Toğrul Nərimanbəyovun Şuşası

 

"Şuşa estetikası" silsiləsindən  

 

Toğrul Nərimanbəyov fərqli mövzularda çəkirdi. Amma palitrasının estetik kompleksi - sənət landşaftı Azərbaycan idi. Mənzərələriylə, xarakterləriylə, narlarıyla, mifləri, muğamı ilə Azərbaycan... Bu mənada o, "Mənim Azərbaycanım" silsiləsini bütün həyatı boyu yaratdı. Onun kökləri dərində - miflərdə, muğamlardaydı... Hətta bütün yaradıcılığını simvolizə edən nar təsvirləri cənnətin əlamətiydi.

Nərimanbəyovun son böyük əsəri olan "Şuşa" tablosunun kompozisiyasında  Gövhər Ağa məscidinin minarələri , mavi romantik səma da, güllər , nar ağacı da, Qarabağ atları dəvələr , mələklər , muğam da, xarıbülbül , atın tərkində  göylərə səfər edən ixtiyar da, göyüzündən söylənən dua da - ərzdən-ərşə hər şey ruhsal axış içindədir.

Şuşanın mavi göyləri ilə  Şuşa bəylərinin göy libası tünd mavi Şuşa atlarının, yaxud göydəki mələklərlə, yerdəki qızların  rəng vəhdəti, ornamentallığın harmoniyası Şuşanı  rəmzləndirir.  Toğrulun yaratdığı Şuşa sakraldır. Tablodakı Şuşa göyüzündən Yerə emanasiya etməkdədir. Bu romantik tablo işğal dövründə - 2010-cu ildə çəkilib. Mələklər Toğrulun əsərlərində ilk dəfə belə geniş vüsətlə "Şuşa" tablosunda zühur edir, Toğrulun Şuşasına, yaxud rəssamın Şuşa ilə bağlı təsəvvürlərinə metafizik bir ahəng verir. Tabloda rənglər qamması qeyri-adi harmoniya yaradıb. Bütün detallar rənglərin kədərli burulğanı, yaxud dalğavarı axışı ilə həmahəngdir. Qəribədir, görəsən, rəssam o zaman hələ işğal altında olan Şuşaya bu qədər işıq effektini, sayrışan işıq selini necə yerləşdirə bilib. Özü bunu bir anda işıq sürəti ilə edib. Onun rəssamlıqda işıqla bağlı fərqli fərdi konsepsiyası vardı: "Tez yaranan işıq çox süst ekspressiyadan uzaq bir şeydir... Rəngkarlıqda həmişə zülmətdən işığa çıxmalısan". Nərimanbəyovun bir rəssam olaraq özünün işıq günəş konsepsiyası var idi bunu gənclik illərində yazdığı bir şeirdə dəqiq ifadə etmişdi: "İşıqdan qaralıb, Günəş ətirli Qız qalası"... Amma "Şuşa" tablosunda Toğrul o işığı zülmətdən - işğaldan çıxarıb Şuşanın belə əsrarəngiz, ekspressiv təsviri ilə əbədiləşdirdi. Dediyim kimi, Nərimanbəyov "Şuşa" tablosunu böyük zəfərdən əvvəl yaratmışdı. Şuşa azad olunanda isə rəssam həyatda deyildi. Amma bu tablosu ilə o, hələ neçə il əvvəl böyük zəfərimizin ən estet ən işıqlı mənzərəsini yarada bilmişdi. Nərimanbəyov deyirdi ki, "Şuşa bizim möcüzəmizdir. Əminəm ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Mənim atam Şuşada doğulub. O, Fransada, Tuluz şəhərində təhsil alıb. Sonra Azərbaycana qayıdıb. 1937-ci ildə repressiya qurbanı olub. Şuşaya qonaq kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Axı ora bizim torpağımızdır. Şuşa bizimdir. Şuşa qaytarılsa gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram...".

Toğrul Nərimanbəyov obrazlı düşüncə tərzi ilə bənzərsiz rəssam idi. Onun şairanə emosiyaları sona qədər qocalmadı... O, təsviri sənətin şairi idi. "Gərək cizgilərin, boyaların şairi olasan" - belə düşünürdü Toğrul Nərimanbəyov.

Həm vokalist idi. "Rəssam olmasaydım, volkalist olardım" demişdi. Hətta 1950-ci ildə Litva Dövlət Rəssamlıq İnstitutunda təhsil alarkən paralel olaraq Vilnüs Konservatoriyasında vokal sənətinin sirlərini öyrənmişdi. Yesenin demişkən, "Əgər oxumursansa, deməli, şuşalı deyilsən".

Təkcə yaradıcılıq deyil, həm tale baxımından Toğrul Nərimanbəyov iki dünyanın rəssamıydı. O, gözəl fransız qızı İrman Lye Rude ilə azərbaycanlı Fərmanın sevgisindən yaranmışdı. İrman Lye Rude ərinin vətənində - Azərbaycanda, Toğrul Nərimanbəyov isə anasının vətənində - Fransada torpağa tapşırıldı...

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.16.