Göy üzünün əmanəti
O, sonuncu
qatarın gəlişini gözləmədən
qaçıb getdi. Bu gedişin sonunda müəmmalı
qalan hadisə də onun qara paltarı idi. O şəxs
heç vaxt kimliyini söyləməzdi. Simasını
bir-iki dəfə gördüyümü xatırlayıram,
amma o da lap uzaqdan. Yadımdadır, onun
simasına diqqətlə baxanda qorxu və vahimə içində
qara paltarlı libasını yerdən sürükləyərək
qaçıb getmişdi. Bu gediş də
indiki kimi səssiz-səmirsiz, yalanlarla dolu, bəlkə də
xəyanət qarışıq son əlvida mesajı idi.
Kimliyini bildiyim vaxt artıq çox gec idi.
Onun kimliyi indi mənə lazım deyil.
"Onun
kimliyi indi mənə lazım deyil" dediyim an
gözlərim məndən oğurlandı. Sanki o vaxt
anladım ki, gözlərimin şahid olduğu bu dəli-dolu
fırtına alıb gizlətmişdi ən gizli evində...
Bu gün təbiət yuxudan oyanmışdı. Artıq əvvəlki
kimi müharibə, dava, insanların ətrafa təlaşla
qaçması, hətta çoxlarının qorxudan evindən
belə çıxmaması kimi faciəvi günlər yox
idi. Aylar sonra yenidən həyata
qayıtdığımı hiss etdim. Oyanıb
yerimdən qalxanda gecədən açıq qalan pəncərəmin
önünə keçdim və dərin nəfəs
aldım. Bir az pəncərənin
qabağında hava alım, sonra havaya çıxacam, deyə
düşündüm. Saçlarıma
yavaş-yavaş sığal çəkir və köhnə
xatirələri yada salırdım. Bu
köhnə xatirələri yada salmışkən, isti
çayımı və şokoladımı alım və bu
gün üçün dəftərçəmə qeyd
yazım.
Havalar soyumadan müharibənin gəlişi bizi yad
küçələrdən alıb evimizə sürükləmişdi. Aylar sonra pəncərədən
mavi Səmanı, qatar kimi süzən
quşları, bülbüllərin nəğməsini
eşitmək yuxu kimi idi...
Adətim üzrə hər səhər yuxudan oyananda nə
xörək-çörək, nə də şirin çay
içərdim. İsti qaynar çayımla
şokoladım mütləq olmalı idi. Onları
alıb gəldikdən sonra masa arxasına keçib dəftərçəmə
kiçik qeydlər apardım.
- Xoş
gəldin, yaz Günəşi! Bu gün təbiəti yuxudan
oyandırdığın üçün təşəkkürlər!
Köhnə xatirələrimi də çay
kimi dəmləyib kağızın üstünə qoyub
getmişəm. Bax, şəkillər ordan
mənə baxır. Axı sən sübh
tezdən doğula bilərsən, bəs yaxşı niyə
doğulmursan? Cavabını söylərkən
mən yuxuda olarsam, məni mütləq oyandır.
Elə deyəsən, dediyim də oldu. O gündən sonra bədənimi
deyil, sanki gözlərimi çarmıxa çəkdilər.
Ətrafımdakı bütün gözəlliklərdən məhrum
edildiyimi hiss etdim.
Dəftərçəmi kənara qoyduqdan sonra isti
çayımı içə-içə köhnə xatirələrin
toplandığı albomu əlimə alıb vərəqlədim. Gözümün
önündə film lenti kimi canlanan bu səssiz kadrlar anidən
itdi. Qəfildən qapının
döyüldüyünü, hətta bir ara
pəncərəyə yağış damlalarının
töküldüyünü də hiss etdim. Ayağa
qalxıb qapıya tərəf getdikdə qapının
deşiyindən baxdım, ancaq heç kəs yox idi. Ayağımı bir addım otağıma
atırdım ki, qapı yenə tıqqıldadı.
Öz-özümdən ürpənsəm də, tez panikaya
düşmədən qapıya yaxınlaşıb: -
"kimdir?", - deyə səsləndim.
Səs eşidilmədi, amma 5 dəqiqədən sonra
yaşlı, qoca bir kişinin səsinə bənzər bir
şəxsin danışdığını eşitdim:
- Siz
kimsiniz? Məndən nə istəyirsiniz? Hər dəfə qapını vurub
çalırsınız. Bu nə deməkdir?
-
Günel, bayaqkı sözünü xatırlayırsan? "köhnə xatirələrim də çay
kimi dəmlənib, gəl, yaz Günəşi!".
Bir anlıq qorxuya düşdüm. Bəlkə mən
dəli olurdum? Yox, yox! Mən nədəsə səhv
edirəm, axı bu doğru ola bilməz!
-
Öz-özünə danışmağı kəs,
Günel!
- Bir dəqiqə,
axı siz mənim adımı hardan bilirsiniz? Siz
ümumiyyətlə kimsiniz?
-
Qapını açma. Bax, qətiyyən deyirəm, əgər
qapını açarsan...
Yarıda kəsilən bu danışıqdan sonra
dözməyib qapını açdım. Ətrafda
heç kəs yox idi. Qəribədir,
yoxsa mən dəli olurdum? Deyəsən, mən
dəliliyə doğru addımlayırdım. Həkimə getsəm yaxşı olar.
Bu
sözü deyib qapını bağladıqdan beş
dəqiqə sonra qapı yenə tıqqıldadı və bu
dəfə məndən dəhşətli
qışqırtı qopdu. Necə
qışqırdımsa, qonşular səsimə toplandı.
Qapını açıb "hər şey
qaydasındadır, narahat olmayın", - deyib hamını
evinə yola saldım. Gözüm yerə sərilmiş
xalçanın üzərindəki məktuba sataşdı.
Bu məktub bura necə gəlmişdi? Kim gətirmişdi? Kimdən idi?
Eh, Günel, danışana kimi açıb oxusan.
Məktubu yavaşca açdım. Əllərim
titrədiyindən içəri keçib qapını iki dəfə
içəridən bağladım. Məktubu yazı
masamın üstünə qoyub oxumağa başladım:
Qatar gecikəndə insanlar tələsir. İşə
gecikəndə də insanlar tələsir. Bəs yaxşı, Günel, sənin həyatda tələsdiyin
hansı məqamlar olub? Həyatındakı
bütün gizli qalan sirlərin hamısını bilirəm.
Necə bildiyimi, yaxud hardan bildiyimi heç
soruşma, çünki cavablamayacam. Sən heç mənim
kim olduğumu da bilməyəcəksən.
Bayaq qapını tıqqıldadıb gedən
mən idim. Narahat olma, sən dəli deyilsən
və heç həkimə görünməyin də
lazım deyil. Sən hər şeyin fərqindəsən,
eynən mənim kimi. Sən məni
görmürsən, ancaq mən səni görürəm.
Beyninə informasiya deyil, siqnal göndərməyə
çalış. Xatırla, iki il
bundan öncə qara paltarlı bir şəxslə
tanış olmuşdun? Yenə xatırla, o
şəxslə danışarkən nə hiss etmişdin?
Heç nə. Elə
deyilmi? Qızğın, soyuq qış fəslində
qar, çovğun vaxtı dəhşətli müharibə
idi. Bunları xatırlaya bilirsən?
Müharibədə neçə-neçə
şəhid verdik. Neçə-neçə
igidimiz itkin düşdü. Sən də bax o insanın
itkin düşməsinin səbəbkarısan! O insan səni
özündən belə çox sevsə də, sən bunu
heç vaxt bilmədin. Zamanı geriyə ala
bilməyi heç düşünmüsən, Günel?
Bax, bir məktubda sənə gör nə qədər
sual ünvanladım. İndi sən
söylə, bu suallara cavab verməyə hazırsan, ya da
qadirsən? Mən deyim? Yox! Bilirsən niyə?! Çünki sən
qorxularınla, keçmişinlə üzləşməyi
bacarmırsan! O insanın sevgisini bu gün qazansaydın, bəlkə
də göz yaşların o boş, saralan kağızlara
tökülməzdi. İndi sənə əmr
edirəm ki, illər öncə qaynar çay tökülən
və sonra saralan o bomboz kağıza diqqətlə bax. Saxladığın yeri də bilirəm. Masanın künc tərəfindəki siyirmədə
hamıdan gizlədirsən. Niyə gizlədirsən?
Çünki etiraf mesajıdır. Bəlkə çoxları üçün etiraf
mesajı, amma sənin ömür yoldaşın, dostun,
sirdaşındır bu kağız parçası. Məktubu alıb oxuduğunda mən səni yenə
izləyəcəyəm. Bəlkə də
mənim kimliyimi sorğulayacaqsan, amma zamanı gəldiyində
biləcəksən. Səni bu vicdan əzabıyla
baş-başa buraxıram, çünki sevdiyin şəxsin
ölümünə səbəbkar sən oldun!
Unutmadan deyim, bəlkə hardasa o insan qarşına
çıxa bilər, bu normaldır. Ancaq o səndən həmişə
simasını gizlədəcək. Əgər
bir gün qovuşsanız, bil ki, tilsim qırılıb.
Vaxtını bilmirəm, amma səni dərin
yuxu gözləyir. Yaşayacağın
kabuslara indidən hazır ol. Gözlərin
olmayacaq.
"Gözlərin olmayacaq" sözünü oxuduqda
ürpənib kağızı kənara atdım. İçimdən
dəhşətli hönkürtü qopdu. Bu an dəli dərəcəsinə gəldiyimi
hiss edirdim, çünki əllərimdə başımdan
yolub çıxardığım saçlarım vardı. O
gün dedim ki, kaş müharibə yenidən qayıtsa, o
müharibəyə qanlı-canlı girib onu tapardım! Kaş onun sağ olduğunu bilib, uzaqdan da olsa, sakitcə
izləyərdim. Artıq çox gec idi.
Təbiətin yuxusu bitsə də, məni dərin yuxu
gözləyirdi. İndi əllərimdə yolduğum
saçlarım, kəsdiyim qollarım, boynumdan asılan ipə
bağlı olan Günel idim. İpi boğazımdan assam da, görün nə qədər qorxaq
idim ki, onunla da özümü boğa bilmirdim. İnsan
boğulanda iki duyğusunu itirmir: göz yaşlarının
gözlərdəki ağrısını və ürəyindəki
parça-parça olan xatirələri.
Mənim xatirələrim çaynikdə qalan köhnə
dəm kimi saralıb solmuş, saçlarım isə
büküb kənara atdığım kağızlar kimi
artıq ölü idi.
Boynumdan
ipi assam da, son xatırladığım
qara paltarlı şəxsin köməyimə çatması
oldu. İndi hardayam? Zaman məni
hara aparır? Bu sualların cavabını
tapmağa çalışsam da, son xatırladığım
gözlərimin kiminsə bağladığıdır.
Sonrası yalnız qaranlıq...
2 il sonra...
Artıq bu gün vaxt gəlib çatmışdı. 2019-cu ilin mart
ayında intihara əl atdığımda yalnız
xatırladığım qara paltarlı şəxs idi. Aylarla komada yatdım, çünki ip
boğazımda sıxılmışdı. Onunla yanaşı gözlərimdəki göz
yaşları qurumadan mənim gözlərim kor oldu. Ətrafımda heç kəsi görmürdüm.
Bu gün o gün idi ki, gözlərim əməliyyat
olunacaq və mən yenidən həyata geri dönəcəkdim.
İndi mən təəccüb və heyrət içindəyəm
ki, məktubu yazan şəxsin dedikləri necə ola bilərdi? Bəs müharibə?
Bəli,
bu danışdığım hadisəni mən
yaşadığım an yenidən
müharibə başladı. Cəbhə
bölgəsində yüzlərlə şəhid torpağa
verdik. Gözlərim kor olduğundan aylarla
evə məhbus qalan mən, müharibədəki tank səslərini
eşidirmişəm kimi kor gözlərimlə
televizordakı xəbərləri dinləyirdim. Həkimim qollarımdakı izləri, əslində,
döyüldüyüm üçün olduğunu zənn
etmişdi. Ancaq elə bir hal
yaşanmamışdı. Mənim gözlərim
görməsə də, ürəyim sızıltını,
ağrını hiss edirdi axı! Nə qədər
söyləsəm də mən öz canıma özüm qəsd
etmişəm, amma həkimim inanmadı.
Son dəfə bir şəxsin yanıma gəldiyini
xatırlayıram. Mənə oxuduğum məktubu təkrarən
oxudu və çıxıb getdi. Adını
soruşduqda isə cavab vermədən çıxıb getdi.
Bəli,
2 ildən sonra yenidən müharibə bitdi və yaz Günəşi
doğuldu! Mənim gözlərim əməliyyat
olunmuşdu. Artıq yenə evimdə isti
çayım və şokoladımla birgə yazı
masamın arxasında qələmimlə söhbətləşirdim.
O gün,
yəni evimə gəldiyim gün siyirməni açıb,
saralmış kağızı əlimə götürüb
diqqətlə baxdım. Baxdıqdan sonra dedim:
- Əgər
yaşayırsansa, sən Günelini qoyub getməyəcəksən,
İlham, geri dön...
Bu sözdən sonra yenə masa arxasına keçib qələmimlə
söhbətləşərkən qapı
tıqqıldadı. "Kimdir o?"deyə səsləndiyimdə
yenə səs gəlmədi. Bu dəfə
qapını açdığımda qara paltarlı şəxs
ilə qarşı-qarşıya idim. Onun
simasını görməsəm də, hiss edirdim. Bu,
İlham idi! Mən elə iki il bundan
öncə də zamanın mənə
yaşatdığı hadisələri film lenti kimi izləmişdim.
Sadəcə zaman qaçıb gedəndə mən ona bir az laqeyd yanaşdım.
Anidən
gözlərimdən yaş axdığında qara əlcəklərini
çıxarıb göz yaşlarımı sildi və dedi:
- Sən
mənim simamı görmək istəməzsən, əziz
Günel...
- Yox,
bu... Bu sənsənsə, mənə simanı göstərməlisən!
Son sözümü
qətiyyətlə dedim. Çox həyəcanlı
idim. Gözlərim əməliyyat
olunmuşdu və iki ildən sonra İlham qarşımda idi.
-
Aç, gizlətmə!
-
Günel, mənə söz ver!
- Nə
sözü? Nə desən edərəm, İlham, təki sən
simanı göstər!
- Gözlərindən
bir damla belə axmayacaq. Əgər axarsa, məni
heç vaxt görə bilməyəcəksən
danışırsan?
- Söz
verirsən?!
-
Yaxşı, İlham, söz verirəm!
Simasını açarkən dəhşətli
görüntüylə qarşı-qarşıya idim. Müharibə zamanı
simasında yaranan yanıq izləri, çapıqlar və kor
olan gözlərindən biri...
- Bəs...
-
Günel, sənin əməliyyat olunmağın
üçün gözümü sənə qurban verdim,
sevdiyim! Gözüm sənin ürəyin, mənim ürəyimsə,
sənin yaşamağındır! Sən nəfəs
aldıqca mən də yaşayacam! İndi istəyirsən, məni
bu halımla qəbul et, ya da...
Son cümləsini tamamlamağa izn vermədən boynuna
sarıldım, amma onun yanında ağlamadım. Masa arxasında qələmimin
şahid olduğu, kağızların isə göz
yaşlarımla söhbətləşdiyini heç kim bilmədi.
Barmaqlarımla
simasındakı yara izlərinə toxunanda, sanki canımdan
bir can qopub düşdüyünü hiss etdim. Mən
ağrılarımı heç vaxt heç kimə söyləməzdim,
ancaq bu dəfə ağrılarım o qədər şiddətli
idi ki, dözməyib İlhamın qollarındaca
hönkürtü çəkdim.
Vətən
mənə İlhamımı geri verdi,
çox şükür, Tanrım, çox şükür!
Bəlkə İlham qayıtmaya bilərdi, bəlkə də
iki il deyil, hələ çox gözləyəcəkdim
yolunu. Vətən, sənə heç vaxt
üsyan etmədim, amma göz yaşlarımı saya bilmədiyimdən
xatırlaya bilmirəm ki, göz yaşlarım səni incidib?
Əgər sənin yurduna bir damla göz yaşı
töküb incitmişəmsə, məni bağışla!
Sənin qoynunda igid əsgərlərimizin qanı var! Torpaqda
onların ruhu nəfəs alır! Şükürlər olsun
ki, İlhamımın torpağını bağrıma
basıb fəryad deyil, ürəyini, canını, mərdliyini,
and yerini bağrıma basdım!
Müharibə bitmişdi. Bu gün
çiçəklər saçlarıma ləçəklərini,
göy üzü gözlərimə şahidliyi bəxş
etmişdi. Bir dəfə çalınan bu gözlər
indi mənə göy üzünün əmanəti idi...
Səma MUĞANNA
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.21.