Ulu babalarımız bayatlar
(Qəzənfər
Paşayev. "Azərbaycanda
və İraqda bayatlar". Bakı, Elm və Təhsil,
2022, s.270)
"Biz hər şeydə məna
axtaran varlıqlarıq... Ona görə də çox erkən
dövrlərdən etibarən həyatımızı
böyük səhnəyə yerləşdirməyimizə, səhnəarxası
qanunauyğunluqların olduğunu düşünməyimizə,
dünyadakı ümidsizliyə və xaosa rəğmən həyatda
dəyərlərin və mənanın olduğunu qəbul
etməyimizə imkan verən hekayələr yaratdıq".
K.Armstronq
Mənalı
ömrünün hər anını elmi axtarışlara həsr
edən professor, Əməkdar elm xadimi Q.Paşayev yenicə
işıq üzü görmüş kitabını mənə
bağışlayanda diqqətimizdən kənarda
saxladığımız, bu səbəbdən getdikcə bizdən
uzaqlaşan, etnik mənşəyimizi təşkil edən
Bayat boyunun arxaik kökləri, onun Azərbaycan xalqının
təşəkkülündə tarixən oynadığı
rolu fikirləşməyə məcbur oldum, istər-istəməz
Oğuz boylarından olan Bayatlar haqqında hələ
keçən əsrin 60-cı illərinin ortalarında
"Azərbaycan dili tarixindən" üç il bizə
mühazirə oxuyan pofessor Əbdüləzəl Dəmirçizadənin
vaxtilə dediyi sözləri yadıma saldım: "IX-XI əsrlərdə
səlcuqlar Azərbaycana gəldiyi zamanı burada
qarşılaşdıqları yerli türkdilli tayfalarla tez
qaynayıb-qarışdılar... Deməli, bayatların Azərbaycanda
mövcudluğunu təkcə IX-XI əsrlərlə
bağlamaq düzgün deyil"...
Türk boylarının Azərbaycan torpağına gəlişi
həm miladdan öncəki yüzilliklərə, həm də
eramızın sonrakı illərinə təsadüf edir. Əgər nəzərə
alsaq ki, Altay dağları ərazisində yaşayan türklərin
maddi mədəniyyət qalıqları onun qırx beş min
illik tarixini təsdiqləyirsə, bu halda onların zaman-zaman
Qərbə, o cümlədən Azərbaycana gəlmələrini
IX-XI əsrlərlə və ya sonrakı dövrlərlə,
xüsusən Teymurun işğalçı ordularının
gəlməsi ərəfəsindəki illərlə necə
bağlayaq?!. Mütəxəssislərin
dediyi kimi, Azərbaycanda ilk sosial birliklər e.ə. V minillikdə
formalaşmış, ölkənin e.ə. III-II minilliklərdəki
əhalisi Qafqaz-türk mənşəli olmuşdur. Bayatlar Oğuzun 24 tayfa birləşməsinin ən
nəhəngi olmağı etibarilə ölkəmizə həm
Şimaldan, həm də Cənubdan daxil olmuşlar. XX əsrin 20-30-cu illərindən bayatların
(Oğuzların -M.Ə.) Azərbaycanda
mövcudluğunu, Ə.Abid, Ə.Dəmirçizadə, M.H.Təhmasib
söyləsələr də bu sahədəki
araşdırmaların sərhədləri genişlənməmiş,
repressiya illərinin amansız təqibləri və təsirləri
ucbatından işlər yarımçıq
qalmışdır... Deyilənləri qısa xülasə ilə
təqdim etməklə aşağıdakıları yada
salıram: Oğuzun ən böyük tayfa ittifaqı olmaqla
Bayatlar əski zamanlarda Dərbənd və onun ətrafındakı
geniş ərazilərdə, sonra bütün Azərbaycan ərazisinə
yayılaraq məskunlaşmışlar.
Etnosun mənşəyini totemist, kosmoqonik
görüşlərlə bağlamaq əski türk inanclar
sistemində aparıcı mövqedə olub, bədii
düşüncənin sonrakı mərhələlərində
mifik qəhrəman obrazının yaranmasında böyük
rol oynamışdır.
Türk-Azərbaycan
mifologiyasında ideologiyanın ilkin rüşeymlərini
özündə saxlayan inanclar sisteminin təşəkkülü
və inkişafına nəzər salsaq burada bir-birinin
davamı olan mifik və mədəni qəhrəmanları
aydın görmək olar: Ahura Məzda (Hörmüz),
Xızır peyğəmbər, Oğuz Kağan və Dədə
Qorqud. Sonuncu ikisi tarixdən əsatirə
adlanmış mədəni qəhrəmanlardır. Bayatların əcdad hesab etdikləri, ümumtürk
totemi Boz qurd olmaqla hər tayfanın onğonu, inanc
bağladığı heyvanlar - öküz (buğa), at, ilan,
əjdaha, zümrüd və ya Simurq quşu (əfsanəvi
olsa da) və Baygu quşudur. Bəzi mənbələrə
görə bu Bayquş, bəzilərinə görə isə
Baygu quşudur (Simurq quşudur. "Məlikməhəmməd"
nağılı, - "Ağ atlı oğlan" və s.).
Şimali və Cənubi Azərbaycanda, İraq ərazisində
rast gəldiyimiz Quşçu adlı kənd və qəsəbə
adları Bayqu quşuna olan inancla bağlıdır. Təkcə Siyəzən
rayonu ərazisində Dağ quşçu, Köhnə
quşçu, Quşçular, Şabran rayonu ərazisindəki
Çöl quşçu kəndləri və s. buna misal olar
bilər. Mənbələrin verdiyi məlumata görə,
Bayat tayfasında Baygu quşuna inancı təsdiq edən
xüsusi mərasim keçirilərkən
"Bay
quş mənəm, bay quş mən
Hər
quşlardan yey quş mən"
- misraları ilə başlayan nəğmə
oxunmuşdur.
"Dədə
Qorqud" dastanında Salur Qazan xanın titullarından biri də
onun "Ulaş oğlu, tulu quşun yavrusu kimi səciyyələndirilməsidir
ki, bu da Baygu quşuna xitabdır"...
Baygu bütün ehtimallara görə bu gün də təsəvvürlərimizdə
müqəddəs quş kimi qalmışdır. İslamın qəbulundan
sonra ona münasibətlər dəyişmiş, Bay qu
bayquşla əvəzlənmiş, ona bəzən
quşların "seyidi", bəzən də sadəcə
olaraq xarabalıq quşu kimi baxılmışdır. Qazax və qırğızlarda Baygu quşuna olan
münasibətdə həmin inanc və təsəvvürlərin
saxlanmasının şahidi oluruq. Muxtar Auezov
"Abay" romanında bunu nəzərə alaraq
yazırdı: Abay qiymətli bəy paltarı geyinmişdi,
başına qoyduğu çalması bayquş lələkləri
ilə bəzədilmişdi"... Qazaxların qədim təsəvvürlərinə
görə Bay quş xoşbəxtlik gətirən ulu əcdad
hesab olunmuşdur...
Bayat sözü titul, hörmət, əsl-nəcabət,
zadəganlıq mənasında işlədilmişdir. Bu tayfa
oğuzun digər boylarına nisbətən şeirə,
musiqiyə, ümumiyyətlə, sənətə daha
çox meyilli olmuşdur. Bayatların
bayatı şeir şəklinin izlərinə hələ
V-VII əsrlər uyğur poeziyasında rast gəlirik. Bayat boyu dünya mədəniyyətinə Dədə
Qorqud adlı sənətkar və müdrik filosof, "Kitabi-Dədə
Qorqud" kimi həmişəyaşar epos vermişdir. Bayatların yerləşdiyi ərazilər Azərbaycanın
şimal regionları ən qədim ərəb mənbələrində
"Huristan", "Gülistan" kimi (Pərilər, mələklər
məskəni) adlandırılımışdır.
Burada yaşayan insanlar dünyanın ən gözəl
irqinə mənsub olub, özünün cəsurluğu,
igidliyi, gözəl qaməti ilə seçilib. Belə
gözəl bədəndə olan gözəl ruh və fikirlər,
həmin insanları hürriyyət və azadlıq yoluna
yönəldir (Ə.Hüseynzadə).
Xızı,
Quba, Dərbənd regionlarında, Ata dağ (Dübrar
dağı) - Baba dağ və Şah dağı ərazisində
Təbriz-Gəncə - Şamaxı və Qubadan Dərbəndə
gedən yolun ətrafındakı ərazilərdə, o
cümlədən Zöhrabkənd kəndi ətrafındakı
ərazilərdə çoxsaylı yer və dağ adları
oğuzlardan qalma, Dədə Qorqud eposunda adı çəkilən
yerlərdir. Ata dağ (Dübrar) ətəklərində
yerli əhalinin tez-tez adını çəkdiyi Qazan
yaylağı, Qazan bulağı, Pirzada yaylağı
Çoban qalası (qayası), Çoban dağı, Geyikli
dağı, Qatar daşları, Qara dağ, Qara göl, Qara
nohur, Qara meşə və s. kimi toponim və hidronomlar dediklərimizi
sübut edir.
Azərbaycanda Bayatların məskunlaşması
heç şübhəsiz, qeyd etdiyimiz kimi nə IX-XI, nə
də XIII-XIV əsrlərlə bağlı deyil. XIX əsrin
40-cı illərində Rəşid Əfəndi adı ilə
Orta Asiyanı səyahət edən yəhudi mənşəli
macar türkoloqu və səyyahı Armin Vamberi
özünün "Orta Asiyaya səyahət" adı
etnoqrafik əsərini nəşrə hazırlayarkən
türkmənistən və Orta Asiyada Bayatların
adını çəkməmişdir. Burada
adı çəkilən tayfalar türkmənlər,
Sarıklar, Ərsarilər, Təkələr, Sarılar,
Yomutlar, Göklənlər, Atalar, Çovdarlar olmuşlar.
Əmir Teymurun istilaçı qoşunları həmin
ərazilərə yaxınlaşdıqca onlar Xorasan və Azərbaycana,
oradan Anadoluya, bir qədər sonra Şam (Dəməşq) və
Rum ellərinə (rumlular) köçmüşlər. Göründüyü kimi, burada Bayatların adı
çəkilmir. Bir daha qeyd etməyi vacib
bilirik ki, bayatlar ən azı Hun türkləri zamanından Azərbaycanda
məskunlaşmışlar. Türkmən
tayfalarının XII-XIV əsrlərdə Azərbaycana və
kiçik Asiyaya köçmələrindən xəbər
verən G.Dümezil, A.S.Tvertinovə, Lor Melikova Səyyar,
D.M.Petruşevski, B.Həqqi və başqalarının əsərlərində
də Bayatlar haqqında məlumata rast gəlməməyimiz
bunu bir daha təsdiq edir.
Bəzi tarixi mənbələrə görə, Xəzəzm
bayatları Əmir Teymurun gəlməsindən qabaq hökmdar
Cəlaləddinlə əvvəlcə Xorasan tərəflərə,
sonra isə Şam və Rum elinə köç etmişlər. Göründüyü kimi,
bayatların digər oğuzlar kimi köç etmələri
fasilələrlə olmuşdur...
Dərbənd (Babül-əvbab) (...antik dünyanın
tarixi-mədəni mərkəzlərindən olmaqla tarixi
miladdan öncəki yüzillikləri ilə səsləşir. Akademik
A.Kudelinin fikrincə, şəhərin inşası e.ə.VIII-VII
yüzilliklərlə bağlıdır, bu cəhətinə
görə o, antik dünyanın digər şəhərləri
ilə rəqabət apara bilər. Qədim
dünyanın elə bir hökmdarı, sərkərdəsi
olmamışdır ki, burada öz qılıncını və
taleyini sınamamış olsun! Bir deyil, bir neçə
ölkəyə giriş qapısı olan Dərbənd
özünün gözəl təbiəti və sərvətləri,
strateji mövqeyinə görə dünya fatehlərinin diqqətini
çəkmişdir... Burada sənətkarlıq,
xalçaçılıq və zərgərlik, şeir və
musiqi özünün ən yüksək inkişaf səviyyəsinə
çatmış, əhalisi şad və firavan
yaşamışdır.
Dərbənddə yaşayan əhali əsasən
bayatlardan ibarət olmuşdur. XI-XII əsrlərdə
Dərbənd Peyğəmbər (ə.s.) nəslinə qohum
olan haşimilər tərəfindən ədalətlə idarə
olunmuşdur.
Əmir Məhəmməd, Əmir Müzəfərəddin
ibn Məhəmməd, Əmir Bagbars ibn Müzəfərəddin
şeir-sənət adamlarını himayəyə
götürüb onlara qayğı göstərmişdir. Belə ki,
Ə.Xaqani Əmir Müzəfərəddin ibn Məhəmmədə
qəsidə ithaf etmiş, onun ucalığından söhbət
açmışdır. Onun oğlu Bəkbars
ibn Müzəfərəddin Nizamiyə qayğı göstərmiş,
ona türk gözəli Afaqı (Appaq) və xeyli hədiyyə
göndərmişdir. Məlik əl-Adil (ədalətli
əmir) adına layiq görülən
Əmir Bəkbars əyyamında Dərbənd
özünün intibah dövrünü yaşamış,
buranın əhalisi iki möhtəşəm sədd
arasında qorxu və təzyiqlərdən kənar
yaşamışdır.
Nizami Gəncəvi
özünün ideal qəhrəmanı İskəndəri
"Xoşbəxtlər ölkəsində" təsvir edərkən
məhz Dərbəndi nəzərdə tutmuşdur... Dərbənd
əhalisinin əsasən Bayatlardan ibarət olmasını
Orta əsr səyyah və salnaməçiləri Dədə
Qorqudun qəbrini görərkən buna əmin olmuşlar...
Dərbənd ətrafından başlamış İraq
və kiçik Asiyanın ərazilərində məskunlaşmış
Bayat tayfaları bir-birindən nə qədər uzaq ellərdə
yaşasalar da, ruhən həmişə yaxın olmuş, məişətləri,
mərasimləri eyni olmuşdur.
Professor Qəzənfər Paşayevin böyük vətəndaş
təəssübkeşliyi və məsuliyyəti ilə
yazdığı "Azərbaycan və İraqda Bayatlar"
kitabı çox mətləblərdən xəbər verir. Bir vətəndaş
yanğısı ilə o, bir-birindən ayrı
salınmış bir xalqın, eyni kökə bağlı
olduğunu göstərməklə onun başına gətirilən
müsibətlərdən məlumat verir. Əgər
Şah Xətai Bayatların bir qismini Dərbənd ətrafına
köçürməklə ölkəsinin şimal sərhədlərinin
möhkəmlənməsinə xidmət göstərirdisə,
onun nəslinin ləyaqətsiz davamçısı, "cənnətməkan"
ləqəbli (əslində "cəhənnəmməkan")
varisi I Şah Abbasın siyasəti mənfur idi. Tarixi mənbələrdə oxuyuruq;
"Şahın anası və nənəsi dövlət
işlərinə həddən ziyadə qarışır,
türkmən ağsaqqallarının mülk və
torpaqlarını əlindən alıb, özlərini zindana
atdırırdı. Türkmən
ağsaqqalları da yığışıb şahın nənəsi
və anasını tikə-tikə doğrayıb
öldürdülər. Şah qorxudan səsini
çıxarmadı...". Ancaq şah çox böyük məharətlə
öz qisasını alır. Türkə yad olan etnik
qrupları Azərbaycana, Azərbaycan türklərini isə
İraq və İranın müxtəlif vilayətlərinə
köçürür... Sonra isə dövlətin
paytaxtını Qəzvindən İsfahana köçürməklə
onu Təbriz şəhəri kimi əyalət şəhərinə
çevirir...
Prof. Q.Paşayev həmin əsəri yazmaqla tariximizin sərhədlərini
genişləndirərək oğuzun bu yaradıcı və
möhtəşəm boyunun tarixi köklərini üzə
çıxarmış, onun haqqında zəmanəmizə qədər
yazılanları sərf-nəzər etmiş, ensiklopedik bilgi
verə bilmişdir. Bir vaxtlar "Altı il Dəclə və
Fərat sahillərində" kitabını yazmaqla
bütöv Azərbaycan ictimaiyyətinin (yasaq və
qadağalara baxmayaraq) diqqətini özünə cəlb etdi.
Hələ gənclik illərindən onun vətəndaş
yanğısı ilə elm aləminə gəldiyi məlum
oldu... Bir-birindən artıq qiymətli əsərləri ilə
ədəbiyyat tariximizdə öz sözünü dedi,
İraqın sosial-siyasi, mənəvi həyatına onun qədər
dərindən bələd olan, bütöv İraqda hörmətlə
adı çəkilən ikinci bir şəxs olmadı. O, əsl
İraqşünas alim kimi özünü tanıtdı.
Kitab hər şeydən öncə özünün tərtibatı
ilə diqqəti cəlb edir. Burda təkcə
Bayatlar haqqında məlumat verilmir, bu xalqın haqqında
tarixi mənbələrdə olan məlumatları verib onlara
öz münasibətini bildirməklə kifayətlənmir,
onun yaratdığı "Kitabi-Dədə Qorqud"
dastanı haqqında yazılanlara özünün alim-vətəndaş
münasibətini bildirir. Yuxarıda dediyim kimi hörmətli
professor əsəri yazarkən bu vaxta qədər
oxucularımıza məlum olmayan, ya da az məlum
olan mənbələrə də müraciət edərək
onları araya gətirmiş oxucusu ilə tanış edir. Bu
müəlliflər prof. Faruk Sümer ("Oğuzlar Türkmənlər")
tarixləri, boy və təşkilatı, Dastanlar (B., BXOR,
2013, 456 s), İraqlı prof. dr. Sübhi
Saatçı və dr. Şəmsəddin Küzəçidir.
Prof. S.Saatçının "İraq Türkmən
boyları" (İstanbul, 2015), Dr. Ş. Kuzəçinin
"İraqda Bayat Əşirətləri" kitabları Azərbaycan
oxucusu üçün yenidir, hər üç alimin Bayatlar
haqqındakı məlumatları yeni və maraqlı
olduğu qədər tarixi reallıqları əks etdirir.
Bunları
nəzərə alaraq professor Qəzənfər Paşayev
özünəməxsus səmimiyyətlə həmin əsərləri
oxucusuna təqdim edir...
İlk dəfə
Xalq şairi Rəsul Rza Sovet nümayəndə heyətinin tərkibində
İraqa gedərkən rastlaşdığı, dili, dini bir
olan soydaşlarımızı görərkən heyrətdə
qalmış, onlarla maraqlanmış, vaxtilə Azərbaycandan
köç edib gəldiklərini öyrənib soraq etmiş,
1959-cu ildə Azərbaycan jurnalında özünün
"Uzaq ellərin yaxın töhfələri" adlı məqaləsini
yazaraq İraqda yaşayan soydaşlarımızın eyni
kökə malik olduqlarını göstərmışdi. Bundan sonra prof. M.H.Təhmasib özünün
"Uzaq ellərin yaxın töhfələri haqqında"
adlı məqaləsini 1961-ci ildə yazaraq onu elmi ictimaiyyətə
təqdim etdi. Alim ilk dəfə
tarixi-müqayisəli metod əsasında Azərbaycan xalq
şeirindəki bayatılarla İraq Türkmənlərinin
xoyratlarının müqayisəsini vermiş, belə bir məntiqi
nəticəyə gəlmişdir ki, fərq yalnız ləhcə,
ifa xüsusiyyətləri ilə bağlıdır. Onlar eyni mənşəyə malik olub, eyni (arxaik)
şeirin formal-poetik xüsusiyyətlərini əks etdirir.
Prof. Qəzənfər Paşayevin İraq
Bayatları haqqındakı araşdırmalarının sərhədləri
daha geniş və çoxcəhətlidir. O, İraq
Bayatlarının məskunlaşdığı coğrafi əraziləri
gəzmiş, onların tarixi köklərini, etnik-milli
xüsusiyyətlərini, məşğuliyyət sahələrini,
diqqətlə izləyib öyrənmişdir.Tarixi məlumatlara
dərindən bələd olub, həyat təcrübəsi əsasında,
gözü ilə gördüklərini, əyani
tanışlığı, ziyalılarla elmi-ədəbi əlaqələri
sayəsində Azərbaycan auditoriyasında zəngin və
silinməz təsəvvür yarada bilmişdir...
Kitabda
Şərqin ustad şairi, anadilli poeziyamızın klassiki Məhəmməd
Füzuli haqqında yığcam məlumatı oxuyanda xeyli
sevindim, bir neçə kəlmə sözlə təsəlli
tapdım... M.Füzulinin İraqın Qaranaz kəndində,
Süleyman kişinin ailəsində dünyaya göz
açdığı, boya-başa
çatdığını bildim... Onu da bildim ki,
böyük Azərbaycan şairi buradan Kərbəlaya gedib...
Kərkük
və Mosul ətrafında və digər ərazilərdə
yaşayan Bayatlar haqqında verilmiş zəngin etnoqrafik məlumat,
kənd və qəsəbə adları, onlarda yaşayan
insanların sayı haqqındakı məlumatlar əslində
kiçik ensiklopediyadır, o gələcəkdə tarix və
ədəbiyyat tariximizin yenidən yazılmasında əhəmiyyətli
rol oynayacaq...
Gənclik
həvəsi ilə, ilhamla, yorulmadan yazıb-yaradan professor Qəzənfər
Paşayevi səmərəli elmi axtarışlarına
görə təbrik edir, ona daha böyük uğurlar arzu
edirik...
Məmməd Əliyev
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.10-11.