Məsimoğlu poeziyasının beş
istiqaməti
Mübariz Məsimoğlu-60
İmzasını xeyli müddət əvvəl təsdiq etdirmiş, şeirləri ətrafında ab-hava qazandırmış, ədəbi şəxsiyyət kimi tam formalaşmış Mübariz Məsimoğlu bir an belə bədii yaradıcılığından qalmır. O, şairdir! Çılğın natiq təsiri bağışlayan Mübariz Məsimoğlu məclisdə hansı mətləbdən söz salsa, axırda nitqini mütləq şeirlə bitirir. Şeir damarında axan duru qanıdır, hiss və duyğularının rəsmidir və bütövlükdə bütün varlığıdır.
Şeir heçdən yaranmır, hər bir yaxşı təzə poeziya nümunəsinin, "kəşfin" mübhəm ilahi təyinatı var. Yaşıdlarından fərqli bu təyinat Məsimoğlunun yaradıcılığında qabarıqdır. Deməli, əsl şeir elə haqdan yaranır. Şeir yaza-yaza ona nifrətini ifadə edən qədim dünyanın ən nəhəng filosofu Platon əbəs demirdi: "Şeir - Allahın dilidir". Əgər həqiqətən Platon deyəndisə, o dili susdurmaqmı olar? Əlbəttə, yox.
Ən nəhayət, mənim şəxsi təsnifatıma və qənaətimə görə Mübariz Məsimoğlunun 60 illiyi ərəfəsində hazırladığı bu yeni poeziya toplusunun beş istiqamətdə təhlilini aparmaq olar. Bu səciyyəvi cəhətlər mövzu seçimi ilə bağlıdır. Əvvəla, Mübarizdə ictimai-siyasi hadisələrə özünəməxsus baxış var. Şairin məlum yöndə yazdığı şeirləri üçün yüksək pafos xarakterikdir. Ancaq pafos ritorik deyil, çox zaman mətnin məzmununa uyğundur. Müəllif fikrini ifadə edərkən qışqırmır, hay-küydən uzaqdır, qara-qışqırıqdan gendir.
İkinci əsas məqam Türkçülük, Turançılıq, Azərbaycançılıqdır. Bu tipli poeziya nümunələri böyük vətənpərvərliklə, yurdsevərliklə üzvi surətdə birləşir. Mən cəsarətlə deyərdim, bu qlobal mövzu Məsimoğlunun yaradıcılığından ana xətt kimi keçir. Məlumdur ki, okeanın uzaq o tayı, sivil qonşumuz Avropa, beş addımlığımızda Çin daim kölgəmizi qılınclayıb, onlar birmənalı surətdə şumeri, hun imperiyalarını, göy türkləri qəbul ediblər, lakin varislərinin adı çəkiləndə səksəniblər, qıcıqlanıblar, səhnədə yoxmuş kimi. Müasir Rusiya "xalqlar həbsxanasıdır" (Soljenitsın) , Çin hələ də 100 milyon uyğur türkünü millət saymır, "vəhşi, köçəri, çölçü tayfa" adlandırır. Tarixin indiki mərhələsində niyə də türk xalqlarının mənəvi birliyi olmasın, Turançılıq gerçəkləşməsin, dövlətçilik ortaya atılmasın? Mübarizin poeziyası bu ruhda böyük milli yük, tərbiyəvi əhəmiyyət daşıyır və yeni nəslin ideya baxımından silahlanmasında, oyanmasında mühüm rol oynayır.
Üçüncüsü, təbiətin və cəmiyyətin vəhdətinin poeziyası. İnsan və onun mürəkkəbdən mürəkkəb daxili dünyasına nüfuz etmək səyi, özünün bəsirət gözüylə qeyri-adi aləmin təbəllüatlarını görmək bacarığı. Təbiətsiz cəmiyyət, cəmiyyətsiz təbiət yoxdur. Adi ağacın da, daş-kəsəyin də, bulaq suyunun da, yağışın da, yarpağın da, quru tapdaq torpağın da yaranma səbəbi, bir az öncə izah etdiyimiz kimi təyinatı var. Məsələn: Kür çayı haqqında yüzlərlə şeir yazılıb. Müdrik Molla Pənah Vaqif deyirdi:
Kür qırağının əcəb seyrangahı var,
Yaşılbaş sonası hayıf ki, yoxdur!
Vaqifin işlətdiyi ifadələrə diqqət yetirək: Kür qırağı, seyrəngah, yaşılbaş sona. Şair əvvəl gözəlliyi vəsf edir, fotoqraf kimi şəklini çəkir, sonra nəyinsə çatışmazlığını, yoxluğunu bəhanə gətirir, ironik münasibətini qabardır və yaxud xələfi Səməd Vurğun söyləyəndə:
Kiçicik
bir sudur Yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə.
Bəs
niyə könlümdə ümman döyünür,
Mən
qulaq asdıqca Kürün səsinə
- artıq mənzərə canlanır. Kürün dünya xəritəsində yeri dərhal
görünür, çayın səsini dinləyə-dinləyə
şairin də qəlbində ümmanlar çağlayır.
Çağdaş şeirimizin ən
ünlü ismi Əli Kərimin "Kür, sənə bənzəyən
nəğməm olaydı" etirafı, Kürü
insanlaşdırır, çayı cilvələndirir, suyunu
ləpələndirir. Məsimoğlunun
kitabında bu cür xələf-sələf
bağlılığı və qohumluğu böyük
önəm kəsb edir və inanırsan ki, təbiətlə
insanın birgə harmoniyası elə fövqəlgücün
qüdrətinin təsiridir. Və
Mübariz talantlı doğulduğu üçün
vergilidir, Allahın xoşbəxt bəndəsidir.
Dördüncüsü, müəllifin məhəbbət
lirikasıdır. Səmimilik, dürüstlük, etiraf
Mübariz Məsimoğlunun sevgi poeziyasına xasdır.
Ədəbiyyatımızda bu istiqamətdə Xaqani, Nizami, Nəsimi,
Füzuli, Xətai, Vaqif, Şirvani ənənəsi və təcrübəsi
var və Mübariz həm klassik şeirdən təsirlənib
yararlanır, həm də çağdaş ədəbiyyatdan
barlanır, gözəl nümunələr yaradır. Mehmet
Doğanın sözləridir: "bütün köklü ədəbiyyatlarda
şair başlanğıcda kahin, münəccim, sehrbaz və
ya şamandır. Şeir də sehrdir, əsla
sıradan bir şey deyildir. "Fikrini inkişaf etdirən
müəllif qənaətini daha orijinal surətdə hasil
edir, eşqə, hətta İlahi bir qaynağa yol açar...". Şeir İlahi mesajı
yayan peyğəmbərlərə deyil, şairlərə məxsus
bir sənətdir". Mən bu yerdə hörmətli
Mehmet Doğanın əvəzinə "sənətdir"
yox, "haldır" işlədərdim, çünki
"sənət" termindir, "ruhi hal" isə ürək,
duyğu işidir.
Beşincisi, Mübariz Məsimoğlunun poeziyası
maraqlı forma, qəlib məsələsidir. O, nadir hallarda sərbəst
şeirlər yazır. Demək olar ki, ənənəvi
heca şeirimizin bütün bölgü və qəliblərinin
qapısı onun üzünə açıqdır. Lakin Məsimoğlu hecada da tam sərbəstlik
hüququnu qoruyub saxlayır, mühafizəkar, radikal deyil, necə
deyərlər, vəznin əsiri olmur, formanın sərhədlərini
aşır, imkanlarını genişləndirir, "xəritəsi"ndən
kənara çıxır. Təbii, o,
müasir dövrün şairidir, folklor, xalq ədəbiyyatı
klassik şeirlə bahəm yaradıcılığında
qoşa qanad kimi təzahür edir, birləşir, sintez olunur.
Bu, təkcə qəlib-bölgü
bağlılığı deyil, məzmunun, özünəxas
baxışın əlvanlığıdır,
ölçü-biçisidir.
Mübariz Məsimoğlu hələlik bu yeni
kitabını "İyirmi bir min doqquz yüzüncü
Günəş" adlandırır. Toplum
başdan-ayağa son dörd ilin (2018-2022) şeirlərinin bir
hissəsidir və inanılmaz məhsuldarlığı ilə
seçilən şair qalan bədii nümunələrini də
imkan tapıb çap etdirsə (azca redaktə ilə) rahat
halda iki kitab yaranar. Peyğəmbər
yaşı ərəfəsində məsuliyyətini dərk
edən müəllif isə indiki məqamda bundan uzaq
qaçıb. Və öz kitabını
doqquz bölməyə ayıran şairə Allahdan və
taledən ömür diləyirik, bəxtinə təzə-təzə
günəşlər doğsun, o, səylə
işığından pay götürsün. Gözəl-gözəl
əsərlərin bünövrəsini qoysun,
yazıb-yaratsın! Axı, hər dəfə
günəş şairin ömrünə doğarkən
ömrü-günü təzələnir, ürəyinə
təpər, cisminə xoş əhval-ruhiyyə, ovqat gətirir.
Müəllif simvolik surətdə ön sözdən
sonra kitabın ilk şeirin ömür-gün yoldaşına
həsr etdiyi "Bağrıma basıram mən səni,
yarım" xitabıyla başlayır. Bu əsərdə
Mübariz bütün tərəflərdən, parametrlərdən
görünür, özünü gizlədə bilmir. Bu şeir həm də bir sədaqətli ailə
başçısının etirafnaməsidir. Və
şair 7-8 bəndlik şeirdə öz surətini də
yaradıb:
Acımı
acına acı etməyi,
Sevgini
sevgimə bacı etməyi,
Çevrəmdə
kim varsa, məni onların
Qaldırıb
başının tacı etməyi -
Sən necə bacardın, sən necə qarım?
Həm nəvə,
həm nənə, həm ana kimi,
Hayana istəsən,
o yana kimi,
Bağrıma
basıram, mən səni yarım!
"Sənə
qul olmaqda səhv etməmişəm", "Bu həyatı
başa düşdüm axır ki...", "Mənə nə
oldusa, anidən oldu", "Xatirələr lal olub...",
"Eşq bir az da dərinləşib", "...Ruhumu
oxşayır "Kəsmə şikəstə"",
"Hicranlar eşqləri diri saxlayır", "Mən səni
unuda bilmirəm, niyə?", "Gəl sənə bir
gözəd qəzəl oxuyum", "Sən nəfəs
alırsan mənsiz hələ də", "Bir qərib
söz kimiyəm", "Sən mənə
inanmırdın", "Bir qız vardı", "Səndən
o tərəfi sevmədim", "Tək sənə ürək
verdim", "Film kimi bir həyat", "Məni sənin
sevgin meyxoş eyləyib" və s. bədii parçalarda
sevən bir qəlbin bütün döyüntülərini
eşidirsən. Bu şeirlərdə
sünilik, bər-bəzək, zar-zar ağlamaq,
sızıltı, inilti əksinə, həm qarşı tərəfin,
həm də müəllifin bütün iradi keyfiyyətlərilə
yazdığı misralara qaynaq olunub.
İctimai-siyasi, fəlsəfi notlar Məsimoğlunun
yaradıcılığında bütöv baxış, hadisə
kimi təzahür edir və oxucu heyrətamiz şəkildə
özünü olayların içində görür. "Şöhrət
azarına tutulanlar, nəfsinə qul olan kəslər" elə
başa düşürlər ki, həqiqətən
"dünya başdan-başa şeytan bazarı"dır.
Şairin təcrübəsinə görə,
"naşılar bələdçi donuna girib", "bir
kimsə görünmür olduğu kimi". Doğrudur, Mövlana Cəlaləddin Ruminin
"yeddi qızıl qaydası"nda bu fikir işlənib.
"Ya göründüyün kimi ol, ya olduğun kimi
görün!". Mübariz
Ruminin bu nəsrvari fəlsəfi-idrakı
baxışından şair kimi təsirlənib - bu təsir
uğurlu və səmərəlidir. ("Öldürür
hamını şöhrət azarı"). Bəzən isə "qazilər, intihar edir,
şairim" qaşqırığı mövcud real cəmiyyətin
naqisliklərinə balta çalır. Müəllif
"Durub kimi gözləyirsən" şeirində
pırtlaşıq, dolaşıq suallarına cavab axtarır:
Zadələri
zadələrə,
Sadələri
sadələrə,
Badələri
badələrə
Vurub kimi gözləyirik?
"Millətin halı" bölümü kitabın ən
ağır və təsirli "Necə sağlam olsun necə
bu millət" başlıqlı elegiyası ilə
açılır. Mübariz xoşbəxtlikdən
bütün şeirlərini ağlının və hiss-həyəcanlarının
süzgəcindən keçirir. Əslində
dövlət, millət dərdi Vətən dərdidir. XIX əsrdə M.F.Axundov bunu xitabən
çatdırırdı. XX yüzilliyin
ilk illərində xalqın bu halı Mirzə Cəlili, Sabiri
coşdurdu, əsəblərini tarıma çəkdi.
Bu da millətsevər, yurdsevər şairin bəzi məmurlara
yağdırdığı tənə, əsrdaşlarına
ittihamı:
Elə su
tökülür bir yandan belə,
Fəqət boş quyular dolmur ki dolmur.
Dövlətin,
millətin, vətənin dərdi,
Vəzirin, vəkilin eyninə olmur.
Başqa eyni mövzulu bir şeirin ilk bəndi misal
çəkdiyimiz şeirlə tənbətən səsləşir
və elə bilirsən ki, onun damıdır. Bağlılıq,
əlaqə mükəmməllikdir və hər şeirdə
şahidinə çevrilirsən.
Çöldə
xoruzuna fərə bəydisə,
Zalımı
bərədə bərəbəydisə,
Səyləri
dərədə dərəbəydisə,
Yazıq o millətin halına, yazıq.
Bu məqamda
şairin gücü özünə çatır: "Dərd
yenə başıma ip salıb mənim, çünki "su
yenə qurşaqdan yuxarı qalxıb".
Etiraz və ehtiras, fərdilik və fərqlilik, alilik və
adilik Mübariz Məsimoğlunun şeirlərin məğzidir,
məzmunudur, predmetidir. Məncə, bu istiqamətdə onun poeziyasının hələ
möhtəşəm uğurlarının çox şahidi
olacağıq...
Ağacəfər HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.22.