Göz yaşları…
Hekayə
1
Atamdan
ayrılandan sonra anamı tanıya bilmirdim, - çiçəyi
çırtlamışdı. Bir ayağı da evdən
qaçaq idi. Səhərin gözü
açılar-açılmaz soyuq suda çimir, 70 faizlik
şokoladla bir fincan qəhvə içib, tələsik
çıxırdı evdən. Pəncərədən dalıyca
baxırdım - elə gedirdi, elə bil dünyanın ən əziz
adamıyla görüşə gedir. Axşam bir az da gec
qayıdırdı işdən. Yeməyini də
azaltmışdı. İncəlib cavan qız olmuşdu.
- Ay bala,
canına qəsd eləmə, üzülərsən! - Nənəm
axır ki, narahatlığını dilə gətirdi.
-
Direktorumuzun acığı gəlir kök qadınlardan, ay
ana!
-
Direktorunuzun?! - Nənəmin gözləri bərələ
qaldı. - Direktorunuzun acığı arvadından gəlsin!
Anam mənalı-mənalı
gülümsəyib, gözünü zillədi üzümə.
- Ay ana,
biz kimik bəs?!
- Nəəəə?!
- Nənəm az qala bağırdı.
- Elə-belə
deyirəm ey, fikrinə başqa şey gəlməsin. İdarə
işi bizi, az qala direktorla ər-arvad eləyib. Gedirsən
işə, olursan bütün günü gözünün
qabağında. Danışdığın sözü də
onunla danışırsan, elədiyin qeybəti də onunla eləyirsən.
Baxırsan ki, ürəyində gizli bir sirrin qalmayıb,
açıb hamısını qoymusan ovucuna. Axşam da evə
qaçırsan, başın qarışır
biş-düşə. Özün yorğun, fikrin xörəkdə,
ər çıxır yaddan. Ər də bir ər ola. And
içərəm Allaha ki, mən, başı
batmışın üzünü direktorun üzündən
az görürdüm. Yadından çıxıb deyəsən,
atamın səninlə sözə gəldiyi vaxtlar: "Ay
arvad, sənin ərin mənəm ey, mən - hirslə
yumruğunu da vururdu sinəsinə, gupp eləyirdi, - bu işə
az bağlan!".
Oğurluq
üstündə tutulmuş kimi nənəm elə bil
büzüşdü - əvvəl mənə baxdı, sonra
da anama. Mızıldadı:
- Elədi,
ay bala...
2
Hərdən
Şeytanın qıçını sındırmağı
vardı anamın - məni yanına salıb, məktəbə
aparırdı. Görürdüm ki, fikri məndən
çox, yol keçən adamlarda qalıb. Tez-tez də sifəti
işıqlanırdı. Hiss eləyirdim ki, özündən
razıdı. Bir dəfə dözmədim:
- Nə
olub, ay ana?
-
Görmürsən?!
- Nəyi?
- Bax da,
kişili-qadınlı adamların gözü qalıb mamanda.
- Niyə?
- Niyəə?!
Bunun sözünə bax, sən Allah!
- Nə
dedim ki?!
-
Başı batmış atan görürdü gözəlliyimi,
sən də görəsən?!
Tərs-tərs
üzünə baxdım.
- Gəl,
görüm. - Əlimdən dartdı.
3
Həftənin
şənbə və bazar günləri anamın
işi-gücü telefonla danışmaq olardı. Bilirdim
direktoruyla danışır. Qəsdən yanına gedirdim. Bir
anda qaşları çatılır, üzü uzanır, sifəti
boğulurdu. Sözünü dəyişib, xudahafizləşir,
dəstəyi yerinə qoyub, dik qalxırdı.
Hərdən
sancırdım onu:
- Kim idi,
ay ana?
-
Direktorumuz.
- Nə
deyirdi?
-
Sözüm qalmışdı.
- Ay ana,
sözünün hamısını işdə niyə
demirdin?!
- Elə
söz var, yaddan çıxır da.
- Bəs
məni danlayırsan ki, yadından heç nə
çıxmasın.
Az
qalırdı üstümə atılıb,
boğazımı üzə:
- Atan
itib, indi də sən bitmisən yerində?!
- O nə
deməkdi?!
- Sən
mənə göz verib, işıq verəcəksən?!
- Nə qədər
istəyirsən - işıq... Günün
qabağını kəsmişəm?!
4
Qohum-əqrəbalı
deyildik. Anam idi, nənəm idi, bir də babam. Elə bir
doğma adamımız da yox idi ki, tez-tez bizi axtarsın. Odur
ki, telefona zəng gələn kimi bilirdim anamın direktorudu,
qaçıb götürürdüm:
- Bəli.
Yastı-yastı
başlayırdı:
- Sa-lam,
qı-zım. Ay-tən bə-yi-mi olaaar?
Anam
eşitməsin deyə, yavaşca, amma hirslə deyirdim:
- Olmaz!
Dəstəyi
atırdım telefonun üstünə.
Anam
yelli-yepələk yüyürüb gəlirdi:
- Kim idi?
Üzünə
də baxmırdım:
- Bilmirəm!
-
Qulaqların kar olmuşdu?!
- Kar niyə
olur, ey?!
- Niyə
demirsən kim idi?
Başlayırdım
direktoru yamsılamağa:
-
"Ay-tən bə-yi-mi olaaaar?" - Dalıyca da əlimi əlimə
vurub, bərkdən gülürdüm.
Anamın
gözləri az qalırdı hədəqəsindən
çıxa. Üzünü mətbəxə tutub
çığırırdı:
- Anaaa!
Nənəm
tələsik gəlirdi:
- Nə
olub, ay bala?!
- Bu
yaramazı görürsən?!
-
Uşağı söymə, ay bala.
Anam az
qalırdı partlaya:
- Sən
qudurtmusan bunu!
- Nə
eləyib ki?!
-
Canına dərd eləyib, gözünə də azar.
Direktorumuza odboy verib.
- Kim
deyir?! Odboy verməmişəm!
- Bəs
niyə çağırmadın məni?
-
Lazım bilsəydim, çağırardım. Amma cavab
vermişəm.
- Nə
demisən?!
-
"Olmaz!".
Anam cumub
məni vurmaq istəyəndə tez atılırdım nənəmin
qucağına.
- Bu
uşaq deyil ey, sırtılıb bu! Atası cəhənnəm
olub gedəndən sonra mənimlə
düşünüşüb lap!
- Elə
eləmə, ay bala, ananı işdən çıxardar,
çörək tapmarıq yeməyə! - Nənəm sinəsinə
sıxardı məni.
- Market
doludu çörəklə!
-
Havayı çörək yoxdu, qurban olum. Ananın işinə
qarışma!
Anam
dözməzdi:
-
Gözün tökülsün!
Çil
xoruz kimi üzünə durardım:
- Taxsırım
nədi?!
-
Çox şey!
- Buna bax
bir, yad adamdan ötrü doğma balasına qarğış
eləyir! Özündən xəbərin var?!
- Niyə
təhqir eləmisən o boyda kişini?!
- Atam idi
bəyəm?!
- Necə?!
- Dedim da!
- Atan
olmalıydı?!
- Aç
qulağını eşit, mən atamdan başqa bir kişinin
sənə zəng eləməsini istəmirəm!
- Atan
haranın itidi, mənə zəng də eləyə?!
- Mənə
"küçük" demə!
-
Bıyyy... başı xarab olub ey, bunun!
- Niyə
başım xarab olur?! Atam it olanda, mən gülməşəkər
olacam!
Nənəm
əliylə ağzımı tutub, basıb aparırdı məni
mətbəxə.
5
İllər
keçdi, mən də böyüyüb, ailə qurdum.
Dövran da dəyişdi. Hər şey pisliyə doğru
getməyə üz qoydu. Bir gün də anamgilin idarəsi
bağlandı. İşçiləri də ixtisara
düşdü. Direktor yəqin, iş tapdı özünə.
Anam tək qaldı - çıxıb oturdu evdə.
Görürdüm
anam fikir eləyir. Bir dəfə soruşdum:
- Ay ana, Qəmxar
müəllimlə danışıb eləyirsən heç?
Səsimdəki
mehribanlığı görüb, təəccüblə
üzümə baxdı:
- Qəmxar
müəllim hardan yadına düşdü, ay bala?!
- Elə-belə
soruşuram.
- Sənin
ki, acığın gəlirdi ondan?!
- Bilmək
istəyirəm də.
-
Bayramdan-bayrama zəng eləyirəm.
- Niyə
özü zəng eləmir?
- Niyə?!
- Gülümsəyib, məzəmmətlə üzümə
baxdı, - sənin qorxundan!
- Nə
danışırsan?!
- Anam
canı!
- Təzəlikçün?!
-
Gözünü elə qorxutmamışdın ki, telefon nömrəmizi
də yadında saxlasın. Mən də az qorxmurdum səndən.
Acığına getməsin, qızımdan çox
dönüb olmuşdun qayınanam!
- İt
peşmanıyam, ay ana!
- Niyə,
ay bala?!
- Atamdan
ayrıldığın üçün intiqam alırdım
səndən! İndi başa düşürəm ki, lap nahaq
yerə qorumağa çalışmışam səni! Onsuz
da atam başqa qadınla evlənmişdi. - Anam üzümə
baxmadan razılıqla başını yellədi.
-
Heç olmasa Qəmxar müəllim, almasa da, saxlayardı səni.
- Ay bala,
bəlkə yerinizi dar eləyirəm?!
- O nə
sözdü, ay ana?! Allaha şükür, yeməyə
çörəyimiz, yatmağa da genə-bol evimiz.
İrağ olsun, sən olmasan, neyləyərdim onda?!
Qaşları
çatılıb, sifəti qayğılandı anamın:
- Zahiri
parıltıya aldandım, ay bala. İndi baxıram ki, atan da
pis adam deyildi heç. Bir az səbr eləsəydim, Allahın
bəxtəvər qadınlarından biri də mən
olacaqdım. Artıq gecdi. Nəriman Həsənzadə
demişkən:
"Çalış
ki, əvvəlcə yanılmayasan,
Təəssüf
ikinci məğlubiyyətdi!".
-
Neçə yaşın var, ay ana?
- Guya
bilmirsən?!
- Ay ana,
40 yaş nədi ki?! Qadına bu yaşdan sonra ər
lazımdı.
Anamın
dodaqları qaçdı:
- Ərə
gedim deyirsən, ay qızım?!
- Nəyi
pisdi ki?!
- Ərimə
nə gəlib?!
Gözüm
kəlləmə çıxdı:
- Ola bilməz!
- Niyə
ola bilmir?!
-
Doğrudan?!
- Vallah!
-
Altdan-altdan iş görürsənmiş ki, ay arvad!
- Zəmanə
belə tələb eləyir!
- Nə vaxtdandı?!
- İki
ilə yaxındı?!
-
Bıyyy... Nə danışırsan, ay arvad?!
- Mama
canı!
- Kimdi?
Böyük
oğlumu qucağına çəkib, yanaqlarından
öpdü:
-
Mübarizdən yaxşı ər?! Qurban olum buna!
- Yaman
qorxuzdun məni!
- Niyə?
- Vallah, hələ
də hazır deyiləm atamdan yana başqa biriylə ailə
qurmağına!
- Ürəksiz
qızı, ürəksiz!
Bir-birimizə
qoşulub gülüşdük.
Anamın
səsi göz yaşları içindəydi.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2022.- 1
oktyabr.- S.24.