Ruhların sevinən günü
Fəxrəddin Teyyubun eyniadlı
kitabı üzərinə
Bəlkə də elə bu bircə şeirin,
bu bircə beytin, misranın yazısıdı qələmə
aldığım təəssüratlar. Bu bircə şeir, bircə beyt, misra olmasaydı heç bu təəssüratlar
da qələmə gəlməyəcəkdi. Bu
xoş təəssüratların
bəxti, bu xoş təəssüratların
yazısıdı Fəxrəddin
Teyyubun "Ünsiyyət"
adlı şeiri üzərinə qələmə
alınanlar. Görkəmli şair-yazıçı Seyran
Səxavətə xitabən
qələmə alınıb
"Ünsiyyət" şeiri.
Amma hər kəsin öz əzizinə, könüldaşına
ünvanladığı könül
əsintisi kimi ruhu oxşayır:
Min dostun olsa da,
demə bəsdi, bəs,
Ünsiyyət sarıdan yenə də acıq.
Gəldi
qulağıma əziz,
doğma səs,
Dedin darvazanın qabağına
çıx.
Dedin ki, darıxdım, könlüm istədi,
Qoy gedim qardaşım Faxını
görüm.
Axtarım, arayım, bəlkə
xəstədi,
Dilinə sığmayan bağını
görüm.
Darıxdığımız anın, könlümüz istədiyi
ünvanın şeiridi
bu... Darıxmağın sükutu pozulan
yerdi. Darıxmağın bəraət məqamıdı.
Dünyanın ən gözəl etirafıdı:
Nə gözəl hiss imiş darıxmaq, Seyran,
Aparır
adamı dost qapısına...
O dost qapısı kimi həmdəmdi, munisdi Fəxrəddin Teyyubun
"Ruhların sevinən
günü" adlı
şeirlər kitabına
daxil edilən poetik nümunələr. Hər birinin öz ovqatı, könül xoşluğu,
toxtaqlığı var. Anladır
ki:
Könlüm açıq qapı,
barışığı var,
Arzunun ümidlə
qarışığı var.
Zirvənin başında qar
işığı var,
Yoxuşlar yormasın dizini,
dedim.
Elə görən
kimi vurulmağın da, sel kimi
çağlayıb-durulmağın da, eşqin dərəsində çən
görməyin, qəlbdə
cavanlığın oyanmasının
da bəraət yolunu Fəxrəddinin şeiri nəm-nişan verir. Bağlayır bir ucdan qınaq dilini. Uzadır çatınca şəfqət
əlini. Bəraət
dalınca bəraət
gəlir:
Mənim
bir taxtım var sevgi dağında,
Qismətim üzümə gülənə
kimi.
Sevmək
günah deyil ahıl çağında,
Şair sevməlidir ölənə
kimi.
"Ürəyimin qonşusudu
xatirən, Görüşürük
ara-sıra, nə deyim?" - təsəllisi
izləyir bu etirafları. "Dünyalar
içindəki dünya"nın nədənliyinə
olan maraq hissi qədəm-qədəm
izləyir bu yaşantıları. Naxışlar
üstünə gələn
naxışlar işığa
çıxınca min dona girir. "Fəsillər fırlanır karusel kimi, Payız köç etməmiş
qarlı qış gəlir". Bu çeşidli,
əvvəli bilinməz,
sonu bilinməz aləmə fərqli baxışı var Fəxrəddinin də... Hər olaya, ömür-gün yaşantılarına
özünəmxsus təəssüflə,
özünəməxsus dünyagörmüşlüklə
və ən əsası, özünəməxsus
poetik ovqatla münasibət bildirir:
Hər arzum qəlbimin sarı simidi,
Duyğular sünbüllü qızıl
zəmidi.
Ümidim
yarıtmaz uşaq kimidi,
Hələ ki, üstümə əliboş gəlir.
Fəxrəddin Teyyubun hər şeirinin səmimi, kövrək ovqatında onun vəfalı, dürüst, vətənpərvər
kimliyinin bütöv,
boyaboy şəkli gizgilənib. Qos-qoca bir dünyagörmüşlük,
müdrik baxış,
aqillik onun lirik ovqatıyla daban-dabana yol gəlir. Biri o birini tamamlayır.
Kövrəldir, nostalji hisslər
yaşadır. İstiqamətləndirir.
Səfərbər edir. Tarixi missiyanı,
qədərini anladır.
Harda dayanmağın, harada qərar tutmağının
yerini bəllədir.
Vətənçilik dərsi
verir:
Qoru özün kimi, nə qış, nə bahar,
Hər şəhid
gözündə itən,
vətəndi.
Hardansa vətənə baxmağa
nə var,
Səngərdən baxanda vətən
Vətəndi!
Ritm, ahəng
yerindədir, məntiq
və doğru olanla bir arada. Əbədi cavabdehlik,
vəfadarlıq duyğusu
ilə qol-boyun, şeirin, sözün lirik, oxunaqlı və yaddaqalan əsintisilə nəfəs-nəfəsə.
Yaxşı, uğurlu olan,
arzu edilən məqamdadı bu səmimi şeir. Bitkindi! Oyadıcı və səfərbəredicidi.
Anladır, yönəldir, tərbiyə
edir.
Fəxrəddin Teyyubun şair xoşbəxtliyidir ki, onun ədəbi qəhrəmanı ismi pünhanına şeir dilində ürək açmağın dilini bilir. Könüldən keçənləri, "sevirəm" sözünü
aşiqin dilindən titrəyən, qəm çəkən misralar deyir. Fəxrəddin Teyyubun şair
xoşbəxtliyidi ki,
mənəvi ustadı
Mövlanə Məhəmməd
Füzulinin dərddə
dəva bula bilmək ənənəsinə
sadiqdir. Asi deyil. Həyatın hər üzünə
aşinadı. Kədərin, qüssənin özünə
belə Füzuli zövqüylə yanlaşa
bilir. Kədərin, qüssənin özüylə
belə Füzuli zövqüylə anlaşa
bilir. Ən qəmli, üzgün, qüssəli çağında
belə mum kimi qalmağın, rəhimdilliyin,
alicənablığın yolunu
bilir, o yolu tutur, o ylla gedir.
Mərdi-mərdanə, açıq-açığına
yazır, bəyan edir ki:
Kirayənişindi kədər içimdə,
Küçəyə atmağa ürəyim gəlmir.
Elə bu simsarlıqla, könüldaşlıqla da
gerçək durumu, dinc-yanaşı yaşamağın
fəlsəfəsini (və
vacibliyini) anladır:
Zəhmətim gedəndə hədərə,
bəzən,
Əhvalım dəyişir, karıxıram
mən.
Elə alışmışam kədərə,
bəzən
Gəlib çıxmayanda darıxıram
mən.
Hər payız dönürəm
xəzələ, Tanrım,
Çağırın, harda var qəm-kədər,
gəlim.
Köhnələn ruhumu təzələ,
Tanrım,
Gəlsəm hüzuruna təzə-tər
gəlim.
Fəxrəddin Teyyubun yaradıcılığından
ana mövzusu əsas, başlıca xətt kimi keçir. O qədər ki, hətta, fərqli mövzularda qələmə aldığı
şeirlərinin alt qatından
belə bu obraz möhtəşəm
durumu, ilahi əvəzolunmazlığı ilə keçir. Anaya bağlılıq duyğusu Fəxrəddin Teyyub poeziyasının humanizmini, səmimiyyətini,
qayğıkeş missiyasını
təmin edir. Fəxrəddin Ana obrazını insanlığın, bütövlükdə
isə bəşərin
yaranış təməli
kimi mənalandıra bilən, bu mövzuya dönə-dönə
qayıdan azsaylı şairlərimizdəndir. Ana
itkisi onun üçün həyat,
yaşam itkisidir.
Məhz bu baxımdan da onun ana itkisindən
doğan kədəri
başadüşülən, hər kəsin öz münasibətini şəkilləndirən duyğu
kimi qəbul olunur:
Bitməyən dəndə ölmüşəm,
Dumanda, çəndə
ölmüşəm.
Anam köçəndə ölmüşəm,
Qəbrimə baş çəkənim
yox...
Fəxrəddin "Qaytara bilməyir
ana borcunu Mənimlə yollarda qalan ürəyim" yazanda da təbii
və səmimidi,
"Ana, qucaqlardım məzarını
mən, Ömrümdə
ilk dəfə gözəl
ağladım" yazanda
da! Onun təqdim etdiyi
ana bir ömür
boyunca etdiyi yaxşılıqların savabını
qazanan, hər kəsin and yerinə dönməyi bacaran, qayğıkeş, hal əhli, zəhmətkeş
anadır. Və
F.Teyyub bu gözəl ananın mübarək portret cizgilərini oxucuya sevdirə bilməyin xoşbəxtidir:
Səsinə oxşayan bir səs tapmadım,
Ay mənim sonalar sonası anam.
Sənə tay tapmadım, əvəz tapmadım,
Bütün anaların anası anam.
Yaxud:
Şəkli həkk olunub məzar daşında,
Baxıram, özümə oxşayır
anam.
Həsrəti sızlayır qəlbim
başında,
Daha daş ömrünü yaşayır
anam.
"Ana itkisini məndən
soruşma, Gözümdən
tökülən yaşımdan
soruş" qədirbilənliyi
misra-misra oxucu yaddışına yansıyır
Fəxrəddin Teyyubun. "Ayrılıq nədir ki, adam öldürə,
Məni öldürəcək
xatirələrin" ağrısı
izləyir bu itkiləri.
"Elm və təhsil"
nəşriyyatının nəfis
şəkildə çap
etdiyi "Ruhların sevinən günü"
kitabına yazdığı
ön sözdə müəllif oxucuların
hər misradan ruhunun boylandığını
görəcəyinə inamlıdır. İnamlıdır
ki, oxucu onun hər misrasından
ürəyinin səsini,
çırpıntılarını eşidəcək və haqlıdı!
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
26 noyabr.- S.21.