Fərhad Bədəlbəylinin
gəncliyi
- Lissabon fatehi
“Şuşa estetikası" silsiləsindən
1960-cı illərin sonlarında 21 yaşlı Fərhad
Bədəlbəylini "Lissabon fatehi"
adlandırırdılar. Pianoçuların Lissabonda keçirilən Viana da
Motta adına Beynəlxalq müsabiqəsində
birinici yeri tutmuş və Aulu Maqnu Universitetinin akt zalında
ona müsabiqənin diplomu təqdim olunmuşdu. Münsiflər
Heyətini dünyanın ən görkəmli
pianoçuları - fransız Jak Fevrye, italyan Aldo
Çikkolini, isveçrəli Nikita Maqalov, portuqal Sikeyra
Kostanın təmsil edildiyi müsabiqəyə iyirmi iki
ölkədən altmış pianoçu
qatılmışdı. Şopenin
"Noktürn"ünü, Motsartın "Konsert"ini,
Bethovenin "Solmajor"unu ifa edən Fərhad birinci yeri
qazandı və bu, həm də Azərbaycan professional musiqi
ifaçılığının dünyada ilk təqdimatı
kimi tarixə düşdü.
Burda maraqlı bir məqam da var. Müsabiqədə
münsiflər heyətinin başçısı impressario
Kostanın həyat yoldaşı erməni Tatyana Aşot idi və
həmin müsabiqədə azərbaycanlı pianoçu
1-ci, erməni pianoçu Ayvazyan isə 7-ci yeri tutmuşdu.
Qara Qarayev Fərhadın bu qələbəsini haqlı
qələbə adlandrırdı. Çünki Qarayevə görə,
"belə bir çətin müsabiqədə iştirak
etmək ifaçıdan yüksək musiqi məharəti, təmkin,
iradə, məqsəd aydınlığı və artistlik
bacarığı tələb edirdi və 21 yaşlı Fərhad
da sübut etdi ki, bu keyfiyyətlərin hamısı onda
var".
Fərhad Bədəlbəyliyə qədər
Bakını musiqi aləmində "fortepiano ucqarı"
adlandırırdılar. 21 yaşlı Fərhad isə Beynəlxalq
müsabiqədə birinci yeri qazanmaqla Bakını
dünyanın fortepiano mərkəzlərindən birirnə
çevirməyi bacardı. O, "Azərbaycan pionizmini
dünya miqyasına çıxartdı" (Fikrət
Əmirov).
Müsabiqədən
bir il sonra Bədəlbəyli yenidən
Portuqaliyaya dəvət olunmuşdu. Bu dəfə
dünyanın ən güclü gənc pianoçusu
Avropanın qədim mədəniyyət mərkəzində
qastrol səfərindəydi və Portuqaliyanın müxtəlif
konsert salonlarında izdiham qarşısında Motsartın
"20 nömrəli konsert"ini, Sen-Sansın "2 nömrəli
konsert"ini, Haydnın "Sonata"sını,
Şumanın "Üç novella"sını, Skryabinin
"Prelüdlər"ini, Raxmaninovun "Etüd"lərini,
Bartokun "Sonata"sını, Şostakoviçin "Prelüd
və fuqa"sını, Qara Qarayevin "Prelüd"lərini
ifa edirdi. Hətta həmin günlərdə
Lissabon televiziyası onun bu konsertini bütövlükdə
nümayiş etdirdi.
Portuqaliya qəzetləri Fərhad Bədəlbəylini
vəsf edir. "Sekulo" qəzeti yazırdı ki, "Fərhad
Bədəlbəyli göstərdi ki, o, gözəl
ifaçılıq imkanları olan əsl virtuozdur. Onun
ifası mükəmməl texnikası, rəngarəngliyi və
zənginliyi ilə seçilir... Biz dinləyiciyə
yüksək zövq verən böyük ifaçı ilə
qarşılaşdıq". Yaxud "Premeyro
Janeyro" qəzeti: "Fərhad Bədəlbəyli gözəl
interpretatordur. Onun ifa texnikası, temperamenti, əvəzsizdir.
Fərhad əsl virtuozdur... Şopenin
"Etüd" və "Prelüd"ünü
çalmaqla Fərhad dinləyiciləri heyran qoydu".
Portuqaliyaya ikinci səfəri barədə elə o illərdə
yazırdı ki, portuqaliyalıların, "Azərbaycan haqqında
demək olar ki, təsəvvürləri yox idi. Çoxlu
suallar verirdilər. Musiqimiz onları daha
çox maraqlandırırdı. Qara
Qarayevin prelüdlərini gurultulu alqışlarla
qarşılayırdılar". Niyazinin "Rast",
Fikrət Əmirovun "Kürd Ovşarı" simfonik
muğamlarının vallarını Fərhad portuqaliyalı
musiqiçilərə vermiş, onlar isə qulaq asıb
heyran olduqlarını bildirmiş, "Azərbaycan professional
musiqisinin belə yüksək səviyyədə olduğunu qətiyyən
ağıllarına gətirmədiklərini" etiraf
etmişdilər.
Fərhad Bədəlbəyli Azərbaycan pionizmini
dünyanın dörd qitəsində, yer üzünün demək
olar ki, bütün böyük şəhərlərində
təmsil etmişdir. Zalsburqda Motsartın ev-muzeyində onun
royalının şirmayı dillərini öpərək dahi
bəstəkarın ruhuna və sənətinə təzim
etmişdir. Lissabonda Portuqaliyanın əfsanəvi
futbolçusu Eysebiyo "Lissabon fatehi"nin
- 21 yaşlı azərbaycanlı pianoçunun
uğurlarına şərik olmuşdur.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.17.