Azərbaycan türkologiyası:
təməllər, təmayüllər
Azərbaycanda türkologiya bir elm kimi XX əsrin əvvəllərində türkçülük
ideologiyasının təsiri
altında təşəkkül
tapmışdır. Bu ideologiyanın yaradıcısı
əvvəl Peterburqda,
sonra isə İstanbulda universitet təhsili almış, Bakıda publisistik fəaliyyət göstərmiş
böyük mütəfəkkir,
"Turan" təxəllüslü
Əli bəy Hüseynzadədir ki, öz ideyalarını (və ideallarını!)
"Həyat" qəzetində, "Füyuzat"
jurnalında həm cəsarət, həm də bütün intellektual miqyası ilə bəyan etmişdir. Onun "Türklər kimdir və kimlərdən ibarətdir?" proqram məqaləsi ideologiyadan elmə ?
türkçülükdən
türkologiyaya yol açmışdır.
Əli bəy Hüseynzadə hər nə qədər türk birliyi tərəfdarı olsa da, azərbaycançılığın
əsaslarını müəyyən
edən "türkləşmək,
islamlaşmaq, avropalaşmaq"
düsturunun da müəllifidir. Bu isə
onu göstərir ki, böyük mütəfəkkirin düşüncələri
kifayət qədər
dinamik olmuş, ictimai-siyasi proseslərin gedişini, zamanın çağırışlarını həssaslıqla əks etdirmiş, hadisələrin
önündə getmişdir.
İdeologiya ilə elmi birləşdirmək,
daha dəqiq desək, artıq yayılmağa başlamış
türk birliyi məfkurəsinin türkoloji
əsaslar üzərində
oturtmaq istəyinin nəticəsi idi ki, Əli bəy
Hüseynzadə tarixə
müraciət edir, müxtəlif dinlərin,
təriqətlərin ayırdığı
bugünkü türk
xalqlarının kökündə
eyni "din"in dayandığını xatırladırdı:
Sizlərsiniz, ey qövmi-macar,
bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi
Turan.
Bir dindəyiz biz, həpimiz həqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Əlbəttə, o, tək deyildi, həm Qafqaz türkləri, həm də ümumən türklər arasında onun məsləkdaşları
vardı. Eyni zamanda türkçülük
ideologiyası, eləcə
də türkologiya elmi tələb edirdi ki, türklüyün
coğrafi miqyası lazımi genişlikdə dərk edilsin... Bununla belə Azərbaycan türkologiyasının ilk təməlini
məhz Əli bəy Hüseynzadə atmışdır.
XX əsrin 20-ci illərində
Bakı türkologiyanın
mərkəzlərindən birinə çevrilir. Doğrudur,
Yeni Əlifba Komissiyası yaranması, qızğın fəaliyyəti,
I Türkoloji qurultayın
(1926) keçirilməsi sovet
konyukturası ilə müşayiət edilirdi,
ancaq unutmaq olmaz ki, latın
əlifbasına keçid
də, türk xalqlarının (dillərinin,
ədəbiyyatlarının, mədəniyyətlərinin və
s.) bir mərkəzdən
idarəsi (kordinasiya edilməsi) də sovet dövründən xeyli əvvəllərə
aid ümumtürk maraqlarına
daxil idi.
Bu illərin ən böyük Azərbaycan türkoloqu, heç şübhəsiz, professor
Bəkir Çobanzadə
olmuşdur. Bakıya dəvət edildiyi
1924-cü ildə "Azərnəşr"də
onun "Türk-tatar lisaniyyatına mədxəl"
("Türk-tatar dilçiliyinə
giriş") kitabı
çıxır ki, bu kitab türkoloji
dilçiliyin türkcə
yazılmış ilk dərsliyidir.
Bəkir Çobanzadə
20-ci, 30- cu illərdə türkologiyanın
bir sıra sahələrində yüksək
peşəkarlıqla araşdırmalar
aparmışdır ki,
buraya ilk növbədə
aşağıdakılar aiddir:
ümumi türkologiya
məsələləri, dialektologiya,
terminologiya, əlifba,
ədəbiyyatşünaslıq, dil və ədəbiyyat
tədrisi (metodika)... Həmin sahələr üzrə gənc kadrların hazırlanması
da Mirzə Kazımbəydən yüz
il sonra
yetişmiş türk
mənşəli ikinci
türkoloq- professorun tarixi xidmətlərindən
biridir... Və cəsarətlə demək olar ki, I Türkoloji qurultayda aparılan müzakirələrə, qəbul
edilən qərarlara Bəkir Çobanzadənin
peşəkarlığı (və milli təəssübkeşliyi!)
həm nəzəri, həm də praktik baxımdan istiqamət vermişdir.
Əli bəy Hüseynzadə kimi, Bəkir Çobanzadə də tək deyildi... Türkçülükdən türkologiyaya keçid
yeni ziyalılar nəslinin dünyagörüşündə
çox geniş bir hərəkata çevrilməkdə idi.
Ancaq
30-cu illərin ortalarından
sonra hərəkətə
keçən antitürkçü
repressiya Azərbaycan türkologiyasının ikinci
təməlini də dağıtdı. Və "Stalinin
xofu" aradan qaldırılana, yəni
60-cı illərə qədər
Azərbaycanda nəinki
türkologiya elmi inkişaf etmədi, hətta Azərbaycan xalqının türk mənşəli xalqlardan
biri olması da şübhə altına alındı.
Azərbaycan türkoloqlarının üçüncü nəsli
60-cı illərdən meydana
çıxmağa başladı,
Bakının türkologiya
sahəsindəki tarixi
xidmətlərini "xatırlayan"
Moskva 1970-ci ildə burada ümumittifaq miqyaslı "Sovet türkologiyası" jurnalının
(rusca) nəşrini həyata keçirməklə
yanaşı, Azərbaycan
(indiki Bakı) Dövlət Universitetində
Türkologiya kafedrasının
açılmasına icazə
vermişdir... Türkçülük ideologiyasının qadağan
olunduğu 70-ci, 80-ci illərdə
Azərbaycan türkologiyası
o dərəcədə acınacaqlı
durumda idi ki, ona "türksüz
türkologiya", yaxud
"antitürkologiya" demək
olardı. Az-çox
nüfuzlu türkoloqlar
fonetika, qrammatika, folklorşünaslıq kimi,
əgər belə demək olar, ideologiyadan uzaq sahələrdə çalışırdılar...
Türk xalqları arasında xüsusilə humanitar sahələrdə elmi əlaqələr yox dərəcəsində idi,
yalnız Moskva vasitəsilə (və ideya-metodoloji məhdudiyyətlərlə!)
gerçəkləşdirilə bilərdi.
Əli bəy Hüseynzadədən,
Bəkir Çobanzadədən
sonra 70-ci, 80-ci illərdə
meydana çıxan sovet türkologiyası hər nə qədər qüsurlu olsa da, bu
gün Azərbaycanda aparılan türkoloji araşdırmaların təməlləri
sırasındadır... Hər şeydən
əvvəl ona görə ki, 90-cı illər Azərbaycan türkologiyasında 80-ci illər
bilavasitə davam edir. Müstəqillik
dövründə türkologiya
qarşısında, əlbəttə,
geniş perspektivlər
açılmışdır, bununla belə elə ciddi metodoloji problemlər var ki, onları
qısa bir müddətdə aradan qaldırmaq mümkün deyil... Məsələn, bu gün Azərbaycan
türkologiyasının (və
türkçülüyünün) tarixi elmi araşdırmaların
diqqət mərkəzindədir:
Əli bəy Hüseynzadənin (və ümumən XX əsrin əvvəllərinin) türkçülük
məfkurəsi, Bəkir
Çobanzadənin (və
20-ci-30-cu illərin) türkoloji
fikri çox böyük maraqla öyrənilir, "sovet türkologiyası"nın
ziddiyyətləri, antitürkçü
xarakteri üzə çıxarılır... Bunların hamısı
türkologiyanın (və
türkçülüyün) düzgün elmi hüdudlarını müəyyənləşdirməkdən
ötrüdür.
Hazırda Azərbaycanda türkoloji
təfəkkürün perspektivlərini
aşağıdakı səbəblər,
yaxud intellektual ehtiyaclar şərtləndirir:
a) müstəqil Azərbaycan dövlətinin
ideologiyası olan azərbaycançılığın əsas tərkib hissələrindən biri
məhz türkçülükdür;
b) türk xalqları
arasındakı əlaqələrin
miqyasca genişlənməsi,
sıxlaşması ümumən
Türk məkanında,
eləcə də Azərbaycanda türkçülüyə
(və türkologiyaya)
marağı artırır;
c) bu və
ya digər dərəcədə imperialist missiya daşıyan türkoloji mərkəzlərin
süqutu milli (və akademik!) türkoloji mərkəzlərin
yaranmasını stimullaşdırır.
Müasir
dövrdə - XXI əsrin
əvvəllərində Azərbaycan
türkologiyasını aşağıdakı
təmayüllər təmsil
edir:
a) Azərbaycanda türklüyün
tarixi, yaxud daha ümumi şəkildə desək,
etnogenez problemi - etnoqrafik, linqvistik, ədəbi, mədəni
və s. baxımlar;
b) türk xalqlarının ortaq etnokulturoloji irsi məsələsi ki, ona Azərbaycan
xalqı da şərikdir - qədim türklər, onların ana vətənləri, yayılma coğrafiyaları,
pradilləri, ortaq mifologiya, epos, ədəbiyyat,
incəsənət, din və
s. (qeyd edək ki, Azərbaycanda Altay,
Ural-Altay nəzəriyyələrilə məşğul olan mütəxəssislər hələ
ki yoxdur);
c) müasir türk
məkanında gedən
inteqrasiya proseslərində
Azərbaycanın mədəni,
iqtisadi, siyasi, diplomatik və s. səviyyələrdə akademik
iştirakı.
Əlbəttə, bu təmayüllər
göstərir ki, Azərbaycan türkologiyası
öz maraq dairəsini olduqca genişləndirmiş, dilçilik,
folklorşünaslıqla yanaşı,
ədəbiyyat, incəsənət,
tarix, coğrafiya, fəlsəfə, iqtisadiyyat
və s. sahələri
ehtiva edən multidissiplinar miqyas almaqdadır. Müşahidə olunan başqa
bir mühüm cəhət Azərbaycan türkoloqlarının onlar
üçün doğma
olan Türk məkanı ilə kifayətlənməyib dünya
türkoloji mərkəzlərilə
də məhsuldar elmi əlaqələrə
cəhd göstərmələridir.
Azərbaycan türkologiyasının bugünkü
inkişaf təmayülləri
ilk növbədə ona
görə böyük
perspektivlər vəd
edir ki, milli özünüdərk
(və özünütəsdiq!)
ehtiyacından yaranan, kifayət qədər sağlam, mükəmməl
təməllərə dayanır.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.15.