Həqiqi alimlik səlahiyyətilə...
"Ədəbi-nəzəri fikir
öz tarixi mərhələsində klassikanın müstəvisində
imtahan verməli olur"
Şirindil
Alışanlı
Kitab formatında çap olunan elmi nəşrlər, bir
qayda olaraq monoqrafiya, kollektiv monoqrafiya, məcmuə (bir və
yaxud bir neçə müəllifin məqalələrindən
ibarət toplu) şəklində işıq üzü
görür.
Hazırki
yazıda filologiya elmləri doktoru, professor Şirindil
Alışanlının yaxınlarda çapdan çıxan
"Sözün yaşamaq haqqı" adlı kitabına mətbuat
səhifələrindən ədəbi ictimaiyyətə
tanış olan məqalələri, esseləri, ədəbi
tədbirlərdə çıxışlarının mətnləri,
geniş müsahibələri, müvafiq açıq məktubları
daxil edilmişdir. Belə müxtəlif
"janrlı" yazıların bir kitaba daxil edilməsi,
eklektik toplu təəssüratı yaranmamasının səbəbi,
birinci növbədə, Şirindilin alimlik səviyyəsinə
bələd olanların apriori əminliyidir. Eyni zamanda məqalələrin,
yazıların seçimi ilə bağlı meyardan
kitabın düşünülmüş adı xəbər
verir: "Sözün yaşamaq haqqı"! Həqiqətən
kitabla tanışlıq müəllifin müxtəlif illərdə
səsləndirdiyi əksər mühakimələrinin vahid
elmi mövqeyə xidmət etdiyi haqda qənaətə gəlməyə
imkan verir: söz ustadlarının bədii, elmi fikrinin
yaşam ömürləri, yaşarlığının
meyarı. Hazırki dəyişən dünyada
dəyərini qoruyan söz sərvətimiz haqqında
söhbət.
İndi isə bu kitab haqqında yazımızın asan
olmayan seçim qarşısında olduğu "vəziyyəti"
haqda.
Sözü gedən kitabda sayı 41-ə çatan müxtəlif
səpgili yazılardan korifey alimlərimizdən Mir Cəlal, Həmid
Araslı, Məmməd Cəfər, Yaşar Qarayev, Teymur
Əhmədov, Qəzənfər Paşayevin, korifey ədiblərimizdən
- Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifə
həsr olunmuş məqalələr üzərində
dayanmağı qərar tutduq. Aydındır ki,
bunların dəyərləndirilməsində yeganə
produktiv üsul reprezentativ yanaşmayla bağlıdır, həm
də belə seçim təsviri annotasiya sindromundan xilas edir.
Kitabdakı
məqalələrin predmetini şərti olaraq iki hissəyə
bölmək olar: ədiblərin və ədəbiyyatşünasların
yaradıcılığı. Sözsüz ki,
söhbət səlahiyyətli qələm sahiblərindən
gedir.
Növbəti
seçimimiz kitab müəllifinin dəyərləndirilmələrində
əsas meyar məhz sözün yaşarlığını
təmin edən dominant xüsusiyyətlərə yönələn
yanaşma prinsiplərini ehtiva edir ki, bunlar: 1) tarixilik prinsipi: əsərin
yarandığı siyasi-ictimai gerçəklik şəraitinin
nəzərə alınması; 2) milli prioritetlərin ifadəsi;
3) bədii (elmi) sözün dəyəri və təsir
gücü (bədii ədəbiyyata aidiyyətdə bu,
sözsüz, birinci meyardır); 4) bədii ədəbiyyata
aidiyyətdə həm də üslub fərdiliyi.
Mir Cəlal,
Həmid Araslı, Məmməd Cəfər, Yaşar Qarayev
kimi korifeylər haqqında məqalələrlə
tanışlıq bu alimlərin elmi irsinin
yaşarlığını təmin edən nəzəri
fikrin uzaqgörənliyi; ədəbiyyat tarixçiliyinin
dövrləşdirmə prinsiplərini ictimai formasiyaların
təkamülü ilə bilavasitə şərtləndirildiyi
ilə deyil, ədəbi gedişatın immanent
qanunauyğunluqlarına istinadla müəyyənləşdirməyi;
Azərbaycan ədəbiyyatında bədii metod, onun
tipologiyası və əlaqələri və s. Şəksiz
ki, sözü gedən alimlərin
yaradıcılığında qeyd olunan prioritetlərin
reallaşması ilə bağlı şərhlərdə
müəyyən fərdiliklər də nəzərə
alınır.
Böyük
Səməd Vurğunun "filosof-tənqidçi"
adlandırdığı Məmməd Cəfərin hələ
60-70-ci illərdəki əsərlərində ədəbiyyat
tarixçiliyi konsepsiyasının əsasında bədii
fikrin təkamülünə söykənməsi hər
dövrün "ictimai-fəlsəfi təsisatlar sistemi zəminində",
həm də dünya ədəbi-tarixi prosesin daxili
qanunauyğunluqları kontekstini nəzərə
alınması indiyə kimi bu vacib sahədə yekdil
mövqenin yoxluğu şəraitində öyrəniləsi
nümunə kimi dəyərləndirilir.
Ədəbiyyat
tarixçiliyində islam mədəniyyətinin
ortaq türk qaynaqlarının (müvafiq tapıntılar əsasında)
nəzərə alınmasının vacibliyi məsələsini
hələ Həmid Araslı tərəfindən irəli
sürüldüyü və sonralar konsepsiya səviyyəsində
Yaşar Qarayev tərəfindən işlənməsi
xüsusi qeyd olunur. Yaşar Qarayevin "Tarix: yaxından və
uzaqdan" əzəmətli tədqiqatında təqdim olunan
ədəbiyyatın nəzəri tarixinin (kursiv bizimdir - S.O.)
mükəmməl nümunəsinin ortaya qoyulması ilə, həm
də bu "vacib proyektin son nəşri olan "Azərbaycan
ədəbiyyatı: XIX və XX yüzillərdə
reallaşdırılması"na xüsusi yer verilir. Təqdim olunan konsepsiyanı dəyərləndirərkən
Ş.Alışanlı xüsusən ilk inkişaf mərhələsinin
ortaq türk dəyərləri konteksində götürülməsini
"qədim türk sivilizasiyanın Azərbaycan ədəbi
düşüncəsinin də beşiyi olduğu"nu əsaslı
dəlillərlə açıqlandığını qeyd
edir. Belə yanaşma "Azərbaycanda ərəb-farsdilli
ədəbiyyatımızın bir mərhələ kimi
varlığını" inkar etmədiyini, əksinə, qədim
türk bədii düşüncəsinin ərəb və fars dillərində yaranmış mədəniyyətə
transformasiyanın təhlili ilə reallaşır. Təəssüflə qeyd olunmalıdır ki,
Ş.Alışanlının ədəbiyyatın dövrləşdirilməsinə
aid təqdim etdiyi prinsipləri, o cümlədən etno-milli
yaddaşın dəyərlərinə söykənən
konsepsiyasının bu sahədəki akademik nəşrlərdə
reallaşmasını görmədik.
Mir Cəlalın
Füzuliyə həsr olunmuş əsərlərində orta əsrlər
klassik irsin tədqiqində hələ sosial təhlil
üsulunun üstünlüyü şəraitində
30-40-cı illərdə böyük ədibin irsini "təftiş"
edən məqalələrə cavab olaraq böyük
ustadın yaradıcılığının poetik kəşflərinin
şərhinə önəm verilməsi, onun məhz sənətkarlığından
söhbət açılması, müqayisəli metod əsasında
Füzuli yaradıcılığında milli-bədii təfəkkürün
tarixi təkamülünün varislik ənənələrinin
(Xaqani, Nizami, Nəsimi, Xətai) izlənilməsi, bu
yaradıcılığın Şərq romantizminin zirvələrindən
olduğunun təsdiq edilməsi, Füzuli eşqinin romantik
tutumunun bədii ifadəsi sirlərinin açılması və
s. alimin müstəsna xidmətləri kimi dəyərləndirilir.
Əgər
Azərbaycan ədəbiyyatının XX əsrin əvvəlləri
mərhələsinin tarixinin mükəmməl tədqiqi Mir
Cəlalın adı ilə bağlıdırsa,
mübaliğəsiz demək olar ki, ədəbiyyatımızın
qədim və orta əsrlər tarixi təkamülünün
sistemləşdirilməsinin ilk səlahiyyətli müəllifi
Həmid Araslı olmuşdur. Həmid müəllimin
klassik irsin tədqiqindəki xidmətləri sırasında
Ş.Alışanlının xüsusilə
vurğuladığı ədəbiyyat tarixçiliyimizdə
indiyə kimi problem olaraq qalan aşıq
yaradıcılığının yerinin düzgün həlli
istiqamətini göstərməsidir.
Həqiqətən, neçə illərdir Şirindil
aşıq yaradıcılığının ədəbiyyat
tariximizdə ədəbi-tarixi prosesdən məsafələşdirilərək,
"folklor" cildinə daxil edilməsindən
narazılığını bildirir. "Klassikanı oxumağın Həmid
Araslı dərsləri" məqaləsində alimin
"Ədəbiyyat tarixini"nin bizi bu vacib məsələyə
qayıtmağa vadar etdiyini məmnuniyyətlə qeyd edilir və
göstərilir ki, "alim ədəbiyyatımızın bu
iki axınını bir prosesin fonunda -
qarşılıqlı zənginləşmə müstəvisində
tədqiq edir... Sarı Aşıq, Xəstə
Qasım kimi xalq şairlərinin yaradıcılığı
ədəbi-tarixi prosesin üzvi hissəsi kimi təqdim
olmalı, böyük klassiklərimizin əsərlərindəki
fraqmentlər aşıq şeirinin təsiridir".
Şirindilin kitabındakı korifey alimlərimizə həsr
olunmuş yazılarda onların əsərlərində bədii
metodla bağlı mövqeləri xüsusi vurğulanır. Bu sahədə
Azərbaycan ədəbiyyatında yaradıcılıq metodu
və onun tipologiyası probleminin ilk nəzəri əsaslarının
yaradılması Mir Cəlalın adı ilə
bağlanılır. İlk dəfə
romantizm və realizmin estetik cərəyan, ədəbi məktəb
kimi dəyərləndirilməsi, XX əsrin romantizmi ilə
realizmin daxili tipologiyası qeyri-milli ədəbiyyatların
müvafiq ideya-estetik hadisələri ilə tipoloji əlaqələri
müqayisəli səpkidə tədqiq olunması, xüsusilə
romantizmlə bağlı bir sıra müddəalardan
sonrakı tədqiqatçıların qaynaqlanması məsələsi
əsaslandırılır. Mir Cəlalın
romantizm konsepsiyasının bədii təcrübədə
(xüsusən Nizami və Füzuli poeziyasında)
açıqlanması - bu nəzəriyyənin poetik təsdiqi
kimi qiymətləndirilir.
Elmin indiki inkişaf mərhələsində də bədii
metod kimi mürəkkəbliyini "qoruyan" kateqoriyanın
tədqiq tarixində Yaşar Qarayevin xidmətlərinin
xüsusi vurğulanması tam əsaslı görünür. Mütəfəkkir -alimin
"Realizm: sənət və həqiqət"
kitabının ədəbi ictimaiyyətdə böyük
rezonansa səbəb olmasının səbəbi ona qədər,
bir növ, yeganə realizmin (tənqidi) mövcudluğunu inkar
edən realizmin tipologiyası ilə bağlı yeni
konsepsiyanın təqdim olunmasıdır. Təqdim
olunan konsepsiyanın elmi dəyərinin tarixi sistemlik və
ümumi təkamül kontekstində işlənməsiylə
bağlayan Ş.Alışanlı realizmin tiplərinin
növbələşməsini hazırlayan ideya-fəlsəfi
qaynaqlar və ictimai-siyasi hadisələrlə şərtləndiyini
elmi əsaslarla sübut olunmasını vurğulayır.
Bu kontekstdə klassik ədəbiyyatın inkişaf mərhələləri
bu formada təqdim olunur: orta əsrlər romantik ədəbiyyatı,
XVIII əsr erkən realizmi, XIX əsr maarifçi realizmi, tənqidi
realizm, XX əsr yeni romantizmi. İlk dəfə
olaraq M.F.Axundovun bədii və fəlsəfi irsinin
maarifçi realizmin estetikası çərçivəsində
təhlil olunmasının əsaslılığı qeyd
olunur. Eynilə bu konsepsiyanın metodoloji
produktivliyi XX əsr tənqidi realizmin əsaslandığı
ənənələri klassik romantik poeziya, maarifçi realizm
və XX əsr romantizmi ilə ideya-poetik əlaqələrini
C.Məmmədquluzadə, M.Ə.Sabir
yaradıcılılığının fonunda"
aşkarlanmasının inandırıcılığı
vurğulanır. Bu konsepsiyanın bir vacib aspekti kimi
ayrı-ayrı mərhələlərin keçidlərinə
ideya-fəlsəfi və poetik baxımdan bütöv bir
dialektik proses kimi söykənilməsi qeyd olunur. Məsələn, bu metodoloji kontekstdə
Füzulinin milli poeziyanın inkişafında tarixi roluna bədii
metodların təkamülündə keçidlərlə
bağlı konsepsiya mövqeyindən yanaşılmasına
dair tezislər milli ədəbiyyatın tarixi poetikası
haqqında düşünməyə vadar etdiyini vurğulayan
Ş.Alışanlının hələ 90-cı illərdən
başlayaraq dönə-dönə vacib problem haqqında
danışdığının şahidiyəm (hətta
Ədəbiyyat İnstitutunda müvafiq şöbənin
yaradılmasının təşəbbüskarı olmuş
və rəhbəri kimi fəaliyyət göstərmişdir).
Klassik irsimizlə bağlı sözü gedən ədəbiyyatşünaslarımızın
tədqiqatlarında əsas diqqət bu irsin yaşarlığını
təmin edən milli ədəbiyyatın tarixi təkamülündəki
rolu, bədii çəkisi, poetik dəyərinə
ünvanlanır. Və bu yaşarlığın əsas əlaməti
varisliklə bağlanılır. Bu sahədəki tədqiqatlarda
komparativ təhlil üsulunun nümunəvi tətbiqi kimi
Şirindilin Mir Cəlalın "Nizami və Füzuli" məşhur
əsərində diqqət etdiyi məqamlar şəksiz maraq
doğurur: "Ədəbiyyat tariximizdə Füzuli kimi
Nizami ilə bağlı olan ikinci şair tapmaq çətindir"
- Mir Cəlal bu tezisini Nizami ənənələrin Füzuli
poeziyasında əksini forma-məsnəvi bəhrdə, bədii
parallelizmin istifadəsində, didaktikasında, ümumiyyətlə
bədii təsvir sistemi müstəvisində təhlil edir. Bu
problemlə bağlı Mir Cəlal haqqında yazıda yer alan aşağıdakı müşahidələri
gətirməyi lazım bilirik:
-
"Leyli və Məcnun" poemaların müqayisəli təhlilinə
vəznlə başlayır: şeir bəhrinin qəbul etməsi
....bu vəzn bütün eşq macərasının
inkişaf etdirilməsi üçün ən uyğun bəhr
kimi etiraf olunur;
- Leyli və
Məcnunun vəsfi, sözün ictimai və bədii tutumu,
eşqin poetik ifadəsi, baharın və payızın vəsfinə
aid paralellər gətirilir;
- Nizami və
Füzulinin müqayisəsində Mir Cəlalın xalq ədəbiyyatından
gələn bədii parallelizmləri Nizami poeziyasında
xüsusi qeyd edilir;
Peyzaj, bədii
portret kateqoriyaların təhlili: Nizami və Füzuli
bunların zəminində psixoloji ovqat yaratdıqları
obrazın psixoloji durumunu təsvir etdikləri qeyd olunur. Yazıda "Mir Cəlalın
araşdırmalarının yarım əsrdən artıq
inkişaf mərhələlərinin hər birində elmi
nüfuzunun" yaşarlığı təsdiq olunur.
Müqayisəli
təhlil üsulundan Mir Cəlal tarixi şəxsiyyətin
poetik obrazlarına (Bəhram Gur) Nizamidə ("Yeddi gözəl")
və Firdovsidə ("Şahnamə")
yanaşmağın oxşar və fərqli cəhətlərini
Azərbaycan və fars şairlərinin estetik
baxışlarıyla şərtləndiyini göstərir:
"Bəhram obrazlarındakı yaxınlıq -
ağıllı, ləyaqətli şah kimi təsvirində,
fərq - Firdovsidə Bəhram İran tarixi, milli xüsusiyyətləri
çərçivəsində, Nizamidə - "ən
çox bəşəri" bir sima kimi verilir. Ümumiyyətlə, "Yeddi gözəl" kimi
orijinal poemanın Mir Cəlal tərəfindən poetik təhlili
özlüyündə orijinal əsər təsiri
bağışlayan, elmi-poetik təravətinin
yaşarlığını təmin etmiş tədqiqatdır.
Məlum olduğu kimi, nizamişünaslıqda Nizami Gəncəvinin
milli mənsubluğu problemi bəzi dairələrdə
mübahisə predmeti olaraq qalır. Mir Cəlalın bu problemin şərhində
M.Ə.Rəsulzadə, H.Araslı kimi alimlərlə eyni
mövqedən çıxış etməsini və bunun
tarixi-ədəbi prosesin xarakterik cəhəti kimi izah etməsini
qeyd edən Ş.Alışanlı H.Araslının Türkiyəyə
səfəri ilə bağlı xatirələrində
Nizaminin çox zaman azərbaycanca düşünüb farsca
yazdığına, müvafiq beytlərini fars şərhçilərinin
başa düşmədiyinə əsaslanır. Və ən bariz misal kimi, Ə.Caminin Nizaminin
çoxu türk atalar sözləri ilə bağlı 350
beytini başa düşmədiyini etiraf etməsini və s. dəlillərə
istinad edir. Bu haqda digər türk sözləri
ilə bağlı məlumatlar mövcuddur.
Fikrimizcə,
bu məsələdə əyani ünvan Nizaminin "Leyli və
Məcnun" poemasına kanonik Girişində əsərin
yazılmasının səbəbi haqqında Şirvanşah
II Axsitana ithaf etdiyi beytlərdir:
"Öz
gözəl xətti ilə mənə yazılmış
Son dərəcə
gözəl on-on beş sətir var idi.
Onun hər
bir sözü çiçəkli bağ idi
Hər kəlməsi şəbçıraqdan daha parlaq
idi.
Fars və
ərəb dili bəzəyi ilə
Bu təzə gəlini bəzəyəsən.
Bir bax
gör ki, təfəkkür mücrüsündən
Kimin həmayilinə inci düzürsən.
Türkçəlik
bizə vəfalı olmağın sifəti (əlaməti)
Türkəvara deyilmiş söz bizə layiq deyil.
O adam ki, yüksək nəsibdən duyulmuş,
Ona yüksək söz lazımdır.
Elə
ki, şahın xalqası qulağıma keçirildi
Huşum ürəkdən beynimə vurdu.
Nə həddim var idi ki, əmrdən boyun
qaçırım?
Nə gözüm görürdü ki, xəzinəyə
yol tapım.
Ömrümün
süstlüyü, halımın zəifliyindən
Başımı itirib nə edəcəyimi bilmədim.
Məhrəm
bir adam yox idi ki, sirrimi deyim,
Bu əhvalatı açıb şərh edim.
(Nizami Gəncəvi.
Leyli və Məcnun.
Filoloji tərcümə. İzahlar və şərhlər.
prof. Mübariz Əlizadə. Redaktoru:
Rəhim
Sultanov. Bakı, "Elm", 1981)
Yaşar
Qarayevə həsr olunmuş yazıda alimin keçən əsrin
70-80-cı illərdə zirvə nöqtəsinə qalxan
"Renessans bumu"na, o cümlədən
Azərbaycan Renessansı məsələsinə münasibəti
açıqlanır. "Şərq
Renessansı" hadisəsi kifayət qədər
araşdırılıb (hətta A.Losevin məşhur"Gstetika
Vozrojdeniə" tədqiqatında bu məsələyə
bütöv bir fəsil ayrılıb) əsasən qəbul
edilmişdir. Bizim bu məsələdə
tərəddüdümüz konkret coğrafi-tarixi-milli
ünvanlı "Renessans" sözünün mexaniki
iqtibası ilə bağlıdır. Fransızca
"renaissance" termini tərcümədə dirçəliş,
yenidən doğulma, oyanma, bərpa olunma və s. deməkdir.
Avropada yaranmış Renessans möhtəşəm
tarixi hadisəsinin mahiyyətində orta əsrlərin
zülmətindən sonra mədəniyyətin, ədəbiyyatın,
elmin, sənətin (rəssamlığın, heykəltəraşlığın)
çiçəklənməsi,
sıçrayışının əsasında antik ənənələri
dururdu. "Re" affiksi "bərpa"
məzmunludur, nəinsə bərpası (restavraüiə,
vosstanovlenie), Şərqdə isə bu hadisə qədim
dövr ənənələrinin yaxud orta dövrlərin ənənələrinin
bərpası deyil, elə orta əsrlərin özündə
yaranan və çiçəklənməsi ilə seçilən
möhtəşəm tarixi epoxadan söhbət gedir. Sözümüzün canı Qərb mündəricəli
məşhur terminlərin iqtibası məsələsində
onların ifadə etdiyi reallıqların milli-tarixi mənsubluğu
ilə bağlı relevant mahiyyəti "tərəzinin"
üstünə qoyulmalıdır. Renessans - tipik Avropa
hadisəsidir və məhz Avropaya aid antik ənənələrin
"qaytarılması" və yeni zirvələrə
çatdırılmasıdır. Müqayisəli
şəkildə Avropada və Şərqdə baş verən
bu möhtəşəm hadisələrin oxşar məqamlarından
söhbət gedə bilər. "Şərq"
demiş, məs., İran, Türkiyədə,
ərəblərdə ədəbiyyata, mədəniyyətə
aid bu termin işlənmir. Şalva Nusubidze məşhur
poeması ilə bağlı və Çaloyan hansısa fəlsəfi
cərəyanla bağlı müvafiq olaraq gürcü və
erməni renessansından tədqiqatlar yazıblar. Söhbət belə epoxal səciyyəli məsələlərə
aid terminlərə bir qədər ehtiyatla yanaşmaqdan gedir.
Fikrimizcə, Nizami kimi bütöv bir epoxanı
təmsil edən Dahinin irsinin istiqmətini hansısa məşhur
xarici terminin mənasında duran Avropa hadisəsi ilə
uzlaşdırmağın milli-tarixi əsası yoxdur, buna
ehtiyac duyulmur. Bu yerdə Şirindil
Alışanlının haqqında sözü gedən
kitabında Məmməd Cəfərə həsr olunmuş
yazıda alimin "Nizaminin fikir dünyası"
monoqrafiyasından gətirdiyi fikirlərə müraciət
etmək faydalı olardı: "Böyük mütəfəkkir
şairin yaradıcılığının məhz intibah
estetikasının ifadəsi və
daşıyıcısı olduğunu dövriyyəyə gətirməkdir...
M.Cəfər hələ 1941-ci ildə böyük inam hissi
ilə ədəbiyyatın tarixi təcrübəsindən
çıxış edərək yazırdı: "Nizaminin
humanizm haqqında fikirlərinə yekun vurduqda nəzər
tutmalıyıq ki, böyük mütəfəkkir şairin
bu fikirləri (humanist ideyaları - Ş.A.) ilə Azərbaycanda
ictimai fikrin müəyyən bir intibah dövrü
başlanır...". Fikrimizcə,
elə "intibah" termini ərəb mənşəli olsa
da, sözü gedən məsələ ilə bağlı
daha münasibdir.
Şirindil Alışanlının "Nizami Gəncəvi
poeziyasının Mir Cəlalın nəzəri şərhində"
adlı yazısında ədəbi-nəzəri dəyər
meyarının klassika müstəvisində
ölçülməsiylə bağlı şərtinə
müvafiq belə bir haqlı qənaət hasil olur ki, müəllifin
kitabında təqdim olunan ədəbi-nəzəri təcrübənin
yaşarlığı bu sahədəki gələcək tədqiqatların
möhkəm zəmini olmasındadır.
Bura qədər sözü gedən kitabda M.Cəlal,
H.Araslı, M.Cəfər, Y.Qarayev kimi görkəmli ədəbiyyatşünaslarımızın
klassik irslə bağlı tədqiqatlarının dəyərləndirilməsində
yaşarlıq meyarlarını aşkarlamağa
çalışmışıq. Onlardan fərqli olaraq,
məsələn, Teymur Əhmədov, Qəzənfər
Paşayev kimi görkəmli alimlərimizin müraciət
etdikləri mövzuların içində bəzən
ömrünü həsr etdikləri, müstəsna xidmətləri
olan tədqiqatları üstündə dayanmağı önəmli
saymışıq. Məlumdur ki, Teymur Əhmədovun
adı çəkiləndə dərhal böyük Nəriman
Nərimanovun, Qəzənfər Paşayev deyəndə, ilk növbədə,
"kərkük sevdalı" alimin şəxsiyyəti
göz qabağına gəlir, İraqda məskunlaşan uzun
illər tanımadığımız alimin qələmi ilə
çəkilmiş Kərkük dünyasının
obrazı canlanır.
Teymur
müəllim tədqiq etdiyi A.Bakıxanov,
İ.Qutqaşınlı, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi və
s. kimi görkəmli maarifçilər haqqında yeni söz
demək üçün illərlə müxtəlif arxivlərdə
axtarışlar aparmış, yeni faktlar üzə
çıxarmış və dəyərli tədqiqatlar
ortaya qoymuşdur. Lakin Teymur Əhmədovu
bütün yaradıcılığı boyu
düşündürən və məşğul edən Nəriman
Nərimanov fenomeni olmuşdur. Bu böyük
maarifçi, yazıçı, dövlət xadiminin mürəkkəb
həyatı, yaradıcılığına aid müxtəlif
faktların toplanması, ədəbi irsinin nəşri, tədqiqi,
tərcümeyi-halındakı dövrün sərt rejimi ilə
bağlı qaranlıq məqamlara, bunlarla bağlı XX əsrin
hər mərhələsində bir çox hallarda
siyasi-ideoloji konyunktura ilə bağlı fərqli münasibətlərə
işıq salmaq üçün illər boyu bir çox
ölkələrin arxivlərində gərgin axtarışlar
aparması və bu nəhəng işin nəticələrini
bir sıra məqalə, kitablarda ictimaiyyətin nəzərinə
çatdırması nərimanovşünaslığın təşəkkülü
və inkişaflnda alimin böyük xidmətləri kimi dəyərləndirilir.
Teymur Əhmədov mübaliğəsiz elmin müxtəlif
sahələrini ehtiva edən Nərimanşünaslığın
banisi hesab edilir: "Nərimanov fenomeni bütün tərəfləri
ilə XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycan, Qafqaz, Rusiyada baş verən siyasi-ictimai, ədəbi-mədəni
tarixi gedişatı zəminində öyrənilir".
Teymur Əhmədovun N.Nərimanova "heykəl
qoyması" ilə bağlı Şirindilin mühakiməsi
tam ədalətlidir. Belə qənaətə gəlmək üçün
Ş.Alışanlının məqalə janrı
imkanında Teymur müəllimin qədirbilən, çətin
fəaliyyət yolunun əsas məqamlarının dəyərləndirilməsi
əsasında alimin N.Nərimanova həsr olunmuş
monoqrafiyasının "Nərimanov ensiklopediyası"
adlandırılması da tam əsaslı hesab edilməlidir.
Teymur
Əhmədovun xalq yazıçısı, akademik Mirzə
İbrahimov, professor Mir Cəlal, xalq şairi Səməd
Vurğun haqqında tədqiqatları öz dəyərini
saxlamaqdadır. Xüsusilə Mirzə
İbrahimovun adı ilə bağlı alimin əsərləri,
böyük şəxsiyyətin Cənubla bağlı
çoxyönümlü fəaliyyətinin bəzi tərəflərinin
ənənələrini Teymur müəllim tərəfindən
davam etdirilməsi yüksək qiymətləndirilir.
Nə
yaxşı ki, Teymur Əhmədova həsr olunmuş
S.Alışanlının yazısı Teymur müəllimin
sağlığında ("Azərbaycan" qəzeti,
2020-ci il) işıq üzü
görmüşdür. Düşünmək
olar ki, bu yazının böyük fədakar alimin
dünyasının dəyişdiyi on iki ildən sonra təkrar
nəşri həmkarımızın Teymur müəllimin
xatirəsinə olan sönməyən ehtiram hissinin layiqli ifadəsidir.
Genişvüsətli
maraq dairəsinin müxtəlif zəngin
"ünvanlarını" unikal çoxcəhətli
yaradıcılığında təcrübəli qələmi
ilə reallaşdıran, 50-dən çox kitabların müəllifi
olan professor Qəzənfər Paşayevə geniş məşhurluq
gətirən bir sıra elm sahələrində -
dilşünas, ədəbiyyatşünas, folklorçu,
etnoqraf, tarixçi, tərcüməçi peşəkarlığı
təmin etmişdir və Azərbaycandan başqa, İraq,
Türkiyə, İran kimi ölkələrdə də
tanıtmışdır. Sadalanan sahələrə
aid bir çox əsərlərin müəllifi kimi
tanınan Qəzənfər müəllimə gətirdiyi məxsusi
sensasion şöhrəti, Şirindilin qeyd etdiyi kimi, 80-cı
illərdən Azərbaycan ədəbi-mədəni həyatında
"gözlənilməz, ilğıma bürünmüş
xəyallarımızı gerçək edən" hadisə
oldu. Söhbət Qəzənfər
Paşayevin İraqda ezamiyyətdə olduğu dövrdə
müşahidə etdiyi, yaşadığı fakt və hadisələrin
təsvir edildiyi "Altı il Dəclə-Fərat sahillərində"
adlı kitabın oxuculara açdığı qeyri-adi
dünyadan gedir. Elmi-publisistik üslubla,
müəyyən bədiiliklə seçilən bu
özünəməxsus memuaristika nümunəsinin "təhkiyəsində
bədii tutumu, orijinal ifadə sistemi" vurğulanmaqla, həm
də müəllif obrazının "yaddaş və hadisələrin
bir-birini tamamlayan düzümünə emosional münasibəti
ilə yaranması qeyd olunur.
Ş.Alışanlının yazısında əsərin
janr müəyyənliyi ilə bağlı cəhd də diqqəti
cəlb etməyə bilməz: "Dolğun elmi-bədii
biçimdə informasiya qüdrətinə malik olan" uzaq
İraq haqqında bu əsərdə roman poetikasına məxsus
müşahidələr təqdim olunur.
50-dən
çox monoqrafiya, tərtib, tərcümə
kitablarının müəllifi olan Qəzənfər
Paşayevin ixtirası olan Kərkük xalqı, onun
soykökü, tarixi, mədəniyyəti, adət-ənənələri,
sadə insanlarına həsr olunmuş yazılarıdır. Alimin "polifonik" yaradıcılığı
Şirindilin yazısında milli təəssübkeşliklə
bağlı məqamların vurğulanmasıyla aydın
şəkildə, həm alim-yazıçıyla
yaxınlığından gələn münasibətin
istiliyi ilə təqdim olunur. Amma bu yazıda bir məqam
diqqəti çəkməyə bilməz: Qəzənfər
müəllimin təsvir etdiyi bəzi epizodların
Şirindilin assosiativ yaddaşını tərpətdiyi,
müvafiq xatirələri dilə gətirdiyini nəzərdə
tuturuq. Söhbət hər şeydən əvvəl
"Altı il Dəclə-Fərat sahillərində"
kitabındakı çöl ərəblərə həsr
olunmuş səhifələrdən gedir. Bu səhifələri
vərəqləyərkən, bu etnik toplumun bir çox məişət
adətləri, məs., qonaq qəbulu ilə bağlı təsvirlərin
təsiri ilə müəllif əlçatmaz
Laçının "füsunkar kəndi doğma Molla
Əhmədli"də qonağı qəbuletmə adətini
xatırlayır: 1979-cu ildə elmi rəhbəri professor Yuri
Borevi, onunla gələn filosofları buradakı qonaq kultu ilə
bağlı təəssüratları dilə gətirilir. Əlbəttə, belə "lirik haşiyələr"
Qəzənfər müəllimin əsərlərinin təbiiliyi
və təsirliliyindən, həm də Şirindilin yurd həsrəti
ilə yaşayan həssas qəlbindən xəbər verir.
Qəzənfər
müəllimin Hüseyn Kürdoğlu haqqında
monoqrafiyası haqda qeydlərin sonunda oxuyuruq: "Tanrı bizə
qismət eləsin mənim doğma Laçınımdan Molla
Əhmədli kəndindən torpaq gətirib Laçın həsrətinə
dözməyib dünyasından küsüb gedən
qardaşınız Hüseynin məzarına səpək".
Yuxarıda qeyd olunduğu kimi, haqqında sözü gedən
kitabda həm ədəbiyyatşünaslığımızın
korifeylərinin tədqiqatlarına, həm korifey ədiblərimizin
yaradıcılığına həsr olunmuş yazılarda əslində
söhbət (bilvasitə və bilavasitə) bədii ədəbiyyata
gəlib çıxır. Birinci halda elmi
mülahizələr, ikinci halda -bilavasitə bədii söz dəyərləndirilir.
Hər iki halda söhbət sovet dövründə
formalaşmış alim və ədiblərdən gedir ki,
yaradıcılığında məlum ideoloji rejimin
basqısını neytrallaşdıra bilən bu şəxsiyyətlərin
əsərlərinin yaşarlığını təmin edən
amillər aşkarlanır: milli ədəbi-tarixi prosesin
inkişafı kontekstində poetik sistemin kamilliyi (tədqiqatlarda),
lirikanın fəlsəfəliliyi, milli dəyərlərin bədii
ifadəsi, bədii sözün təsirliliyi, üslub fərdiliyi
(ədəbiyyatda). Kitabdakı bilavasitə bədii ədəbiyyata
həsr olunmuş 6 məqalədən üçü, demək
olar ki, eyni ədəbi nəslin nadir nümayəndələri
- Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifin
elmi-poetik portreti təəssüratı yaradır.
Bir qədər paradoksal səslənsə də,
şairlərin poetik fərdiliyi oxşar (hətta ümumi)
mövzu, motivlərin bədii reallaşmasında müəyyənləşdirilir. Sözsüz, poetik fərdilik
yalnız bədii ifadə sistemi ilə məhdudlaşmır:
Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifə
həsr olunmuş yazılarda hər şeydən əvvəl
tədqiqatçının nəzər diqqətində Azərbaycan,
Vətən kimi əbədi mövzuların bədii-fəlsəfi
dərki və təcəssümüdür. Əvvəldə
qeyd etdiyimiz kimi, əsərin yarandığı siyasi-ictimai
gerçəklik şəraitinin nəzərə
alınması vacib şərtlərdən biridir. Sovet
rejiminin mövcud olduğu şəraitdə 28 yaşlı Səməd
Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan"
şeirini "milli istiqlalın yeni biçimdə poetik
nizamnaməsi" adlandıran tədqiqatçı professor
Mir Cəlalın məşhur sözlərini yada salır:
"Azərbaycanı şeirə gətirən Səməd
Vurğun oldu". Bu haqlı mühakimənin davamı kimi
Ş.Alışanlı qeyd edir: "Əslində bu şeir
xalqın ruhunda əbədi kök salmış himndir. Səməd Vurğun azərbaycançılığın
bayraqdarı olduğu kimi milli istiqlal hərəkatının
beşiyi başında duran qüdrətli sənətkardır".
Bu mühakimələrinin əyani
açılışında tədqiqatçı ilk
baxışda bir qədər imperativ görünən
seçimə üstünlük verir: "Qalanları belə
nəzərə almasaq, "Azərbaycan" şeiri və
"Vaqif" dramı Azərbaycan Xalq Cümhuriyyəti
ideyalarını ədəbi mətndə ifadə olunmuş
böyük tarixi missiyanı icra etmiş abidələrdir".
Yazılışından az qala bir
yüzillik keçmiş "Azərbaycan" şeiri indi də
dil açan uşaqlardan tutmuş bütöv
xalqımızın dillər əzbəridir. Təbii
poetikliyinə görə, təbii milli
obrazlılığına görə hər sətirdə vətən
sevgisiylə döyünən şair qəlbinə görə.
Bunlar hamısı öz yerində. Amma
tarixi ədalət naminə "milli istiqlal hərəkatının
beşiyi başında duran" imperativ mühakimənin, bizcə,
bir qədər dəqiqləşdirilməyə ehtiyacı
var: bəs Ə.Cavad, H.Sanılı kimi əqidələrinə
görə repressiyanın qurbanları olan istiqlal şairləri?
Bütövlükdə isə, tədqiqatçının
müraciət etdiyi iki əsərin istiqlal, milli
özünüdərklə bağlı ideyaların
(xüsusilə "Vaqif" də) təcəssümü
kimi seçilməsi və bu istiqamətdə şərhi,
sözsüz, inandırıcıdır. S.Vurğun
dramının bədii mətninin alt qatında oxunan tarixi
keçmişi xalqın müasir taleyi fonunda oxumağın
qaydaları ilə əsərin şərhini verən tədqiqatçı
qəddar rejimə meydan oxuyan Vaqifin obrazında Səməd
Vurğunun özünü görür. Eyni
zamanda haqlı olaraq əsəri öz dövrü
üçün (30-cu illər) fəlsəfi mahiyyətli faciə
adlandırır.
Müstəqillik
illərin ədəbi-elmi reallıqları, o cümlədən
(konyunktur təftiş, cəhdləri, azadlıq
ab-havasının bəzi beyinlərə ifrat təsiri) ifrat
"yeni dəyərləndirmələr" şəraitində
S.Vurğuna olan (həm də M.F.Axundov, N.Nərimanov kimi
böyük azərbaycanlılara) hücumlardan Şirindil yan
keçə bilməzdi. Bu kontekstdə Ramiz Rövşənin
ziddiyyətli fikirlərini "didaktik-fəlsəfi ümumiləşdirmələr
sırf poetik obrazlılığdan çox cəlb edir",
"O, zamana qarşı yox, zamanın axınıyla gedən
şairiydi" və s. açıq böhtan kimi ifşa
edir. Əlbəttə, yazının ən dəyərli
mövqeləri müəllif tərəfindən Səməd
Vurğunun əsərlərinin fəlsəfəliyinin mətnaltı
mənaların şərhi, ustadın milli şeir ənənəsinə
gətirdiyi yeni poetik sistemə önəm verməklə
bağlıdır.
Azərbaycan şeirinə orta əsrlərdən xas olan
fəlsəfəlik ənənəsi, sovet dövründə
yaşayıb-yaradan bir çox görkəmli şairlərimizin
əsərlərinin immanent xüsusiyyəti kimi qeyd
olunmaqdadır.
Bu xüsusiyyət Bəxtiyar Vahabzadəyə həsr olunan
yazıda şairin yaradıcılığı boyu hər bir
toxunduğu mövzuya yanaşmasında aşkarlanır: vətən,
millət, ana dili, türkçülük, etno-genetik
yaddaş. Tarixi müstəvidə mənalandırılan
bu məfhumlar sisteminin şairin hər bir əsərində fəlsəfi
mənası açıqlanır və buna əsasən onun
poetik yaradıcılığı "milli əqidə
poeziyası" adlandırılır. Səməd
Vurğunla bağlı fəlsəfilik ənənəsi Bəxtiyar
Vahabzadənin dövründə yeni vüsət alır.
Bir qədər fərqli yönlü fəlsəfəlik
"adiliyin poeziyasını yaradan" Hüseyn Arifin poetik
üslubunu təyin edən folklor sənəti, Vaqif, Ələsgər,
Vurğun poeziyası, müdrik aşıq şeiri kimi
qaynaqlardan ilham alan "xəfif
romantik" lirikada açıqlanır. Və
bu lirikaya məxsus fəlsəfəliyini
Ş.Alışanlı adi hadisələrin təsvirini verən
şeirlərdə təbiət lövhələri ilə vəhdətdə
mənalandırmasında görür. Bir
çox şeirlərdə poetik ovqat məhz təbiət
fonunda (folklor ənənəsi) yaranır.
Bir səciyyəvi
detal: Hüseyn Arif haqqında yazı "Gecələr harda
gecələr?" adlanır. Şairin təbiət
lirikasının bir nümunəsinin misrasından iqtibas edilən
bu lirik kəşf bizlərdə, yəni şair olmayan və
bir az da dilçilikdən xəbəri
olanlarda dərhal omonimlərdən poetik fiqur yaradılması
haqda fikir hasil olur. Amma peşəkar şərhlərdən
görürsən ki, söhbət daha yüksək poetik mətləblərdən
gedir. Həqiqi poeziyadan! İncə duyumlu, "xəfif
romantika"dan!
Cənub mövzusu Azərbaycan şairlərinin
yaradıcılığından ağrılı motivlə
keçir.
Böyük Səməd Vurğunun "Körpünün həsrəti"
bəşəri bir kədər ovqatı aşılayır,
"Yandırılan kitablar" isə milli-mənəvi
varlığa tuşlanan "cəlladın" əməllərinə
qarşı poetik üsyandır" - yazan Şirindil bu əsərləri
şair cəsarətinin parlaq ifadəsi kimi dəyərləndirir.
Cənub mövzusunun tarixində yeni bədii mərhələnin
əsasını qoyan Bəxtiyar Vahabzadənin böyük
rezonans yaradan "Gülüstan" (1959) poemasında
açıq ifadə olunan şairin bədii konsepsiyası
"açar söz-məfhumları" olan Vətən,
millət (bütöv), dil (vahid) motivlərin poetik
reallaşmasında açıqlanır.
Lap əvvəldə qeyd etdiyimiz kimi, haqqında
sözü gedən kitaba müxtəlif səpgili yazılar
daxil edilmişdir. Hərəsinin də yazının
janrına münasib üslubu nəzərə çarpır.
Bunların içində ata yurdu -
Laçınla bağlı yazılar müəllif
üçün xüsusi önəm daşıyır.
"Su səltənəti Laçın" adlı
yazı müəllifi üçün doğma
ağrılı həyati mövzuya həsr olunmuş, ürək-qəlb
sözüdür. Bu yazının janrı sinkretikdir:
ilk baxışda, bioqrafik memuar, lakin daha geniş
ünvanlı bir xalqın danışan dilində doğma
yurdla bağlı təsirli epizodların canlı təsviri -
Laçının müxtəlif guşələrinin təsviri,
camaatın məişəti, adətləri, Şirindilin ailəsi,
mənşəyi, Bakıya gəlişi və s. bağlı
xatirələri, Laçının görkəmli şəxsiyyətləri
və s. və i. Bu yazıda müəllifin hafizə,
müşahidə, dəyərləndirmə qabiliyyəti,
yurdunun tarixinə, coğrafiyasına mütəxəssis
peşəkarlığıyla bələd olması, bu
torpağın hər qarışını tanıması,
dağlarını, sularının məğrurluğuyla
bağlı maraqlı bənzətmələr və bu ecazkar
səltənətə əbədi vurğunluğu heyrət
doğur. Belə yazılarda müəllifin həm
də yazıçılıq qabiliyyəti, dokumentalist,
müxbir üslubu diqqəti çəkir. Yadıma Şirindilin təşəbbüskarı və
ssenari müəllifi olduğu Laçın haqqında filmin
çəkilməsi ilə bağlı söhbətləri
düşür. Və belə söhbətlərində
nədənsə Şirindilin Laçına borclarının
tam verilməməsindən narahatlığı haqda təəssürat
yaranır.
Əslində belə yurd həsrəti böyük Vətənə
doğmalıq deməkdir, çünki məhz yurddan
başlayır Vətən.
Şirindilin kifayət qədər geniş müsahibələrində
alim-şəxsiyyət bütövlüyünün
qeyri-ixtiyari psixoloji avtoportretinin eskizləri müşahidə
olunmaqdadır.
Adətən kitabla tanışlıq adından sonra son
səhifəsindəki verilən mündəricatdan
başlayır. Düzü, bu kitabın sonda yerləşdirilən
yazısının adını görəndə, təbii
olaraq, təəccübləndim. Əvvəlki
40 yazıların tarixləri XXI əsrə aiddir. Qeyd etdiyim material isə ... 1977-ci ilə.
Sözsüz ki, belə sıralanma təsadüfi ola bilməzdi. Və səbəbini
özündən soruşmaq olardı. Amma soruşmadım:
əvəzində kitabda ən həcmli olan yazıyla tanış olandan sonra səsləndirmədiyim
sualın cavabını tapdım. Elmə yenicə
qədəm qoyan 25 yaşlı Şirindilin nüfuzlu alimlərin
qarşısında ilk publik çıxışı (poema
haqqında məruzəsi) hələ o vaxt geniş rezonansa səbəb
olmuşdur. Bu çıxışın bir çox
müddəalarının 45 il sonra da nəzəri
əhəmiyyətini saxlamasına əmin olduqdan sonra mündəricatın
açarını özümçün tapdım: bunun səbəbini
müəllifin ədəbi prosesə aid metodoloji səciyyəli
yanaşmalarının çoxunun əhəmiyyətini saxlamasında,
tədqiqatçı sözünün yaşamaq haqqında
görmək olar.
Məruzəylə bağlı bir məqamı da qeyd etməyi lazım bilirəm. 50 səhifəlik bu material Ədəbiyyat İnstitutunun müasir ədəbi proses sektoru, Azərbaycan Yazıçılar İttifaqının bölməsi və "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasının iştirak etdiyi yaradıcılıq müzakirəsinin stenoqramıdır. Və bu stenoqramın verilməsi bizə akademik Məmməd Cəfər (tədbiri aparan), EA müxbir üzvü Yaşar Qarayev, Xalq şairləri Xəlil Rza, Qabil, Balaş Azəroğlu, Əliağa Kürçaylı, habelə, şükür ki, həyatda olan Sabir Rüstəmxanlı, Akif Hüseynovun çıxışlarıyla tanış olmağa imkan yaratdı. Sanki əlçatmaz, ünyetməz günlərə qayıtdıq, o canlı, yaradıcı elmi mühitə toxunduq. Və bu imkana görə də Şirindilə minnətdarıq.
P.S. Stenoqramın sonunda "Redaksiyadan" başlığı altında müşavirənin gedişatı haqda iki səhifəlik kifayət qədər müfəssəl məlumat verildi. Bu cür ciddi elmi-bədii həyata təəccüblənməyəsən, neynəyəsən?
Sara Osmanlı
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.20-22.