Ədəbiyyata və "Ədəbiyyat
qəzeti"nə
həsr olunmuş ömür
Atababa İSMAYILOĞLU – 75
Sevirəm sənəti,
elmi,
vətəni, bir də səni
Qoy oxunsun bu şüarım,
mən öləndən
sonra.
Ələkbər Şahid
18 sentyabrda səhər tezdən qəzet və saytlarda "Tanınmış jurnalist
vəfat etdi" başlığı altında
"Ədəbiyyat qəzeti"nin
məsul katibi, Bakı Xoreoqrafiya Akademiyası İncəsənət
fakültəsinin Sənətşünaslıq kafedrasının
müəllimi, teatrşünas,
Əməkdar mədəniyyət
işçisi Atababa İsmayıloğlu (Hacıbabayev)
dünyasını dəyişib"
xəbərləri yayılmışdı.
Bu jurnalist böyük
bibimizin böyük oğlu Atababa İsmayıloğlu idi.
Vətəndən uzaqda bu xəbəri almaq daha ağırdı.
Bu xəbəri eşidəndə bir anlıq uşaqlığıma
döndüm. O sakit,
səbrli, təmkinli insanın həyatı kino lenti kimi
gözümün önündən
keçdi və o andaca bitdi. İndiki kimi
yadımdadır. Evləri
Yasamalda, "Lalə"
kafesi ilə üzbəüz doqquzmərtəbəli
binada idi. Bu balaca evdə
hər şeydən çox kitab vardı. Onlara qonaq gedəndə
əsasən evdə olmazdı, çox gec gələrdi işdən. Bu yay da axşamçağı
Bigəhdəki bağına
getmişdik. Yenə evdə
yox idi. Axşama qəzet çıxacaqdı
axı. Beləcə, vidalaşmadan ayrıldıq
bibioğlu ilə.
Elə bil ölümünü də
planlaşdırmışdı. 17 sentyabrda
"Ədəbiyyat qəzeti"nin 36-cı nömrəsi
çapdan çıxdı.
18 sentyabr 2022-ci ildə Haqqın rəhmətinə qovuşdu.
O biri nömrəni hazırlamaq üçün
həmkarlarına bir həftəlik zaman da verdi.
Beləcə, çox sevdiyi
işindən və kollektivindən sağollaşmadan
ayrıldı.
Atababa İsmayıl
oğlu Hacıbabayev
21 sentyabr 1947-ci ildə
Xırdalanda anadan olmuşdu. Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Teatrşünaslıq
fakültəsində - professor Mehdi Məmmədovun kursunda ali
təhsil almışdı.
Riyaziyyat
fakültəsinə hazırlaşan
Atababa müəllim bir təsadüf nəticəsində fikrini
dəyişir. Bu hadisəni
müsahibəsində belə
təsvir edir: "O zaman kibernetika yarananda sovet ölkəsində belə
bir ideya ortaya çıxdı ki, bu sahəyə
uşaqları cəlb
etsinlər. Bütün məktəblərdən riyaziyyatı yaxşı bilən 700 uşaq yığdılar, üç
mərhələli seçimdən
sonra 20 nəfər qaldıq. Sonuncu imtahanda artıq
proqramdan sual vermirdilər, yalnız təfəkkür qabiliyyətini
yoxlayırdılar. Kursumuz indiki
Bakı Dövlət Universitetinin yanında idi. Riyaziyyat və mexanika
keçirdik. Bizə ən
yaxşı riyaziyyatçı
alimlər dərs deyirdi. Bizdən riyaziyyat alimi
yetişdirmək istəyirdilər.
Kursu da qurtardım. Bizi onsuz da güzəştli
şərtlərlə Bakı
Dövlət Universitetinə
götürəcəkdilər. Amma elə olmadı. Bir qonşumuz var idi, Teatr İnstitutunun
rektoru Rahib müəllimin sürücüsü
idi. Bu sürücü
avtomobilin altında nəyisə düzəldirdi,
iki nəfər kənar adam
da gəlib dayanmışdı və
bunlarla söhbət edirdi. Baxdım ki, istidir, bunlar da ayaq
üstə qalıblar.
Onları həyətə dəvət etdim. Səkidə
stul qoydum, çay gətirdim. Mənimlə xeyli söhbət
edirdilər. Onlardan biri
Qulu Əsgərov imiş, o biri də Rahib Hüseynov,
Teatr İnstitutunun rektoru. Rahib müəllim mənə dedi ki, neynirsən
riyaziyyatçı olursan,
gəl sənədlərini
ver bizim instituta, orda onsuz da imtahanlar
tez başlayır. Keçərsən nə yaxşı,
keçməzsən də
qaytararıq sənədlərini
özünə, gedib
riyaziyyata imtahan verərsən. Qəbul da
oldum. Bir il candərdi
oxuyurdum, teatrşünaslığı
sevmirdim. Düşündüm
ki, buranı bitirib gedərəm Qorki adına
Ədəbiyyat İnstitutuna.
Şeirlərim radioda, Azərbaycan
gəncləri verilişində
səslənirdi. Mehdi Məmmədov
bizə ikinci kursdan dərs deməyə başladı
və mənə ixtisasımı elə sevdirdi ki, heç
yerə getmək istəmədim".
Universiteti bitirdikdən sonra "Abşeron" və "Gənclər" qəzetlərində
işləməyib. Daha sonra
Azərbaycan Teatr Cəmiyyətində redaktor,
böyük redaktor,
"Bakı teatrlarında"
məcmuəsinin redaktoru
vəzifələrində çalışıb.
1978-81-ci illərdə Azərbaycanın
Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətində Nəşriyyat
şöbəsinin müdir
müavini - 7 dildə
nəşr olunan
"Sovet Azərbaycanı
bu gün" məcmuəsinin redaktoru,
1981-87-ci illərdə Teatr
Xadimləri İttifaqının
bədii rəhbəri
olub. 1987-ci ilin
yanvar ayından "Ədəbiyyat qəzeti"ndə
fəaliyyətə başlayıb
və ömrünün
sonuna qədər burada çalışıb.
1966-cı ildən başlayaraq mətbuatda bədii əsərləri,
resenziyalarlı, araşdırmaları
və digər janrlı yazıları çap olunub. Ömrünün 35 ilini "Ədəbiyyat
qəzeti"nə həsr
edib.
Qəzetdəki fəaliyyəti ilə paralel Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Mədəniyyət
və İncəsənət
Universitetində və
Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul
olub.
A.Hacıbabayev çoxsaylı kitabların,
tədris proqramlarının
müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi
olub. Söz sənətində çoxşaxəli fəaliyyət
diapazonu ilə seçilmiş, zəhmətsevərliyi
ilə oxucuların, sənət adamlarının
dərin rəğbətini
qazanmış jurnalist
peşəkar teatrşünas,
yumorist, pedaqoq və tərcüməçi
kimi də tanınıb. Azərbaycan mədəniyyətinin,
teatr sənətinin, görkəmli incəsənət
xadimlərinin həyatının
öyrənilməsi və
cəmiyyətə çatdırılmasında,
ümumən bu sahənin Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsinə çevrilməsində xidmətləri
misilsizdir.
Atababa İsmayıloğlu "Rza
Əfqanlı", "İki
cəbhənin əsgərləri",
"Səhnə andı",
"Unudulmaz səhnə
ustaları", "Molla
Qeybullanın sərgüzəştləri",
"İnkirlə Minkirin
hüzurunda", "Mizan-tərəzi"
və b. kitabların müəllifidir. Mətbuatda
teatr və digər incəsənət
sahələrinə dair
2000-dən cox məqaləsi
dərc olunub. On cildlik Azərbaycan Sovet Ensiklopediyasının
müəlliflərindən biri, Mirzağa Əliyevin "Xatirələrim"
kitabının tərtibçisi,
Mişkinaz Cavidin
"Xatirələrim", Adilə İsmayılovanın
"Məxluqə Sadıqova",
ikicildlik "Akademik Milli Dram Teatrının fotosalnaməsi" kitablarının
ixtisas redaktoru, digər onlarca kitab və bukletin
redaktoru, bir sıra tədris proqramlarının müəllifidir.
2005-ci ildə Prezident
İlham Əliyevin Sərəncamı ilə
Atababa Hacıbabayev Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi fəxri
adı ilə təltif olunub.
Atababa müəllim
vəfat etdiyi günə qədər heç yorulmadan işləyib. Bir müsahibəsində jurnalistin "bu yaşınızda bu qədər işləyirsiniz,
heç yorulmursunuz?"
sualına "Yox.
Dünyada ən pis şey bekarçılıqdan
yorulmaqdır. Mənim üç
yerdə işlədiyim
olub. Teatrda ədəbi hissə
müdiri, universitetdə
müəllim, qəzetdə
məsul katib. Teatrda tədbirlərdə iştirak
elə, repertuar tərtib elə, universitetə yubanmaq da olmaz, bir
tərəfdə də
qəzet ağzını
açıb əjdaha
kimi material gözləyir.
Amma yenə iş yaxşıdır, insanın
ömrünü azaldan
elə bekarçılıqdır"
cavabını vermişdi.
Atababa müəllimin
məqalələrini əsasən
"Ədəbiyyat qəzeti"ndən
oxuyurdum. Tədris etdiyim Azərbaycan
ədəbiyyatı dərsində
qəzetin yeni nömrəsini gözdən
keçirib Türkiyə
Türkcəsinə çevirməyə
şeir və ya hekayə axtarırdıq. Bu zaman onun yazıları
da qarşıma çıxırdı. Bu vida yazısını hazırlayan zaman Milli Kitabxananın elektron kataloqunda Atababa Hacıbabayev açar sözü ilə axtarış apardım və saysız-hesabsız məqalələr,
müsahibələr və
kitablarını gördüm.
Onun təvazökarlığı buradan
da görünür.
Bu qədər məqaləni, müsahibəni
kitab şəklinə
salmamışdı. Atababa müəllimin
bu məqalə və müsahibələrini
təsnif edib kitablaşdırmaq isə
bizlərin üzərində
borc kimi qaldı. Əliağa
Vahid bir qəzəlində
Vətənə, xalqa calışdım, əbədi xidmət edəm.
Solmasın bağu baharim mən öləndən sonra...
- deyir. Atababa müəllimin
də qələmə
aldıqları kitablaşdırıldığı
zaman onun al-əlvan "bağçası"
solmayacaq. Onun həyata keçirə bilmədiyi arzuları da vardı: "Uşaqlıq dövrümdən
ta teatra gəlib çıxana qədərki xatirələrimi
yazmaq istəyirəm".
Bunlar isə onun arzusu
olaraq qaldı və bu xatirələri
özü ilə apardı. Allah sənə rəhmət eləsin, nurlu insan.
Vüsalə MUSALI
Ədəbiyyat qəzeti.- 2022.- 1
oktyabr.- S.11.