Anara qırx sual
Xalq
yazıçısı Anara yeni işıq üzü
görmüş "Söz dünyası"
beşcildliyinin üçüncü və
dördüncü cildləri haqqında suallar
Əvvəli ötən
sayımızda
- İsa Muğanna haqqında "Qəribə
dünyanın adamı" adlı ümumən götürəndə
çox maraqlı məqalənizdə yazıçının
"İdeal"a qədərki
yaradıcılığından imtinasını,
"İdeal" romanında tarixi dekonstruksiya
çabasını, elmiliyin bədiiliyi üstələməsini
onun kəsirləri kimi göstərir, bir sözlə,
Hüseynov İsanı qəbul edir, İsa Muğannanı isə
əsasən etmirsiniz. Qəbul etmədiyiniz cəhətlər
postmodernist nəsrə məxsus göstəricilərdir.
Bu yanaşmanızı modernist bir
yazıçının postmodernizmə keçən digər
bir yazıçıya münasibəti kimi anlamaq olarmı?
-
Postmodernizm haqqında nəzəri yazılardan da, bu cərəyana
aid edilən dünya yazıçılarından da
az-çox xəbərim var. Amma hələ də dəqiq
müəyyənləşdirə bilməmişəm ki, bu cərəyanın
mahiyyəti nədən ibarətdir. Hər
şeyin inkarı, özündən əvvəlki
bütün yazılara ironik, hətta
aşağılayıcı münasibət? Bəs, inkar etdiyinin, ələ
saldığının, güldüyünün yerinə sənin
özünün qoyduğun, yaratdığın nədir?
Məsələ bundadır. Əgər postmodernizmin əsas prinsipi destruksiya, yəni
özün ortaya bir şey çıxarmadan mövcud məşhur
mətnləri baş-ayaq etməkdirsə, lağa
qoymaqdırsa, onda bizim ədəbiyyatda ilk postmodernist Mirzə
Ələkbər Sabir olub. Böyük
Füzulinn lirik qəzəllərini ironik şəkildə təqdim
edən böyük Sabir. Amma, axı,
Sabirin məqsədi Füzulini alçaltmaq, ələ salmaq
deyildi, məqsəd Füzulinin məşhur əsərlərindən
istifadə edərək cəhaləti, avamlığı
qamçılamaq idi. Bizim postmodernistlərin
məqsədi nədir, nəyə qarşı
çıxırlar, kimlərəsə sataşmaqdan
savayı mühüm ictimai qayələri varmı?
"İdeal", şübhəsiz, ədəbiyyatımızın
dəyərli romanlarından biridir. Amma mənimçün
(bəlkə də bu, subyektiv yanaşmadır) məhz
"Teleqram", "Saz", "Tütək səsi" nəsrimizdə
dönüş yaratmış əsərlərdir.
- Sabir
Əhmədliyə həsr etdiyiniz "Ağrılı
ömür" adlı məqalənizdə
yazırsınız ki, yazıçının kolxoz
quruluşuna qarşı yazılmış
"Dünyanın arşını" romanı dərc
olunandan sonra əsər kəskin ideoloji tənqidə məruz
qalıb, bu barədə DTK-ya arayış verilib, qocaman sovet
yazıçılarından biri "Mən qoymaram ki, Sabir
Əhmədov mənim qurduğum kolxozu
dağıtsın" deyib. O ağsaqqal yazıçı kim idi və kolxoz quruluşunun
dağıldığı vaxta kimi yaşadımı?
- Gəl
bu sualın - cavab verməyəcəyim yeganə sual kimi
qalsın.
- Bu kitablardakı
yazılarınızı iki qismə bölərdim: İsa
Muğanna, Sabir Əhmədli, Yusif Səmədoğlu, Fikrət
Qoca, Maqsud və Rüstəm İbrahimbəyov
qardaşları, Vaqif Səmədoğlu, Ramiz Rövşən,
Afaq Məsud, Vaqif Bayatlı Odər haqda yazıçı Anar;
Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Tofiq Bayram, Nəriman
Həsənzadə... və digər bir çoxları haqda isə
sədr Anar yazıb. Adama elə gəlir ki, ikinci qrup
yazıçılarla ayrı-ayrı zamanlar və fərqli
planetlərdə yaşamış, birinci qrup adamlarla
sözün fəzası, ikinci qrupla isə sözün
müstəvisində qarşılaşmış, birincilərdən
qəlbin istəyi, ikincilərdən isə ağlın
hökmü ilə yazmısınız.
- Mən
nə yazmışamsa, hətta yubileylərlə, ya rəsmi
tədbirlərlə bağlı yazılar - səmimi
yazmışam, yəni heç kəs haqqında boğazdan
yuxarı söz söyləməmişəm. Amma
bu yazıların təsnifatını vermək -
hansını sadəcə yazıçı kimi,
hansını sədr kimi yazdığımı bir-birindən
ayırmaq mənlik deyil.
- Fikrət Qoca bir yazısında sizi
belə səciyyələndirir: "Sizə elə gəlir
ki, Anarı tanıyırsınız?.. Anar asan tanına biləcək insanlardan deyil.
Adama elə gəlir ki, hamıya açıqdır, ancaq, əslində,
öz içində dərindən dərində gizlənib. Ünsiyyətlidir,
guya ki, çoxlu dostu var. Diqqət etsən, görəcəksən
ki, yalqızdır, tənhadır. Nə qəm?
Allah da tənhadır". Bu
arayışla razısınızmı? Məsələn,
doğrudanmı, "dərindən dərinə" gedəndə
Fikrət Qoca dostunuz deyildi?
- Fikrət Qoca ən
yaxın, ən səmimi, ən etibarlı dostlarımdan idi.
Və yəqin ki, məni ən yaxşı
tanıyan adamlardandı. Odur ki, tənhalığım
haqqında qənaəti də yəqin, doğrudur. Tənhalığın ən ağırı
insanlar arasında yalqız olmaqdır. Bəyəm
bu mənim əsərlərimdən aydın olmur?
- Arxivinizə qarşı çox
diqqətlisiniz. Yəqin ki, ədəbiyyat tariximizdə sizin
kimi səliqəli arxivi olan ikinci yazıçımız
olmayıb. Mənim "O Adam" poemam haqqında on altı il qabaq yazdığınız məqalənin əlyazmasını
saxladığınızı görəndə heyrət elədim.
İnanıram ki, Yusif Səmədoğlunun
vaxtilə "axır ki, sənin də bir keyfiyyəli qəlyanın
olsun" deyə bağışladığı qəlyanı
da saxlayırsınız. Yanılmıram
ki?
-
Yanılmırsan. Beş il bundan qabaq
ağır ürək əməliyyatından sonra həkimlərin
qəti hökmüylə qəlyan çəkməyi birdəfəlik
atsam da, Yusifin hədiyyəsini onun xatirəsindən ən
munis yadigar kim saxlayıram.
- Əkrəm Əylisli
yazırdı: "Yusifin "Qətl günü"
romanını mən realist Azərbaycan ədəbiyyatının
bütün tarixi boyunca dilimizdə yaranmış ən
maraqlı nəsr əsərlərindən biri hesab edirəm". Həmişə hiss etmişəm ki, "izm"
konusunu elə də sevmir, bunu ciddi önəmi olmayan ədəbiyyatşünaslıq
məsələsi hesab edirsiniz. Buna baxmayaraq,
sualın cavabı mənə maraqlı olduğu
üçün verməli olacam. Ə.Əylislinin
dediyi kimi, doğrudanmı, "Qətl günü" realist
ədəbiyyat nümunəsidir? Yoxsa, sizcə,
Ə.Əylisli bu termini konseptual planda, daha geniş anlamda
işlədib?
- Əkrəm Əylislinin "Qətl günü"
romanını Azərbaycan ədəbiyyatının
bütün tarixi boyunca dilimizdə yaranmış ən
maraqlı nəsr əsərlərindən" biri hesab etməsilə
tamamilə razıyam. Bəlkə "biri" yox",
"birincisi" sözünü işlədərdim.
- Yusif Səmədoğlunun
"Qətl günü" romanı adından
göründüyü kimi, ölüm mövzusuna həsr
olunub. Və siz haqlı olaraq
yazırsınız: "...min illik poeziyamız tarixində
ölümü Vaqif kimi ciddi qəbul eləyən,
ölümlə bu qədər maraqlanan ikinci şairimiz
olmayıb". Sizcə, Səmədoğluların
ölümə məhrəm münasbətində vaxtsız
itirdikləri atalarına qovuşmaq kimi şüuraltı istəyin
rolu varıydımı?
- Çətin
cavab veriləsi sualdır. Ola bilsin haqlısan.
Atalarını yetkinlik çağlarında itirmiş Yusifin
də, Vaqifin də əsərlərində ölüm motivlərinin
çoxluğu bu böyük itkinin təsirilə ola bilər. Bəlkə də,
belədir. Amma bəlkə də, yox.
Bəlkə, bu ovqat onların daxili
dünyaduyumlarıyla bağlı idi. Hər
ikisinin vaxtsız ölümlərinin öncədən vəhylə
duyulmasındandı. Bunu kim dəqiq
təyin edə bilər ki...
- Bu sözlər sizə məxsusdur:
"...gənclikdə dostları daha çox qazanırsan, yaşlı
vaxtında isə daha çox itirirsən. Dairə daralır,
daralır. Və bu getdikcə daralan dairənin
içində mənimçün Vaqif Səmədoğlu həmişə
qalacaq". Daralan dairənin içində
daha kimər qalıb? Və dairəni son illər gənclər
hesabına genişləndirdiyiniz də hiss olunur.
- İzahın düzdür. Daralan dairənin
içində mənim nəslimdən tək-tüklər
qalıb. Yeni nəsillərə mənsub
olan insanlarla ünsiyyətim bir növ təskinlikdir. Amma o da var ki, heç kəs heç kəsi əvəz
etmir. Bəzən düşünürəm.
Bəlkə, Allahın mənə
lütfkarlıqla bəxş etdiyi uzun ömrün bir
mühüm mənası da varmış. Ömrümün
uzadılması itirdiyim insanları yazılarımda
yaşatmaq üçünmüş. Eyni
zamanda, bir dəfə yaşanılmış ömrü bir
daha xatirələrində, yazılarında yaşamaq
üçün. Bu baxımdan Marsel Prustun
həyat və yaradıcılıq təcrübəsi mənə
təsəlli verir. Yaşanmış həyatın,
qeyb olmuş illərin sorağını bir daha
yazılarınla almaq olurmuş. Bu
mövzuda mənim şeirim də var. "Yazıçı
ömrünün iki vaxtı var, yaşamaq zamanı, yazmaq
zamanı. Yaşamaq zamanı bitdi, tükəndi,
gəldi yaşamaqdan yazmaq zamanı".
- Vaqif Səmədoğluna həsr
etdiyniz "Allahla söhbət" adlı qiymətli məqalənizdə
yazırsınız: "Poeziya həyatın ölüm
üzərində qələbəsidir". Ölüm sizin
üçün nədir - əbədi yoxluq, yoxsa bir
dünyadan o birinə getmək? Əgər
ikincidirsə, bir dünyadakı həyatı başqa
dünyadakı həyat əvəzləyirsə, o, sadəcə
ani bir körpü deyilmi və belə
çıxmırmı ölüm deyilən şey yoxdur?
-
Ölümün mahiyyəti və o dünyanın
olub-olmaması o qədər ciddi məsələdir ki, bunu
bir müsahibədə müzakirə edib əsaslandırmaq
mümkün deyil. Mən bu barədə firiklərimi
qismən "Gecə düşüncələri"ndə
ifadə etməyə çalışmışam.
- Bir dəfə Rəsul Rza gənc
Vaqifin şeirlərini oxuyub və zarafatla deyib: "Vaqif
çox irəli gedib. Gərək
özümü yığışdırım".
Bilirəm ki, söhbət iki görkəmli şairdən
gedir, üstəlik, biri atanız, ikincisi yaxın dostunuzdur.
Sizi dilemma qarşısında qoysam da, sualı verəcəm.
Sizcə, Ustad bu sözlərlə öz
ardıcılına münasibətdə təvazökarlıq
eləmirdimi? Vaqif Səmədoğlunun elə bir
şeiri varmı ki, Rəsul Rzanın "Vəsiyyət"indən
irəli getsin:
...Ölülər
geri dönə bilsəydi,
mən
bu otağa bir də gələrdim,
burda
uzun bir dəqiqə
dincələrdim...
Cənnətdə
işim yoxdur,
getmərəm, dəvət etsələr belə,
Cəhənnəmi
söndürüb,
bütün ölülər
ora getsələr
belə...
Mən
xoşbəxt olardım
tabutumu
özüm apara bilsəm,
adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin
ahlardan qopara bilsəm!
- Vaqifin
hansısa şeirini (indi yadımda deyil) atama oxuyanda,
doğrudan da, zarafatla o sözləri dedi. Atamın
bu sözlərini olduğu kimi gətirərkən onu da əlavə
etmişdim ki, heç bir vaxt atamdan başqa bir şairlə
bağlı - istər nəsildaşları, istər daha
cavanları olsun - belə bir söz eşitməmişdim.
Elə bu da Vaqifin poeziyasını nə qədər
yüksək qiymətləndirdiyinin göstəricisidir.
Özü də bu sözləri elə vaxtda
deyirdi ki, o zaman ədəbi əksəriyyət Vaqifi,
ümumiyyətlə, şair saymırdı. Yəqin, Sizin nəsil bunu heç cür dərk edə
bilməyəcək. Necə olub axı,
"sazla yazı", "canla qanı" qafiyələndirə
bilən hər bir qrafoman şair sayılsın, Vaqif kimi
unikal sənətkar şair sayılmasın? Atamın sitat gətirdiyin "Vəsiyyət"
şeirini mən də çox yüksək qiymətləndirirəm.
Amma bu şeiri də, başqa sevdiyim gözəl
şeirlərini də Vaqifin şeirlərinə qarşı
qoymaq istəməzdim, Hərənin ədəbiyyatda öz
yeri var və heç kəs heç kəsin yerini dar eləmir.
Əsas olur ki, ÖZ yerini biləsən.
- Yevgeni Yevtuşenko deyirdi: "Mən
altmışıncılar nəslini qaralamağa
çalışanlara nifrət edirəm. Belə
inkarçı münasibətin əsasında bizim nəslə
nifrət durur". Bu fikrin, şübhəsiz
ki, həqiqət payı var. Amma insan təbiətinə məxsus
bu həsəddən altmışıncıların özlərində
də yoxdurmu?
-
Şübhəsiz, hər nəsildə olduğu kimi,
altmışıncılar nəslindən olanların
içində də başqasının uğuruna
qısqananlar, ancaq özünü bəyənənlər və
özlərini layiq olduğundan qat-qat uca görmək
iddiasında olanlar var. Amma Yevtuşenkonun sözləri -
onları elə bizim ədəbiyyata da aid etmək olar - daha
çox sonrakılardan kütləvi şəkildə
altımışıncılara nifrətlə yanaşanlara
ünvanlanıb. Axı, bizim altmışıncılardan
heç biri sonra gələn nəsillərdən heç kəs
haqqında "filankəsin qanını şərbət kimi
içərdim" deməyib, heç bir sonra gələnlə
bağlı belə etiraflar etməyib: "Bilirəm ki, filankəsə
böhtan atıram, onu şərləyirəm, amma bunu qəsdən
edirəm ki, qanı qaralsın, şəkəri artsın, təzyiqi
yüksəlsin, mən də bir az rahatlanım".
Yaxşı rahat olmaq üsuludur.
Bizdə də bəziləri kumir saydıqları,
pornoqrafik romanlar müəllifi Sorokin
"altımışıncılarla mübarizə yalnız
onları fiziki cəhətdən aradan götürməklə
aparıla bilər" sözlərini həyat devizləri
seçmişlər. Normal ədəbi yarışda
uduzacaqlarını öncədən bildikləri üçün
ümidləri yalnız kimlərinsə ölməsinədir.
- Bir dəfə əvəzsiz tənqidçimiz
Yaşar Qarayevin yubileyində aparıcılıq eləyəndə
unudub yubilyara söz verməmisiniz. Bu qeyri-adi
olayı necə xatırlayırsınız?
- Utanc
hissiylə. Bilmirəm necə oldu ki, dərin
hörmət bəslədiyim və yubiley gecəsini məmnuniyyətlə
apardığım Yaşara tədbirin sonunda söz verməyi
unutdum. Düzdür, Yaşar alicənablıqla
bu "qəribəliyin" üstünü vurmadı, amma mən
bunu həmişə xəcalət duyğusuyla
xatırlayıram.
- Məncə, "Söz
dünyası"nda ən işıqlı yazı
"köhnə dostunuz", "təzə düşməniniz"
Əkrəm Əylisliyə, öz təbirinizlə desək,
"Əki balaya" həsr elədiyiniz və 1969-cu ildə
"Komsomolskaya pravda"da dərc olunan
"İşıqlı pəncərə"dir. Məqalədə
yazırsınız: "Ədəbiyyat hər növ
insanın bəraət qazanmasıdır". Əkrəm
Əylisli də, sizcə, ədəbiyyatın bəraət
verdiyi adamlar sırasına daxildirmi? Yazıçı
olmaq kollaborasionizmə haqq qazandırırmı?
-
Yaxşı bildiyin kimi, vaxtilə Əkrəm Əylisliylə
yaxın dost olmuşuq. Dost olduğumuz illərdə
belə o mənim heç bir yazım haqqında xoş bir
söz deməsə də, mən onun ilk yazılarını
bəyənmişəm və Əkrəm haqqında Moskva və
Bakı mətbuatında tərifli yazılar yazmışam.
Münasibətlərimiz pozulandan, hətta "Daş
yuxuları"ndan sonra da onun təklənməsini istəmədiyimə
görə çox illər qabaq rus dilində yazdığım
və "Komsomolskaya pravda" qəzetində çap
olunmuş məqaləni ərinməyib dilimizə
çevirdim, "Azərbaycan" jurnalında dərc edildi. Əkrəmdən, təbii ki, heç bir səs
çıxmadı. "Daş
yuxuları" da başqa mətbuat orqanlarından çox
sonra çıxan və Əkrəmin əvvəlki uğurlarını
danmadan bu povesti qınayan yazı Yazıçılar
Birliyinin bəyanatı oldu. Bütün
olub keçənlərə rəğmən, şübhəsiz,
Əkrəm əvvəllər yazdığı bir çox
uğurlu əsərləriylə ədəbiyyat tariximizdə
qalacaq. Amma adının ləkəsiz
qalması üçün gərək "Daş
yuxuları" yazmasından peşman olduğunu etiraf etsin və
ən azı qaçqınlardan onlar haqqında dedikləri
üçün üzr istəsin. Xalqımızın
qəlbi genişdi. Belə bir etirafdan
sonra, bəlkə də, bu dönüklüyü ona
bağışlar. "Yazıçı
olmaq kollaborasionizmə haqq qazandırmır" fikrində isə
haqlısan.
- Tanınmış şairə,
vaxtilə ekranların gözəli olmuş Nurəngiz Günə
həsr elədiyiniz "Şeirimizin Nurəngiz
günü" adlı yazınız
"Yaddaşımızın Nurəngiz günü..."
cümləsiylə bitir. Nurəngiz xanımla
bağlı yaddaşınızda nələr var?
- Nurəngiz
xanımı şairə kimi tanınmaqdan əvvəl
radio-televiziyada işlədiyim illərdən onu mahir diktor və
gözəl bədii qiraət ustası kimi dəyərləndirirdim.
Sonralar nəsr və şeir sahəsində
maraqlı əsərlər yaratdı. İşıqlı,
üzügülər, ünsiyyətli qadın idi. Ölümü hamımızı kədərləndirdi.
Allah rəhmət eləsin. Məmnunam
ki, qızı Jalə xanım anasının xatirəsini,
adını yaşatmaq üçün əlindən gələni
edir.
- Sizin ümumən söz
dünyanızın ən əsas məqamlarından biri, bəlkə
də birincisi insan və zaman qarşıdurmasıdır.
"Söz dünyası"nın
dördüncü cildində Rafael Hüseynova həsr etdiyiniz
"Vaxt və baxt haqqında düşüncələr"
məqaləsində deyirsiniz: "Vaxtın
sınağından şərəflə keçmək
Baxtın qapısının əbədiyyətə
açılmasıdır". Əbədiyyət
sizin üçün nədir - bu dünyada insanın
adının əbədiləşməsi, onun heykəlləşməsi,
yoxsa ruhun axirətdəki xilası, əbədi cənnət
səadəti?
- Ədəbiyyatın baqiliyi həyatın faniliyinə
üsyandır. Bu çox ciddi mövzuda əlavə bir
söz deməyə ehtiyac duymuram.
- Bu kitabların quruluşunun fəlsəfi
altyapısında zamana qalib gələn və ya məğlub
olan insan durur. Üçüncü cilddə olduğu kimi,
dördüncü cilddə də bu insanlar bütöv bir
qalereyadır: Aydın Məmmədov, Nüsrət Kəsəmənli,
Arif Əmrahoğlu, Nisəbəyim, Adil Mirseyid, Sabir Bəşirov,
Nizaməddin Şəmsizadə, Çingiz Abdullayev, Mövlud
Süleymanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən,
Sabir Rüstəmxanlı, Afaq Məsud, Vaqif Bayatlı Odər,
Kamal Abdulla, İsa Həbibbəyli, Vilayət Quliyev, Natiq Rəsulzadə,
Elmira Axundova, Kamil Vəli Nərimanoğlu, Vahid Əziz, Nizami
Cəfərov, Azər Turan, Elçin Hüseynbəyli, Tehran
Əlişanoğlu, Rəşad Məcid, Elxan Zal
Qaraxanlı, Salam, Əlizadə Nuri, Səlim Babullaoğlu,
İlqar Fəhmi, Pərvin və nəhayət,
övladlarınız - Günel və Tural! Kitabı oxuyub
qapayıram və vəfatından artıq iki il
keçən Nisəbəyimin səsi gəlir: "Ədəbiyyat
sizə əmanət, Anar müəllim! Əlvida, ədəbiyyat,
əlvida, Anar!". Uzun sürən
ağır xəstəlikdən tezliklə öləcəyini
bilən, sanılı günləri qalan bir
yazıçının digər yazıçıya ədəbiyyatı
belə tapşırması nəinki Azərbaycan, bəlkə
də, dünya ədəbiyyatında analoqu olmayan hadisədir.
Bir təklifim var: dünyanı vaxtsız tərk eləmiş
bu istedadlı şairənin xatirəsini yaşatmaq
üçün onun adına poeziya
mükafatı təsis etmək və bunu hər il ən
yaxşı göstəricilərə nail olan şairələrə
vermək olarmı?
- Nisəbəyim
həqiqi qiymətini hələ də almamış çox
istedadlı və nakam taleli şairə idi. O, ağır xəstə
olan vaxtda yazdığı şeirlər çox təsirlidir.
Təəssüratımı qələmə
aldığım yazıda ifadə etməklə sağalmaz xəstəliyə
düçar olmuş insana azacıq da olsa təsəlli vermək
istədim. Onun ölümqabağı mənə
ünvanladığı sözlər də, bəlkə, bu
yazıma cavabdır. Təklifinlə razıyam, Nisəbəyimin
adına nə şəkildəsə bir
mükafat təsis etmək olar.
- "Söz
dünyası"nı oxuyanda Rəsul Rzanın "İnsan
şəkli" şeiri yada düşür. Amma bir fərqlə: o öz sərgisinə ancaq qəhrəmanların
şəklini asırdı, siz isə həm də antiqəhrəmanları
asırsınız. Bu antiqəhrəmanları bir neçə
qismə bölmək olar: bəziləri nə vaxtsa sizinlə
siyasi, bəziləri isə karyera müstəvisində
qarşıdurmada olublar. Amma sırf ədəbi-estetik,
uzaqbaşı ideoloji zəmində fikir
ayrılığında olduqlarınız da var, məsələn,
Kamal Abdulla, yaxud Azər Turan. Kamal
Abdullanın "Yarımçıq əlyazma"
romanında Dədə Qorqudun başından müqəddəslik
haləsini çıxarması, yəni postmodernist əsər
yazması sizi təəccübləndirir. Bu romanın
yazılmasından 20 il keçib, Dədə
Qorqud öz Dədəliyindən nəsə itiribmi? Sizcə,
hər hansı mətnə onun yazıldığı metodun
şərtləri daxilində yanaşmaq lazımdır, yoxsa
bütün əsərlərə vahid, ümumi bir rakursdan
baxmaq?
-
Haqqında yazdıqlarımın heç birini antiqəhrəman
saymıram. İntəhası bəziləriylə
öz üslublarında bir qədər sərt, bəziləriylə
nisbətən mülayim şəkildə mübahisə edirəm.
Həmişə yazıçı və alim
kimi yüksək qiymətləndirdiyim Kamal Abdulla mənim ən
etibarlı dostlarımdandır və onun tək mənə
deyil, oğlum Turala da xeyirxah münasibətini heç vaxt
unutmuram. Kamal haqqında iki yazımda onun nəsrini,
dramaturgiyasını və şair-tərcüməçilik
fəaliyyətini yüksək qiymətləndirmişəm,
Kamalı mükəmməl realist yazıçı hesab edirəm
və hətta özü qəbul etsə belə, onu heç
vəchlə postmodernist, illah da bu cərəyanın Azərbaycan
variantına aid edə bilmərəm. Məqalələrimdən
birində Kamalın Dədə Qorqudla bağlı bədii
yazılarında məqbul saymadığım məqamları
qeyd etmişdim, bunu şişirdib ara
vurmağa çalışanlar olsa da, Kamal yetərincə
müdrik və ədalətli ziyalı kimi hər şeyi
düzgün dəyərləndirdi. Qədim
yunanlar demiş Kamal dostumdur, amma həqiqət daha
üstündür. Dədə Qorqud
obrazına yanaşması haqqında əvvəlki fikrimdə
qalıram.
- Azər Turanın "Kamança
kompleksi" məqaləsində Qarabağ məğlubiyyətimizin
səbəbini ermənilərə qarşı ifrat humanizmdə
görməsinə etiraz edərək yazırsınız:
"Azər Turan heç bir erməni yazıçısı
"Kamança" pyesi yazmır deyəndə bundan utanmaq
yox, bununla qürur duymaq lazımdır demək istəyirsən".
Sizcə, biz nəinki Cəlil Məmmədquluzadənin
"Kamança" pyesini, hətta ədəbiyyatımızın
"Dədə Qorqud", "Xəmsə", "Leyli və
Məcnun" kimi şah əsərlərini əlimizdə
tutub, ermənilərlə danışığa getsək,
Qarabağı azad edə bilərdikmi? Hətta sülh
müqaviləsi imzalanandan sonra da ermənilərin silahı
yerə qoymaması təsdiq etmirmi ki, "Quran" oxumaqla
donuz darıdan çıxmaz?
-
Savadını, qələmini layiqincə dəyərləndirdiyim
Azər Turanın bir fikriylə
razılaşmamışdım. Azər Birinci
Qarabağ savaşında uğursuzluğumuzu "Kamança
kompleksi" ilə əlaqələndirərək, hardasa
milli mərhəmət hissini zərərli sayırdı.
Onun bu, zənnimcə, səhv qənaətinə 44
günlük zəfər müharibəmiz cavab verdi.
Aydın oldu ki, Mirzə Cəlilin "Kamança" pyesində
ifadə olunmuş humanizm, insanlıq prinsipləri xalqın qələbə
əzmi üçün Zori Balayanların
hay-küyçü "patriotizmindən" daha kəsərli
imiş. Azərbaycan ədəbiyyatının,
Azərbaycan kinosunun yetişdirdiyi gənclər canları,
qanları bahasına Şuşanın sıldırım
qayalıqlarıyla durmaşaraq düşməni məhv etdilər.
Raffinin, Sero Xanzadyanın, Silva Kaputikyanın əsərləriylə
yetişmiş erməni gənclərinin fərariliklərinə
imkan verməmək üçün onları zəncirlə səngərlərə
bağlayırmışlar. Yalançı və
saxta "vətənpərvərlik", başqa xalqlara nifrət
aşılamaq nəticədə öz xalqının
başına bəlalar açır. 44
günlük zəfər savaşımız həm də Azərbaycan
ədəbiyyatının daşnak ədəbiyyatı üzərində
qələbəsidir.
Söhbətləşdi: Əsəd
CAHANGİR
(Davamı gələn
sayımızda)
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.16-17.