Qaranlıqla işığın ötəsində
Ədəbiyyatın
mimetik mahiyyəti, sənətin mənşəyi və təsnifatı
haqda Aristotelin fikirləri hələ də
aktuallığını itirməyib. Məsələn, biz hansısa bədii
mətnin tərifini verəndə mütləq nəzəriyyəyə
istinad edirik. Aristotelin "Poetika"sı ədəbi sferada
bir növ, yol hərəkəti qaydalarını tənzimləyir.
Amma Aristoteldən üzübəri bəşəriyyət
böyük inkişaf yolu keçib, nəzəriyyə isə
dəyişməz qalır. Bu gün də biz
düşünürük ki, ədəbiyyat sonsuz və fasiləsiz
bir imitasiya prosesidir. Yazıçı alternativ dünya
yaradırsa, mütləq şəkildə gerçək
dünyaya istinad edir, mətn yaratmazdan öncə
gördüklərini mütləq şəkildə
yaddaşında fiksə edir.
Üslub
isə yazıçının barmaq izləridir.
Yazıçını mətnində tapmaq
mümkündür. Hadisələrə, insanlara fərqli
baxış yazıçının əsərinə
müstəsnalıq qazandırır, kreativ təqlid mütləq
və mütləq şəkildə adi insanların görə
bilmədiyi məqamları oxucuya xatırladır. İstanbulu
bir neçə dəfə gəzib-dolaşmışam, bu əfsanəvi
şəhər haqqında yol qeydlərimi də qələmə
almışam. Amma Orxan Pamukun "İstanbul. Xatirələr
və şəhər" kitabını oxuyandan sonra
İstanbul mənə bir az da doğmalaşdı.
Yazıçı əlindən tutub səni yeddi minarəli
şəhri qarış-qarış gəzdirir və
böyründən keçdiyin, fərqinə vara bilmədiyin
gözəllikləri sənə yenidən göstərir. Sən
özünü İstanbuldaymış kimi hiss edirsən,
şəhərin müəzzəm ab-havası içinə
hakim kəsilir. "Qara kitab"da yazdığı, "az
görürük, az bilirik, barı xəyallar quraq".
Orxan Pamuk
obrazların alt-şüurunda arxeoloji qazıntılar
apardığı kimi şəhərlərin də ruhuna
nüfuz etməyi bacaran yazıçıdır. Bu əsərləri
zəngin bir mədəni və mifoloji kontekst fərqləndirir.
Hər bir sənət adamı həmişə əsər
yaradanda onun ürəyi, canı kosmosa qalxır. Bu məqamda
mifoloji təfəkkür mütləq şəkildə
özünü göstərir. Mədəniyyətin səthi
qatını formalaşdıran inteqrasiya prosesi Şərq-Qərb
kontekstində məhz mifoloji obrazlarla yenidən canlanır.
Orxan Pamuk
bu mənada özünün sələfi Əhməd Həmdi
Tanpınar xəttinin davamçısıdır. Tənzimat
dövründən sonrakı bu reformativ hərəkat Orxan
Pamukla pik həddinə çatdı. Bu günlərdə
yazıçı dostlarla söhbətdə onun bütün əsərlərini
oxuduğumu dedim, kimsə soruşdu ki, bəs "Cövdət
bəy və oğulları"nı necə? Orxan Pamukun ədəbi
taleyini müəyyənləşdirən bu ilk əsərini,
doğrudan da, oxumamışdım. Pamuk ədəbi yola məhz
bu əsərlə çıxmışdı. Bu roman onun ədəbi
dünyasına səyahət etmək istəyənlər
üçün ən yaxşı bələdçidir.
Evə gəlib
kitabxanama göz gəzdirdim, Orxan Pamukun kitabları olan rəfə
baxdım. "Cövdət bəy və oğulları"
küskün bir tövrlə oxunma növbəsini gözləyirdi.
Özündə
avtobioqrafik məqamları ehtiva edən bu romanı
yazıçı 70-ci illərin ortalarında, 22
yaşında yazmağa başlayıb. Əsər
yazıldığı vaxtdan xeyli sonra, 1982-ci ildə çap
olunub və dərhal oxucu marağına səbəb olub. Bu əsər
Türkiyənin keçdiyi inkişaf yoluna bir işıq
salır. İşıqla qaranlıq toqquşur, mübarizə
aparır. Təsadüfi deyil ki, roman məhz işıqla
başlayır. Cövdət bəy yol boyu dərin
düşüncələrə dalıb. "Sis-duman çəkilmiş,
yerini parlaq işığa vermişdi". Sonra əsər
boyu işıqla qaranlıq bir-birini əvəz edir. Sanki bir
ailənin timsalında Hürmüz və Əhrimənin
mübarizəsi gedir. Cövdət bəy bu işıqla
qaranlığın arasında boz bir həyat sürməkdədir.
O, iş adamıdır, həyatını ticarətə sərf
edib və Qərbin yaşam tərzi ona olduqca cəlbedici
görünür. Əbdülhəmid zamanının son illərində
modernləşməyə doğru can atan Türkiyə
Nişantaşılı bir ailə modelində təqdim
olunur. Pamuk, demək olar ki, bundan sonrakı əksər əsərlərində
eyni platformadan çıxış edir. "Cövdət bəy
və oğulları" ilə yazıçı
özünün ədəb kredosunu bəyan edir. Heç
şübhəsiz, Pamuk XX yüzilin ən böyük
yazıçılarından olan Tomas Mannın "Buddenbroklar
ailəsi" romanını oxumuşdu. Burjuaziyanın həyat
tərzini, yaşayışını, siyasətini, sosial və
iqtisadi vəziyyətini əks etdirən bu roman Tomas Mannı
Nobel kürsüsünə gətirib çıxardı. Bu
baxımdan, Orxan Pamukla Tomas Mannı birləşdirən
oxşar cəhətlər az deyil. Hər iki əsərdə
üç nəslin taleyi qələmə alınıb və
bu tale burjua mədəniyyəti və əxlaqını
gözardı edir.
"Cövdət
bəy və oğulları"nda mədəni landşaft bu
cürdür: kapitalizm, millətçilər, kosmopolitlər,
mühafizəkarlar, Qərb yönümlülər... Və
bütün bunlar bir-birilə yanaşı addımlaya bilmir,
bir-birinin ayağına dolaşır. Şair Mühiddin
Bodlerin təsiriylə şeirlər yazır, Mahir Altaylı
isə qatı millətçidir, lokantada rastlaşırlar və
aralarında Türkiyənin böhranlı vəziyyətiylə
bağlı gərgin müzakirə gedir. Sən demə, belə
bir vəziyyətdə Mühiddin, gənc bir şair mütləq
millətçi olmalıdır. İmperializmə
qarşı yeganə silah milliləşmədir. Bəs bəşəri
dəyərlər? Mühiddin bu məqamda çaşqın
durumdadır - üzünü Şərqə, yoxsa Qərbə
çevirsin?
Əslində,
bu konflikt Cövdət bəyin də ailəsində
yeraltı təkanlar kimi hiss olunmaqdadır. Onun qızı
Aişə piano müəllimi gənc Cəzmiyə
aşiqdir. Siyasət onların da sevgisinə zəhər
qatır. Cəzmi dünyagörüşlü, sekulyar bir gəncdir.
O, ölkəsindəki cəhaləti, fanatizmi qəbul edə
bilmir, düşünür ki, köhnə dəyərlər
ölkəsini inkişaf etməyə qoymur. "Cahil xalq
heç zaman inkişaf edə bilməz". Onun bu fikirləri
Aişəni də əndişələndirir. Ailədə
konservativ düşüncə hakimdir. Cövdət bəyin
sivil Avropa həyat tərzini arzulamasına rəğmən
oğulları arasındakı ziddiyyət, xanımı Nigan
xanımın komformist və fatalist düşüncələri
növbəti ziddiyyətlərə yol açır. Aişənin
qardaşı onları birlikdə görüb qəzəblənir.
"Bir də ondan piano dərsi almayacaqsan! Səni bu yaz
İsveçrəyə yollayacağıq" deyir. Kosmopolit
düşüncə ilə esxatoloji baxış toqquşur.
Komformist düşüncə məsum bir qızın sevgisinə
sədd çəkir. Məmləkətin Avropalaşma
yönündəki maneələr, tərəddüdlər, təbəddülatlar
Orxan Pamuk qələmində gözlər önünə
Türkiyənin gerçək mənzərəsini sərir.
Cövdət
bəyin digər oğlu Refik Cümhuriyyətin toplumsal projelərinə
səmimi-qəlbdən inanmış gənc nəslin
nümayəndəsidir. Bir az da Balzakın "Qorio
ata"sındakı Rastinyakı xatırladır. Amma...
Rastinyakın arxasında Fransız inqilabı dayanırdı,
bəs Refik hansı ideologiyaya söykənirdi? Bu, ritorik sual
deyil, türk gəncliyinin qarşısında duran və
cavabını gözləyən həlledici bir sual idi. Refik və
Ömər türk siyasi və mədəni tarixində,
modernləşmə prosesində böyük önəm
daşıyan nəhəng dəmiryolu projesində bir araya gəlirlər.
Ömər millət vəkilinin qızıyla
nişanlanıb və hədəfləri böyükdür.
Mənfəətcil adamdır və varlanmaq, özünə
müəyyən mənsəb qazanmaq üçün dəridən-qabıqdan
çıxır. Refik onun qədər cəsarətli deyil.
Anadolunu modernləşmə yoluna çıxaran bu projenin
Nazim Hikmətdən üzübəri Oğuz Ataya qədər
Cümhuriyyət ədəbiyyatında xüsusi yeri var.
"Cövdət bəy və oğulları" məhz bu
yolun tarixçəsini nəql edir. Di gəl, ədəbi
zövqü Volterlə Stendal arasında
bölünmüş Refik üçün bu dəmiryolu
qurtuluş deyil. O, yeni burjuaziyanın nümayəndəsi ola
bilmir. Onun həyatını relsdən çıxaran hadisələr
baş verir. Bu qəlbiqırıq idealist Orxan Pamukun "Yeni
həyat" romanındakı Rıfkı əmi surətində
yenidən qarşımıza çıxır. Yeri gəlmişkən,
Orxan Pamukun bütün əsərlərində sonra
yazılacaq romanlarına işarələr var. Bu baxımdan,
"Səssiz ev"də "Cövdət bəy və
oğulları"ndan qopan qəlpələr var. Bunu
yazıçı özü də esselərindən birində
etiraf edir.
Refik
Ömər kimi fürsətcil deyil. Utopiyası Yaqub Qədri
Qaraosmanoğlunun "Ankara" romanıdır. Bu əsər
onun stolüstü kitabıdır. Yeni qurulan bir dövlətin
böhranlı dönəmlərində yalnız millətin mənafeyi
uğrunda mücadilə verən idealist gənclər bu əsərin
əsas qəhrəmanlarıdır. "Ankara"
romanındakı Nəşət Sabit bəy Refik
üçün ideal bir nümunədir. Yaxşı təhsil
görmüş bu gənc yazar milli mücadilənin ön
sıralarında addımlayır. Refik bu obrazla empati hissi
yaşayır. Onun kimi vicdanlı, əqidəli olmaq istəyir.
Üçüncü
nəslin nümayəndəsi Əhməd rəssamdır. O,
artıq dünyasını dəyişmiş atası Refikin
gündəliklərini oxuyur, bu gündəliklərdə təsvir
olunan babasını daha dərindən tanımaq, onun rəsmini
çəkmək üçün bu obraza bələd olmaq
istəyir. Amma bu cəhdlər əbəsdir. Refikin gündəlikləri
gerçəklikdən çox uzaqdır. Bu gündəliklər
heç bir işə yaramır. Bəs nə etməli? Bu məqamda
Əhməd sənətin sehrini kəşf edir: Uydurmaq, xəyal
qurmaq! Qaranlıq-işıq qarşıdurmasının
ötəsindəki gerçəkliyi məhz bu yolla yaxalamaq
mümkündür. Əhməd bu həqiqəti dərk
etmiş yeni nəslin nümayəndəsidir.
Əhməd
uşaqlığında rəssam olmağı arzulayan Orxan
Pamukun özü deyilmi?!
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 1
oktyabr.- S.3.