Səndə vardır özgə lətafət,
Şuşa!
Yazıçı-publisist Zemfira Məhərrəmlinin
səfər təəssüratı
Həmin gün sanki bütün yollar-rizlər
Şuşaya aparırdı. Gözümüzü
yola dikmişdik. Avtobusumuz irəlilədikcə
Xocavəndin ərazisi başlayır. Bələdçimiz
bildirir ki, solda Çinəvuz, Məmməddərəsi kəndləridir.
Bir qədər qalxandan sonra yolumuz məşhur Tuğ kəndinin
700 kilometrliyindən keçir. Şuşanın
ərazicə ən böyük olan Tağ kəndinin
içindən, sonra tarixi Azıx mağarasının
yanından, Çanaqçı və Sığnaq kəndlərindən
keçirik. Sağ tərəfdə
aralıdan Topxana meşəsi görünür. Sığnaq və Çanaqçıdan İsa
bulağına enmək mümkündür, amma hazırda bu
yola rus sülhməramlıları nəzarət edir.
Yaxşı ki, ürəkaçan bir məsələni
öyrəndik: İsa bulağına Şuşaya girmədən
getmək üçün indi bir tunel çəkilməkdədir.
Qarşılaşdığımız lövhədə
Şuşakənd və Muxtarkəndin adlarını oxuyuruq. Xocavənd, Xocalı, Şuşa polis postlarını
ötüb-keçirik. Qarşıda daha iki
polis postumuzun olduğunu söyləyirlər.
Daşaltıya yaxınlaşanda soldan böyük Kirs
dağı görünür. Nədənsə,
Daşaltı adı çəkiləndə həm də kədərli
hadisələr yada düşür. 1992-ci il yanvar ayının 26-da Daşaltıda
baş tutan başıbəlalı döyüş əməliyyatı
öncəsi hərbi sirr xaincəsinə
yayılmışdı. Bu üzdən əməliyyat
uğursuzluqla nəticələnmiş, xeyli itki vermişdik.
Əslən şuşalı olan yol yoldaşımız,
tanınmış şair-publisist, həm də Birinci
Qarabağ müharibəsində doğma şəhərinin
müdafiəsi üçün odlu cəbhələrə
atılmış Kərim Kərimli söylədi ki,
Daşaltıda şəhid olanlar arasında 15
şuşalı əsgər də vardı. Az
sonra onların bir neçəsinin nəşini düşmən
tərəfdən geri almaq mümkün olmuşdu. Şuşa alınandan sonra isə Daşaltıdan
vaxtilə döyüş əməliyyatında şəhid
olanların qalıqları aşkar olunaraq
götürülmüşdü.
2020-ci il oktyabrın sonu və noyabrın ilk günləri
isə yurdumuzun Zəfər tarixinə qızıl hərflərlə
yazıldı. Azərbaycan əsgəri
Daşaltını azad edərək Şuşaya daxil oldu.
Qarabağın tacı olan Şuşanın
işğal edilməsi ilə 30 illik həsrətə son
qoyuldu. İndi fəxrlə demək olar ki, vaxtilə hərb
tariximizə adı qara hərflərlə yazılmış
Daşaltı 2020-ci il noyabrın 8-də
qazanılan möhtəşəm Zəfərin ilk şahidi
idi.
Şuşaya
aparan yolun bir özəlliyi də var: hər döngədən
sonra düşünürsən ki, yəqin, indi bitəcək,
amma növbəti dolama başlayır. Şəhərə
daxil olanda hiss edirsən ki, bəli, Şuşadasan, tərtəmiz,
saf hava ruhunu oxşayır. Bu, o məqamdır ki, ölməz
şairimiz Səməd Vurğun həmin məkana yetişəndə
bədahətən bu misraları dilə gətirmişdi:
Qoynuna
girməyə qalmışdı bir az,
Könlüm qanadlanıb eylədi pərvaz.
Ölməyib
hüsnünü görəydim hər yaz,
Səndə
vardır özgə lətafət, Şuşa!
Artıq Şuşaya çatırıq. Ətraf ərazilərə
nisbətən xeyli hündürdə, dəniz səviyyəsindən
təxminən 1400-1800 metr yüksəklikdə yerləşən,
düzənlikdən dik yamaclarla ayrılan Şuşa
platosu göz önündədir. Bu unikal şəhər
hər tərəfdən uzun dərələrlə, daha
yuxarılarda isə Kirs, Qırxqız, Bağrıqan, Murov və
Sarıbaba dağları ilə əhatə olunub. Şəhərə
daxil olanda sağda Şor bulağı və hələ
işğaldan üç il əvvəl
istifadəyə verilmiş doqquzmərtəbəli
yaşayış binaları diqqəti çəkir. Keçmiş radiozavodun, "Şəfa" turizm
bazasının ermənilər tərəfindən
dağıdılmış binaları isə ürəkağrıdan
mənzərə yaradır. Qızılqayada
yerləşən televiziya mərkəzi və teleqüllə,
Dəvəbatıran gölü, mamırlı qayalardan
süzülən Çətir şəlaləsi,
üzüaşağıya doğru Şamlıq, Xəznə
qayası, Ağzıyastı kaha və nəhəng horizontal
düzənlik - Cıdır düzü görünür.
Şuşanın cəmi dörd-beş evi olan, adı xəritəyə
düşməyən kiçik kəndləri də var. Bərpa
olunan siyahıda isə Şuşanın qırx kəndinin
adı qeyd olunub. Qarqarçayın sahilində yerləşən,
işğaldan əvvəl 4 min əhalisi olan Malıbəyli
kəndi rayonun ən böyük təsərrüfatı
sayılan taxılçılıq, tərəvəzçilik
və maldarlıq sovxozu ilə məşhur idi. Soldan diqqəti cəlb edən Turşsu qəsəbəsi
Şuşanın on səkkiz kilometrliyində yerləşir.
Zarıslı kəndi isə gözəl təamlar
bişirən kulinarlar məkanı kimi tanınır.
Şuşanın alt kəndləri, habelə cəsur həmkarımız,
Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın
adını daşıyan Salatınkənd indi rus sülhməramlılarının
nəzarətindədir. Vaxtilə bu kəndin girəcəyində
qoyulmuş, gözümüzü sevindirən,
"Salatınkənd" yazılmış lövhənin
yenidən vurulacağı gün isə uzaqda deyil.
Bu məkan həm də qəhrəmanlar
diyarıdır. Qarabağın füsunkar guşələrində
doğulmuş neçə igid oğul qanlı müharibə
ilə üz-üzə qaldığımız illərdə
silaha sarılıb. Düşmənlə
ölüm-dirim savaşına qalxan Şuşa
ərənləri torpaq uğrunda canını fəda
etmiş Ramiz Qənbərovla, Şirin Mirzəyevlə
(şuşalıdır, sonralar Ağdamda yaşayıb və
bu şəhərin müdafiəsi üçün göstərdiyi
şücaət dillər əzbəridir) və onların cəsur
silahdaşları ilə fəxr edirlər. Təsadüfi
deyil ki, Şuşanın Xəlfəli, Mirzələr və
Quşçular kəndlərini igidlər oylağı
adlandırırlar. Yuxarıda Mərzili dərəsi
deyilən bir döngə, sağ tərəfdə,
aşağıda Cəmilli, bir qədər solda isə Kosalar
kəndi görünür. Cəsarəti, dönməzliyi
ilə ad qazanmış qəhrəman Ramiz Qənbərov
1992-ci il aprelin 29-da qanlı
döyüşlər zamanı Kosalar və Kərkicahan kəndlərinin
yuxarısındakı meşədə ağır
yaralanmışdı. Şuşa hospitalında
əməliyyat olunsa da, onun həyatını xilas etmək
mümkün olmadı.
Cıdır düzü füsunkar bir seyrəngahdır. Ölməz
şairimiz Molla Pənah Vaqifin məqbərəsinin
yanından ötüb bu seyrəngaha çıxan kimi yol
özü səni gözəl mənzərəli Topxana
meşəsinə tərəf çəkir. Bu nəhəng çəmənlik solda Xankəndinə
tərəf, sağda isə təxminən iki yüz metr
aşağıdan axan Daşaltı çayına və
eyniadlı dərəyə baxır. Cıdır
düzünün kənarındakı
sıldırımlı cığır səni təbii
quruluşlu Qırxpilləkənə, Daşaltı dərəsinə
və Xan marağasına aparır. Heyif
ki, ermənilər bu unikal mağaranı 1992-ci ildə
dağıdıblar. Cıdır
düzünə qalxanda Şuşanın indi intəhasız
azadlığa qovuşduğunu bir daha sövq-təbii
duyurdum. Cığırlarla gəzişir,
rəngarəng çöl çiçəklərinin,
şehli otların ayaq altda tapdanmasına qıymırdım.
Ağ, sarı, çəhrayı, bənövşəyi ləçəkləri
könül oxşayan bu çiçəkləri seyr etməyi
gör nə qədər arzulamışdım... Bağladığım gül dəstəsinin rayihəsini
tutiyatək içimə çəkirdim. Gözüm nəhayətsiz çəmənliyin hər
guşəsində Xarıbülbül axtarırdı. Erkən yazda boy verən bu bənzərsiz
çöllər gözəlinə isti bir yay günündə,
təbii ki, əlimiz yetməyəcəkdi.
Sən demə, qarşıda heç güman etmədiyim
bir sürpriz də varmış. Cıdır düzünün daha
hündür qayalarına qalxıb çiçək toplayan
gənc qızlardan biri aşağıya enib, əlində
tutduğu bir qom Xarıbülbüldən
ikisini mənə bağışladı. Özümü
saxlaya bilməyib uca səslə:
- Bu nə
bəxşiş, nə peşkəşdir, görəsən?
Sözün əsl mənasında Allahın lütfüdür!
Nə yaxşı tapdınız bu ilahi
çiçəkləri. Yəqin, qaya dibində,
kölgəlikdə bitib bu cənnət nişanələri!
Yurd nisgilli ürəklər üçün
möcüzəyə, əfsanəyə çevrilmiş bu
bənzərsiz çiçəkləri bağrıma
basıb, əzizləyə-əzizləyə yoxuşu endim. Avtobusumuza
çatanda Bakıdan Şuşayadək söhbətləşdiyim,
özü barəsində "mən əsl qalalıyam"
deyən Könül xanımla qarşılaşdım.
Bayaqdan deyib-gülən, ata yurduna qədəm
qoyacağı anı gözləyən bu qadının yaz
buludu kimi dolub-boşaldığı çöhrəsindən
bəlliydi. Bir qıça Xarıbülbülü ona
verəndə titrək səslə:
-
İnanırdım ki, bu gözəlliyə yenidən
qovuşacağıq, İlahi, - dedi.
Uzun illər
həsrətində olduğu yurd yerinə qədəm
basanların tükənməz sevincini, həm də həyəcanını
bir görsəydiniz... Şuşaya səfər
edənlərin əksəriyyəti, orta və yaşlı nəslə
mənsub insanlar xeyli duyğusal görünürdü.
Onların hiss və həyəcanı kükrəyib
daşırdı. Hər kəs Şuşa
ilə bağlı xatirələrini danışır, bu
şəhərin indiki durumunu əvvəlki illərlə
müqayisə edir, azğın düşməni lənətləyirdi.
Şuşanı ilk dəfə görən gənclər də
sevincdən az qala qanad taxmışdı. Erkən yaşlarında Şuşanı tərk etmək
məcburiyyətində qalmış Könül Əhmədova
otuz illik ayrılıqdan sonra doğma şəhərini
gördüyü üçün çox qürurluydu.
Buna baxmayaraq, hisslərini bölüşərkən sevinc
dolu göz yaşlarını saxlaya bilmirdi:
- Azad
Şuşamızı ziyarət etdiyimizə görə
xoşbəxtəm. Bura birlikdə gəldiyim
qızım Mətanət (Memarlıq və İncəsənət
Universitetinin tələbəsidir) ata-anasının
doğulduğu cənnət məkanı ilk dəfədir
görür və gözəlliyinə heyrandır. Qarabağın tacı olan bu müqəddəs
torpağa ayağımız dəyən kimi, ilk növbədə,
doğulduğum evi axtardım. Qasımbəy
Zakir küçəsində, keçmiş
avtovağzalın yanında, ikimərtəbəli evdə
yaşayırdıq. Evimizi yerində
görəndə mənə sanki dünyanı verdilər.
Qapımıza ANAMA-nın belə bir lövhəsi
vurulmuşdu: "Yoxlanılıb, mina yoxdur". Ürəklənib həyətimizə girdim. "Kim var burda?" - deyə
soruşanda qapısı açıq otaqdan hərbi geyimli bir
neçə gənc çölə çıxdı. Vaxtilə bu evdə yaşadığımı biləndə
məni doğma anaları kimi dövrəyə aldılar.
Sonra isə ağac kölgəsində əsgər
çayına qonaq elədilər. Həyətimizdəki
meyvə ağacları bar gətirmişdi. Qapımızda səliqə-sahman
vardı, adam boyuna çatmış
şahşəvəl, ot-ələf, yaxşı ki,
biçilmişdi. Erməni quldurlar evimizin
üst mərtəbəsindəki tavanı, qapı-pəncərələri
söküb aparmışdı. Birinci mərtəbədəki
otaqlar salamat qaldığından, hazırda orada hərbçilərimiz
yaşayır. Atam İsa kişinin vaxtilə
həyətimizə çəkdirdiyi bulaq suyundan doyunca
içdik. Heyif, atam Şuşanı
görə bilmədi.
Səfər yoldaşım, təbii ki, uşaqlıq və
gənclik çağlarını xatırlayır. 90-cı illərin
qanlı-qadalı hadisələri gözü önündə
canlanır:
- Kərkicahan,
Cəmilli və Kosalar kəndlərində erməni millətçilərinin
törətdiyi qətl-qarətlərdən, təxribatlardan cana doymuşduq. Hər addımda
erməni yaramazlığı ilə
qarşılaşırdıq. Xankəndi Pedaqoji Texnikumuna
sənəd verib qəbul imtahanlarına qatılsam da, arzuma
çata bilmədim: bədnam qonşuların
ayrı-seçkiliyi öz işini gördü. Şuşadakı 3 nömrəli toxuculuq sexində
işə başladım. Qarabağ
müharibəsi artıq alovlanmışdı. 1991-ci ilin qanlı yanvar günündə jurnalist Salatın
Əsgərovanın vəhşicəsinə qətlə
yetirilməsi ilə bağlı acı bir xəbər
eşitdik. Qardaşımla birgə Qaladərəsinə
yollandıq. Şuşalılar hadisə
yerinə axışmışdı. Şəhid
olmuş bacımızı Yuxarı Gövhərağa məscidinə
apardılar, sonra isə Şuşa Rayon Mədəniyyət
Evində onunla vida mərasimi keçirildi. Cəsur
jurnalist Bakıdakı Şəhidlər xiyabanında
torpağa tapşırıldı.
Şuşanın başı üstündəki qara
buludlar getdikcə daha da sıxlaşırdı. Kirs
dağında ağır döyüşlər gedir,
düşmən şəhəri fasiləsiz
bombalayırdı. Şuşanın
işğalı zamanı bizim ailə də şəhəri
tərk etdi. Ağcabədinin Boyat kəndində
bir neçə ay qalandan sonra Bakıdakı yataqxanaların
birində məskunlaşdıq. Şuşalı gənc
xanım Gəncədə ali təhsil
alıb yenidən Bakıya qayıtmış, M.F.Axundov
adına Milli Kitabxanada işə başlamışdı. O illərdə
Mədəniyyət naziri işləmiş Polad
Bülbüloğlu Könüllə yanaşı,
köçkünlük həyatı yaşayan daha bir
neçə gənc mütəxəssisin işlə təmin
edilməsində yardımçı olmuşdu.
Çox təsirli həyat hekayəsini mənimlə
bölüşən Könül xanımın həyat
yoldaşı, Azərbaycan Televiziya və Radio Mərkəzində
mühəndis işləyən Elçin Əhmədov isə
Şuşanın Allahqulular kəndində doğulub. O deyir ki, "uzun illər
doğma yurd yerinin həsrəti ilə
çırpındıq. Ailəm didərginliyin
acısını yaşadı. Səsimiz-ünümüz
bu qovğanı törədənlərin arxa-dayağı
olan güc dövlətlərinə yetişmədi. Yurd intizarında inləyən ahıllarımız,
qocalarımız içdən qovrula-qovrula yaşadılar.
Axar-baxarlı kəndimiz ilk əvvəllər
yuxularıma gəlirdi. Dağda-dərədə
köhlən atımı çapmağım,
yaşıdlarımla bəhsəbəhs
yarışmağım gəncliyimin xoş anlarıdır.
Unudulmayan başqa şeylər də var. Yanan
ocaqları söndürən, dinc insanların ümidlərini
qılınclayan, gülüstanı viranəyə çevirən
iblis xislətli erməni millətçilərinin
torpaqlarımızda at oynatması, törətdiyi
saysız-hesabsız vəhşiliklər".
Artıq hər şey geridə qalıb, xain ermənilər
layiq olduqları cavabı alıblar. Qalibiyyət
savaşımız düşmənin başının əzilməsi
ilə nəticələnib. Sərhədlərimizi
öz süngüləriylə cızan igid
oğullarımız, rəşadətli əsgər və
zabitlərimiz mənfur işğalçıya yerini göstərib.
İndi Şuşamızda azad gəziriksə,
abadlıq-quruculuq işləri aparılırsa, bütün
bunlar böyük Zəfərin bizə bəxş etdiyi
gerçəklikdir.
Şuşada doğulmuş Asif Quliyev doğma şəhərinə
həyat yoldaşı Yeganə xanım və kiçik
qızlarıyla gəlmişdi. Səfər
yoldaşlarımızın Şuşa təəssüratını
dinləmək maraqlıydı. Şuşamızın
yaralarının tədricən sağalmasına sevinən
Asif qardaşımız deyir ki, "indi Qarabağda asudə gəzib-dolandığımız
üçün canını-qanını yurduna fəda edən
şəhidlərimizə və igid qazilərimizə
borcluyuq. Onların hünəri, qalibiyyətli
döyüşləri utanc hissini, başımızın
üstündə asılmış xəcalət sindromunu
dağıtdı. 44 günlük Zəfər
savaşımızın yaratdığı vəhdət və
həmrəyliyi daim qoruyub saxlamalıyıq".
Asif Quliyev gənclik illərində Xanqızı
bulağı ilə üzbəüzdə yerləşən
mülkdə yaşayıb. Şuşa hücuma məruz
qalanda düşmən onların evini "Qrad"la
vurmuşdu. Evin tavanı
büsbütün uçmuş, iki otaq
dağılmış, yaxşı ki, ailələri fəlakətdən
qurtulmuşdu.
- Təbii
ki, elə əvvəlki görkəmdə qalan
yarıuçuq evimizə girə bilmədik, - A.Quliyev
sözünə davam edir. - Vaxtilə
"Qarabağ" otelinin ətrafındakı Güllü
bağda ailəvi istirahət edərdik. Böyük
qızımız iki yaşında olarkən onunla həmin
bağda xatirə şəklimiz var. Bakıda doğulan ikinci
qızımız indi Şuşada bizimlə çəkdirdiyi
və xarici ölkədə yaşayan bacısına göndərdiyi
şəklin üzərinə bu sözləri yazıb:
"Məkan həmin məkandır - otuz ildən sonra
Güllü bağda".
Yeganə xanım isə Qızılqaya ilə
bağlı xatirələrini dilə gətirdi. Uşaqlıq illərində
oyun zamanı dostları ilə birgə üzünü
Qızılqayaya tutub: "Qızılqaya, səndə
qızıl var?" - deyə
soruşduqlarını, "Var, var" əks-sədasını
eşitdiklərini elə maraqla nəql edirdi ki... O, yeniyetməlik
çağlarında rəfiqələri ilə birlikdə
Cıdır düzündən çiçək dərib
tellərinə düzdükləri qayğısız günlərdən
söz açdı, ötənlərə qayıdıb
ağrı-acılı hadisələri də yad etdiklərini
söylədi. Əmisi oğlu igid Ramiz Qənbərovun
Şuşanın müdafiəsi üçün şücaət
göstərdiyini, təəssüf ki, işğaldan bir həftə
öncə qanlı döyüşlərdə şəhid
olduğunu vurğuladı. Yeganə
xanım qəhrəman Ramizin silahdaşları ilə birgə
Cıdır düzündə salınmış Şəhidlər
xiyabanında dəfn olunduğunu titrək səslə
danışırdı.
Yeganə xanım daha sonra bildirdi ki, doğulduğu ikimərtəbəli
mülk işğaldan əvvəl Mehmandarov küçəsində,
peşə məktəbinin yaxınlığında yerləşirdi. Ürəkaçan Şuşa ziyalısı, ali tibb təhsili almış
ilk azərbaycanlılardan olan Kərim bəy Mehmandarov və
onun həyat yoldaşı Zərri xanım Qacarın vaxtilə
həmin ərazidə yaşadığı malikanə
hazırda təmir olunmaqdadır. Yeri gəlmişkən
deyim ki, Qarabağda ad-san qazanmış həkim Kərim bəy
məşhur Mehmandarovlar nəslindəndir. O həm də
dəyərli fəaliyyəti ilə xalqa xidmət edən
"Difai" təşkilatının Qarabağ bölməsinin
rəhbəri idi. Kərim bəy
qarabağlıların yaddaşında xeyirxah insan, köməksizlərə
yardım əli uzadan, onları təmənnasız müalicə
edən loğman kimi qalıb. Qeyd edək
ki, Kərim bəy, artilleriya generalı, Azərbaycanın ilk
hərbi naziri olmuş Səməd bəy Mehmandarovun əmisi
oğludur. Ölkə Prezidentinin və
Birinci xanım Mehriban Əliyevanın
tapşırığı ilə Kərim bəy Mehmandarovun
malikanəsi onun ev-muzeyi kimi bərpa edilməkdədir.
Nə gözəl ki, bu gün mədəniyyət
paytaxtının yaraları sağalmaqdadır. Abadlıq,
yenidənqurma işlərinin geniş vüsət
aldığı Şuşada ürəkaçan mənzərələrlə
qarşılaşırdıq. Arzularımızın
şəhəri bu gün nəhəng tikinti
meydançasını xatırladır. Neçə-neçə
ailənin yaşayacağı müasir binalar inşa edilməkdədir.
Ölkə Prezidenti, möhtərəm İlham Əliyev
burada təməlqoyma mərasimindəki
çıxışında bəyan etmişdi ki, Şuşa əhalisi köhnə,
uçuq-sökük evlərdə yox, hər cür
infrastruktura malik müasir yaşayış binalarında
yaşayacaq. 3 nömrəli internat məktəbin
həyətində isə hazırda modern otel binası tikilməkdədir.
İşğal dövründə Şuşada
bir çox tarixi binalarla yanaşı, məscidlər də
erməni vəhşiliyinə məruz qalıb. Şəhərdəki 17 məsciddən 14-ü
dağıdılıb, 3-ü, o cümlədən Gövhər
ağa məscidi isə yararsız hala salınıb. Halbuki bu məscid Şuşanın və
bütün Qarabağın dini-ictimai həyatında
mühüm rol oynayıb, həm də kasıblara, eləcə
də yoxsulluqdan əziyyət çəkən ermənilərə
xeyriyyəçilik yolu ilə yardımlar göstərib.
Hələ 1901-ci ildə Şuşadan
"Kaspi" qəzetinə göndərilmiş bir məktubda
məlumat verilirdi ki, Qarabağ hökmdarı İbrahim
xanın qızı Gövhər ağa öz vəsaiti ilə
1803-cü ildə Şuşada iki məscid və mədrəsə
tikdirib. O, vəfatından əvvəl vəsiyyət
edib ki, Qarabağdakı mülklərindən gələn gəlirlər
həmin məscidlərin və mədrəsənin
ehtiyaclarına xərclənsin. Qəzet Gövhər
ağanın vəsiyyətindən bu sətirləri də dərc
etmişdi. "...Övladım olmadığı
üçün sizə qoyub getdiyim məscid və mədrəsədən
daha qiymətli heç nəyim qalmır. Sizlərə,
bütün müsəlmanlara vəsiyyət edirəm ki, bu məscid
və mədrəsəni yadların işğalından
qoruyasınız...".
Gövhər ağanın ruhu bu gün şaddır. Onun
adını yaşadan məscid qısa müddətdə
istifadəyə yararlı hala salınıb. Prezident İlham Əliyevin və birinci vitse-prezident
Mehriban Əliyevanın iştirakı ilə Şuşada yeni
məscidin bünövrəsi qoyulub.
Şuşa bu gün yer üzündəki bütün
azərbaycanlılar üçün təkcə
Qarabağımızı yox, ümumən qəhrəmanlıq
tariximizi, zəngin mədəniyyətimizi, milli qürur və
heysiyyətimizi ifadə edən bir rəmzdir. Bura həm də bizim
söz və sənət beşiyimiz, Xan qızı Natəvan,
Üzeyir Hacıbəyli, Bülbül, Əhməd bəy
Ağaoğlu, Mir Möhsün Nəvvab və digər bənzərsiz
şəxsiyyətlərin dünyaya göz
açdığı məkandır. Qarabağ ədəbi-mədəni
mühitində əvəzsiz rol oynamış Natəvanın,
Üzeyir bəyin və Bülbülün bu gün
Şuşanın bəzəyi olan abidələrinin
önündə gəzərkən, Molla Pənah Vaqifin məqbərəsini
ziyarət edərkən bu şəxsiyyətlərin kimliyini
bir daha dərk edirik. Azərbaycanın
konservatoriyası sayılan Şuşada musiqi korifeylərimizin
ev-muzeylərinin, o cümlədən Bülbülün
ev-muzeyinin bərpası üçün də mühüm
addımlar atılır.
Xalqımızın qan yaddaşı, sabaha bağlı
arzu, ümid və düşüncələri məhz burada -
Şuşada kəsişir. 1992-ci ilin mayında
süqutu bizim üçün nə qədər böyük
bir kədər idisə, 2020-ci ilin noyabrında bu şəhərin
işğaldan azad edilməsi bir o qədər böyük
qürur mənbəyi oldu. Çünki
bu torpağa qanımız, canımız və ruhumuzla
bağlıyıq. Ötən il
sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatları
ilə başlamış İkinci Qarabağ savaşı
xalqımızın nəyə qadir olduğunu sübut etdi. Azərbaycan ordusu yurd yerlərimizi viran etmiş erməni
işğalçıları 44 günlük müharibə
ilə torpaqlarımızdan qovub çıxartdı. Noyabrın 8-də qüdrətli ordumuz dünya hərb
tarixinə qızıl hərflərlə yazılan hücum əməliyyatını
gerçəkləşdirdi. Əsgərlərimiz
sərt yamacları aşaraq, dar cığırlardan
keçib Şuşaya daxil oldu, əlbəyaxa
döyüşdə şücaət göstərərək
qələbə çaldılar. Zəfər xəbərini
xalqımıza çatdıran Prezident İlham Əliyevin
tarixi sözləri hələ də qulaqlarımızda səslənir:
"Əziz Şuşa, sən azadsan!".
Ölkəmizin
həyatında önəmli hadisələrin -
Xarıbülbül festivalının, Vaqif Poeziya Günlərinin,
Azərbaycan diaspor təşkilatlarının
qurultayının, Beynəlxalq Media Forumunun və digər
qlobal tədbirlərin məhz Şuşada keçirilməsi
artıq ənənə halını alıb. Həmin tədbirlərdə
iştirakçıların hər dəfə "Qarabağ
Azərbaycandır!" nidasını səsləndirməsinin
doğurduğu coşqunu isə sözlə ifadə etmək
mümkün deyil, bu hissi yaşamaq gərək!
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.18-19.