Getdi
Dünya
qayğılarından,
Tanış-biliş, qor-qohum,
ya sevgi uyğusundan
sıyrılıb şimşək
kimi,
ayrılmağı bacardı...
Dövrü, dövlətiylə də
kəsdi ilişgiləri.
Şöhrət, hörmət, vəzifə
gördü ki, boşunadı.
Hamıyla haqq-hesabı
bitirib birdəfəlik,
yaşamağa başladı.
Milyarderlərin belə,
kəndinə qıymadığı,
ağla gətirmədiyi
keflər sürdü,
yaşadı.
Sufi babalar kimi
"alçaq könüllü"
oldu.
Hankı
səmtə yürüsən,
Allaha doğru
yoldu.
Cındırından cin hürkdü,
Gördü fikir də yükdü.
İçdi buz bulaqların
şır-şır axan suyundan,
Bağçalarda bayıldı
Çiçəklərin iyindən.
Cır meşə meyvələri
naharı, şamı
oldu.
Şax-şəvəldən qurduğu
yatağı, damı
oldu.
Gül-çiçəklə oynadı
kəpənək, arı
kimi.
Ağaclara sarıldı,
həsrətli yarı
kimi.
Hərdən də, quş quşladı,
ov ovladı özüyçün.
Çır-çırpıdan çatdığı
ocaqda kabab yedi.
"Nə qədər ki, sağam mən,
Şaham,
sultanam" - dedi.
Bir gün mənsiz olacaq
Onsuz da, qoca dünya.
Guya ki, var olanda
almışdı vecə
dünya?
Gələndə nə gətirdim,
gedəndə nə aparım?
Dünyamızın dadını
hər anımda taparım.
Yaşı əllini keçmiş,
Qəlbi
uşaq qəlbidir,
Onun dayandığı yer
Himalaydan qəlbidir.
Körpə uşaqlar kimi
bulduğuna sevindi,
Hər anında var oldu -
Dəm indidir, dəf indi.
Köhnə velosiped də
tapdı bir gün özünə,
düşdü gözəlliklərin
cığırına, izinə.
Könlündən nə keçdisə,
Onun peşinə
düşdü.
Gözündə nə güldüsə,
onun eşqinə düşdü.
Bir ay çobanlıq etdi,
bir ay odunçu oldu.
Bir ay şahmat oynadı,
bir ay tütünçü
oldu.
Dağda
kərənti ilə
ot da çaldı bir ara,
Canından axan tərə
dəyərdimi pul-para?
Ən gözəl musiqi də
təbiətin səsiymiş.
Ən ağıllı adam
da,
bunu duyan kəsiymiş.
Məsciddə gecələrdi,
ya da karvansarada,
hərdən yoldaş
olardı
bomju, avarası da.
Varlığa sevinərdi,
hər haya haylanardı.
Öz-özündən dəmlənər,
özündən hallanardı.
Yayda çayda çimərdi,
qış qarla yuyunardı.
Ürəyi təbiətlə
həmahəng döyünərdi.
Nə bir istəyi vardı,
Nə də ki, bir
arzusu,
olmuşdu olacaqlar
hərisi, tamarzısı.
Sözə də sevinərdi,
Gözə də vurulardı,
Bu saflığa tuş gələn
özü də durulardı.
"Ruh bədəndən nə vaxtsa
uçacaqsa, indidən
ruhuma yardım edim,
niyə vaxtı ləngidim?" -
Sorğusuna varınca,
ucalmışdı gözündə
cücü, mücü,
qarınca.
Nəfəsim də, ruhum da,
canımdan çıxacaqsa,
Sevdiyim hər şey məni
yandırıb yaxacaqsa,
qorxu-sorğularımdan
soyunub yaşamalı.
Yenidən bu dünyanı,
bütün bu kainatı
geyinib yaşamalı.
Dünyada əriməli,
dünyada kiriməli,
İlahi
dərgahına
dünyadan yürüməli.
Hər şey sona doğrusa,
Hər şey "O"-na doğrudur.
Hər şey əbədiyyətə,
O bir ana doğrudur.
O bir anın sevgisi,
sonun sorağındayam.
Sonum Yeni dünyadır,
"SƏN"in sorağındayam.
Hər şey əgər
"SƏN" isə,
"SƏN"də hər şey var isə,
axı nəyimə gərək,
"MƏN"im mənə
dar isə.
"Hər şeydə varam" - deyib,
bu dünyayla barışdı,
Gözəllik aşiqiydi,
sevgilərə calaşdı.
Bu da, bir ömrün
sonu -
Özünü tanıyandan
haqqı əyən
olmadı.
Günlərin bir günündə
Qeybə
çəkildi sanki -
O gündən bir də onu
"Gördüm" - deyən, olmadı.
Xan Rəsuloğlu
Ədəbyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.15.