Anamın ruhu
Çöldə ağaclar mürgülü,
pəncərəmdə xəfif
gecə;
ürəyimdə bir qubar var,
dedim, bu da gəlib keçər;
alnımın ağ tərəfində,
deyən, bir yazı var, nəsə;
qəfil pəncərəm
döyüldü,
diksindim bir qərib səsə;
payız salam göndərmişdi,
saçımın siyah yerinə;
anamın ruhu dönmüşdü,
ürəyimin ah yerinə;
buz kimi həsrət göynədir,
gözümün yaş bulağını;
bir cüt göz yaşı dondurub,
könlümün daş bulağını;
o solğun payız səhəri,
yarpaqlar yerə töküldü;
ruhu göy üzünə döndü,
anam torpağa büküldü;
anamın ağ birçəyinin,
şəkili gözümdə
qalıb;
o vaxtdan ayağım yerdə,
gözlərim göy üzündə qalıb.
Deyirlər, payız qayıdır
...və üzümün bir tərəfi,
bir az payıza oxşadı;
payızdan uzanan yollar
hamısı üzü
qışadı;
hardasa itirdim yolu,
qarşıda cığır
qırıldı;
bir az ümidim çoxalıb,
qara bulud qup-qurudu;
üstümə yağsa
göy üzü,
buludlar durar qəsdimə;
hardansa bir yarpaq tapım,
tutum başımın
üstünə;
gündüz axşama
yellənir,
qalmışam, çölün
düzündə;
Günəş də çəkilib
gedir,
kölgə oynayır
üzümdə;
qarşıda bir yol var, hələ,
bir dağ da var, onu
aşım;
payızı ötürüm,
getsin,
bir az sonra gələr, qışım;
özüylə baş-başa
qalan,
hər adam belə düşünür;
deyirlər, payız
qayıdır,
indidən canım
üşüyür.
Üstümə
bir günah atın
Gecə
buludlar qaralıb,
qar düşüb
əkin yerinə;
könlümdə qubar köçü var,
köç düşüb
köçün yerinə;
Günəş tutub göy üzünü,
yandırır gömgöy
üzümü;
bağban unudub özünü,
su dolub ləkin yerinə;
hanı, qabaqkı ağılım,
bitib tükənmir nağılım;
lələ köçüb,
yurd dağılıb,
şəklimi çəkin
yerinə;
tapın, Yerin qulağını,
verin dərdin sorağını;
canıma çökən
ağrını,
qaytarın, bükün
yerinə;
acı söz axar, durulmaz,
dərdin göz yaşı qurumaz;
haqqı əyərlər,
qırılmaz,
qayıdar bir gün, yerinə;
harda itim, harda batım,
üstümə bir günah atın;
qollarıma qandal çatın,
göndərin, sürgün
yerinə.
Fələk bir az
tələsib
Oralardan
gəlirsən,
söylə, nə var, nə yoxdu;
min illərdi yatmışam;
hələ ruhum ayıqdı;
üzdüm ögey
sularda,
ürkəy-ürkəy sularda;
xəyalım göy sularda
azıb qalan qayıqdı;
bulud qulaş-qulaşdı,
külək əsdi,
dolaşdı;
bir sevdaya bulaşdım,
dəli könlüm hayıxdı;
ürəyimi söz tutub,
həsrətimi köz tutub;
içim-çölüm buz tutub,
bu qış yaman soyuqdu.
çıxmır qışın
çilləsi,
insan dərdin köləsi;
fələk bir az tələsib,
saydığını sayıbdı.
Göy üzünün kənarı
Bir az dəli-doluyam,
bir az hövsələm qısa;
axşamlar ağlım
qaçır,
qaçır Aya, ulduza;
ağca saçım kimidi,
bu qışın
ağca qarı;
gecə yuxuma girir
göy üzünün
kənarı;
fələyin səsi
gəlir,
qarşıdakı otaqdan;
mələklər su gətirir,
bir zəqqutun bulaqdan;
harda günah axtarım,
hardan qaçım günahdan;
min il öncə, haçansa
yıxılmışam, bir ahdan;
əllərimi uzadıb,
göy üzünə
toxudum;
alnımdakı yazını
yarpaq-yarpaq oxudum;
sökülür yuxarıdan,
buludların divarı;
hərdən yuxuma girir,
göy üzünün
kənarı.
Hanı mənim günahım
Qovruluram,
həsrətin
ürəyimə dolunca;
yollarıma çən
düşür,
ayrılıqlar olunca;
itirdim köy üzümü,
tapdım ögey
üzümü;
burdakı göy üzünün
buludları qalınca;
ağrı tutur qılçlarım,
bomboz olur saçlarım;
bu payız ağacların
yarpaqları solunca;
əllərimi buz kəsir,
ürəyimi söz kəsir;
yuxumda bir qız gəzir,
ayaqları yalınca;
neyləmişəm, Allahım,
daşı yandırır
ahım;
hanı, mənim günahım,
qaçım gedim dalınca.
Kölgələri unutdum
Bax, bu yayın sonuna,
hələ qalıb
bir addım;
hava soyudu bir az,
kölgələri unutdum;
buludlar dəstə-dəstə;
baş qoyub yataq üstə;
daş atdım, budaq üstə,
vurub narı qanatdım;
yaz oldu, çiçəklədim,
dağı-daşı ləklədim;
qaranlığı təklədim,
saçlarımı qaraltdım;
divar ləmə-ləmədi,
sözü çözələmədim;
səhəri gözləmədim,
səni gecə oyatdım;
payız açan
güllərin,
yaşıl çək,
şəkillərin;
çox uzandı
əllərim,
göy üzünə
boy atdım;
yerin-göyün qurşağı,
gözlərimdən aşağı;
biz hələ çox uşağıq,
ayrılıqlar boyatdı.
Laçın qapıları
Axır
ki, dostlar, açıldı,
dərdin Laçın
qapıları;
açın, gülsün
üzümüzə,
ağrı-acı qapıları;
sahib olaq özümüzə,
odumuza, közümüzə;
açaq, gülsün
üzümüzə,
qardaş, bacı
qapıları;
bəxti, taleyi kür imiş,
hər yanı həsrət bürümüş;
üstünə qəmlər
yerimiş,
qırçın-qırçın qapıları;
arzuları kəsir
qalan,
o dağlarda yesir qalan;
otuz ildir əsir qalan,
yalçın-yalçın qapıları;
qanad taxın, uçun gəlin,
aşın həsrət
bürcün, gəlin
kənd-kənd, Laçın-Lacın
gəlin,
gəlin, açın
qapıları.
Qopdum,
bir ayrı göydən
Dünya
qopurmuş kimi,
çalxalanır göy üzü;
görən hansı
rəngdədir,
bu dünyanın o
üzü;
qopdum, bir ayrı göydən,
bura daha doğmadı;
parçalanan buludlar
göydə loxma-loxmadı;
bir quş səsinə döndüm,
qulağıma "Qu"
səsi;
dilimdən çıxan
sözün,
hamısında su səsi;
dağın başına
qalxır,
kölgələr, harın-harın;
rəngi saçım
kimidi,
ötən il yağan qarın;
mən bir ötən dünyanın,
yaddaşından qopan söz;
sinəmdə qaladığım
ocağım yanır,
köz-köz;
gömgöy işıqlar
yanır,
ulduzların qaşında;
mən dünyanın yaşında,
dünya mənim
yaşımda.
Mənə bir qayıq gətir
Görmədiyim bir şəhər,
elə yuxumda gəzir;
yollarımın üstündə
dəli küləklər
əsir;
hər gün bir bulaq daşır,
ürəyimin içindən;
bir qərib inilti var,
buludların köçündə;
qopur qara saçımdan,
qaranlıqlar əriyir;
gözlərimin kökündə
ayrılıqlar səyriyir;
hər payız ötən ömür,
yarpaq-yarpaq çəkilir;
yatmadığım yuxular
gözlərimdən tökülür;
bax, göydəki buludlar,
həm ağdı, həm də qara;
mənə bir qayıq gətir,
üzüm lap uzaqlara.
Məni kim görür axı
Kölgələrin içində,
gizli bir qaranlıq var;
qanadımdan qorxuram,
uçanda düşüb
sınar;
məni kim görür axı,
bəlkə də heç mən yoxam;
tək bir söz mələyinin
əlində qalıb
yaxam;
hələ də axtarıram,
hardadı, mələk
üzüm;
yuxarıda göy üzüm,
aşağıda dənizim;
biz dünyaya gələndən,
dünya düzən
üstədi;
yer gözümdən
aşağı,
göy gözümün
üstədi;
gözlərimin içində,
bir ağ bulud yuxusu;
saçlarımdan çəkilmir
göy üzünün
qoxusu;
qaranlığın içində,
nə od, nə də atəş var;
yaxşı ki, çox yaxşı ki,
göy üzündə
Günəş var.
Ulduzların çırağı
Alnıma
yazılanlar,
gözlə görünmür,
axı;
mən hərdən oxuyuram,
o sirr dolu varağı;
çöldə hava qar dadır,
ürəyim qubar dadır;
bilirsənmi, hardadı,
göy üzünün
qırağı;
qor tuturam, köz gəlir,
üzümə çox
söz gəlir;
canıma tez-tez gəlir,
ağrıların sorağı;
ömür harda qarıyır,
saç-saqqalım qarrıyır;
saçlarımı darıyır,
payızın boz darağı;
görürsən, o mələyi,
həsrətimi ələyir;
qopub düşür
fələyin,
qələm tutan barmağı;
səhər Günəş
oyanır,
dünya nura boyanır;
təkcə gecələr
yanır,
ulduzların çırağı.
Nə var bu yer üzündə
Ay doğub, üstən baxır,
ruhum dənizdən baxır;
od yanıb közdən baxır,
yanır, qaralanacan;
sel tutur qanıq sular,
açılır donuq sular;
axır, bulanıq sular,
axır, durulanacan;
hanı, yurdun sorağı,
dolub dərdin varağı;
qaçıb aşım,
o dağı,
hava qaralanacan;
zülm nə vaxt azalar,
dinsəm, məni
asallar;
hələ uzanır
yollar,
dizim yorulanacan;
nə var, bu yer üzündə,
dünya axır
düzümdə;
ulduzlar göy üzündən,
düşüb qırılanacan.
Nazim Əhmədli
Ədəbiyyat qəzeti.- 2022.-
1 oktyabr.- S.27.