Mənəviyyat və
yaradıcılıq yollarında
Baba Babayev-70
Onun yaradıcılığını mümkün
olduğu qədər izləyirəm; izləyirəm deyəndə,
eyni cameədə işləyirk, müzakirələrdə
bir yerdə oluruq, yazdıqlarını qaçırmıram. Əvvəlcə
rastlaşandan-rastlaşana, son illərdə isə Ədəbiyyat
İnstitutunun dəhlizlərində görüşüb hal-əhval
tutur, fikir alış-verişi aparırıq. Tədqiqat
obyektlərimiz də çox zaman üst-üstə
düşür; yeni dövr və XX yüzil Azərbaycan ədəbiyyatının
araşdırılması ilə məşğul olan
çox az sayda ədəbiyyatşünaslardan
biridir. İndi özünü çətinə salan, ədəbiyyatşünaslığın
mürəkkəb dövrünü, mövcud
boşluqları, həll olunmamış problemləri
araşdıran ədəbiyyatşünasa böyük ehtiyac
var. Bu mənada Onu mən çağdaş ədəbiyyatşünaslarımızın
görkəmli nümayəndələrindən biri hesab edirəm;
bu cür alimlər sayəsində dövrü, onun problemlərini
bütün təfərrüatları ilə öyrənilir,
araşdırılır, zamanla araşdırılması
çətinləşən ədəbiyyatşünaslıq
problemləri, ədəbi faktlar elmi həllini tapır. Yəqin ki, özü də bunun fərqindədi,
ona görə ciddi-cəhdlə yeni-yeni məqalələr
yazır, elmi, bədii kitablarını nəşr edir. Bu, Onun həyat tərzidi; ədəbiyyatla nəfəs
almaq, mümkün olduğu qədər boşluqları
doldurmaq tədqiqatçı xarakterindən və daxili, mənəvi
dünyasının zənginliyindən irəli gəlir.
O, həm də bir mənəviyyat adamıdır; təkcə
elmlə məşğul olmur, həyatı boyu paralel olaraq
müəllimlik edib, cəmiyyətdə maarifçilik rolunu
üstünə götürüb, tələbələr,
magistrlər, doktorantlar hazırlayıb. Mənəvi
dünyası təkcə onun araşdırmalarındakı
obyektivlikdə, hər şeyi təmiz şəkildə
görməsi ilə məhdudlaşmır, yazdığı
hekayələrində, esselərində bədii şəkildə
ifadə olunur. Mənəviyyat
işığı Onun keçdiyi həyat yolunda,
yaradıcılığında, gündəlik
davranışında, insanlara münasibətində də
hiss edilir.
Ədəbiyyatşünas,
tənqidçi Baba Babayevin yaradıcılığı
çoxşaxəlidir; məqalələr,
araşdırmalar, monoqrafiyalar, hekayələr, esselər, düşüncələr,
xatirələr, konfrans materialları və s.
çoxjanrlı fəaliyyətinin tərkib hissəsidir. Bir ədəbiyyatşünas kimi, yeni dövr Azərbaycan
ədəbiyyatının ən aktual problemləri ilə məşğul
olur. Bu sahədə onun tədqiqatları
və fikirləri elmi dairələrdə maraqla
qarşılandığı kimi, mötəbər mənbə
hesab olunur. Çünki onun
araşdırmaları elmidir, faktoloji ilə nəzəri
düşüncənin kontekstində verilir, obyektivliyi daim
qorumağa çalışır.
Hər bir ədəbiyyatşünasın
araşdırmalarının bir ana xətti olur; bu xətt onu
elmi mühitə tanıdır və bəzən sona qədər
bu problem yaradıcılığında ehtiva olunur. Baba Babayevin tədqiqat
arealı geniş olsa da, əsas obyekti yeni dövr Azərbaycan
nəsrinin müxtəlif problemləridir. Onun araşdırmalarında
M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
Y.V.Çəmənzəminli, A.Şaiq, S.S.Axundov, S.M.Qənizadə,
T.Şahbazi Simurğ, B.Talıblı, Qantəmir və
başqa yazıçıların
yaradıcılığında realizm və sənətkarlıq
məsələləri kompleks şəkildə təhlil
edilir. "Azərbaycan realist nəsrində
satira", "Abdulla Şaiqin nəsr
yaradıcılığı", "Azərbaycan satirik nəsrinə
dair araşdırmalar" və b. monoqrafiyaları,
çoxsaylı məqalələri, konfrans materialları tədqiqatçının
bu istiqamətdə sistemli və davamlı
araşdırmalarının elmi yekunu kimi səslənir.
Məsələ burasındadır ki, XIX əsrdə satira bir bədii
xüsusiyyət kimi ədəbiyyatımıza daxil olduqdan
sonra yeni mərhələ yaşamışdır. Bu mənada tədqiqatçı satiranın ümumən
ideya-estetik prinsipləri və qaynaqlarını, nəzəri
komponentlərini araşdırmağa nail olur. Lakin satiranın ədəbiyyatımıza daxil
olmasının qaynaqlarına da baş vuraraq folklorda və
klassiklərin yaradıcılığında satira ənənələrinin
təzahürünə də yer verir. Qaynaqları
milli folklorumuzdan başlayan satira və yumorun Azərbaycan
realist nəsrində yeni forma və məzmunda üzə
çıxmasının konturları müəyyənləşdirilir.
Azərbaycan şifahi xalq ədəbiyyatında
gülüşün ayrılmaz xüsusiyyəti kimi
özünü göstərən janrlar da bunu deməyə
imkan verir. Azərbaycan satirik nəsrinin təzahür
formaları və yeni inkişaf mərhələlərini
bütün təfərrüatı ilə araşdırmaq da
Baba Babayevin üzərinə düşən əsas
missiyalardandır. Bədii nəsr
yaradıcılığında satira və
gülüşün sistemli şəkildə
araşdırılması da burada baş verir. Xüsusilə,
satiranın ədəbi, bədii düşüncədəki
yeri və mövqeyi haqqında milli ədəbiyyatşünaslığımızda
uzun müddət
birmənalı mövqe olmamışdır. Mənim də tədqiqatlarımda toxunduğum və
bir konsepsiya kimi qoyduğum satiranın nəzəri aspektləri
probleminə tədqiqatçı da çox doğru olaraq
dünya nəzəri kontekstindən yanaşır və onu bədii
xüsusiyyət, janr və gerçəkliyi
qarışıq şəkildə əks etdirən bədii
prinsip olaraq dəyərləndirir. Ədəbiyyatın
müxtəlif janrlarında satiranın təzahür
formaları, realist satirik nəsrdə M.F.Axundzadə ənənələri
və yeni motivlər, "Molla Nəsrəddin" ədəbi
məktəbi və satirik nəsrin yeni inkişaf mərhələsi,
bədii nəsrdə satira və gülüşün
funksiyası və özünəməxsusluqları,
obrazların gülünclüyü və situasiyanın
komikliyi, sənətkarlıq məsələləri, hekayələrdə
satirik detalın mahiyyəti və s. kimi problemlərin ilk dəfə
olaraq elmi təsnifatı verilir. Azərbaycan satirik nəsrinin,
eləcə də "Molla Nəsrəddin"in M.F.Axundzadə
ənənələrini davam etdirdiyini, yeni mövzu, ideya,
realizm ruhu ilə zənginləşdirdiyi elmi cəhətdən
əsaslandırılır: "Molla Nəsrəddin"
jurnalı yeni realist satirik ədəbiyyatın vüsətlənməsini
təmin etdi. C.Məmmədquluzadə
M.Ə.Sabirlə birlikdə realist ədəbi cərəyanın
satira məktəbinin başında durdu. Ə.Haqverdiyev,
M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yeni ruhli,
yeni üslublu əsərlər yazan müəllifləri
öz ətrafında birləşdirdi".
Baba Babayev araşdırmalarında satira və
gülüşün nəzəri, praktik məsələləri
ilə yanaşı, onun özünəməxsusluqları,
uyğunsuzluqları və komizm, gülüş doğuran
xüsusiyyətlərini, bütövlükdə sənətkarlıq
məsələlərini sistemli şəkildə tədqiq
edir.
"Adların gülüş doğuracaq təbiəti",
"Bədii nəsrdə satiranın çalarları",
"Satirik detalın müxtəlifliyi", "Satirik nəsrin
poetik komponentləri", "Satirik nəsrin üslub
xüsusiyyətləri" onun bir satirik nəzəriyyəçi
kimi obrazını ifadə edir.
Baba Babayev həm də satirik ədəbiyyatın aktual
problemlərini araşdırır. "Azərbaycan
satirik nəsrinə dair araşdırmalar"
monoqrafiyasında XIX yüzilin ikinci yarısı və XX
yüzilin əvvəllərində yazıb-yaratmış
yazıçıların satirik nəsr əsərlərində
sənətkarlıq, gülüşün xarakteri, təbiəti,
satiranın çalarları kimi problemlər tədqiqat obyekti
olur. Y.V.Çəmənzəminli,
B.Talıblı, Mir Cəlal, S.Rəhman, S.Hüseyn,
T.Ş.Simurq kimi yazıçıların hekayələri ilə
bağlı gəldiyi elmi qənaətlər
maraqlıdır. Y.V.Çəmənzəminlinin "Cənnətin
qəbzi", "Şahqulunun xeyir işi", "Müsəlman
arvadının sərgüzəşti", "Toy",
"Dərs", "Üç gecə" və s. hekayələrindəki
tənqid hədəfləri doğru müəyyənləşdirilir
və yazıçının bir çox keyfiyyətlərin
tənqidinin ictimai kəsərliliyini açıb göstərir.
Tədqiqatçı ayrı-ayrı faktlarla
yazıçının yaradıcılığındakı
satirik psixologizmi, istehza, dərin yumor, bədii vüsət,
ictimai kəsərliliyi açmağa nail olur. Üzeyir
Hacıbəyov, Mir Cəlal, Sabit Rəhman və
başqalarının hekayələrinin ideya özünəməxsusluğu,
gülüş çalarlarının zənginliyi satirik
obrazların müxtəlifliyi baxımından təhlilə cəlb
edilir.
Baba Babayevin elmi yaradıcılığında monoqrafiya
janrı aparıcıdır; bir çox yazıçılar
və problemlər barədə yazdığı əsərlər
ciddi tədqiqat əsərləridir. "Abdulla Şaiqin nəsr
yaradıcılığı" və "Həsən
Seyidbəylinin bədii nəsri" monoqrafiyaları ədəbiyyatşünaslığımızda
olan boşluğu doldurur. "Abdulla
Şaiqin nəsr yaradıcılığı"
monoqrafiyasında tədqiqatçı romantik-maarifçi
yazıçının hekayələrini, povest və
romanlarını təhlil edərək yazıçı
yaradıcılığına özünəməxsus
rakursdan baxır. Lirik nəsrimizin "təməl
daşını qoyan"lardan (M.Hüseyn) biri A.Şaiq
yaradıcılığının realizm-romantizm kontekstində
araşdırmaq və yeni keyfiyyətləri üzə
çıxarmaq da onun üzərinə düşür.
Doğrudan da, romantizm, realizmlə yanaşı,
sosrealizm dövründə də yazıb yaradan və bu keyfiyyətləri
yaradıcılığında qoruyub saxlayan
yazıçının bu kontekstdən
araşdırılması vacib və gərəklidir. Baba Babayev A.Şaiqin hekayə, povest və
romanlarını janr xüsusiyyətləri baxımından
da tədqiq edərək bir çox məsələlərə
aydınlıq gətirir. A.Şaiq yaradıcılığının
təhlilində tədqiqatçının orijinal cəhətlərindən
biri yazıçının
yaradıcılığının özünəməxsusluqlarını,
janr və üslub xüsusiyyətlərini və
yaradıcılıq metodunu üzə çıxarmaqdır.
Tədqiqatçı "Köç"ü səciyyəvi hekayə,
"Dursun"u, "İki müztərib yaxud əzab və
vicdan", "Əsrimizin qəhrəmanları" əsərlərini
"yeni tipli povest"lər adlandırır: "A.Şaiqin
"İki müztərib, yaxud əzab və vicdan" və
"Əsrimziin qəhrəmanları" əsərlərini
də ilk Azərbaycan romanlarından saymaq olar. Bunlar
həm öz janrı, həm də problematikası və
üslubu ilə Azərbaycan ədəbiyyatında yeni tipli
romanlar idi. "İki müztərib, yaxud
əzab və vicdan" əslində romantizm ədəbi
metodunda yazılan ilk romandır". Tədqiqatçının
gəldiyi bu qənaət ədəbiyyatşünaslığımızın
ümumi fikrini də özündə ehtiva etmiş olur.
Baba Babayevin "Həsən Seyidbəylinin bədii nəsri"
monoqrafiyası üzərində bir qədər geniş
dayanmaq lazım gəlir. Nədən ki, XX əsr sosrealizm
dövrü Azərbaycan ədəbiyyatının bu görkəmli
nümayəndəsi haqqında ilk tədqiqat əsəridir.
Məsələ heç də ilk tədqiqat əsəri
olmağında deyil, yazıçının
yaradıcılığını bütün yönləri,
müasirlik duyğusu, ideya-məzmun mündəricəsi ilə
açılmasındadır. Bu cür əsərlər
sənətkara ikinci ömür yaşadır. Məhz Həsən Seyidbəylinin bu ömrü
yaşamasına böyük ehtiyac vardı. Tədqiqatçı burada "Cəbhədən-cəbhəyə",
"Telefonçu qız", "Tərsanə" əsərləri
ilə məşhur olan yazıçının həyat və
yaradıcılığını müxtəlif problemlər
baxımından araşdırmağa nail olur, onu həm də
hekayə və novellalar ustası kimi təqdim edir. Yazıçı
yaradıcılığının bu keyfiyyətini üzə
çıxarmaq üçün yazıçının
süjet, obrazyaratma, dialoqlar, konfliktlərin təbiiliyi kimi
detallara nəzər yetirir. Monoqrafiyada Həsən
Seyidbəylinin ədəbi fəaliyyəti,
yaradıcılıq axtarışları, nəsr təkamülü,
povest və romanlarında sosial həyat və üslub fərdiliyi
sistemli şəkildə araşdırılır.
Baba Babayev XX əsr Azərbaycan ədəbiyyatının
şəxsiyyətləri və ən müxtəlif problemləri
haqqında da məqalələr yazmış, ədəbi
düşüncələrini ifadə etmişdir. "Gülüşlə
düşündürən ədib" məqaləsində
Mir Cəlal yaradıcılığının çoxsəsliliyini,
satirik gülüşünün ictimailiyini və özünəməxsusluğunu
açır. "Gələcəyin
poeziyası" məqaləsində isə Rəsul Rzanı ədəbiyyatımızda
"öz sözü, öz səsi, öz yeri olmuş"
bir şair olaraq dəyərləndirir. "Mehdi
Hüseyn böyüklüyü" məqaləsində onun
ədəbiyyat tariximizdəki yeri və mövqeyi müəyyənləşdirilir.
"Mixaylo"nun (Mehdi Hüseynzadə) şeirləri ilə
ilk tanış edən və bu şeirləri
oxucuya çatdıran da tədqiqatçı olur. XX yüzil Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri ilə bağlı
bu cür araşdırmalarının çoxşaxəliliyini
bir daha təsdiq edir.
Baba Babayev ədəbi prosesi yaxından izləyir, yeni
çapdan çıxmış əsərlər, tədqiqatlarla
bağlı fikir bildirmək ehtiyacını həmişə
özündə hiss edir. "Elçinin "Qatil"
dramında bədii şərtilik və psixologizm",
"Elçinin "Baş" romanı haqqında qiymətli
əsər", "Sevgidən yoğrulmuş poeziya",
"Dəccal məni diksindirdi", "Yay gecəsinin
soyuğu", "Min əzaba çata-çata
yaşadım" və s. məqalələrində
çağdaş ədəbi prosesdə baş verən
proseslərə, hadisələrə münasibət bildirir.
Bu kontekstdə ədəbiyyatşünas həmkarlarını
da yaddan çıxarmır, onların elmi
uğurlarını daim bölüşür. Bu da onun klassik ziyalılığından irəli gəlir.
Çağdaşları haqqında yazılarda
onların gördüyü işə qiymət vermək, həmkarlarının
yaradıcılığını yeri gəldikcə təhlil
etmək klassik ziyalılığın bir örnəyidir.
Bəkir Nəbiyev, Şamil Salmanov, Arif Əmrahoğlu, Zaman
Əskərli, Şamil Vəliyev, Salidə Şərifova kimi
ədəbiyyatşünasların araşdırmalarına
yazdığı resenziyaları həmkarlarının
yaradıcılığına həssaslıqla
yanaşdığının sübutudur. Onun
bir çox məqalələrində çağdaş ədəbi
prosesin ayrı-ayrı şəxsiyyətlərinin
(yazıçı, şair, dramaturq, tənqidçi)
yaradıcılığı, ədəbi təmayüllərin
nəzəri məsələləri də öz həllini
tapır. Bu təhlillərdə məsələnin
qoyuluşu və özünəməxsus təhlil
metodologiyasının şahidi oluruq.
Ədəbiyyatşünaslar, ədəbiyyatın tədqiqi
ilə məşğul olanlar çox zaman bir
yazıçılığa da meyil edirlər. Ən
azından onların arxivində bir neçə bədii
yazının olmaması mümkün deyil. Bu cəhətdən Baba Babayevin
yaradıcılığı bundan xali deyil. Baba Babayevin tez-tez olmasa da, mətbuatda bəzi hekayələrini
oxumuşdum. Mətbuatda dərc etdirdiyi bu hekayələr, esselər
sonralar "Səni axtarıram" kitabında toplandı.
Bu hekayələr məndə onun bir
yazıçı kimi özünəməxsus bədii
dünyasının olduğu qənaətini gücləndirdi.
Hekayələrində lirik-psixologizm və
satirik-psixologizm üslubuna yer verərək özünəməxsus
ifadə tərzi və üslubu sərgiləyir. Müəllif hər bir hekayədə dəyişən
və yeniləşən təhkiyə üsulu ilə
yaşadığımız həyatda baş verən və
ya müşahidə etdiyi hadisələri gerçəkliyə
uyğun olaraq təsvir edir. "Namus"
hekayəsində ibrətamiz bir hadisə təsvir olunur; məkrli
erməni keşişinin seyid adı ilə evin kişisi
olmayan bir qadının kənddən aralı evinə gəlib
bir gecəlik ondan qalmasını xahiş edir. Seyidin yalvarışları, havanın pis olması və
uşaqlarının buna əyləncə kimi baxaraq "bizə
nağıl danışar" israrları ilə onu evinə
dəvət edir. Lakin keşişin öz
planları var idi; gecə uşaqları yatırdıqdan sonra
məkrli planını həyata keçirmək istəyir.
Banuçiçək çətinliklə onun
əlindən qurtulub bayıra çıxır və
qapını çöldən bağlayır. Bu zaman keşiş uşaqları öldürməklə
hədələyir, lakin Banuçiçək namusunu qorumaq
üçün üç uşağının
ölümünə razı olur. "Qisas"
hekayəsində çoban tərəfindən gözləri
çıxarılmış dörd canavar balasının
böyüdükdən sonra anaları ilə birgə həmin
çobandan aldıqları qisası "korların
qisası" kimi mənalandırılır. Gənc bir müstəntiqin dilindən verilmiş
"Bəlalı sevgim" hekayəsində iki gəncin
bir-birini sevməsi, lakin həyatın onları bir-birindən
ayrı salmasına baxmayaraq yenidən birləşmələri
lirik cizgilərlə verilir. "Zabitin harayı",
"Allahın qəzəbi", "Dilarənin taleyi",
"Beton qız" hekayələrində də lirik-psixoloji
ovqat və özünəməxsus təhkiyənin
qovuşuğu yazıçı üslubunun
formalaşmasından xəbər verir. "Səni
axtarıram" essesində lirik qəhrəmanın Onun
yoxluğundan duyduğu hisslərin və düşüncələrin
bədii interpretasiyasını təqdir edir: "Xəbərin
varmı, gülüm?! Neçə günlərdir, neçə
aylardır ki, pünhan-pünhan səni axtarıram!
Sənsiz keçən həftələrimdə,
günlərimdə, saatlarımda səni axtarıram. Sənsizliyimdə də səni
axtarıram, səni!
Bəs
hardasan, harda! Səsləyirəm... Xəzərin
gümüşü ləpələri səs verir, amma...
Sən
yoxsan!... Yoxluğun ürəyimdə
ağır bir dərd olubdur. Sənin möhnətin, həsrətin...
nə yaman ağır imiş...".
Son
dövrlərdə satirik hekayələr az yazılır. Baba Babayevin
yaradıcılığında bu janra yenidən müraciət
edilir. "Evlər yıxan Şahbaz", "Hiylə",
"Nazir müavini", "Öpüş",
"Yubiley", "Deputat xəstəsi", "Topal Nurəddin"
və b. hekayələrində çağdaş
dövrün mənəvi aşınma problemləri bədii
tədqiq obyekti olur. İstər lirik-psixoloji,
istərsə də satirik hekayələrində müəllifin
son dərəcə səmimi və canlı dili, üslubu ilə
qarşılaşırıq.
Baba
Babayevin bir ədəbiyyatşünas alim, yazıçı,
ziyalı kimi öz aləmi, daxili dünyası var. Bu daxili
dünyada saflıq, təmizlik var, insanda insanlığı, əməksevərliyi,
xeyirxahlığı çox sevir, nifrət edə bilmir,
çünki hətta düşmən olsa belə, nifrətdə
bir iblislik var, daim iblislə yanaşı gəzir. Ədəbiyyatı çox sevir, ömrünü,
gözünün nurunu verdiyi elmə, ədəbiyyatşünaslığa
cani-dildən aşiqdir, bu yazıların,
axtarışların əvəzində aldığı
cüzi maddi haqq belə onu qətiyyən
düşündürmür. Ədalətsizliklə
heç zaman barışa bilmir və gec-tez bu onun
davranışlarında hiss olunur. Hekayələrində
təsvir etdiyi xeyirxahlıq və yaxşılıq
özünün də həyat amallarından biri kimi
görünür. Bəlkə də onu bu yaşda davamlı
araşdırmalara sövq edən, onun ziyalı
obrazını formalaşdıran da elə bu keyfiyyətlərdir.
Baba Babayev yetmiş yaşına kimi
qazandığı bu xüsusiyyətləri bundan sonra da eyni
şəkildə qoruyub saxlayır. Biz də bu mənalı
həyat və yaradıcılıq yolunda Ona uğurlar diləyirik...
Bədirxan
Əhmədli
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.18-19.