Səlim Babullaoğlu:
“Anar müəllimin
namizədliyi mənim
üçün
müzakirə mövzusu deyil.”
- Səlim müəllim, AYB-nin
növbəti qurultayı ərəfəsində
çağdaş ədəbi-mədəni prosesdə fəallığı
ilə seçilən bir yaradıcı şəxs və
Birliyin katibi kimi sizin fikirləriniz ədəbiyyatsevər
oxucularımız, ədəbi-mədəni ictimaiyyətimiz
üçün maraqlı olardı. İki ildən
çoxdur qurultaylararası tədbirlər silsiləsi təşkil
olundu, onlarda hesabat xarakterli məruzələr, müzakirələr
baş tutdu. Şəxsən siz
çağdaş ədəbi prosesimizin gedişatından
razısınızmı?!
-
Aydın müəllim, bir şeyin ideal modeli yoxdur, onun
gedişatının necəliyini qiymətləndirmək məsələsi
problematikdir, çünki istənilən qiymətləndirmə
yalnız müqayisə ilə mümkündür. Düşünürəm ki, məsələn,
AYB-dən və ya hər hansı strukturdan asılı
olmayaraq mətnlər yazılır, onları qiymətləndirmək
aktiv, təbir caizsə, onlayn rejimdə işləyən ədəbi
tənqidin boynuna düşür. İndi bu işlərin
öhdəsindən tənqid nə qədər uğurla gəlir,
yaxud gəlmir, bu,
birmənalı cavabı olmayan bir ayrı mövzudur.
Tutalım, Cavanşir Yusifli, fikrimcə, o, indiki vəziyyətdə ən aktiv, yazılan mətnlərə
anında peşəkar ədəbi-tənqidi reaksiya verən
yeganə müəllifdir. Əksər hallarda proses
gecikmişliklə baş verir, bu mənada anaxronizm var. Tərcümə
tənqidi ilə bağlı proses bərbaddır, demək
olar heç nə yoxdur, aztirajlı azsaylı akademik məqalələri
(onların isə tutalım bir neçəsini oxumuşam, dərin
təəssüf hissi keçirmişəm) çıxsaq, dərin
bir boşluq görəcəyik. Mən bunu bilirsiniz hansı məqamda
daha çox hiss elədim. Tərcümə ilə
bağlı məruzə hazırlayanda, gördüm ki, rus
demişkən, vrode, tərcümələr var, amma əks-reaksiya,
təhli, tənqid yoxdur... Və qəribəsi
budur ki, saytlarda daha çox sorğu, əslində bəlkə
sorğulama tipində reaksiyalardan ibarət tələsik
yazıların "bolluğu" da ürək
açmır.
- Qurultaylararası dövrdə AYB
hansı böyük sənət layihələri ilə ədəbiyyat
və mədəniyyət tariximizdə iz buraxa bildi?
- Ədəbiyyat və mədəniyyət tarixi
böyük anlayışdır. Bu sualın cavabı
indi çətinliklə verilə bilər. İndi profanasiya dövrüdür. Ədəbi-mədəni
kontekstdə tarix sanki gündəlik həyat, biliklər də
informasiya və statistika tərəfindən küncə
sıxışdırılıb...
Qaldı
Yazıçılar Birliyinə, AYB bir təşkilat kimi həmişə
işləyib və hesab edirəm ki, bu mənada, yəni ədəbi
işdə ardıcıllıq mənasında yeganədir.
Uzağa getməyin, elə sizin də əməkdaşı
olduğunuz "Ədəbiyyat qəzeti"ni
götürün. Ədəbi prosesi ən
aydın göstərən, ən dolğun göstərən,
eyni zamanda ən akademik göstərən mətbu
orqanıdır. Yetər ki, 44 günlük Zəfər
savaşımız zamanı "Ədəbiyyat qəzeti"nin səhifələrini vərəqləyəsiz.
Yeri gəlmişkən, məncə, qəzetin
həmin dövr saylarını ayrıca kataloq və kitab kimi
çap etmək olar.
Qurultaylararası dövrdə çoxlu işlər
görülüb. Bir neçə işi sadalayım, təbii
ki, bu işlər birbaşa bağlı olduğum, tərcümə
və ədəbi əlaqələrlə bağlıdır,
necə deyərlər, biz öz təcrübəmizdən
danışanda daha dürüst oluruq. 2014-cü ildən
bu yana "Dünya ədəbiyyatı"
dərgisinin mütəmadi nəşri ciddi, qalıcı ədəbiyyat
hadisəsidir; bütün konseptuallığı və səviyyəsi
ilə. I Beynəlxalq Bakı Poeziya Festivalı
keçirildi 2015-ci ildə. Maraqlı hadisəydi.
Azərbaycanda Ukrayna, Moldova, İran ədəbiyyatı günləri
keçirildi. Ukraynada, Moldovada Azərbaycan ədəbiyyatı
günləri keçirildi. Belə işlər,
çap olunan kitablar, özü də dəb xatirinə olunan
nəşrləri demirəm, ciddi müəllifləri və
çox vaxt da Azərbaycanda ilk dəfə çap olunan ədəbiyyatları
nəzərdə tuturam, var.
Və nəhayət,
hesab edirəm ki, AYB-nin Mədəniyyət Nazirliyi və
"Space" telekanalı ilə bərabər
başladığı, reallaşdırdığı son
layihə, "Şuşaya salam!" layihəsi, o artıq
bir neçə gündür başlayıb, sentyabrın 27-dən
noyabrın 9-na qədər davam edəcək. 30
ölkədən 36 şairin qoşulduğu beynəlxalq
poeziya layihəsidir.
- II Qarabağ - Vətən
müharibəsindəki möhtəşəm Zəfərimiz,
sizcə, çağdaş ədəbiyyatımızda layiqli
əksini tapdımı?!
- Bəli,
qısa cavab versəm, belədir. Tapdı və
tapmaqdadır. Əlbəttə, fikrimcə, monumental prozaik əsərlər
bundan sonra yaranacaq.
- Şuşada Vaqif və
Natəvan yaradıcılığına həsr olunmuş tədbirlər,
poeziya bayramları, Xarıbülbül kimi mədəniyyət
tədbirləri beynəlxalq aləmdə hansı effekti verir?
- Dövlət
başçısının 5 yanvar 2002-ci il
tarixli Sərəncamı ilə ölkəmizdə
"Şuşa İli" elan olundu. Bir neçə ay sonra
isə Prezident İlham Əliyev Qarabağ
xanlığının sonuncu varisi, görkəmli şairə,
rəssam, xeyriyyəçi Xan qızı Natəvanın 190
illik yubileyinin keçirilməsi
ilə bağlı daha bir Sərəncam imzaladı. Daha əvvəl
isə müvafiq sərəncamlarla Vaqif Poeziya Günləri bərpa
olundu, bu il isə həmin tədbirin
ikincisi keçirildi.
Bildiyiniz
kimi, həm müasir Azərbaycan şeir dilinin banilərindən
hesab edilən Vaqif, həm Xan qızı Natəvan təkcə
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli
simaları deyil, eyni zamanda Azərbaycan dövlətinin,
dövlətçiliyinin mirasları, rəmzləridir. Və adıçəkilən sərəncamlar bizə
məhz bu məqamı bilmək, yadda saxlamaq, unutmamaq
tapşırığı verir. Çünki
son 30-35 illik tariximiz bizə ən aydın şəkildə
anlatdı ki, dövlətimiz sözümüzlə,
sözümüz də dövlətimizlə əl-ələ
addımlamalıdır, taleyüklü anlarda köməyimizə
çatan da məhz bu birliyimiz, bunu bilməyimiz olur.
Düşünürəm ki, keçirilən tədbirlərin
beynəlxalq çevrəsi gələcəkdə
böyüyəcək. Sanballı olacaq ki, bu, ədəbiyyatla
yanaşı, elə yaxın, yeni tariximizin daha əsaslı təbliğinə
xidmət edəcək.
- Son vaxtlar tez-tez səslənən
"İnternet, sosial şəbəkələr, audi-vizual
kontent yazılı mətni, ədəbiyyatı, hətta
poeziyanı üstələyir!" fikrinə münasibətiniz?!
-
Aydın müəllim, şəbəkə ədəbiyyatı
termini artıq yeniyetməlik dövrünü keçib.
Bu işlərin
mətnin özü (fərqi yoxdur, siz onu harda - masada, dizinizin üstündə, bilgisayarda, ya
kağızda yazacaqsınız) ilə əlaqəsi yoxdur. Mətnlə,
yəni onun şifahi versiyası ilə onu maddiləşdirən
vasitə, yəni ola bilsin qələmlə
məsafəni rahat keçmək həmişə çətin
olub. Yeni texnologiyalar vərdiş məsələsidir,
görünür, mətnin özü ilə əlaqəli
deyil. Hər necə olur-olsun, mətn mətndir.
Münasibət mətnə olmalıdır, onun yerləşdiyi
müstəviyə, yaxud onu qeydə alan
vasitəyə deyil. Belə...
- Qurultaya qədər AYB katiblərinin
sayının artırılmasına zərurət vardı?!
- Zərurət
olmasaydı, eləməzdilər yəqin. Daha dəqiq
sahəvi bölgü və işin effektivliyi
üçündür bütün bunlar. Hərçənd
cəmi bir katib yeri artıb. Çünki
sədr müavini postu əvvəl də olub. Bir də
düz bilirəmsə, Yazıçılar Birliyinin əvvəllər daha
çox katibləri olub.
- Sizin rəhbərlik etdiyiniz Beynəlxalq
Əlaqələr üzrə katibliyin "Şuşaya salam" kreativ layihəsi nə yerdədir?!
- Bir az əvvəl layihəni xatırlatdım. Artıq 4-5 gündür layihə uğurla davam edir.
Fikrimcə, inşallah uğurla da bitirəcəyik.
- Postqurultay mərhələsində
hansı gözləntiləriniz var?
- Qurultay
sonrası nəticənin necə olması vacib deyil, sonunda
işləmək lazımdır. Ədəbiyyat və mədəniyyət
naminə əməli iş görmək.
- Sizin yeni yaradıcılıq
uğurlarınız haqqında məlumatlar da
oxucularımız üçün maraqlıdır. Bu barədə danışaq.
- Nə
deyim, Aydın müəllim. Söhbət şəxsi
yaradıcılıqdan gedirsə, burda araşdırma, tərcümə
daha böyük yer tutur. "Metropoliten esseləri"ni işləyirəm, ciddi və həcmli
poetik tərcümə ilə məşğulam. "Mirzə Səfilin nəğmələri"
poetik silsiləsini başlamışam, üç şeir
yazılıb. Baxarıq sonra nə olur.
Ukraynada, Monteneqroda Qarabağla bağlı milli
hekayə antologiyalarını tərtib etdim, nəşr
olundu. Türkiyə, Ukrayna, Rusiya, Serbiya, Oman və
Monteneqroda Azərbaycan ədəbiyyatı ilə bağlı
bir neçə nəşrin tərtibçilik işlərini
gördüm, bəziləri çap olundu, bəziləri
çap prosesindədir. Emineskunun şeirlərini
çevirdim, çap olundu, Rumıniya səfirliyi ilə bərabər
təqdimatı oldu. Hələlik bu qədər.
- Sosial şəbəkədə
çox aktivsiniz, bu sizin yaradıcılığınıza
mənfi təsir göstərmir ki?! Ədəbiyyat,
sənət haqqında yazmaq istədiyiniz fikirləri Feysbukda
xırdalamaq vacibdir?!
- Yox,
düşünmürəm ki, bu ziyanlıdır. Ziyanlı olan vaxtını düzgün istifadə
eləməməkdir. Bütün vasitələri
ədəbiyyat naminə düzgün istifadə eləmək
olar və lazımdır.
- AYB sədrliyi ilə bağlı
cəmiyyətdə birmənalı fikir yoxdur, Anar müəllimin
namizədliyi ilə yanaşı, müxtəlif imzaların
da adı dövriyyəyə buraxılsa da, son anda elə
onların özləri tərəfindən təkzib olunur...
- Anar
müəllimin namizədliyi mənim üçün
müzakirə mövzusu deyil. Əgər o namizədliyini
irəli sürəcəksə, təbii ki, mən ona səs
verəcəyəm. Qalan digər namizədlərlə
bağlı, əgər belələri olacaqsa, vaxtında və
zamanında danışarıq.
- Maraqlı söhbətə görə
təşəkkürlərimizi bildiririk...
Söhbətləşdi: Aydın Xan
Əbilov
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.23.