Görkəmli şəxsiyyətlər
İlyas Əfəndiyev
haqqında
İlyas
Əfəndiyevin yaradıcılığı çoxcəhətlidir.
Onun
romanları, povestləri, hekayələri, pyesləri
müasir həyatımızı gözəl tərənnüm
edir, xalqın inqilabi mübarizəsini, Azərbaycanda əmələ
gəlmiş böyük dəyişiklikləri dərin və
ətraflı surətdə əks etdirir.
İlyas Əfəndiyevin
əsərləri həm səlis, gözəl bədii dilinə,
həm dərin məzmununa görə, həm də yüksək
sənətkarlığına görə fərqlənir,
oxucuya böyük estetik təsir
bağışlayır. Onun kitablarında həm
körpüsalanların çətin işi, həm
neftçilərin qəhrəmanlıq əməyi, həm
müasir kəndin həyatı, həm də Azərbaycan
ziyalıları arasında mənəvi-psixoloji proseslər
inandırıcı şəkildə və dərindən əks
etdirilmişdir. Öz
yaradıcılığında yazıçı cəmiyyətimizin
mənəvi təşəkkülünü və
inkişafını diqqətlə izləyir, onun mənasını
açıb göstərir, bugünkü həyatımız
üçün də, gələcək həyat
üçün də nümunə olan adamların parlaq
obrazlarını yaradır.
Heydər
Əliyev
İlyas Əfəndiyev Azərbaycan teatrına çox
böyük töhfələr veribdir, böyük xidmətlər
göstəribdir, çox dəyərli əsərlər
yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı
başqa cəhətlərlə yanaşı, bir də ona
görə əhəmiyyətlidir ki, o öz əsərlərində
həm Azərbaycan xalqının tarixinin çox
mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə
bugünkü nəsillərə çatdırıbdır, həm
də öz əsərlərində müasir həyatımızın
müsbət və mənfi cəhətlərini çox
gözəl təsvir edibdir. Beləliklə,
xalqımızı həm tarixə hörmət bəsləməyə
sövq etmişdir və bu barədə xidmətlər
göstərmişdir, tarixi bilmək üçün
xalqımıza yardım etmişdir, eyni zamanda
yaşadığımız zamanda mənəviyyat, əxlaq,
insanlıq, Vətənə və millətə sədaqət
ruhunu aşılamışdır. Hesab
edirəm ki, xalqımız bu əsərlərdən çox
bəhrələnmişdir. Ona görə
də mən bu gün İlyas Əfəndiyevin bütün
yaradıcılığını, onun yazdığı əsərləri
böyük minnətdarlıq hissi ilə xatırlayıram.
Hesab edirəm ki, o, xalqımız qarşısında öz
borcunu, daha doğrusu, öz missiyasını şərəflə
yerinə yetirmişdir, xalqımıza mədəniyyətimizə,
teatrımıza, ədəbiyyatımıza çox
böyük irs, böyük sərvətlər
qoyub getmişdir. Güman edirəm ki, bunu
xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin
xatirəsini əbədiləşdirmək üçün qərarlar
da qəbul edəcəyik, şəxsən mən edəcəyəm,
çünki o, buna layiqdir. Belə əsərlərlə
o, onsuz da, özünü xalqın qəlbində
yaşadacaqdır.
Heydər
Əliyev
"HEYDƏR
ƏLİYEV. Elçin bizim çox istedadlı
yazıçımızdır, gənc vaxtlarından çox
dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün də
əsərlər yazıbdır. Deyəsən,
keçmişdə bu olmamışdı. Çünki bu məsələ ilə əsasən
sənin atan məşğul olurdu.
ELÇİN. Bəli, cənab Prezident.
HEYDƏR ƏLİYEV. Atan, rəhmətlik
İlyas Əfəndiyev bu işlərlə çox uğurla
məşğul olurdu və çox da gözəl əsərlər
yaratmışdı. Elçin isə daha
çox nəsr əsərləri yazırdı və dəyərli
əsərlər yaratmışdır".
Heydər
Əliyev
Heyif ki, mən bu ordeni ("Şöhrət" ordeni -
red.) İlyas
Əfəndiyevin özünə təqdim edə bilmədim,
çox təəssüf edirəm... Ancaq, eyni
zamanda, mən məmnunam ki, Elçin, sən - oğlu, onun
yaradıcılığını davam etdirirsən. Həm oğul kimi, həm də Azərbaycan mədəniyyətinin
xadimi kimi, sənin İlyas Əfəndiyevə məxsus olan
ordeni almağa tam hüququn var.
Heydər
Əliyev
İlyas Əfəndiyev
klassik ədəbi fikrin böyük ənənələri zəminində
öz üslubunu yaradan sənətkar kimi xalqımızın
söz sənəti xəzinəsinə dəyərli töhfələr
vermişdir. Yazıçının bədii
nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda
yeni mərhələnin təşəkkülünə səmərəli
təsir göstərmişdir. Azərbaycan
teatr səhnəsinin müasir simasının
formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası
özünəməxsus əhəmiyyətli yer tutur.
İlham Əliyev
İlyas Əfəndiyev əməkçilərin zəhmət
birliyini böyük məhəbbətlə və hərarətlə
təsvir edir, onların zəhmətini parlaq və real
boyalarla göstərir.
Səməd
Vurğun
Bir-birinə
həm oxşayır, həm oxşamırlar... Ustad
Cəfər Cabbarlının və İlyas Əfəndiyevin
dramaturgiyası haqqında da eyni şeyi söyləmək
mümkündür.
Nazim Hikmət
İlyas Əfəndiyev görkəmli dramaturq və
yazıçı olmuşdur, bundan ən vacibi isə odur ki,
o, böyük ziyalı və humanist bir insan olmuşdur.
Onun yaradıcılığı Azərbaycan cəmiyyəti
üçün ilham mənbəyidir və bu gün
hamımızı ruhlandıran sənət nümunəsidir...Yazıçının
böyük ürəyi, yüksək insani keyfiyyətləri
olmalıdır. Ancaq bu halda yazıçı insanları
duyğulandıra, onlarda məhəbbət və mərhəmət
hisslərini oyada bilər. Şübhəsiz
ki, İlyas Əfəndiyev "böyük ürək"
sahibi olmuşdur.
İrina Bokova
YUNESKO-nun Baş
direktoru
Məşhur
"Dədə Qorqud" dastanlarının, Nizami, Səməd
Vurğun, İlyas Əfəndiyev kimi ədəbi klassiklərin
əsərlərinin Litva dilinə tərcüməsi sayəsində
Azərbaycanın mədəniyyəti və
xalqınızın müdriklik xəzinəsi bizim
üçün daha yaxın və anlaşıqlı
olmuşdur.
Valdas Adamkus
Litva
Respublikasının Prezidenti
Həm Elçinin, həm də
Anarın yaradıcılıq aləmlərinin
formalaşmasında Azərbaycan ədəbi mühitindən
başqa, onların atalarının - XX əsr Azərbaycan ədəbiyyatı
klassikləri - Rəsul Rzanın və İlyas Əfəndiyevin
böyük rolu olmuşdur.
Çingiz Aytmatov
İlyas Əfəndiyev gələcək nəsillərin
də sevə-sevə oxuyacağı uzun ömürlü əsərlər
yaradıcısıdır.
Məmməd Cəfər
Cəfərov
Akademik
İlyas Əfəndiyev öz yaradıcılıq
xüsusiyyətlərinə sadiq qalaraq təbii insan
psixologiyasını təbii və sadə boyalarla göstərir.
Mehdi Hüseyn
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə
böyük və rəngarəng gülüstan isə,
İlyas Əfəndiyevin yaradıcılığı bu
gülüstanda öz gözəlliyi, ətri və təravəti
ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və
dolğun bir çiçəklikdir.
Mirzə
İbrahimov
İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan
ədəbiyyatının münbit zəminindən doğan,
rişələnən, getdikcə köklənən qoşa
qardaş kimi, qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq
istedadlı nasirlə mahir dramaturqu birləşdirir, birlikdə
söykək-söykəyə qaldırır...
Süleyman Rəhimov
O, Kommunist Partiyasına daxil
olmadı. Çünki əqidəsinə zidd gedə
bilmirdi...
Bəxtiyar Vahabzadə
İlyas Əfəndiyevin
- əsl roman ustasının müşahidəçilik
qabiliyyəti, təbii sənətkar gözü ilə
görmək məharəti diqqəti cəlb edir.
Mikayıl
Abdullayev
Xalq rəssamı
Unudulmaz İlyas müəllim! Özünüzlə əbədiyyət
dünyasına yazılmamış neçə şah əsərinizi
apardınız?
Mirvarid Dilbazi
Elə sənətkarlar var ki, yaratdığı əsər,
fərqi yoxdur, pyes olsun, tablo olsun, insanı
düşündürür, onun hisslərinə hakim kəsilir,
gözəlliklər aləminə çəkib aparır,
haqq-ədalət uğrunda mübarizəyə səsləyir,
həqiqəti axtarıb tapmaqda ona kömək edir.
Mənim hörmətli dostum İlyas da belə sənət
adamlarındandır.
Tahir Salahov
Xalq rəssamı
İlyas Əfəndiyev qüdrətli sənətkar
idi.
İlyas Əfəndiyev qayğıkeş ata idi.
İlyas Əfəndiyev gözəl baba idi.
İlyas
Əfəndiyev gözəl dost idi.
Tofiq Quliyev
Bəstəkar
İlyas Əfəndiyev özü bədii
yaradıcılığında görkəmli sərkərdə
olduğu kimi, övladlarını da sərkərdə kimi
yetişdirmiş, sərkərdə kimi tərbiyə
etmişdir. Biri (Elçin) nəsrimizin sərkərdəsidir,
biri də (Timuçin Əfəndiyev) sənətşünaslığımızın.
Fuad Qasımzadə
Akademik
İlyas Əfəndiyevin bütün əsərlərində...
al-əlvan rənglərə, naxışlara rast gəlirik. O, zəngin təfəkkürə,
geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır.
Həm də, mən deyərdim ki, bəstəkar
qəlbli sənətkardır.
Səid Rüstəmov
Bəstəkar
İlyas Əfəndiyev
canlılığı yaratmaq üçün heç bir
boyasını əsirgəməmişdir.
Cəfər Xəndan
Böyük sənətkarlıq səriştəsinə
və zəngin təxəyyülə malik İlyas Əfəndiyev
həqiqəti bir an da unutmur, tariximizdə
bu günü, bu günümüzdə isə tariximizin
problemlərini əks etdirir.
Fərəməz
Maqsudov
Akademik
Atam Abdulla Şaiq
İlyas Əfəndiyevi bir sənətkar və insan kimi
çox sevir, istedadını yüksək qiymətləndirirdi.
İlyas müəllim də atam haqqında
gözəl və dəyərli məqalələr yazıb,
ona ehtiram bəsləyirdi.
Kamal Talıbzadə
Akademik
İlyas Əfəndiyev
dramaturgiyasının məhsulu və məhsuldarlığı
yalnız rəqəmlə ölçülə bilməz.
Burada kəmiyyət keyfiyyətdən ayrı
deyildir. Bu keyfiyyətin, ideya-bədiilik vəzninin
özü əsl meyardır.
Mehdi Məmmədov
Xalq artisti
İlyas
müəllimin yoxluğundan ürək ağrısı ilə
söhbət açanda, daha qüvvətli bir duyğu qəlbimi
bürüyür: İlyas müəllim yaşayır, Azərbaycan
xalqı kimi, Cəfər Cabbarlı kimi, Hüseyn Cavid kimi...
Leyla Bədirbəyli
Xalq artisti
Bizim İlyas Əfəndiyev kimi nəhəng bir
dramaturqumuz olub. Demək olar ki, teatr İlyas Əfəndiyevin
hörməti ilə yaşayıb, teatrı onun əsərləri,
onun zəkası, onun hörməti saxlayıb.
Səyavuş
Aslan
Xalq artisti
60-cı illərdə
əgər İlyas Əfəndiyev Azərbaycan teatrına gəlməsəydi,
ümumiyyətlə, bizim bu sənət növü
olmayacaqdı. Bu sözün dəqiqliyinə
tamamilə əminəm və təkrar edirəm ki, nə
yaxşı İlyas Əfəndiyev teatra gəldi.
Həsənağa
Turabov
Xalq artisti
İlyas Əfəndiyev fenomeni zəngin bir aləmdir. Dalğalı,
qasırğalı bir ümmandır.
Nəbi Xəzri
İlyas Əfəndiyev
yalnız nasir və dramaturq deyil, eyni zamanda oxucu ürəyinin
ən dərin tellərini titrətməyi bacaran incə qəlbli
şairdir, lirika ustasıdır.
Xəlil Rza
Ulutürk
Azərbaycan Dövlət Dram
Teatrının inkişafını İlyas Əfəndiyevsiz
təsəvvür etmək mümkün deyil... Onun
dramaturgiyasında realizm ilə romantika, sərt həyat həqiqətləri
ilə şeiriyyət həmişə vəhdət təşkil
edir.
İsmayıl
Dağıstanlı
Xalq artisti
İlyas Əfəndiyevin qüdrəti ondadır ki, onun
pyeslərində sətiraltı məna var. O mənanı
anlayanda aktyor üçün də, rejissor üçün
də uğur qazanmaq asan olur.
Amalya Pənahova
Xalq artisti
Azərbaycan tarixi barədə klassik sənədlər
- yeddi "Qarabağnamə" var. Bütünlükdə
İlyas Əfəndiyevin yaradıcılığını mən
səkkizinci "Qarabağnamə" hesab edirəm.
Yaşar Qarayev
İlyas Əfəndiyevin pyesləri bu gün də
insanları mənəvi təmizliyə
çağırır.
Bəkir Nəbiyev
Akademik
İlyas
Əfəndiyev dahi Cəfər Cabbarlıdan sonra milli səhnəmizin
çətin, ağır və şərəfli
yükünü, az qala, yarım əsr
öz çiyinlərində apardı və Cəfərdən
sonra ikinci nəfəs verdi, milli teatrımızı yeni zirvəyə
qaldırdı, özünün "İlyas Əfəndiyev
teatrı"nı yaratdı.
Cabir Novruz
Başını uca tut!
Əziz
dostum İlyas Əfəndiyevə
Yalnız
özü üçün yaşayanların
Alnı
açıq olmur, üzü ağ olmur.
Vətəni
qəlbində daşıyanların,
Ömür bağçasının gülləri
solmur.
Biz vəcdə
gəlmişik həyat güləndə,
Zirvələrdə yanıb söz məşəlimiz.
Yox, yox,
yorulmayıb yeri gələndə
Qələmi silahtək tutan əlimiz.
Könül!
Bu şənlikdə fərəhlən, öyün,
Ünvanı aydındır sevincimizin.
Gümrahdan
da gümrah görürük bu gün,
Mahir ustadını söz incimizin.
Dostumuz nə
zaman doğulub deyə,
Söhbət yaşdan gedir yenə bu axşam.
Yaşı
mən biləntək təhlil etməyə
İcazə veriniz mənə bu axşam.
Bir
yaş calansa da yaş üstə hər il,
Bunu dərd eləmək nahaqdır, nahaq.
Dostumun
yaşını - pasporta deyil,
Ürəyinə baxıb görürəm ancaq.
Qocalıq,
cavanlıq yaşla deyidir,
Cavanlar görmüşəm qocadan qoca.
Yaşı
bəlli edən nə ay, nə ildir,
Dostum,
başını tut ucadan uca!
İlyas!
Bu şad gündə Süleyman kimi,
Ömrünün ən qaynar çağındasan sən.
Uğurlu
yollarda mərd insan kimi,
Xəzansız ilk bahar çağındasan sən.
Həmişəcavan
gör özünü, dostum,
Bu, xoş məsələhətdir dostlardan, məndən.
Yoruldum,
qocaldım sözünü, dostum,
Dilinə
gətirsən küsərik səndən!
Süleyman Rüstəm
Ədəbiyyat qəzeti.- 2022.- 1
oktyabr.- S.8-9.