Azər Turanın “Cavid idealları XXI əsr
kontekstində” mövzusunda məruzəsi
dinlənildi
Oktyabrın
5-də Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab
Sərgisi çərçivəsində cavidşünas
alim, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat
qəzeti”nin baş redaktoru Azər Turanın “Cavid idealları
XXI əsr kontekstində” mövzusunda məruzəsi dinlənildi.
Azər Turan qonaqları salamlayaraq
Hüseyn Cavidlə bağlı ölkə
başçısının imzaladığı sərəncama
toxundu, bu sərəncamın Cavidə müasir
düşüncə yönündə yanaşmaqda, əsərlərindəki
mesajları dərk etməkdə yeni bir vasitə olduğunu nəzərə
çatdırdı. Məruzəsində Cavidlə
bağlı öyrənilməyən məqamlara toxunan Azər
Turan bildirdi ki, Cavidin Türkiyədə təhsil illəri,
burada sahibləndiyi yeni bilik arsenalının mənbəyi o qədər
də geniş araşdırmanın predmeti olmayıb. Halbuki
indiki bütövlənən türk amilində Cavidin əsərlərinin
rolu danılmazdır. “XX əsrin əvvəllindən bizim
çağdaş ədəbiyyata dürüst ideoloji
müstəvidən adlayan iki müəllif var. Cavid və
Hadi” fikrini səsləndirən məruzəçi həmçinin
Cavidin 1918-ci ildə Seyid Hüseynlə birlikdə Bakıda
erməni əsirliyində olmasından, oradan möcüzə
nəticəsində qurtulmasından bəhs etdi. Daha sonra
“İblis” faciəsinin mövzusuna toxunan Azər Turan bildirdi
ki, “İblis”dən başqa Birinci Dünya müharibəsindən
bəhs edən ikinci pyes yoxdur.
Azər Turan Cavidin heç bir vaxt
sovet dramaturqu olmadığını, ən kəskin, ən sərt
dönəmlərdə belə özünün türk və
turan əxlaqına sadiq ziyalı olduğunu bildirdi: “Sovet
dövləti dinə nifrət saçan zaman Cavid “Peyğəmbər”i
yazdı, türkçülük ideologiyasının
süqutundan sonra “Topal Teymur”u qələmə aldı, burada Səlcuq
amilini ilk dəfə olaraq ön plana çəkdi. Bu əsər
həmçinin Topal Teymur obrazına verilən qiymətin,
yetirilən baxışın ölçüsünü də
dəyişdi. Cavidə qədər Topal Teymur qəsbkar,
qaniçən bir hökmdar kimi tanınırdı”.
Cavidin
özünə münasibətin isə ümummilli lider Heydər
Əliyevlə dəyişdiyini vurğulayan Azər Turan
böyük şairin nəşinin 1982-ci ildə vətənə
gətirilməsi məqamlarına toxundu.
Görüş
iştirakçıların sualları əsnasında davam
etdi. Məruzəçi turançılıqla bağlı
ona ünvanlanan suala cavab olaraq Əli bəy Hüseynzadə
amilinə diqqət yetirdi. Əli bəy Hüseynzadənin
“Hali-vətən” şeirini gerçək vətənin
obrazını, səciyyəsini vermək baxımından
“ilk”lərdən adlandırdı.
Daha sonra
tədbirdə iştirak edən professor Qəzənfər
Paşayev söz aldı. O, Azər Turanı böyük
şəxsiyyət, ədəbiyyatçı İmamverdi
Əbilov ocağının layiqli varisi hesab etdiyini bildirdi,
onun Cavidlə bağlı müstəsna xidmətlərinə
toxundu, hər həftə çap etdiyi “Ədəbiyyat qəzeti”ni
ədəbi mühitdə misilsiz, analoqu olmayan hadisə
adlandırdı və belə gözəl məruzəyə
görə təşəkkürünü bildirdi.
Sonda tələbələ
və oxucularla xatirə şəkli çəkildi.
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.6.