tərcüməçilər
dəyişdikcə tərcümə prosesi asanlaşır, hər
bir tərcüməçinin təfsirində yeni qatlar peyda
olur və bu qatlar ana dilinin zəngin mənbələrindən
qidalanır. Ancaq bu "qidalanma" ilk cəhddə
uğursuz da ola bilər. A.S.Puşkinin
"Yevgeni Onegin" poemasını Səməd Vurğun və
Eyvaz Borçalı tərcümə etmişlər. Birinci halda orijinala adekvatlıqla bərabər ana
dilimizin zənginlik ölçüsünün üzə
çıxmasından, ikinci halda isə orijinala maksimum
yaxınlıqdan söz gedə bilər. Böyük Səməd
Vurğun tərcümələrində məhz ana dilinin zənginləşməsinə
daha çox nail olmuş şairdir. Həmin şah əsərlərinin
sonadək, bütün mənası ilə ana dilinə tərcümə
edilə bilməməsinin başqa bir səbəbi
aydındır: keçmişdə, tarixin bəlli dönəmində
qələmə alınmış bədii əsər
özündə keçmişlə gələcəyi birləşdirir,
o əsərlərdə keçmiş arasıkəsilmədən
indiləşir, ancaq bunu olduğu kimi, bütün qatları
ilə oxumaq mümkünsüzdür. Bu səpkidə
yaranmış və müxtəlif ədəbi "izm"lərdən
çıxan bədii mətnlər
yaşadığımız, xatırladığımız,
fantaziyalar qurduğumuz dünyanı eyni zamanda həm tam əhatə
edir, onu ovcunun içinə yerləşdirir, həm də
onun üzərində yeniliklər inşa edir.
Tənqid və ədəbi əsərin statusu (deyək
ki, Puşkinin poeması, yaxud Yohan Volfqanq Hötenin
"Faust" əsəri) bizim şərhimizə təsir edən
ideoloji süzgəclərdir. Bir nəzəri fikrə
görə, tərcümələr ədəbi əsərlə
ədəbiyyat nəzəriyyəsi arasında yolun
yarısıdır, çünki onlar mətnə tənqidi
baxışı nəzərdə tutur. Hermenevtika
nəzəriyyəsinin banisi Qadamer öz konsepsiyasında tərcüməni
razılıq anlamında söhbətlə müqayisə
edir, bu yolla o, müəlliflə tərcüməçi
arasında ortaq cəhətləri tapmağa
çalışır. Ancaq bizim fikrimizcə,
bədii tərcümə nə rəssamlıq kimi
yaradıcılıq sənəti, nə də əksər sənət
növləri kimi reproduktiv sənətdir, o, musiqi kimi təfsir
sənətidir. Tərcümə ədəbiyyatı
orijinal dildə yaranan ədəbiyyatdan gələn mesaj
olmaqla yanaşı, necə deyərlər, daxil olduğu ədəbi
prosesə də şərhlər verir (həm də zamanla bu
şərh və təfsirlərin sırası
sıxlaşır -!). Mümkün tərcüməçilərin
hər biri tərəfindən istər-istəməz fərqli
şəkildə şərh olunacaq orijinal mətn musiqi
partiturasını xatırladır.
Bədii tərcümə əslində psixoloji
nüanslarla bol olan bir prosesdir, bunu ilkin olaraq yadda saxlayaq. Bu prosesdə ənənəvi
olaraq iki dil qarşılaşır; zahirən bu, doğrudan
da, belədir. Ancaq proses irəlilədikcə orijinal
dilin hakim olduğu, tərcüməçinin
düşüncəsini zəbt etməsi inkarolunmaz
faktdır. Tərcüməçi ilk növbədə
orijinal dilin "cəngəlliyinin" bütün tərəflərini,
içini, çölünü, dərinliyini dəqiq tanımalıdır.
Hər hansı dildə olan bədii mətni dəfələrlə
oxusaq da, onun zehnimizdə ana dilimizə çevrilməsi zəif
şəkildə gerçəkləşir (bəzən
aralarında əlaqə omayan, yaxud zəif olan fraqmentlər
şəklində), yaddaşımızda yanıb-sönən
proses işarələri, yəni deyək ki, ingilis dilində
olan mətnin içindəki mənaların
aydınlaşması, kod və kontekst münasibətləri
qarmaqarışıq şəkildə olur. Başqa bir problem
isə tərcüməçinin proses zamanı özü
üçün seçdiyi çərçivədən kənara
çıxmaq istəyidir.
Yuxarıda sadalanan prinsiplərdən biri və əsas
olanı orijinal dildə bədii mətnin dəfələrlə
oxunmasıdır; bu ilkin mərhələdir. Təcrübə
göstərir ki, hər hansı yazıçının bir əsərini
deyil, onun külliyyatını mütaliə etmək tərcümə
prosesini asanlaşdırır, bura həmin müəllifin
yaradıcılığından bəhs edən əsərləri
(monoqrafiya, məqalə) də əlavə edə bilərik.
Bədii tərcümə prosesində ən
çətin məsələ məhz ana dilinin
imkanlarından təbii şəkildə faydalanmaq, söz və
söz birləşmələrinin, cümlənin səslənməsi,
dil qaydalarına riayət edilməsi və ümumən sintaksis
səviyyəsinin təbii və mükəmməl
olmasıdır.
Xarici dildən hər hansı hekayə, şeir, roman və
ya dram əsərini dilimizə çevirdikdə ana dili ilə
xarici dil arasında aşkar-gizli müqavimət baş verir və
bu müqavimət nə qədər güclü olarsa
çevrilmiş mətn bir o qədər təbii və ana
dilində normal səslənmiş sayıla bilər.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.22.