Üç qadın
Üç səs
üçün radiopoema
(Hadisə doğum şöbəsində və qonşu şöbədə cərəyan edir)
Birinci səs:
Dünya kimi yavaşam. Çox səbirliyəm.
Günəş də, ulduzlar da diqqətlə süzür məni.
Ay isə şəxsi narahatlıqla maraqlanır mənimlə:
Tibb bacısı kimi parıldayaraq keçir yanımdan.
Baş verməli olan şeylər onu narahat edirmi? Zənn etmirəm.
Sadəcə,
artıma təəccüblənir...
Böyük hadisəyə çevrilirəm bayırda gəzəndə.
Nə fikirləşmək lazımdır bunu, nə də
məşq etmək.
İçimdə baş verənlər
özlüyündən olur.
Təpədə
oturub qırqovul:
Qəhvəyi lələklərini düzəldir.
Gülümsəyirəm bildiyim şeyə.
Yarpaqlar və tumurcuqlar müşayiət edir məni. Mən
hazıram.
İkinci
səs:
Baldırımdakı o balaca qırmızı ləkəni
görəndə inanmadım əvvəlcə.
Ofisdəki kişiləri müşahidə etdim. Nə qədər də
düz idi hamısı!
Müqəvvanı
xatırladan nəsə vardı onlarda
və mən
artıq bunu görürdüm,
Bu hamar,
dümdüz düzlükdən çıxır ideyalar,
dağıntılar,
Buldozerlər, gilyotinlər, bəyaz
qışqırıq kameraları.
Və soyuq mələklər, mücərrədləşmələr.
Oturmuşdum
öz masamda,
ayağımda
uzun corablar və hündür ayaqqabılar.
Müdirim
güldü: "Sən nəsə qorxulu bir şey
gördün?
Birdən-birə üzün əhəng kimi
ağardı". Mən heç nə demədim.
Ölümü gördüm çılpaq ağaclarda,
yox olmanı gördüm.
İnana bilmədim. Bu qədərmi çətindir
Ruhun simaya, ağıza qovuşması?
Hərflər
fışqırır qara klavişlərdən və qara
klavişləri idarə edir
Barmaqlarımı əlifba sırasıyla. Sifarişləri
yerinə yetirir.
Detallar, yivlər, parlaq parçalar üçün.
Ölürəm oturduğum müddətdə. Bir mərhələni
itirirəm.
Qatarlar səslənir
qulaqlarımda, getmək, getmək...
Uzaqlara
tökülür zamanın gümüş izi,
Bəyaz göy üzü boşaldır verdiyi vədi,
fincandan boşaldırmış kimi.
Mənim
ayaqlarımdır bunlar, bu mexaniki əks-səda,
Tak, tak, tak, polad ayaqlar. Çox rahat
tanınıram bu səsdən.
Evimə apardığım xəstəlikdir bu,
ölümdür bu.
Hə,
bir ölümdür bu. Ciyərlərimə çəkdiyim
havadır,
Yoxsa bir söküntünün tozu? O soyuq mələklə
üzləşəndə
Get-gedə zəifləyən nəbzəm yoxsa?
Bəlkə də bu mənim sevgilimdir? Bu
ölüm, bu ölüm?
Uşaq vaxtı sevmişdim tikan kimi yaralayan bir adı.
Elədirsə,
onda tək günahımdır mənim,
Köhnə ölümün ölü sevgisi.
Üçüncü
səs:
Yadımdadır eşitdiyimi dəqiqləşdirdiyim o
an.
Söyüdlər üşüyürdü.
Gözəl
idi suyun səthindəki sima, mənim üzüm deyildi amma -
Çox ciddi görünüşü vardı,
başqa hər şey kimi.
Və hər
tərəfdə təhlükə görürdüm: göyərçinlər
və sözlər,
Ulduzlar və
qızıl leysanlar - hamiləliklər, hamiləliklər!
Bəyaz, soyuq bir qanad xatırlayıram.
Və
çayın mənsəbindən qala kimi üstümə gələn
Qorxunc baxışlı dəhşətli qu quşunu.
İlana oxşayan nəsə var qu quşlarında.
Sürüşüb
keçdi yanımdan: qara məna vardı gözlərində.
Dünyanı gördüm gözündə - qara, balaca
və pis.
Balaca
sözlər pərçimlənmişdi başqa balaca
sözlərə,
İsti mavi bir gün əsasını qoymuşdu nəyinsə.
Hazır deyildim. Dörd tərəfə sürüdürdü məni
Axıb gedən bəyaz buludlar.
Hazır deyildim.
Heç hörmətim qalmamışdı.
Nəticəni
inkar edə bilərəm deyə fikirləşirdim -
Amma çox gec idi artıq. Çox gec idi və sanki hazır
idim mən,
Özünü sevgiylə formalaşdırmağa davam
edirdi o üz.
İkinci
səs:
Qardan ibarət dünyadır indi. Evdə deyiləm.
Necə də bəyazdır bu döşəkağılar.
Simaların isə heç özünəməxsusluğu
yoxdur.
Keçəl
və mümkünsüzdürlər, uşaqlarım kimi,
Qollarımdan xilas olub qaçan o balaca xəstələr
kimi.
Başqa
uşaqlar toxunmur mənə: qorxuncdur onlar.
Çox rənglidirlər, həyat eşqləri də
çox. Səssiz
deyillər,
Amma səssizdir içimdəki balaca boşluqlar.
O qədər
imkanım vardı ki. Hamısını
yoxladım.
Çətin tapılan bir orqan kimi üstümə
tikdim həyatı.
Və diqqətlə, qorxa-qorxa gəzdim, gəzmək
nadir bir şey imiş kimi.
Çox fikirləşməməyə
çalışdım. Təbii olmağı yoxladım.
Başqa qadınlar kimi dəlicəsinə aşiq
olmağı yoxladım.
Kor sevgilimlə yatağımda kor oldum.
Zil qaranlıqda axtarmadıq başqa bir sima.
Görmədim!
Amma o üz ordaydı hələ də,
Qüsursuzluğunu
sevən, doğulmamış birinin üzü,
Təkcə
öz sakitlik dolu dünyasında mükəmməl
Və beləliklə
də müqəddəs ola biləcək
ölü birinin üzü.
Və başqa üzlər də vardı. Millətlərin,
Dövlətlərin,
parlamentlərin, toplumların,
Vacib adamların simasız üzləri.
Bu
adamlardan çəkinirəm mən:
Necə də
qısqanırlar hamar olmayan şeyləri! Bütün
dünyanı
Özləri
kimi hamar etmək istəyən qısqanc tanrılardır
onlar!
Ata ilə oğulun söhbətini eşidirəm.
Belə
bir hamarlıq müqəddəs ola bilər
ancaq.
"Bir cənnət
yaradaq", deyirlər,
"Hamarlaşdırıb qabalığını yuyaq
bu ruhların".
Birinci səs:
Sakitəm mən. Çox sakitəm.
Dəhşətli
fırtınadan qabaqkı sakitlikdir bu:
Küləyin
gəzişməsindən qabaqkı sarı andır bu, həmin
an ki,
Yarpaqlar əllərini, sarı bənizlərini
açırlar onda.
Elə səssizdir
ki bura.
Döşəkağılar, üzlər bəyaz və
saatlar kimi dayanmış.
Səslər çəkilib gedir və hamarlaşır. Küləyi dayandırmaq
üçün
Hamarlaşıb perqament pərdələrə
dönür heroqliflər.
Ərəb
və Çin dilində yazırlar belə sirləri!
Dilsiz və qəhvəyiyəm. Çırtlamağa
hazır toxum kimi.
Qəhvəyilik
ölü tərəfimdir və heç də xoş deyil:
Nə daha çox olmağı istəyir, nə də fərqli
olmağı.
Alatoranlıq maviyə boyayır məni müqəddəs
Məryəm kimi.
Ey
uzaqlığın və unutmağın rəngi! -
Haçan
gəlib çatacaq əbədiyyətin Zamanı udduğu
Və mənim boğulacağım an?
Öz-özümə
danışıram, təkcə özümlə -
Yuyulub təmizlənmişəm qurban kimi.
Göz qapaqlarımı ağırlaşdırır
gözləmək. Yuxu kimi,
Böyük dəniz kimi dayanır orda. Uzaqdan, uzaqdan
Hiss edirəm
dalğaların əzabı mənə tərəf gətirdiyini.
Və mən
balıqqulağı kimiyəm, əks-səda verirəm bu
sahildə
Burun-burunayam hər şeyi udan qorxunc səslərlə.
Üçüncü
səs:
Dağa oxşayan qadınların arasında bir dağam
indi mən.
Həkimlər
dolaşır aramızda, elə bil
böyüklüyümüz
Gözlərini qorxudub. Sarsaq kimi baxıb
gülürlər.
Belə olmağımın günahkarı onlardır və
bunu bilirlər.
Öz hamarlıqlarına sığınıblar, elə
bil səhhət göstəricisidir.
Bəs mənim kimi çaşıb qalsaydılar nə
olardı?
Dəli olardılar.
Bəs
indi iki can çıxsaydı ayaqlarımın arasından?
İçində avadanlıqlar olan bəyaz, təmiz
otağı gördüm.
Qışqırıqla doludur o otaq. Xoşbəxtliklə
yox.
"Hazır olanda bura gələcəksiniz".
Gecə işıqları
qıpqırmızıdır. Qanlı və donuq.
Heç nəyə hazır deyiləm mən.
Öldürməliydim məni öldürən bu
şeyi.
Birinci səs:
Bundan daha
zalım bir möcüzə ola bilməz.
Atlar çəkir məni... dəmir nallarla.
Tab gətirirəm.
Qurtarana qədər dözərəm. Bu işi tamamlayaram.
Qaranlıq
tunelin içində qaynaşır
Həkim ziyarətləri, çaşqın simalar.
Bir vəhşiliyin mərkəziyəm mən.
Hansı
dərdlərə, hansı əzablara
analıq
etmək məcburiyyətindəyəm?
Belə
bir məsumluq öldürə bilərmi adam?
Öldürərmi?
Həyatımı sovurur mənim.
Ağaclar çürüyür küçədə. Yağış
çürüdür onları.
Dilimlə dadına baxıram yağışın və
yaşanıla biləcək dəhşətlərin.
Ortalıqda
gəzişir o dəhşətlər, alət
çantalarıyla
Ortalıqda
tik-tak gəzən,
heç
kimin fikir vermədiyi xaç anaları kimi.
Qoruyucu divar və çardaq olacağam.
Göy üzü və yaxşılıq təpəsi
olacağam.
Ah, imkan verin mənə!
Bir güc böyüyür içimdə, köhnə
bir inad.
Dünya kimi parçalanıram. Bir də bu qaranlıq!
Bir dağın zirvəsində çarpazlayıram əllərimi.
Hava ağırlaşıb. Bu iş
ağırlaşdırıb havanı.
İstifadə edildim. Tükəndim.
Gözlərimi bağlayır bu qaranlıq.
Heç nə görə bilmirəm.
İkinci
səs:
Günahlandırılıram. Soyqırımları
fikirləşirəm.
Qara və qırmızı dərdlərin
bağçasıyam mən. İçirəm onları
Özümə nifrət edə-edə, nifrət edirəm
və qorxuram.
Və dünya əllərini məhəbbətlə
açıb öz sonuna doğru qaçır.
Hər şeyi xəstə edən ölüm sevgisidir
bu.
Ölü bir günəş ləkələyir qəzet
kağızını. Qırmızı.
Həyat dalınca həyat itirirəm. Qara torpaq
içir onları.
Hamımızın
qanını içən vampirdir o. Buna görə dəstək
olur bizə,
Bəsləyir, xoş münasibət göstərir. Ağzı
qırmızı.
Tanıyıram onu. Yaxından tanıyıram -
Qoca qış sifətli, qoca qısır, köhnə
vaxtların bombası.
Kişilər çox istifadə edib ondan. Yemək istəyir
onları.
Onları yemək, onları yemək, onları yemək nəhayətində.
Günəş batdı. Ölürəm.
Bir ölüm yaradıram.
Birinci səs:
Kimdir bu mavi, hirsli oğlan?
Bir ulduzdan düşüb elə bil, parıltılı
və qəribə.
Elə
hirsli görünür ki!
Otağa uçdu, dalınca da bir
qışqırtı.
Solur mavi rəngi. Nə də olmasa insandır o.
Qırmızı
gül açır qan çanağında;
İpək sapla tikirlər məni, elə bil
parçayam.
Nə edirdi barmaqlarım o uşağı
tutmamışdan qabaq?
Nə edirdi ürəyim sevgisini?
Bu qədər aydın görməmişdim heç nəyi.
Göz
qapaqları gül ləçəyi kimidir,
Nəfəsi də yumşaqdır pərvanə kimi.
Onu buraxmayacağam.
Nə hiylə var onda, nə saxtalıq. Həmişə
belə qalsın təki.
İkinci
səs:
Ay
görünür yuxarıdakı pəncərədən. Yoxa çıxdı artıq.
Qış
necə də dolur ruhuma! Və bu təbaşir kimi bəyaz
işıq
Yayılır
pəncərələrə, boş ofislərin,
Boş siniflərin, boş kilsələrin pəncərələrinə.
Nə qədər çox
boşluq var!
Və bu
durğunluq! Hər şeyin qorxunc
durğunluğu.
Ətrafıma
yığılmış bu bədənlər, qış
yuxusuna gedənlər -
Hansı Ay işığına bənzər
işıq dondurur onların yuxusunu?
Soyuq, ya bir şey kimi içimə girdiyini hiss edirəm.
Və həmin
şeyin ucundakı dəli və sərt üzü
açır
Ağzını O şəklində.
Qara qan dənizini
sovurub atır bayıra
Aydan aya.
Öz ipinin ucunda çarəsiz qalan dəniz kimiyəm.
Narahatam.
Narahat və yararsızam. Cəsədlər
yaradıram mən də.
Şimala gedəcəyəm. Uzun bir
qaranlığın içinə.
Özümü kölgə kimi görürəm, nə
kişiyəm, nə də qadın.
Nə kişi olsa sevinəcək qadınam, nə də
Heç
nəyin yoxluğunu hiss etməyəcək qədər bivec və
hamar kişi.
Mən əskiklik
hiss edirəm.
Barmaqlarımı
qaldırıram yuxarı, on dənə.
Bax, qaranlıq sızır aralarından.
Onu himayə edə bilmərəm mən. Himayə edə
bilmərəm həyatımı.
İkinci dərəcəli qəhrəman olacağam.
Nə
qopmuş düymələr günahlandıracaq məni,
Nə
corablardakı deşiklər, nə də məktub qutusunda
basdırılmış
Cavablandırılmayan məktubların bəyaz
simaları.
Günahlandırılmayacağam,
günahlandırılmayacağam.
Nə
divardakı saat tapa biləcək məni, nə də
uçurumların üstünə
Pərçimlənmiş ulduzlar.
Üçüncü
səs:
Yuxuda görürəm onu, qırmızı, qorxulu
qızımı.
Aramızı kəsən şüşənin
dalında ağlayır.
Ağlayır. Hirslidir.
Pişiklərin gəmirməyinə oxşayır
ağlamağı.
Ağlayır
qaranlığa və bizdən uzaqda
Parıldayan ulduzlara.
Balaca
başının taxtadan oyulduğunu fikirləşirəm,
Qırmızı, sərt taxtaya oyulmuş bağlı
gözlər və geniş açılmış
ağız.
Və qışqırtı qopur bu ağızdan.
Ox kimi
yuxumu deşib sancılır yan tərəfimə.
Dişləri yoxdur qızımın. Ağzı
böyükdür.
Elə qaranlıq səslər çıxarır ki,
qorxuram.
Birinci səs:
Bu məsum ruhları kimdir bizə göndərən?
Bax, necə
də yorğundurlar, rəngləri ağarıb,
Uzanıblar yerlərində, biləklərinə
bağlanıb adları yazılı kağız.
Balaca gümüş mükafatlarını almaq
üçün bura qədər gəliblər.
Gur qara saçlılar da var, keçəllər də.
Dəriləri çəhrayı və ya solğun, qəhvəyi
və ya qırmızı.
Artıq bildirirlər fərqli olduqlarını.
Elə
bilirəm sudan düzəldiblər
onları; ifadə yoxdur üzlərində.
Sakit sudakı işıq kimi yatır üz ifadələri.
Oxşar paltarları ilə həqiqi rahib və rahibələrdir
onlar.
Dünyaya
ulduz kimi töküldüyünü görürəm
onların -
Hindistana,
Afrikaya, Amerikaya tökülür bu balaca,
Saf, möcüzəvi bütlər. Süd iyi gəlir
onlardan.
Dabanları heç nəyə toxunmayıb hələ. Havada gəzirlər.
Heçlik
bu qədər cazibəli ola bilərmi?
Bu da oğlum.
İri, mavi gözləri adidən adidir.
Mənə tərəf fırlanır balaca, kor, parlaq
bitki kimi.
Qışqırır.
Süd çayıyam mən.
İsti bir təpəyəm.
İkinci
səs:
Kifir deyiləm mən. Hətta gözələm.
Düz əndamlı qadını əks edir
güzgü.
Tibb bacıları paltarlarımı və vəsiqəmi
verir mənə.
Dediklərinə görə, təbiidir belə bir
şeyin olmağı.
Təbii
şeydir, başqalarının həyatında
olduğu
kimi mənim həyatımda da.
Beş adamdan biriyəm, ya da buna oxşar bir şey.
Ümidsiz deyiləm.
Statistika qədər cazibəliyəm. Bu da dodaq
boyam.
Onunla
boyayıram iki-üç gün bundan qabaq
Vəsiqəmlə bir yerdə çıxarıb
qoyduğum ağzımı.
Cümə günüydü həmin gün.
İstirahət də lazım deyil mənə. Bu gün
işə çıxa bilərəm.
Elə
bil gözümü, ayağımı, dilimi itirmişəm,
Amma eybi
yox, ərim anlayışla qarşılayar məni,
Mən də onu sevərəm.
Və belə dayanıram ayaq üstündə, kor kimi. Belə gedirəm,
Ayaq yerinə balaca çarxlar üstündə, işimə
yarayırlar.
Dilimlə yox, barmaqlarımla danışmağı
öyrənirəm.
Bacarıqlıdır bədən.
Dəniz
ulduzunun əlləri təzədən çıxa bilər,
Salamandrlar da təzədən ayaq çıxara bilər. Ümid edirəm
Mən də bərpa edə bilərəm
çatışmayan yerlərimi.
Üçüncü
səs:
Balaca bir adadır qızım, yuxulu və rahat.
Və mən fitini səsləndirən gəmiyəm.
Əlvida, əlvida.
Gün yandırır. Kədərlidir.
Qırmızı, tropik çiçəklərlə
doludur otaq.
Şüşə arxasında yaşayıblar indiyə
qədər, üstlərində əsiblər onların.
İndi
isə bəyaz döşəkağılardan, bəyaz
üzlərdən ibarət
Bir qış dayanıb qabaqlarında.
Nə qədər
az şeyim var çamadanıma
yığmağa.
Tanımadığım kök bir qadının
paltarları.
Darağım və fırçam var. Bir boşluq var.
Birdən-birə
o qədər gücsüz hiss edirəm ki özümü.
Xəstəxanadan çıxan yarayam mən.
Arxada qoyuram sağlamlığımı. Mənə sadiq qalacaq birini
Tərk edib gedirəm.
Tənzifləri açan kimi açıram onun
barmaqlarını.
Gedirəm.
İkinci
səs:
Yenə özüməm. Heç nə
yarım qalmayıb.
Mum kimi
ağam, qanım çəkilib, bağlılığım
yoxdur heç nəyə.
Hamaram və bakirəyəm; bu o deməkdir ki, heç nə
olmayıb.
Silinə
bilməyən, cırıla və parçalana bilməyən,
təzədən
başlanmalı olan heç nə.
Bu qara
budaqlar tumurcuqlamaq istəmir,
Nə də yağış gözləmir bu quru xəndəklər.
Pəncərələrdə rastlaşdığım
qadın necə də incədir.
O qədər
incədir ki, ruhu xatırladır.
Utana-utana
buraxır özünü
Afrika portağallarının və ayağından
asılmış donuzların üstünə.
Barışır reallıqla.
O mənəm.
Özüməm.
Dadıram dişlərimin arasındakı
acılığı.
Gündəlik həyatın hesaba gəlməyən
pisliyini.
Birinci səs:
Haçana
qədər küləyin qabağını kəsən divar
ola bilərəm?
Haçana
qədər Ayın mavi ildırımlarını əngəlləyib
Yumşalda bilərəm günəşi əlimin
hölgəsiylə?
Tənhalığın
və əzabın səsləri
Kürəyimə vurur insafsızca.
Necə yumşalda bilər onları bu balaca layla?
Haçana
qədər hasar ola bilərəm
yaşıl bağçama?
Haçana
qədər sarğı ola bilər əllərim
Onun
yarasına və sözlərim ovudub
Nəşələndirə bilər göydəki
quşları?
Nə qədər
qorxuncdur
Belə
açıq olmaq: elə bil ürəyimə sima taxıb
Dünyaya göndəriblər.
Üçüncü
səs:
Bu gün baharla sərxoş olub universitetlər.
Dəfn mərasiminə
oxşayır qara paltarım:
Mənim ciddi olduğumu göstərir.
Kürəyimə saplanır apardığım kitablar.
Köhnə bir yaram vardı, amma sağalır indi.
Qışqırıqlardan qızarmış bir ada
haqqında xəyal qurmuşdum.
Xəyal idi və qətiyyən vacib deyildi.
Birinci səs:
Evin yanındakı qarağacda sökülür dan.
Qayıdıb qaranquşlar. Qışqırırlar
kağız roketlər kimi.
Saatların çıqqıltısını eşidirəm,
çıqqıltılı ölümlərini.
İnəklərin movuldamağını eşidirəm.
Özünü
təzədən istehsal edir rənglər və
Damdakı nəm samanlar yanır günəşdə.
Bəyaz üzünü göstərir nərgizlər
bağçada.
Xilas oldum şübhələrimdən. Şübhələrdən
qurtuldum.
Bunlar
uşaq otağının əlvan rəngləridir,
Danışan ördəklər, xoşbəxt quzular.
Tərtəmizəm yenə. Möcüzələrə
inanıram.
Ağ
gözləriylə və barmaqsız əlləriylə
yuxumu qarışdıran
Qorxunc uşaqlara inanmıram mən.
Mənim deyil onlar. Mənə aid deyillər.
Yaxşı şeylər fikirləşəcəyəm.
Balaca oğlumu fikirləşəcəyəm.
Hələ gəzə bilmir. Bircə kəlmə də
bilmir.
Bəyaz qundaq içindədir hələ.
Dərisi çəhrayı və qüsursuz. Tez-tez
gülümsəyir.
Otağına
güllü divar kağızı yapışdırdım,
Balaca ürəklər çəkdim hər şeyin
üstünə.
Oğlumun qeyri-adi olmağını istəmirəm.
Qeyri-adilər çəkər şeytanın diqqətini.
Qeyri-adidir
hüznlü təpəyə dırmaşan da,
Çöldə oturub anasının ürəyini
qıran da.
Oğlumun
adi biri olmağını istəyirəm,
Məni mənim
onu sevdiyim kimi sevməyini,
İstədiyi vaxt istədiyi biriylə evlənməyini.
Üçüncü
səs:
Çəmənliklərdə isti günorta vaxtı.
Toy
çiçəkləri istidən əriyir və sevgililər
Keçib gedir, keçib gedir.
Rəngləri qaradır və kölgə kimi
hamardır hamısı.
Nə
yaxşıdır sarğılardan xilas olmaq!
Ot kimi tənhayam
mən. Nəyin həsrətini çəkirəm?
O şey
hər nədirsə, tapa biləcəyəmmi onu?
Qu quşları gedib. Amma çay
Hələ də xatırlayır onların bəyaz
olduğunu.
İşıqlarıyla
qaçır onların dalınca,
Buludlarda axtarır onların oxşarını.
Hansı
quşdur belə
Ürəkdağlayan şəkildə ağlayır?
Deyir, körpəyəm hələ. Nəyin həsrətini
çəkirəm?
İkinci
səs:
Evdə lampa işığı altındayam. Uzanır gecələr.
Alt paltarının söküyünü gözəyirəm. Ərim kitab
oxuyur.
İşıq içinə çəkir bütün
bunları.
Bir
növ duman var bahar havasında,
Elə
bil heç yorulmayan şəfqət oyanıb,
Elə
bil hər şeyi yaxşılaşdırır,
Parkları, balaca heykəlləri çəhrayıya
boyayan duman.
Gözləyirəm və darıxıram. Deyəsən,
yaxşılaşıram.
Eləməli
çox iş var hələ. Əllərim
Bu hörgünü hörə bilər.
Ərim səhifələrini çevirir hansısa
kitabın.
Yenə evdəyik axşam işdən sonra.
Bircə zamandır əlimizi ağırlaşdıran.
Bircə zamandır və bu vacib deyil o qədər də.
Gözlənilmədən
kağıza dönə bilər küçələr,
amma
yaxşılaşıram mən
O uzun
çöküşdən sonra. Yataqda
tapıram özümü.
Döşək
üstündə rahatam, əllərimi
çarpazlamışam,
Birdən yerə düşsəm hazır olum deyə.
Təzədən tapıram özümü. Kölgə deyiləm,
Ayaqlarımdan başlayan bir kölgə varsa da. Ev
xanımıyam mən.
Şəhər məni gözləyir və
ağrıyır. Balaca otlar
Daşları çatladıb çıxır və həyat
yamyaşıldır onlarda.
Silviya Plat
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.30-31.