“Ulduz”lar: parlayan,
sayrışan və ...sönənlər
“Ulduz”
jurnalının 55 yaşına
Dövri nəşrlərin - qəzet, dərgi, məcmuə, jurnal, broşürlərin tam mətninin kitab şəklində tərtibi, eləcə də biblioqrafiyasının hazırlanması və nəşri bir çox cəhətdən mühüm əhəmiyyət kəsb edir:
- tədqiqatçılar və oxucular kitabxanalarda çətinlik çəkmədən, vaxt itirmədən həmin mənbələrdəki materiallarla tanış olmaq, yaxud nəşrləri kitab mağazalarından, köşklərdən satın almaq imkanı əldə edir;
- dövri nəşrlərin və onlar haqqında məlumatların etibarlı və uzunmüddətli saxlanılması, mühafizəsi təmin olunur;
- arxiv, kitabxana və muzeylərdə olmayan nəşrlərin, yaxud onların hər hansı bir nömrəsinin əldə edilməsi;
- nəşrlərin gələcək nəsillərə çatdırılması.
Əlbəttə, bu sahədə xeyli nümunə vardır. Məsələn, "Əkinçi" və "Ziya" qəzetlərinin, "Molla Nəsrəddin", "Füyuzat", "Yeni Füyuzat", "Şeypur", "Kəlniyyət" jurnallarının tam mətnlərinin ərəb əlifbasından latın əlifbasına transliterasiyası, yenidən nəşri, Azərbaycan mühacirlərinin nəşrlərindən "Yeni Qafqasya", "Azərbaycan yurd bilgisi", "Odlu yurd", "Yeni Turan", "Türk amacı" dərgilərinin tam mətninin kitab şəklində buraxılması, "Ədəbiyyat və incəsənət" qəzetinin biblioqrafik göstəricisinin hazırlanması və çap olunması mətbuat tariximizin, ümumiyyətlə mədəniyyətimizin milli, mötəbər məxəzlərə istinad edilərək obyektiv tədqiqi, geniş təbliği nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. 55 yaşlı "Ulduz" jurnalının indiyədək buraxılmış nömrələrinin bir neçə kitab halında yenidən nəşri ilə gəncliyə mənsub yarıməsrlik söz sərvətimizin - bədii və publisistik irsimizin zəngin və maraqlı xəzinəsini bir yerə toplamaqla salnaməsini yaratmış olardıq.
Ayrı-ayrı dövri nəşrlərin yubileylərinin qeyd olunması, onlara həsr edilmiş xüsusi nömrələrin buraxılması, təqdimatlarının keçirilməsi də bir çox cəhətdən maraq doğurur: bu həm oxucu qarşısında bir hesabatdır, həm kollektivin daha məsuliyyətlə çalışmasına, səfərbər olmasına mənəvi dəstəkdir, həm də keçilmiş yola bir nəzər salmaq, uğurları qeyd etmək, qüsurları müəyyənləşdirmək, qarşıdakı vəzifələri götür-qoy etmək fürsətidir. Yəqin, elə buna görə də təcrübəli redaktor, istedadlı şair Qulu Ağsəs bu il 55 yaşı tamam olan "Ulduz" jurnalının yubileyi münasibətilə nəşrin xüsusi nömrəsinin buraxılması təşəbbüsünü və təklifini irəli sürmüşdür.
Azərbaycan mətbuat tarixində 50 ildən çox fəaliyyət göstərmiş qəzet və jurnalların sayı çox azdır. Ayda iki dəfə 300-400 tirajla yayımlanan, ümumilikdə 56 nömrəsi işıq üzü görmüş milli mətbuatımızın qaranquşu "Əkinçi"nin ömrü cəmi 2 il 2 ay olmuşdur. Sonrakı 50 ildə də nəşri fəaliyyətimizin taleyi ürəkaçan deyil, yazda bir-birinin ardınca açılan qəzet-jurnallar elə güllər kimi də tez solmuşdur. Həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı "Molla Nəsrəddin" fasilələrlə bir qədər çox - 25 il yaşamışdır: 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda olmaqla nəşrin bütövlükdə 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxmışdır. Azərbaycan sovet mətbuatı dil, üslub, sənətkarlıq baxımından zəngin inkişaf yolu keçsə də, qeyri-demokratik mühitdə fəaliyyət göstərmiş, daim rejimin, kommunist ideologiyasının basqısı altında, senzuranın nəzarətində olmuşdur. Bununla belə, bəzi ədəbi nəşrlər, o cümlədən "Ulduz" istedadlı və fədakar yazıçı və şairlərin səyi ilə öz simasını müəyyənləşdirməyə, milli-mənəvi dəyərləri qorumağa, zənginləşdirməyə nail olmuşlar.
"Ulduz" jurnalının ilk nömrəsi 1967-ci ilin yanvar ayında vaxtilə V.İ.Lenin tərəfindən səsləndirilmiş və Sovet mətbuatının atributuna çevrilmiş "Bütün ölkələrin proletarları, birləşin!" şüarı ilə işıq üzü görmüşdür. Yalançı beynəlmiləl siyasətə xidmət edən bu çağırış 1988-ci ilin birinci sayından jurnalın manşetindən çıxarılmışdır. İlk 6 sayı "Redaksiya heyəti" adı altında nəşr olunsa da, dəqiqləşdirilmiş məlumata əsasən, jurnalı çapa yazıçı-publisist, nəşrin məsul katibi Əməkdar incəsənət xadimi Yasif Nəsirli imzalamışdır. Sonrakı illərdə "Ulduz" jurnalına Xalq şairi Cabir Novruz (1967-1972), ədəbiyyatşünas, filologiya elmləri doktoru Akif Hüseynov (1972-1973), Dövlət mükafatı laureatı Əhməd Cəmil (1973-1976), Xalq yazıçısı Yusif Səmədoğlu (1976-1986), Əməkdar mədəniyyət işçisi Abbas Abdulla (1986-1993), Əməkdar incəsənət xadimi Ələkbər Salahzadə (1993-2004), Əməkdar incəsənət xadim Elçin Hüseynbəyli (2004-2014) Baş redaktorluq etmişlər. 2014-cü ildən jurnalın Baş redaktoru Əməkdar jurnalist Qulu Ağsəsdir.
Ədəbi gəncliyin yaradıcılıq tribunası kimi fəaliyyətə başlayan "Ulduz" sovet dövründə Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ədəbi-bədii, ictimai-siyasi orqanı kimi buraxılmışdır. Sonralar - ötən əsrin 90-cı illərindən jurnal Azərbaycan Yazıçılar Birliyinin və "Ulduz" jurnalı redaksiyasının təsis etdiyi (bəzən də jurnalının kollektivi) "aylıq ədəbi-bədii jurnal", "aylıq ədəbiyyat və gözəl sənətlər jurnalı", "aylıq ədəbiyyat və sənət jurnalı" nəşr kimi işıq üzü görmüşdür. Hazırda jurnal "aylıq ədəbiyyat dərgisi" təqdimatı ilə buraxılır.
Kiril əlifbası ilə nəşrə başlayan "Ulduz" müstəqillik illərindən sonra latın əlifbası ilə nəşrini davam etdirmişdir. Jurnalın tirajı müxtəlif səbəblərə görə, daha çox isə maliyyə probleminə görə sabit olmamışdır. İlk sayı 15 min tirajla çıxan jurnal 1970-ci illərdə 40-50 min, 1988-ci ildə bəzən 70 minə yaxın nüsxə ilə çap olunmuşdur. Son illər həm məzmun, həm tərtibat baxımından əvvəlki illərdən fərqlənməsə də, "Ulduz"un tirajı aşağı düşmüşdür. Hazırda jurnalın tirajı 300 ədəddir. "Ulduz"un qiyməti də dövrə uyğun dəyişmişdir. Əvvəlki illərdə bir ədədi 40 qəpik olan jurnalın qiyməti manatın məzənnəsinin dəyişməsi ilə bağlı, 1 manat, 10 manat və hətta 5000 manat da olmuşdur. Ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi proseslər demək olar ki, iqtisadiyyatı tamamilə çökdürmüş və bütün sahələrdə olduğu kimi, qəzet, jurnal nəşrində də ciddi maliyyə problemləri yaranmışdı. Bəzən iki nömrəsi birləşdirilən tirajı min nüsxəyə düşən qiyməti 30 manat olan "Ulduz"un da bağlanma təhlükəsi yaranmışdı. Biz "Ulduz"dan bəhs etdikcə, xüsusilə onun keçdiyi tarixi yolu izlədikcə jurnalın bir sıra problemlərlə, daha çox maliyyə çətinlikləri ilə üzləşdiyini görürük. Müstəqillik illərində dövlətin dəstəyi, nəşrin fədakar əməkdaşlarının və ədəbiyyatsevərlərin səyi "Ulduz"u sönməyə qoymamışdır. Sovet dövrünün tələbləri, kommunist ideologiyasının çərçivələri, senzuranın ciddi nəzarəti əlbəttə ki, jurnalın səhifələrində öz izini buraxmışdır. Aydındır ki, K.Marksın, F.Engelsin, V.İ.Leninin, Sovet hökumət və partiya xadimlərinin yubileyləri, fəal kommunistlər, zərbəçi komsomolçular, sosializm yarışı qalibləri barədə yazılanların nə ədəbiyyata, nə də sənətə aidiyyatı vardı.
Azərbaycan yazıçılarının yaradıcılıq imkanlarının genişləndirilməsi üçün onlara dövlət qayğısını artırmaq, respublikada ədəbi mühiti canlandırmaq məqsədilə və Azərbaycan Yazıçılar Birliyinin X qurultayında irəli sürülmüş fikir və təklifləri nəzərə alaraq, Azərbaycan yazıçılarının "Azərbaycan", "Qobustan", "Literaturnıy Azərbaycan" jurnalları və "Ədəbiyyat qəzeti" ilə yanaşı, "Ulduz" jurnalının nəşri də dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 24 noyabr 1997-ci il tarixli Fərman imzalamışdır. Azərbaycan mətbuatına göstərilən bu qayğı əslində dilimizə, milli dəyərlərimizə, ədəbiyyatımıza, onun təbliğ və inkişaf etdirilməsinə ehtiramın ifadəsidir. Bu diqqətdən ruhlanan "Ulduz"un fəaliyyəti Azərbaycan xalqına, yüksək ideallara xidmətin mükəmməl bir nümunəsidir.
Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin təbliğində, sahəyə aid elmi-nəzəri problemlərin, cərəyan və təmayüllərin, bütövlükdə ədəbi-mədəni mühitin işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində mühüm rol oynayan "Ulduz" jurnalı bu gün ayrı-ayrı müəlliflərin müxtəlif mövzularda, fərqli janrlarda yazdıqları əsərlərə yaşıl işıq yandırmaqla yanaşı, bir sıra layihələrin iştirakçısı kimi də ölkənin ədəbi həyatında fəal iştirak edir. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyi və "Ulduz" jurnalının birgə layihəsi olan "Ulduzlu nəşrləri, eləcə də Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi, "Ədəbiyyat qəzeti" və "525-ci qəzet" ilə birgə həyata keçirilən layihələr səmərəli və təqdirəlayiqdir.
"Ulduz" jurnalı on illər boyu ədəbi yaradıcılıq və nəşriyyat sahəsində formalaşan ənənələri zənginləşdirməklə yanaşı, bu istiqamətdə bir sıra yeniliklərə də imza atmışdır. Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin yubileyləri jurnal səhifələrində yüksək şəkildə qeyd olunur, bəzən yubileylərlə bağlı tematik nömrələr nəşr edilir. Jurnalın 2019-cu il aprel sayı İmadəddin Nəsimiyə, 2020-ci il mart sayı isə Məhəmməd Hadiyə həsr olunmuşdur.
"Ulduz"da tanınmış mütəxəssislərin dərc etdirdiyi ekspert rəyləri geniş əks-səda doğurmuşdur.
60-cı illər ədəbi gəncliyinin
bütün nümayəndələri üçün özünü
ifadə və təsdiq etmək meydanına çevrilmiş
jurnal bu gün müstəqil Azərbaycanın ən
istedadlı yazarlarının üz tutduğu ədəbi orqandır. İlk dəfə öz
imzası ilə "Ulduz"la oxucu görüşünə gələn, yaxud da dəfələrlə bu
jurnalda çıxış edən
yazıçı və şairlərdən ayrıca söz açmır, "Ulduz"un parlayan, sayrışan və
sönənlərindən... bəhs etmirik.
Çünki oxucu da, onlar da
özlərini yaxşı tanıyır.
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.20.